Olsun,
amma necə?
Musiqiçilər “mash up”-ların əleyhinə
deyil, ancaq onların keyfiyyətli və müəllif
hüquqları nəzərə alınmaqla
hazırlanmasını istəyirlər
Musiqi aləmində yeni bir tendensiya yaranıb. İfaçılar
və Dj-lər zamanın tələbini nəzərə
alaraq, "mash up” hazırlayıb günün nəbzini
tutmağa çalışırlar. Magmix və popuri
anlamına gələn "mash up”lar müxtəlif
ifaçılar tərəfindən səsləndirilən, ən
çox dinlənilən, böyük maraq doğuran ən
azı 9-10 mahnının bir araya toplanıb, onlardan ümumi,
dinamik bir musiqinin ərsəyə gətirilməsini nəzərdə
tutur. Bu mahnılar nəinki disko klublarda, elə
gündəlik həyatımızda da ən çox dinlənilən mahnılar
sırasında yer alır.
Bir neçə aydır ki, gündəmi zəbt edən
bu "mash up”ların sayı çoxalır,
çoxaldıqca da keyfiyyəti azalır. Səsi olan da
oxuyur, olmayan da. Təbii ki, bu da bəstəkarların,
ifaçıların və "mash up”larda səsləndirilən
mahnıların müəlliflərinin
narazılığına səbəb olur. Hazırlanan "mash up”ların çoxunda səsləndirilən
mahnıların müəlliflərinin adları qeyd olunmur.
Bu da orada səslənən mahnının
söz və bəstəkarlarını narahat edir. Onlar "mash up”larda mahnılarının keyfiyyətinin
aşağı salındığını və müəllif
olaraq onların razılığının
alınmadığını deyirlər. Mövzu
ilə bağlı ekspertlərə müraciət etdik,
onların mövqeyini öyrənməyə
çalışdıq.
"Müğənni
susa bilər, ancaq müəllif susmur”
Mövzu
ilə bağlı "Kaspi”yə öz fikirlərini
bölüşən bəstəkar, ifaçı Murad
Arif bildirdi ki, əgər
"mash up”larda onun bəstələdiyi və
ifa etdiyi mahnılar səslənirsə, müəllif olaraq xəbəri
olmalı və icazəsi
alınmalıdır: "Müəllif öz musiqisinə
qarşı çox mühafizəkardır. "Mash up”larda mahnılarımıza yersiz
xırdalıqlar, nəfəs dəyişməsi və digər
nüanslar əlavə olunur ki, bu da müəllifi
qıcıqlandırır. Sıradan bir sənətçi
Aygün Səmədzadənin bir mahnısını oxuyub
"Youtube”a yerləşdirsə, təbii ki, bu Aygün
xanımın xoşuna gəlməz. Nəinki Aygün Səmədzadə,
digər bəstəkarlarımız, elə Vaqif Gərayzadənin
özü də. Belə bilirəm ki, bu
"mash up”lar bəstəkarların qulağına gedib
çatmır. Onlar dinləsələr,
narazılıqlarını bildirərlər. Ədəb, mədəniyyət deyilən bir şey
var. Əgər sən kiminsə mahnısını ifa edirsənsə,
mütləq şəkildə mahnının müəllifindən
icazə almalısan. Bizim media nümayəndələri
də bu məsələ ilə bağlı yanlış
mövqe tuturlar. Onlar müğənnilərə
yaxınlaşaraq "mash up”larla bağlı fikirlərini
öyrənirlər. Müğənni bəlkə
də abrına qısılıb susur və etiraz da etmir.
Müğənni deyir ki, əgər mən hər
hansı bir gənc ifaçının mahnısını
pisləsəm və etiraz etsəm, düşünəcəklər
ki, həmin gənc ifaçıya paxıllıq edirəm.
Ancaq müəllif bu məsələdə daha
həssasdır. Müğənni susa
bilər, ancaq müəllif susmur. Şəxsən
bu mənim xoşuma gəlmir. İfaçılar
mahnılarımı səsləndirmək üçün mənə
müraciət edəndə, deyirəm ki, halal xoşun olsun.
Ancaq mütləq şəkildə
mahnının hazır variantını göndərmələrini
istəyirəm ki, dinləyim. Müəllif
olaraq baxmalıyam ki, mahnımda hansı dəyişikliklər
olub. Əlaqələrimi işə
salıb, ərəbistanlı müğənnidən
mahnısını ifa etmək üçün icazə
alıram, eləcə də türklər mənim
mahnımı ifa etmək üçün icazə istəyirlər.
Necə olur ki, yaxınımda oturan uşaqlar
mahnılarımı səsləndirirlər, ancaq onun müəllifini
itirib-axtarmırlar? Bu yaxınlarda sosial
şəbəkədə bir oğlan Aygün xanımın
mahnısını oxuyub, fikrimi öyrənmək
üçün mənə göndərmişdi. Ondan soruşdum ki, mahnının müəllifi
bilirmi ki, siz mahnını bu şəkildə oxumusunuz? Vaqif müəllimin xəbəri varmı? Cavabında soruşur ki, mahnının müəllifi
Vaqif Gərayzadədir? Mahnının
klipini çəkib televiziyada nümayiş etdirir, amma bilmir
ki, onun bəstəkarı kimdir. Bu,
hörmətsizlik deyil, bəs nədir? Müğənni
yəqin ki, çəkinir yox deməyə, ancaq müəllifdən
icazə alınmalıdır”.
Bəstəkar
deyir ki, müəllif olaraq mahnılarını başqa
ifaçıların oxumasına qadağa qoyaraq heç kimin
qarısını kəsmək niyyətində deyil: "Sadəcə
olaraq musiqi xələl görməsin deyə, bu addımı
atmağa məcburuq. Xalq artisti Brilliant
Dadaşova oğlu yaşda Murad Arifə "Brilliantlar”
mahnısına görə zəng edir. Özünün
ifa etdiyi həmin mahnını mənə müəllif olaraq
göndərirsə, bunu Brilliant Dadaşova edirsə, dünənin
uşağı niyə etməsin ki? Biz də
narazılıq edəndə, deyirlər ki, paxıldırlar.
Mən sənin nəyinə paxıllıq
edim?”
Murad Arif
müəllifdən icazəsiz mahnıların "Youtube”-da
yerləşdirilərək yayılmasının
qarşısını almağın çarəsi
olduğunu deyir: "Mahnılarımızı "Yandeks
music” və "Google music”-də satırıq. Əgər mahnı icazəsiz ora gedib
çıxırsa, biz onu bloklaya bilirik. Artıq
müəllif hüquqlarımız dünya standartlarına
uyğun olaraq qorunur. "Youtube”-da yerləşdirilən
mahnılar bloklanandan sonra həmin ifaçılar bizi
axtarmağa və mahnının söz və bəstəkarını
araşdırmağa başlayır. Kimisi
üzr istəyir, kimisi də arsızlığına
salıb üzümüzə durur. Bu həddə
çatdırmağın nə mənası var? Biz heç nə istəmirik. Mənə
onlardan nə pul, nə də qonorar lazımdır. Müəllif olaraq diqqətə bənd olan
insanlarıq. Onlara mahnını oxumağa
razılıq verməməyimizin əsas səbəbi
mahnının korlanmağıdır. Gələn
nəslə doğru-dürüst mahnı ərməğan
etmək üçün biz bunlara indidən diqqət etməliyik.
Hər ifada mahnı bir az da korlananda, 50 ildən
sonra o mahnının ruhundan nə qalar?”
"Bizdən
sonra çıxanlar "mash up” deyil, doşabdır”
İlk dəfə
"mash up” mahnılar hazırlayan DJ Roşka deyir ki, bu janr
dünyanın bir çox ölkələrində var:
"İlk olaraq "mash up”ı tanınmamış simalarla
hazırladım ki, insanlara daha maraqlı gəlsin. Əslində ilk "mash up”ımızın bu qədər
marağa səbəb olacağını gözləyirdim.
Çünki bunun üzərində çox
işləmişdik. Mahnı seçiminə
gəlincə isə, "mashub-1”ə baxsanız, onların
içərisində sosial şəbəkələrdə az
və orta baxış toplayan mahnıların olduğunu
görəcəksiniz. Bacardığımız qədər
"mash up”a daha yaxşı mahnılar salmağa
çalışırıq. Bizdən sonra
çıxanlar "mash up” deyil, doşabdır”.
Murad
Arifin fikirləri haqda isə DJ deyir ki, bəstəkarla
çox yaxşı əlaqəsi var: "Murad belə bir
fikri bizim mahnılara görə səsləndirməyib. Biz onun mahnısını korlamamışıq, bizdən
sonra oxuyanlar korlayıb. Bizim "mash up”da
olan mahnıların ifaçılarının 90 faizi bizi dəstəklədi
və bəyəndi. Bəyənilməsə,
bu trend davam etməzdi. Həm də
"mash up”larda müəlliflərin adları qeyd
olunmalıdır. Orada hər mahnı səslənəndə
müəllifləri qeyd etmək o qədər də
böyük problem deyil. Müəllif də
görüb sevinir ki, məni unutmayıblar. Müəllifin adını yazmaq ölüm deyil.
Mahnını dinləyən də bilir ki, o
mahnı kimə məxsusdur. Müəllif
narazıdırsa, müəllif hüquqları agentliyinə
şikayət edir və mahnını "Youtube”dan sildirmək
ixtiyarına sahibdir. Tamaşaçının
gözü tərəzidir, yaxşı ilə pisi seçə
bilir. Məndən sonra o qədər
"mash up”lar çıxardılar ki, adam etdiyindən
utanır”.
Yeni bir
"mash up” üzərində işlədiyini deyən
Roşka tərəddüd içindədir: "Hazırda
yeni "mash up” çəkilişinə görə Gürcüstana
gedirik. Onun daha keyfiyyətli alınması
üçün sərmayə ayırırıq. Hazırladığımız "mash up”da kimlərin
mahnısı varsa, onların adlarını hörmət əlaməti
olaraq qeyd edəcəyik. Əgər bu olmasa, qeyri-peşəkar
bir iş olacaq. "Mash up”ı birinci mən etsəm də, bunun
zayını çıxardılar və insanların
gözündən saldılar. Adam indi "mash up” hazırlamağa
utanır. Ümumiyyətlə bir
mahnı trend olursa, bir müddətdən sonra onu dinləmək
istəmirsən. "Mash up”ları da o həddə
çatdırıblar ki, insanlar artıq iyrənir. Bilən də, bilməyən də bu işlə məşğuldur.
Gedib onlara sual verirsən ki, bu sözün mənası
nədir, durub gözünü döyür. Elə "mash up” sözünün
yazılışını mənim linkimə baxıb
yazırlar. Hər əlinə mikrofon alan
"mash up” çıxarır. Onları bəyənmirəm.
Heç kimin paxıllığını
çəkmirəm, mənə baxıb ediblər. Düzdür, mən də xaricdə
görmüşəm bunu. Onlar bizdən qabaq ediblər”.
"Onları "Youtube”-da blok etdirirəm”
Bəstəkar, ifaçı Pərviz Mahmudov
deyir ki, müəlliflərin öz hüquqlarını
qoruması bir bəstəkar olaraq onu sevindirir: "15 ilə
yaxın fəaliyyətdəyəmsə, bunun 10 ilini müəllif
hüquqlarını qorumaq üçün mübarizəyə
həsr etmişəm. Nəinki "mash up”, ümumiyyətlə
mənim bəstəmi icazəsiz istifadə edənləri
"Youtube”-da blok etdirirəm, ya da onlardan gələn gəlir
mənə gəlir. Bu işlər bir az fərqli
olur. Əgər ifaçı tanınmış biridirsə,
o zaman ifaçının həmin mahnını oxumasına
qadağa qoyulur. Əgər mahnımı ifa edən
müğənni tanınmırsa və özünə
"Youtube”-da kanal açıb, mahnımı oxuyursa, onda
mahnıdan gələn gəlir müəllif olaraq mənə
gəlir. Bunu belə yanlışlıqlara yol verməmələri
üçün edirəm”.
Xəyalə Rəis
Kaspi 2019.- 2-4 fevral.- S.8.