Dünya şöhrətli musiqimiz öz simasını itirir...

Mütəxəssislər həyəcan təbili çalır: Gözəl klassik mahnılarımız ola-ola, yad ritmlərin qurbanına çevrilməkdəyik

Bir neçə ildir ki, ən çox dinlənilən, sosial şəbəkələrdə müzakirə olunan, "Top-10”larda yer alan mahnıların siyahısına nəzər yetirdikdə, acınacaqlı mənzərə ilə qarşılaşırıq. Çünki sosial şəbəkələrdə ən çox izlənilmə rekordu göstərən mahnılar hind ritmləri üzərində və meyxana üslubunda hazırlanan mahnılardır.

Getdikcə bəstəkar mahnılarını daha az eşidirik. Onların yerini meyxana tipli mahnılar, hind ritmləri üzərində hazırlanan lablar tutub. Bəstəkar mahnıları günü-gündən tənəzzülə doğru gedir. Ürək üçün deyil, çörək üçün hazırlanan musiqilər meydan sulayır. Ekspertlərimiz isə həyəcan təbili çalır.  

"Musiqi zövqü insanın tərbiyəsindən, təhsilindən, mühitindən asılıdır”

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov deyir ki, sosial şəbəkələrdə paylaşılan, "Youtube”da trend olan mahnılar o qədər də ciddiyə alınmamalıdır: "İnsanlar ruhuna xas mahnı seçməkdə azaddır. İstənilən insan "Youtube”-a daxil olub, orada zövqünə uyğun mahnını dinləyə bilər. Musiqi bir az zövq məsələsidir. Bunun qarşısını heç cür kəsmək mümkün deyil və müstəqil seçimdir. O ki qaldı hind ritmlərinə, biz kiməsə deyə bilmərik ki, siz bu ritmdə mahnı ifa etməyin. Çünki bu, ifaçının öz şəxsi istəyidir”.

F.Sücəddinov televiziya kanalları və KİV Azərbaycan musiqisinə, bəstəkar mahnılarına daha çox yer ayırarsa, bu kimi yüngül mahnıların trenddən uzaqlaşacağını deyir: "Məhz  bu zaman musiqi sahəsindəki tarazlıq öz işini görəcək. Əgər televiziyalarımız hind ritmində hazırlanan mahnıları təbliğ edirsə, biz kimdən nə istəyək? Sosial şəbəkələrdə çox şeylər var. Belə çıxır ki, "Youtube”da insanlar söyüş söyüb paylaşır və o söyüşlərə milyonlarla insan baxırsa, onda demək ki, bu, trenddir, hər kəs işini-gücünü atıb söyüşə qulaq asır? Təbii ki, yox. Musiqi zövqü insanın görünüşündən, tərbiyəsindən, ümumi zövqündən, təhsilindən, mühitindən asılı olan bir şeydir. Ümumiyyətlə isə, bunun qarşısını nə mən, nə Mədəniyyət Nazirliyi, nə Bəstəkarlar İttifaqı - heç kim ala bilməz”.

Hindistanın özündə belə o ritmlər qəbul olunmur

Əməkdar artist, tanınmış bəstəkar Gövhər Həsənzadə deyir ki, bugünkü gənclərin, yeniyetmələrin beyninə həkk olunan ritmlər yaxın gələcəkdə onlara öz keçmişlərini unutduracaq: "Hər şey ritmdən başlayır. Bizim musiqilərə az da olsa Şərq ölkələrinin ritmləri daxil olsa, melodiyasından, mayasından asılı olmayaraq musiqilərimizdə əcnəbilik, yadlıq baş alıb gedəcək. Bugünkü gənclərin, yeniyetmələrin beyninə həkk olunan, bizim milli musiqilərə yad olan həmin ritmlər bir neçə ildən sonra onlara milli təsiri bağışlayacaq. Sabah beynəlxalq arenada həmin musiqini bizim musiqi kimi təqdim edəndə, bu çox böyük mübahisələrə səbəb olacaq. Haqlı şəkildə bildiriləcək ki, gənclərimizin səsləndirdiyi Azərbaycan musiqisi deyil. Hətta bizim gənclərimizə irad da tutulacaq ki, başqa bir millətin mahnısını özəlləşdirmisiniz. Təbii ki, onlar sübutla çıxış edəcəklər. İfaçılarımız həmin an çox pərt situasiya ilə qarşılaşacaqlar. Çünki indi trenddə yer alan mahnıların musiqiləri bizə aid deyil. Öz musiqilərimiz ola-ola yad ritmlərin qurbanına çevrilə bilərik. Bunun həyəcan təbilini 20 il bundan qabaq çalmağa başlamışıq”.

Bəstəkar hər xalqın öz folkloru, öz kökü olduğunu qeyd etdi. Bildirdi ki, dünya musiqi aləmində hər hansı musiqi səslənəndə, bunun hansı ölkəyə xas olduğunu ayırd etmək heç də çətin deyil: "Ola bilər ki, hind ritmlərini dinləyib, xoşlana bilərik. Ancaq insan bir fərd olaraq öz musiqisinə köklənməlidir. Musiqimizin dəyişikliyə uğramasının qarşısını almaq üçün belə mahnılardan imtina etməli və öz musiqimizi  qorumalıyıq”.

G.Həsənzadə bu prosesin zamanla tariximizə, mədəniyyətimizə, milliliyimizə çox böyük ziyan vuracağını vurğuladı: "Bu qədər də olmaz. Hər şeyin öz yeri, öz qədəri var. Bu gün hind ritmləri üzərində mahnı səsləndirən və meyxana üslubunda oxuyan ifaçılar gənclərin beynini yuyurlar. Bu məsələdə əsas iradım televiziyalaradır. Axı siz təbliğat vasitəsisiniz. Bu "ifaçıları” niyə verilişlərinizə çağırırsınız, niyə digər müğənnilərə pis nümunə olursunuz, niyə birbaşa gənclərin beynini belə şeylərlə yuyursunuz? Siz nəyi təbliğ edirsinizsə, insanlar da onu qəbul edirlər. Televiziyadan bu mahnıları dinləyən tamaşaçıların özləri istəməsə də, bu, onların beyninə həkk olunacaq. İnsana nəyi təbliğ edirsənsə, insan o istiqamətdə formalaşır. Çox az iradəli insanlar var ki, dinlədiyi musiqini, zövqünü qoruyub saxlayır. Mən demirəm ki, hamı yatdı, bir gün yuxudan durdu, hər kəsin zövqü dəyişdi. Hind musiqisinin ritmi gözəldir. Fəlsəfi yaradıcılıqdan bəhrələnən musiqidir. Çox gözəl xırdalıqları var. Ancaq onların da klassik musiqiləri var. Həmin musiqilərdən bəhrələnsələr, yenə başadüşüləndir ki, bunun hansısa mənası var. Burada, sadəcə yüngül ritmlərin üzərində müxtəlif melodiyaları qoyub oxuyurlar. İnanın ki, heç Hindistanın özündə belə o ritmlər qəbul olunmur. Onların çox dərin mədəniyyətləri, musiqi dilləri var. Heç inanmıram ki, onlar belə yüngül musiqilərə maraq göstərsinlər. Bizim gənclər isə...”

"Bu heç yaxşı gedişat deyil”

Arenjmançı, son zamanlar səsləndirdiyi mahnıları ən çox dinlənilən ifaçı Rübail Əzimov deyir ki, hind ritmləri üstündə hazırlanan mahnılar artıq öz mənfi nəticələrini göstərməyə başlayıb: "Dinləyicilər mahnı dinləyərkən ilk növbədə onun sözlərinə  önəm verirlər. Mahnıda yer alan sözün özü məişət xarakterlidirsə, bu mahnı uğurlu mahnıların sırasına daxil olur. Hind musiqilərində ilk dəfə eksperimenti Cavad Rəcəbov edib. Əvvəllər bizdə hind filmlərinə və musiqilərinə böyük maraq olub. Hind musiqisi dünyada ən inkişaf etmiş və zəngin musiqilərdəndir. Cavad Rəcəbovun dövründə bir müddət belə mahnılar məşhurlaşdı və tez də gündəmdən düşdü. Son illər mənim ifa etdiyim "Divanə” mahnısından sonra bu ritmlər ifaçıların repertuarından düşmədi. 2017-ci ildə "Divanə” mahnısını hind ritmləri üzərində hazırladım. Bu mahnı çox dinlənildi, bəyənildi və hər kəs bu üsuldan istifadə etməyə başladı. Bu mahnını ifa edəndə belə bilirdim ki, bizim tamaşaçılar hind ritmlərini sevir. Hind ritmləri birbaşa dinləyicilərin sümüyünə düşür. Ritmin üzərinə meyxana, pis oxunan hər hansı bir söz də əlavə olunanda, bu, artıq iki ulduz, yəni mahnının hərtərəfli tutarlı olması üçün bir qarantiyadır. İnsanı dingildədən ritm və üzərində dinlənən söz əvvəllər meyxana olub. İndi isə həmin bu meyxana ritminin yerini hind ritmləri tutub. Onun üzərində meyxana deyib mahnı oxuyanda, dinləyicinin könlünə yol tapmış olur. Artıq ifaçılar bu mahnıların dalınca getməyə başlayıblar”.

Hind ritmləri üzərində yazılan mahnıları səsləndirməkdən imtina etdiyini deyən müsahibimiz, repertuarında belə bir mahnıya yer ayırmayacağını da bildirir: "Bir neçə mahnıdan sonra gördüm ki, artıq hər kəs belə meyxana və hind ritmləri üzərində hazırlanan mahnıları oxumağa can artır. Artıq belə mahnıların ağını çıxarıblar. Bu gedişat heç də yaxşı deyil. Düzdür, belə mahnılar bir müddət trenddə olur, oxunur, dinlənilir, insanlar tərəfindən sevilir. Amma nəticədə klassik Azərbaycan musiqisi dinləyicinin qulağından, marağından kənarda qalır. Maraqlıdır ki, mahnıda nə qədər məişət söhbətləri olsa, bir o qədər çox sevilir. Mahnının içərisində "1 manat 50 qəpiklik dönər, üstündə də ayran” kimi sözlər səsləndirilir və tamaşaçılar da bunu xoşbəxtcəsinə dinləyirlər”.

R.Əzimov Azərbaycan musiqisinin zənginliyindən bəhs edərək, onu gələcək nəslə ötürməyin vacibliyindən danışdı: "Bizim dəyərli bəstəkarlarımız hər zaman olub. Bu gün də gözəl bəstəkarlarımız var ki, onların əsərləri yenə də işıq üzü görür. O insanların öz çevrəsi var. Bu gün mahnı bəstəkarı keyfiyyətli bir işi müğənniyə göstərəndə, müğənni deyir ki, yox, mənə elə bir mahnı ver ki, 3 ay ondan çörək pulu qazanım, məşhurlaşım. Bu da artıq müğənninin seçimidir. Bunun hamısının arxasında təhsilsizlik dayanır”.

İfaçı bu ilin "Nəsimi ili” elan olunduğunu xatırladaraq ifaçıları yeni, daha keyfiyyətli mahnılar səsləndirməyə çağırdı: "Köhnə mahnıların yeni aranjemanı ilə bir tendensiya yaratsalar, özünə hörmət edən, özünə güvənən ifaçılar bu mövzuya müraciət etsələr, bu da bir trend olar. O zaman nə televiziyada, nə də radioda həmin ifaçıya problem yarana bilməz. Çünki buna dövlət tərəfindən dəstək olar. Onda aranjemançılar da daha ciddi mahnılar üzərində dayanacaq”.

Ekspertlərin də dediyi kimi musiqi zövq məsələsidir. Bu məsələdə kiminsə qulağına, dinlədiyi musiqiyə irad tutmaq düzgün deyil. Ancaq unutmayaq ki, bizim trend etdiyimiz mahnıları sabah övladlarımız dinləyəcək. Onların mayası bu mahnılarla yoğurulacaq. Yad bir ritmdə yoğurulan zövq isə bizi özümüzdən uzaqlaşdıracaq.

 

Xəyalə Rəis

Kaspi  2019.- 9-11 fevral.- S.8.