O tayla bu tayı birləşdirən
“könül körpüsü”nun “Ayrılığı”
Fərhad
İbrahimi təkcə bir mahnının sözləri ilə
xalqın yaddaşında əbədi yaşayacaq
"Ayrılıq” mahnısının sözlərinin müəllifi dünyadan köçdü...” Mediada, sosial şəbəkələrdə mahnının mətninin müəllifini tanımayanlar, adını bircə dəfə eşidənlər belə, bu paylaşıma qoşuldular. Bu kədəri bölüşmək üçün onlara "Ayrılıq” mahnısı bəs edirdi. Bir millətin parçalanmasına üsyan edən mahnı, insanları bir araya gətirdi. Hamının bölüşdüyü xəbərə Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilk reaksiya verənlərdən oldu: "Ayrılıq” müəllifi dünyadan köçdü” - deyə Xalq şairi öz təəssüfünü paylaşdı: "Dünyaya səpələnmiş azərbaycanlıların Vətən həsrətini, bölünmüş millətimizin milli birlik arzusunu yüksək sənət dili ilə ifadə edən məşhur "Ayriliq” mahnısının mətninin müəllifi, əslən Ərdəbilin Korabas kəndindən olan şair Fərhad İbrahimi dünən Tehranda vəfat etmışdir. "Ayrılıq” şerinə musiqini Güney Azərbaycanın məşhur tarzəni və bəstəkarı Əli Səlimi yazmışdır. Mahnını ən gözəl ifa edən və dünyaya yayan Yaqub Zurufçudur. "Ayrılıq” milyonlarla soydaşımızı birləşdirən bir "könül körpüsü”dür və öz müəlliflərini həmişə diri saxlayacaqdır.
Dünya Azərbaycanlıları Konqresi
adından Fərhad İbrahiminin yaxınlarına
başsağlığı verir, ona Allahdan rəhmət diləyirəm!”.
Azərbaycanın istiqlalını tapmaqda
"Ayrılıq” mahnısı şair Rəcəb İbrahimi Korabazlının bəstəkar və tarzən Əli Səlimi ilə işbirliyindən yaranıb. "Fərhad” təxəllüsü ilə yazan şair Rəcəb İbrahimi ilə bəstəkarın tandemi ürəklərə toxunan, insanları birliyə çağıran və həmişə sevilən bir mahnının yaranmasına səbəb olub.
Fərhad İbrahimi "Ayrılıq” mahnısının Azərbaycanda səslənməsini həyatında böyük hadisə adlandırıb:
Məni ağladandan gülüş istərəm,
Uzaq düşənimlə görüş istərəm,
Hasarı yıxmağa yürüş istərəm,
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər
bir dərddən olar yaman ayrılıq...
Şeirimin bu misralarının Azərbaycanın mənliyini
həyata keçirməkdə, istiqlalını tapmaqda
böyük təsiri olub. Bu mahnı
ayrılıqlara son qoymaqda böyük rol oynayıb. Azərbaycan xalqı və bütün türkdilli
xalqlara təsir edib”.
Sonradan Fərhad İbrahimi ilə bəstəkar Əli
Səliminin işbirliyi "Ağlama”, "Açıl səhər”
mahnılarının da yaranmasına səbəb olub.
Bir
mahnının tarixi
"Ayrılıq” mahnısının bəstəkarı
əslən Bakıdan olan Əli Səlimidir. Onun valideynləri
Ərdəbil şəhərindən Bakıya
köçmüşdülər. 30-cu illərdə
- siyasi repressiyalar vaxtında Əli Səliminin ailəsi
İrana qayıdır. Ailə əvvəlcə
Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana
köçür. Əli şəhərdəki
tanınmış sənət adamları ilə əlaqələr
qurur və istedadlı tarzən kimi tanınır və
sevilir. Əli Səlimi
müsahibəsində "Ayrılıq mahnısının
necə yaranması ilə bağlı belə deyib: "Mən
uzun zaman idi bir çox azərbaycanlının həyatına
ağrı və kədər gətirən ayrılıq
mövzusunda bir mahnı bəstələmək
üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə
üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı
doğma kəndlər və şəhərlərimizdən
ayrı olmaq demək idi. O dövrdə nə sovet, nə
də Şah rejimi bizlərə o taydakılarla
görüşmək üçün icazə vermirdilər.
Bir gün Fərhad adında gənc bir şair
mənə bir şeir gətirdi. Öncə çox
maraqlanmasam da, şeiri oxuduqdan sonra "budur mənim
axtardığım” dedim”.
"Ayrılıq” mahnısını ilk dəfə bəstəkarın
həyat yoldaşı Fatma Qənnadi oxuyur. Lakin
mahnıda siyasi motivlər olduğundan və senzura nəzarətindən
keçmədiyindən onun efirdə səsləndirilməsinə
icazə verilmir. Dostlarının təkidi
və xahişi ilə Əli Səlimi Fərhad İbrahimiyə
həmin musiqi üçün yeni mətn yazdırır.
Yeni mətndə xalqın
parçalanmasından deyil, sevgililərin
ayrılığından söz açılır. Lakin musiqi əvvəlki ahəngdə
qaldığından özünün yanıqlı, naləli
və kövrəkliyini saxlayır. Beləliklə,
yeni mətnli "Ayrılıq” mahnısı 1958-ci ildə
ilk dəfə Tehran radiosu ilə səsləndirilir. Ancaq o zaman bu mahnının sərhədləri
aşacağını, milyonlarla könüllərdə yuva
quracağını, dillər əzbəri
olacağını nə bəstəkarı, nə də
sözlərini yazan şairi bilirdi. Mahnının
dillər əzbərinə çevrilməsində onu ifa edən
müğənnilərin böyük əməyi oldu. "Ayrılıq” mahnısı öncə görkəmli
müğənni Rəşid Behbudovun ifası ilə sərhədləri
adladı. Bu mahnının Rəşid Behbudovun
ifasında səslənməsinin də maraqlı tarixi var.
Müğənninin İranda böyük müvəffəqiyyətlə
keçən konsertlərinin birindən sonra bəstəkar
Əli Səlimi çox sevdiyi Rəşid Behbudovu evinə dəvət
edir. Dəvəti qəbul edən Rəşid Behbudov bəstəkarın
qonağı olur. Maraqlı söhbətlər
zamanı Əli Səlimi yenicə bəstələdiyi
"Sizə salam gətirmişəm” mahnısını
müğənniyə göstərir. Rəşid
mahnını çox bəyənir və tezliklə ifa edəcəyinə
söz verir. Bəstəkarın həyat
yoldaşı Əli Səlimiyə işarə edərək
onu yan otağa çağırır. Bir
qədər sonra həmin otaqdan xanımın həzin səslə,
tarın müşayiəti ilə oxuduğu başqa bir
mahnının səsi gəlir. Rəşid
elə ilk notlardan bu mahnıya heyran kəsilir və onlara
qoşulub zümzümə etməyə başlayır.
Mahnı bitdikdən sonra müğənni
mahnı ilə maraqlanır.
Əli Səlimi
həmin görüşü belə xatırlayırdı:
"Rəcəb İbrahimi "Ayrılıq” adlı gözəl
bir şeir yazmışdı. Mən də həmin şerə mahnı bəstələdim.
Rəşid mahnını eşitdikdə bəs
nəyə görə "Ayrılıq"
mahnısını mənə təklif etmirsən?” deyə
soruşdu. "Qorxuram
"Ayrılığ”ı oxumağa icazə verməsinlər.
Sənə də başağrısı
olmasın. "Sizə salam gətirmişəm”i
oxusan mənə dünyanı vermiş olarsan” dedim”.
Rəşid
bəstəkarın da, onun xanımının da kövrəldiyini
görüb əminliklə: "Tezliklə hər iki
mahnını mənim ifamda eşidəcəksiniz” deyir. Bakıya dönəndən sonra görkəmli sənətkar
həqiqətən də hər iki mahnını - "Sizə
salam gətirmişəm” və "Ayrılıq” mahnılarını
ifa edərək lentə yazdırır.
R.Behbudovun ifasından sonra "Ayrılığ”ın
şöhrəti İran, Cənubi və Şimali Azərbaycan
sərhədlərini aşmağa başlayır və
ümumtürk dünyasının ən məşhur
mahnılarından biri kimi sevilir.
Birlik rəmzi
Ötən əsrin 80-ci illərində mahnı Yaqub
Zurufçunun ifasında yenidən eşidilir. "Buna
görə Yaqub Zurufçuya minnətdaram. Allaha şükür etmişəm ki, mənim
arzularımı o şeirdə həyata keçirib!”- deyə Fərhad İbrahimi bildirirdi. Bu
mahnı təkcə Yaqub Zurufçunu çoxdan həsrətində
olduğu Azərbaycana qovuşdurmadı, həmçinin az qala bir xalqın birlik himninə
çevrildi.
1989-cu ildə məşhur müğənni
Gülağa Məmmədov Almaniyada olarkən orada əslən
Cənubi Azərbaycandan olan vokalist və müğənni
Yaqub Zurufçu ilə görüşür.
Gülağa Məmmədov onun "Ayrılıq” mahnısına
çəkdiyi klipi görüb heyrətə gəlir. Azərbaycanın Cənubi və Şimali Azərbaycana
bölünməsinə həsr edilən klip Gülağa Məmmədovun
səyi ilə Azərbaycanda yayımlanır.
Azərbaycan
Milli Azadlıq Hərəkatı zamanında
"Ayrılıq” mahnısı milli-mənəvi dirçəlişə
təkan verir. Gülağa Məmmədovun dəvəti
ilə Yaqub Zurufçu çoxdan həsrətində
olduğu Azərbaycana gəlir. "Ayrılıq”
mahnısına ikinci ömür bəxş edən və
siyasi məna verən Yaqub Zurufçu, onu Azərbaycanda
tanıdan və sevdirən mahnı haqqında belə
danışır: "Bu əsər mənim
yaradıcılığımın ən üst pilləsində
durmaqla yanaşı, həyatımın da yaxşıya
doğru dönüşünə səbəb olub. Odur ki,
müəlliflərini - Fərhad İbrahimini və Əli Səlimini
özümə daha yaxın, daha doğma bilmişəm... Bu mahnı birlik rəmzi idi. Azərbaycanın
istiqlalında nə qədər ki, mənim rolum var, o qədər
də Əli Səlimi ilə Fərhadın rolu var.
Üçümüz birlikdə o mahnını orada səsləndirmişik.
Xalq bu mahnını sevib. Xalq
bu mahnı ilə birləşib və öz istiqlalını
əldə edib. Həmin illərdə
"Azadlıq" meydanı xalqın bir araya
yığışdığı məkan idi. Üzeyir
Hacıbəyovun "Koroğlu uvertürası” kimi
"Ayrılıq" mahnısı da o vaxtdan Azərbaycanın
iki parçasını - Cənubu və Şimalı mənən
birləşdirmişdi”.
Müğənni, Fərhad İbrahiminin
ölümündən kədərlənərək
"Facebook” səhifəsində "İtkimiz var” yazaraq kədərini
paylaşıb. Arxivindən paylaşdığı xatirələr isə
ölməz mahnının müəllifi ilə insanların
yaxından tanış olması
üçün bir fürsətdir. "Fərhad haqqında
fikirləşəndə istər-istəməz
düşünürəm: insan yaşayır və
dünyanı bir gün tərk edib gedir. Ancaq
ona yaşayışdan quru ad qalır. Fərhad
İbrahimi təkcə "Ayrılıq”la dünyaya hakimlik
edir. Ö, öz sözünü bu
mahnıda deyib. Ondan yadigar
"Ayrılıq” şeiri qaldı. Hamımız
Fərhad kimi olaq. Bir xoş əməllə
dünyanı, xalqları sevindirək”- deyə insanları
xoş əməllər etməyə səsləyir.
Fərhad
İbrahiminin
"Hər bir dərddən olar yaman
ayrılıq” deyə yazdığı mahnı sonradan da
çox müğənnilərin repertuarının bəzəyinə
çevrildi. Flora Kərimova, Cavid Təbrizi kimi azərbaycanlı
müğənnilərlə yanaşı, əsasən fars
mahnıları oxuyan Daryus İqbali, Ququş, Mənsur
Mamağani, Türkiyənin tanınmış müğənnilərindən
Barış Manço, Selda Bağcan, Zəki Mürən,
Emel Sayın, Fatih Kısaparmak, Müslüm Gursəs və
b. "Ayrılıq”
mahnısını ifa ediblər. Əslən
İran Azərbaycanından olan dünya şöhrətli
ingilis musiqiçi və muğənni Sami Yusif
"Ayrılıq” mahnısını həm orijinal türkcə,
həm də ingilis dilində "My Love Azerbaijan” (Mənim
eşqim Azərbaycan) adı ilə ifa edib.
"Ayrılıq” mahnısı bu gün də oxunur. O taylı-bu taylı azərbaycanlılar,
bütün türk dünyasının dilində səslənir.
Fərhad
İbrahimi 83 yaşında dünyadan köçsə də,
özündən sonra insanları birləşdirən bir
körpü yadigar qoydu. Dünyaya səpələnən
50 milyondan çox azərbaycanlını, Güneylə Quzeyi
birləşdirən körpü...
Allah rəhmət
eləsin!
Təranə Məhərrəmova
Kaspi 2019.- 12 fevral.- S.9.