“Buratino” ilə görüş
Uşaqkən nağılları dinləməkdən,
onların əsasında
çəkilən cizgi
filmlərini, bədii
filmləri izləməkdən
doymazdıq. Günü bu gün də
o vaxtın filmləri
nümayiş olunandan
acgözlüklə baxıram,
çünki uşaqlığa
səyahət həmişə
arzuolunandır, çünki
nə var idisə, onda vardı… Nə yaxşı ki,
bədii filmlərlə,
cizgi filmləri ilə yanaşı, bu gün teatrlarımızda
da vaxtaşırı
həmin sevimli personajları canlı görmək imkanımız
olur. Bu dəfəki
personajımız bizim
uşaqlığımızın sevimli qəhrəmanı taxta oğlan Buratinodur. Azərbaycanda
ilk dəfə "Buratino”nu
Musiqili teatrın (o vaxt Musiqili Komediya
Teatrı adlanırdı)
nəzdindəki "Uşaq
Yaradıcılıq Studiyası”nda
gənc rejissor, mərhum Vaqif İbrahimoğlunun yetirməsi
Elməddin Dadaşzadə
hazırlayıb. Ondan
sonra Gənc Tamaşaçılar Teatrı,
keçən il isə Milli Dram Teatrı "Buratino”ya müraciət edib. Bu dəfə
Elməddin Musiqili Teatrda yenidən bu əsərə quruluş verib. Karlo ata taxtadan Buratinosunu
yonub yaradan kimi, Elməddin də eləcə öz "Buratino”sunu yaradıb. Premyeradan öncə fürsətdən
istifadə edib teatra baş çəkdik ki, tamaşanın məşqindən,
rejissor işindən,
aktyor oyunundan hali olaq. Tamaşanın daxili baxışını
izləmək nəsibimiz
oldu. Zənnimcə, süjeti bilməyən
olmaz. O səbəbdən
süjeti nəql edib vaxt aparmaqdansa,
tamaşa haqqında danışmaq daha yaxşı olar. Rejissor zəngin dekorasiyalı tamaşa hazırlamışdı.
Səhnənin ortasında fırlanan məkan bir neçə hissəyə
bölünmüşdü, gah Karlo atanın
evinin sobası, gah bataqlıq, bah da barbi gəlinciklərinin
evini xatırladan çəhrayı rəngli
bər-bəzəkli stol-stullar
yığılmışdı. Arxa fon şəhər
binalarının şəkli
ilə təsvir olunmuş böyük tablo idisə, səhnənin yuxarısında
küçələrdə göstərilən tamaşaların
pərdələri, sirk
səhnələrinin dekorları
illüziyası yaradılmışdı.
Ara-sıra pambıq kimi
dolu topa-topa buludlar qalxıb-enirdi.
Rejissorun
yaratdığı bu
mənzərə insanı
zəngin nağıl
dünyasına səyahətə
aparırdı. Gənc rejissor
obrazlardan dekorlara, musiqilərdən işıqlara
qədər hər bir elementə həssaslıqla yanaşmışdı.
Ələlxüsus da baş rol ifaçısının
seçimi uğurlu idi. Buratino rolunun ifaçısı Zaur Əliyev pantomim hərəkətləri,
yüngül plastikası
sayəsində taxtadan
hazırlanmış balaca
bir oyuncaq oğlanın canlandığına,
az qala,
böyükləri də
inandıracaqdı. Tamaşa o qədər
əlvan idi ki, bəzi anlarda
film təəssüratı yaradırdı. Nahidə Orucovanın
qoca tülküsü
hiyləgərliyi ilə
bir yandan məzəli anlar yaşadırdısa, digər
yandan ikrah hissi oyadırdı. Pyesdən, filmdən fərqli olaraq, rejissor tamaşaya yeni obrazlar əlavə etmiş, bəzilərini isə ixtisara salmışdı. Gölməçə səhnəsində Buratinonun
suya düşməsi,
qurbağaların rəqsi,
geyimi, suyun səsi istənilən effekti yarada bilmişdi.
Lakin bütün
bunlarla yanaşı, bəzi iradlarımı da qeyd etməliyəm. Belə ki,
ümumən tamaşa
baxımlı, rəngarəng,
zəngin dekorasiyalı,
musiqili olsa da, bəzi səhnələrdə
ağırlıq hiss olunurdu.
Bu, daha çox
uşaq obrazında oynayan bir qədər
yaşlı aktyorların
oyununda sezilirdi. Belə ki, bizim yadımızda
qalan filmdəki mavi saçlı nazlı-qəmzəli amma
çox şirin, uşaq kimi tələbkar Malvina burada bir qədər
qayğılı idi.
O məsləhət verəndə
də, tərbiyə edəndə də obraza böyüklər kimi yanaşırdı. Artemon obrazı da (Pyero) yaddaşımızda
hər zaman həyatdan küskün, uğursuz, gözüyaşlı
balaca oğlan obrazı olmasına baxmayaraq, tamaşada daha çox yaşlı bir insanı, enerjisi tükənən qocanı
xatırladırdı. Karabas obrazı isə, əksinə, filmdə qəddar, bol enerjili, qaşqabaqlı, fırıldaqçı, eyni
zamanda yeri gəldikdə qarnını
qabağa verib gülən obraz tamaşada daha mülayim görünürdü,
özü də bol enerjisi yox
idi, yorğunluq hiss olunurdu.
Maraqla izlədiyim,
uşaqlıq illərinə
səyahətə aparan
"Buratino” tamaşasından
sonra fürsətdən
istifadə edib, səhnə əsərinin
quruşçu rejissoru
və musiqi tərtibatçısı Elməddin
Dadaşzadədən tamaşa
haqqında fikirlərini,
məqsədini öyrənmək
istədik.
"Gənc vaxtlarımdan, uşaqlıqdan üəyimdə bu əsərə müraciət etmək arzum var idi. Çünki postsovet məkanında çox sevilən bir film olmuşdur. Bu əsərin də özəlliyi, sehri ondan irəli gəlir ki, burada toxunulan bir çox mövzular, təkcə yazıldığı ildə deyil, bütün zamanlarda öz aktuallığını qoruyub saxlayır. Tamaşada, teatrın orta və gənc nəsil aktyorları bir araya gəlir. Rollarda Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayev çıxış edir. Tamaşada həm cavan, həm də yaşlı aktyorlarımız rol alıblar, lakin bəzi yaşlı aktyorlar uzun müddət idi uşaq tamaşalarında oynamırdılar. Müdriyyətə təklifimi verdikdə hətta suallar doğmuşdu ki, niyə məhz bu aktyorlar. Cavabında isə bildirdim ki, həmin aktyorları yeni ampluada görmək istəyirəm. Buna müvəffəq oldum. Əsər povest şəklində yazılıb. Səhnələşdirmədə bir çox epizodları və personajları (Papa Karlonun dostu Cuzeppo, itlər, aşbazlar, polislər, Duremar) ixtisar etmişəm. Hətta Arlekin rolunun bütün ağırlığını Artemona vermişəm. Eyni zamanda, yeni obraz əlavə etmişəm - qurbağa Bubi, Tartilanın köməkçisidir. Tamaşadan razı qaldım. Onu da qeyd edim ki, musiqi tərtibatı da özümə məxsusdur. Bu tamaşanın musiqi tərtibatına iki il əmək sərf etmişəm. Aleksey Rıbnikovun bütün külliyyatını, filmlərə, cizgi filmlərinə, hətta, sənədli filmlərə yazdığı musiqilərdə olan incə ştrixləri belə tapıb, partituranı yığdım ki, balaca dostlarımıza hədiyyə kimi ərmağan edim”.
Nigar Pirimova
Teatrşünas
Kaspi 2019.- 14 fevral.- S.11.