Mirzə Cəlil
yaradıcılığından mənəvi qida
alan ziyalı
“Özümə
borc bilirəm ki, bu qiymətli xəzinədən xalqıma zərrəcə
nəsə verə bilim”
Onun haqqında ilk dəfə filologiya
elmləri doktoru, mühacirşünas
alim Abid Tahirlidən bu sözləri eşitdim:
"Allahverdi müəllim olan yerdə yalnız xeyirxahlıq və
mehribanlıq var.
Ətrafındakıların hörmətini, məhəbbətini
qazanan, onları sevən və özünü onlara sevdirməyi
bacaran bir insandır!”
Artıq üç-dörd ildir ki, hər gün işdə bu eşitdiklərimin şahidi oluram. Onu hər dəfə yaxından tanıdıqca, savadına, zəkasına və ən əsası, insanlığına, ağayanalığına, ziyalılığına heyran qalıram. Təbiətcə çox sakit, sadə, səmimi, təmkinli, təvazökar, istiqanlı və həssasdır. Bax, elə ona görə, bu yazımda oxucuma onun əsərlərindən, mükafatlarından, vəzifələrindən deyil, (bu haqda kütləvi informasiya vasitələrində görkəmli alimlərimiz, xüsusilə, sahə mütəxəssislərinin yetərincə dəyərli, maraqlı fikirləri, məqalələri dərc edilib) ağayanalığından, daxili toxluğundan, özünü ətrafına qəbuletdirmə xüsusiyyətindən (buna zor gücünə yox, sevilərək nail olur), humanizmindən, dəyişməz xarakterindən bəhs etmək istərdim.
Allahverdi Məhərrəm oğlu Məmmədli. Filologiya elmləri doktoru, professor. Mirzə Cəlilin ruhu uyuyan Nehrəmdən Bakıya ali təhsil dalınca gələn, ömrünü sözlə uğraşan, sevincini, kədərini, uğurunu sözlə bəyan edən, sanballı, əsərlər, məqalələr, şeirlər müəllifi. Əməkdar jurnalist, "Qızıl qələm” və "Həsən bəy Zərdabi” mükafatının laureatı, kifayət qədər təcrübəsi olan peşəkar jurnalist, Məmmədquluzadəşünas və onun yaratdığı "Molla Nəsrəddin” ədəbi məktəbinin yaradıcılıq problemlərini tədqiqata cəlb edən bacarıqlı, istedadlı alim, tələbkar, təcrübəli pedaqoq, kövrək duyğularından bir "dünya” yaradan şair və ən nəhayət, mübaliğədən kənar desək, əsl qələm, söz sahibi. Məclis əhli, xeyir-şər adamı. Sədaqətli, səxavətli dost, yoldaş. Obrazlı, cəsarətli çıxışları ilə həmsöhbətini, ətrafındakıları ovsunlayan, heyran qoyan, sözə ehtiyatla, ehtiramla yanaşan bir söz aşiqi.
A.Məmmədli bədii yaradıcılıqla məşğul olsa da, əsasən vaxtının çoxunu elmi-tədqiqat işlərinə sərf edir. Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus parlaq iz qoyan Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı onu daha çox özünə cəlb edib. Bu doğmalıqda, yaxınlıqda onu özünə cəlb edən bir neçə amil də var. Professor Cahangir Məmmədli demiş, onlardan ən başlıcası, əlbəttə, Mirzə Cəlilin millət yanğısıdır. İllər, əsrlər, qərinələr keçəcək və bu yanğı gələcək nəsillərə bir örnək olacaq. Millətini, vətənini, torpağını, dilini sevmək və onun yolunda canını fəda etmək. Bəlkə də bu gün Mirzə Cəlilin ruhuna əyandır ki, ömrü boyu fanatizminə, savadsızlığına üsyan etdiyi Nehrəm kəndindən olan filologiya üzrə ilk alim də M.Cəlil irsindən qidalandı, ruhlandı. Odur ki, Allahverdi müəllim əsərlərində M.Cəlil publisistikasının bir sıra özünəməxsus cəhətlərini məharətlə, ardıcıllıqla, əhatəli şəkildə açıb oxucusuna göstərə bilir. Vətən duyğulu, yurd qoxulu bu əsərlər oxucusunda xoş təəssürat yaradır.
Təbii, Allahverdi müəllim tədqiqatçı bir alim kimi bütün klassiklərimizə, onların yaradıcılığına eyni qayğı və sayğı ilə yanaşır. Amma bu qayğıda babalarımızın, atalarımızın mənəvi yaşıdı olan Mirzə Cəlil yaradıcılığına xüsusi bir sevgi var. Bütün zamanların övladı, hər yeni nəslin yol yoldaşı olan Mirzə Cəlilin nəfəsi duyulduğu, ruhu uyuduğu Nehrəmdə babalarından, müəllimlərindən, atasından eşitdikləri onun qəlbində bu millət fədaisinə qarşı bir sevgi, hörmət oyadıb (Hətta Allahverdi müəllimin atası Məhərrəm kişinin Mirzə Cəlil yaradıcılığına, şəxsiyyətinə olan sevgisi, onu jurnalistikaya meyilləndirib və elə oğlunun da bu yola çıxmasına səbəb o olub).
A.Məmmədli hələ BDU-nun
jurnalistika fakültəsində oxuyarkən
(1976-1981) M.Cəlil yaradıcılığına müraciət
edir və illər sonra
da sədaqətlə bunu
davam etdirir. "Böyük Azərbaycançı”
adlandırılan M.Cəlil yaradıcılığında azərbaycançılıq
ideyalarının tədqiq etmək arzusu
ilə işə başlayır. İllərlə arxivlərdə,
kitabxanalarda, muzeylərdə aparılan ciddi araşdırmaların, gərgin
axtarışların, zəhmətin sayəsində oxucusunun
yalnız qəlbinə, hisslərinə deyil, fikrinə, şüuruna
hakim kəsilən, M.Cəlil
yaradıcılığına, şəxsiyyətinə layiq "Cəlil Məmmədquluzadə
yaradıcılığında azərbaycançılıq”
adlı (2004) sanballı monoqrafiyasını ortalığa qoyur. Əsəri Yavuz Axundov, Nizami Cəfərov,
Əflatun Saraclı, Abid Tahirli,
Alxan Bayramoğlu, Ramiz Əsgər kimi
görkəmli alimlərimiz yüksək qiymətləndirdilər.
A.Məmmədli məhz bu əsərinə
görə, Azərbaycan Jurnalistlər Birliyinin
"Həsən bəy Zərdabi” mükafatına layiq görülüb.
M.Cəlil irsinin
sehrinə düşən A.Məmmədli, doktorluq
mövzusunda bütün
mollanəsrəddinçilərin
yaradıcılığına müraciət etdi
və yenidən gərgin axtarışlara başladı.
2015-ci ildə "Molla Nəsrəddin” ədəbi
məktəbində azərbaycançılıq
ideyasının bədii əksi problemləri” mövzusunda doktorluq
dissertasiyasını çox uğurla müdafiə etdi.
Müəllif sovet
dövründə rejimin, ideologiyanın təsiri,
tələbi ilə tədqiqata cəlb edilən mollanəsrəddinçilərə
tam yeni aspektdən
yanaşdı. Bu yanaşmada
təkzibolunmaz, inandırıcı, dolğun,
tutarlı faktlara əsaslanan alimin prinsipallığı ilə
yanaşı, dəyərli elmi fikirləri
də diqqəti cəlb edir. Tədqiqatçı A.Məmmədli mollanəsrəddinçilərin
ədəbi-bədii irsindən nümunələr verməklə,
onların sənətkarlıq problemlərini dərindən təhlil
edir, dəyərləndirir, bu irsin xarakterik
və fərqli cəhətlərini məharətlə
açıqlayır. Hiss olunur ki, o,
mövzuya əsl ziyalı
qayğısı, tədqiqatçı sayğısı ilə
yanaşıb.
Müəllif dissertasiyasında çox
düzgün qeyd edir ki, mollanəsrəddinçilər
XX əsrin əvvəllərində zəngin, dəyərli bir ədəbi-mədəni irs
yaratmışlar: "Bu irs
bütöv Azərbaycan mədəniyyətinə,
ədəbiyyatına, mətbuatına məxsusdur. Lakin bu irsin
sovetlər dövründə obyektivliklə öyrənilməsi
yasaqlar, qadağalar nəticəsində
mümkün olmayıb. Mövzu
dövrün tələbi və təklifi
əsasında öyrənilib”.
"Mən hər dəfə Mirzə Cəlil yaradıcılığına müraciət edərkən mənən qidalanıram, zövq alıram. Özümə borc bilirəm ki, bu qiymətli xəzinədən xalqıma zərrəcə nəsə verə bilim. Bu, mənim vətəndaşlıq borcumdur” söyləyən Allahverdi müəllim, hətta məclislərdə də M.Cəlildən sitat gətirməsə "sakitləşməz”. Bu, bir daha onun, ömrünü bütöv Azərbaycan uğrunda mübarizəyə həsr edən M.Cəlil şəxsiyyətinə, yaradıcılığına olan sonsuz sevgisindən irəli gəlir.
Bir-iki ilin söhbətidir. Yolum Ali Məhkəməyə düşmüşdü (Allahverdi müəllim həm də Ali Məhkəmədə mətbuat xidmətinin rəhbəridir). Burada rəhbərlikdən tutmuş, adi nəzarətçiyə kimi, hər kəsin ona qarşı olan böyük hörmətinin şahidi olduqda, bir daha əmin oldum ki, o, harada olur-olsun, ətrafındakıların hörmətini, məhəbbətini qazanmağı bacaran bir ziyalıdır.
Elə BDU-nun jurnalistika
fakültəsində də. Bir zaman
tələbəsi, sonra
dissertantı, müəllimi
olduğu fakültədə
hazırda "Radio və
televiziya jurnalistikası”
kafedrasının müdiridir.
Əslində Allahverdi müəllim
bu sahədə də təcrübəsi,
bilgisi olan bir kadrdır. Onun "sehirli güzgü” ilə tanışlığı
hələ çox-çox
əvvəl, Naxçıvan
Dövlət Televiziyasından
başlayıb. Sonra
Bakıda Azərbaycan
Televiziyasında reportyor
kimi çalışan
A.Məmmədli, az vaxtda televiziyanın "Xəbərlər” kimi çox məsuliyyətli
bir redaksiyasının
baş redaktoru təyin edilib.
Bir gün Allahverdi müəllimin tələbə yoldaşı,
tanınmış telejurnalist
Qərənfil Xəlilova
ilə söhbət edirdik. Söhbət tələbə
yoldaşlarından, xüsusən
də Allahverdi müəllimdən düşəndə, dedi:
"Mən Allahverdini
otuz il bundan
əvvəl necə təmiz, saf, mehriban, qayğıkeş
gördümsə, elə
bu gün də elədir. Çox qəribədir ki, çoxlarının xarakterini
dəyişən şəhər
həyatı və vəzifə onu dəyişə bilmədi”.
Mayası halallıqla, saflıqla yoğurulan insanları heç nə, heç vaxt dəyişə bilmir. Onlar mənəvi dəyərlərə, əxlaqi keyfiyyətlərə sadiq qalırlar.
Qərənfil Dünyaminqızı
Əməkdar jurnalist
Kaspi 2019.- 19 fevral.- S.15.