“Keçmiş zamanda qalmamışam”

 Nilufər: Özümü güclü hiss edirəm, çünki hədəflərim var

"O, Nilufərdir... Sanki sürətlə keçən zaman ona çatanda işləmir. 60 yaşını yaşayır, amma ona baxanda, qarşımızda oturan xanımın bu yaşda olması inandırıcı deyil. Həmişə gəncdir, enerjilidir. 15 yaşında "Dünya dönüyor” mahnısı ilə həyatımıza daxil oldu. O gündən 45 il keçib. Bu dəfə isə "Tik-tak” adlı mahnısı ilə insanlara fəlsəfi musiqi bəxş edir. Həyatının ən gözəl dönəmindədir”. Türkiyənin "Hürriyet” qəzetində tanınmış yazar Ayşe Arman Nilufərlə müsahibəsini "iki qadın oturub xoşbəxtlikdən danışır” kimi təqdim edir. A.Arman müsahibəsinin girişində qeyd edir ki, tanınmış ifaçının qızı Ayşe Nazlının 19 yaşı var. O, İngiltərədə təhsil alır, Nilufər tez-tez onu ziyarət edir. İfaçı 12 pişiklə birlikdə yaşayır.

- "Tik-tak” mahnısı sanki həyatın təkrarıdır.

- Eynilə. Mahnını götürəndə, ilk olaraq onun sözlərinə çox heyran oldum. Musiqini dinlədikdə isə, daha çox ürəyimə yatdı. Deyəsən artıq belə mahnılar oxumaq istəyirəm. Hamımız bəlli yaşa gəlib çatanda həyatı sorğu-suala tutmağa başlayırıq, zamanın daraldığını düşünürük. İnsan 20-30 yaşlarında həyatın bu tərəfini düşünmür. Hətta bir ara ölmək haqqında düşüncələrim fərqli idi. "O vaxta qədər ölümün də bir çarəsi tapılar” - deyə düşünürdüm. Sevdiyim insanları bir-bir itirəndə, elə olmadığını anlamağa başladım. İşin bu qədər ciddi olduğunu bilmirdim. "Tik-tak” mahnısı da bunu izah edir.

- Klipdə çimərlik geyimi ilə rəqs etdiyiniz səhnələr möhtəşəmdir. Getdikcə mühafizəkarlaşan bir Türkiyədə "bəlkə bunu etməyim, lazım deyil” - deyə düşündünüzmü?

- Vallah, heç belə düşüncəyə qapılmadım. Mən dövrə və Türkiyənin mühafizəkarlıq dərəcəsinə görə geyinən biri deyiləm. Klipimdə şişirtmə və erotik bir şey yoxdur. Buna görə də heç bir problem görmürəm.

- Mahnıda insan ömrünün necə keçib getdiyi vurğulanır. Nilufər özünü yaşlanmış hiss edirmi?

- Düşüncə tərzimə, ruhuma baxsanız, görərsiniz ki, onlar hələ 16-17 yaşındadır. Ruhum hər zaman gəncdir, ancaq bədənim yaşlanıb. Qızım Ayşe mənim şansım oldu. Beynimin gənc qalmasına bir az da o səbəb oldu. Keçmiş zamanda qalmamışam. Qızımın sayəsində özümü yaşlanmış hiss etmirəm. Amma təbii ki, insan zamanla öz görünüşünə bir az daha artıq diqqət göstərməyə ehtiyac duyur.

- Sanki zaman sizə çatanda işləmir. Hər zaman belə qalmağı necə bacarırsınız?

- Davamlı olaraq sağlam qidalanıram. Az yeyirəm və bəzi şeylərdən imtina edirəm. Məsələn, canım lahmacun istəsə, onu ancaq ayda bir dəfə yeyə bilərəm. Ölsəm belə, həftədə iki dəfə lahmacun yemərəm.

- Güclü iradəniz var. Evə çörək alırsınızmı?

- Evimə çörək girmir. Bir ildən çoxdur ki, sabah yeməyində belə çörəkdən istifadə etmirəm. Artıq alışmışam. Çörəyin yoxluğunu hiss etmirəm. Çörəyin yerinə badam, qoz, avakado yeyirəm.

- Neçə ildir eyni çəkidəsiniz?

- Ən çox 56 kilo olmuşam. Normalda 53-54 kilo çəkiyə malik oluram. 2-3 kilo fərq edir. Yeriyirəm, təmiz hava qəbul edirəm. Bütün bu mübarizəyə baxmayaraq, tik-tak saat işləyir, həyat keçib gedir. Sinə xərçənginə görə keçirdiyim əməliyyatdan sonra həyata baxışım dəyişdi. Sanki sakitləşmişəm və həyata qarşı daha dözümlüyəm. Gördüyüm işlərin ən yaxşısını etməyə çalışıram, amma özümü də parçalamıram. Olarsa-olar, olmazsa-olmaz. Daha çox səyahət etmək istəyirəm.

- Ətrafınızdakı insanlarla münasibətdə nə qədər seçicisiniz?

- Sıxlığı sevən biri deyiləm. Uzun müddətdir münasibət qurduğum dostlarım var. Hər insanı həyatıma daxil etmirəm. İnsanlarla aramda həmişə məsafə saxlayıram. Ən yaxın münasibət qurduğum insanlarla belə.

- İnsanı həqiqətənmi ən çox sevdikləri yaralayır?

- Əlbəttə. İnsan ən çox güvəndiyi, sevdiyi tərəfindən yara alır. Sevmədiyim, hörmət etmədiyim, dəyər vermədiyim biri mənim qəlbimə dəyə bilməz.

- Sizi də sevdikləriniz yaraladı?

- Həyatımda ayrılıqlar, vidalar çox olub. Təbii ki, çox yaralandığım, tükəndiyim dövrləri də az yaşamamışam. Normal həyatda güclüyəm, mübarizə əzmim, savaşçı ruhum var. Ancaq özəlliklə qadın-kişi münasibətlərində çox duyğusal, naif və kövrəyəm. 

- Mahnıda "Bu, bir vəfa, vəda münasibətidir… Səbr məsələsidir” - kimi ifadələr səslənir.

- Həyatın içində hamısı var. Vəfa olması vacib olan bir şeydir. Son dərəcə dəyərli bir duyğudur. Vida ölümdür. Sevdiyin bir insanı itirmək, ya da yaşarkən həyatından çıxarmaqdır.

- Bəs səbr?

- Səbr etməsən, heç nə əldə edə bilməzsən. Nə münasibətlər davam edər, nə də uğur əldə olunar. Hələ uşaq mövzusunda çox səbr etməlisən.

- Ölüm nə qədər ağlınızı qurcalayır?

- Çox. "Görəsən necə öləcəm?” - deyə düşünürəm. Ölümün də yaxşısı və pisi var.

- Ananız çox əzablı şəkildə dünyasını dəyişib. Onunla necə bir həyat yaşadınız?

- Anama son beş ildə mənim evimdə baxıldı. Son illər artıq məni də tanımaz halda idi. Bir il yataqdan qalxa bilmədi. Ona uşaq kimi qayğı göstərirdilər. "Allah məni heç kimə möhtac etməsin” deyirdi və bundan çox qorxurdu. Uzun müddət möhtac şəkildə yaşadı. Bu, kimsənin layiq olmadığı bir xəstəlikdir.

- Alzheimer xəstəliyinə tutulmuşdu?

- Bəli. Bu xəstəlik onda uzun müddət davam etdi. Bu şəkildə yaşayacağamsa, yaşamayım deyirdi. Bu həm onun özü, həm də ətrafındakılar üçün də çox çətin idi. Hərdən qızıma "mən də bir gün bu xəstəliyə tuturlaramsa, mənə heç vaxt baxma, məni qocalar evinə apar” deyirəm.

- Qızınız nə deyir?

- Təbii ki, o, etiraz edir, mənim belə danışmağımı istəmir.

- Qızınız Ayşe sanki təkcə övladınız deyil, eyni zamanda dostunuz, yol yoldaşınızdır.

- Əlbəttə ki, elədir. Mən özümü güclü hiss edirəm. Çünki hədəflərim var. Öz sahəmdə getdiyim yolun məni hara aparacağını bilmirəm. Ancaq qarşıma qoyduğum hədəflər sənətimlə deyil, qızımla bağlıdır. Onunla bağlı görmək istədiyim gözəl günlər var. Bu yay onun 19 yaşı olacaq.

- Qızınız çox böyüyüb. Harada təhsil alır?

- İngiltərədə universitetə hazırlaşır. Psixoloq olmaq istəyir. Mən ona göz bəbəyim kimi baxmışam, qoymamışam ki, əziyyətə qatlaşsın. Ancaq orada paltarını da yuyur, bazarlığını da edir, dərslərinə gedir. Və çox xoşbəxtdir.

- Həyatda verdiyiniz ən gözəl qərar onun anası olmaqdırmı?

- Əlbəttə ki. Hərdən düşünürəm ki, o olmasaydı nə edərdim? Bomboş bir həyat kimi gələrdi mənə. Ayşe hər mövzuda özünü çox inkişaf etdirib və özgüvəni var. Bu da məni xoşbəxt edir.

- Bəs siz həyatınızın hansı dönəmini yaşayırsınız?

- Mən həyatımın ən sakit, dinc dönəmini yaşayıram. Eşqə-məhəbbətə ehtiyacım yoxdur. Özümdə belə bir ehtiyac hiss etmirəm və üstünlük də vermirəm.

- Belə bir söz demisiniz: "Həyatımda daha bir kişi istəmirəm. Xərçəngə verə biləcək başqa bir sinəm qalmayıb”.

- Bunu zarafat üçün demişdim. Hədəf olaraq kimisə göstərməmişəm. Heç kim bu sözü üstünə götürməsin. Əgər travmalı bir münasibət yaşayırsınızsa və bu sizin sağlamlığınıza pis təsir göstərirsə, nəyə lazımdır? Bir də mənim kimi ön planda olan insanların etdiyi, geyindiyi, söylədiyi hər şey qarşı tərəf üçün problem yarada bilir. Yəni həm içində mübarizə aparırsan, həm də özəl həyatında. Ona görə də həyatımda heç kim olmayanda özümü daha rahat hiss edirəm. Ancaq böyük də danışmaq istəmirəm. Elə bir şey olar ki, aşiq ola bilərəm. Ancaq Allah qorusun, aşiq olmaq istəmirəm.

- 60 yaşınızda özünüzü necə hiss edirsiniz?

- Sağlamam, qızım var və mənim üçün ən əsas məsələ qızımın sağlam olmasıdır. Ondan sonra pişiklərim.

- Neçə pişiyiniz var?

- 12.

- Ciddi deyirsiniz?   

- Hamısı da bir evin içindədir.

- Bəs evdən o pişiklərin iyi gəlmir?

- Gəlmir. Davamlı olaraq ev təmizlənir. Və qumları müəyyən saatlarda dəyişdirilir. Tək problemimiz onların tük məsələsidir. Onlardan 6-sı İran, 6-sı küçə pişiyidir. Təsəvvür edin ki, 1-ci mərtəbədən yuxarı çıxıram, arxamca sürü gəlir.

- İnsan bir pişiklə güclə baş edir. Siz 12-si ilə necə yola gedirsiniz?

- Əslində əvvəl evdə 1 pişiyimiz vardı. Sonra mən buna bir dost tapım dedim. Birini də əlavə aldım. Sonra mən bu pişiyi necə ana edə bilərəm deyə düşündüm. Qız pişiyimi cütləşdirdim. Onun 6 övladı oldu. Yerdə qalanı da küçədən, yoldan, hardan pişik tapdıq evə gətirdik. Ən sonuncusunu yoldan tapmışıdıq. 3 həftəlik idi. Onu küçədə necə buraxa bilərdik?

- Siz bir cümhuriyyət qadınısınız. Amma bunun sloqanlaşdırılmasının və istifadə olunmasının tərəfdarı deyilsiniz. Bunun səbəbi nədir?

- Hər yerdə "Cümhuriyyət qadınıyam” deməyə ehtiyac yoxdur. Çünki Türkiyə cümhuriyyətlə idarə olunur. Bu, bir həqiqətdir. Atatürk də bizim ən böyük gerçəyimizdir. Türkiyə cümhuriyyəti də Atatürk olduğu üçün var. Bu o deməkdir ki, mən bundan kənarda bir şey düşünmədiyim üçün bunu sloqanlaşdırmıram. Sosial mediadakı səhifəmə baxsanız, mənim nəyin tərəfdarı olduğumu bilərsiniz.

Tərcümə etdi: Xəyalə Rəis

Kaspi  2019.- 19 fevral.-  S.12.