Görkəmli
alim, nurlu insan
Həmid Araslının Azərbaycan ədəbiyyatşünaslığının
inkişafında müstəsna rolu var
Ali məktəblərin filoloji fakültələrində
akademik Həmid Araslının yazdığı "Azərbaycan
ədəbiyyatı tarixi” dərsliyi stolüstü kitab
sayılır.
Dərsliyi tədris edən müəllimlər isə onun
haqqında "Həmid Araslı təkcə görkəmli
alim, ədəbiyyatşünas deyildi, həm də gözəl
şəxsiyyət idi” - deyə danışırlar: "O əsl
millətsevər və cəsur kişi, qeyrətli və ləyaqətli
vətəndaş, örnək alim, mülayim rəftarlı,
həlim təbiətli, mədəni, həmişə asta
danışan, bir az ehtiyatlı kimi təsir
bağışlayan nurlu insan idi”.
Ölkə
başçısının Azərbaycan Elmlər
Akademiyasının həqiqi üzvü, Əməkdar elm
xadimi, filologiya elmləri doktoru, professor Həmid
Araslının fevral ayında 110 illik yubileyinin keçirilməsi
ilə bağlı sərəncamı da ədəbiyyatşünas
alimin milli ədəbiyyatşünaslığımızda təsadüfi
yer tutmadığını bir daha təsdiqləyir. Sənəddə qədim və orta əsrlər Azərbaycan
ədəbiyyatı sahəsində xüsusi mövqeyə
malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı
alim kimi geniş şöhrət qazanan akademik Həmid
Araslının çoxsaylı araşdırmaları ilə
respublikada ədəbiyyatşünaslığın
inkişafına dəyərli töhfələr verdiyi qeyd
olunub. Azərbaycan ədəbiyyatı
tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin
yaradılması onun mühüm elmi nailiyyətlərindəndir.
"Həmid Araslı folklorumuzun tədqiqini həmişə
diqqət mərkəzində saxlayıb, "Kitabi-Dədə
Qorqud” abidəsinin müxtəlif nəşrlərinin
gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi
və Füzuli irsinin öyrənilməsinə böyük əmək
sərf edib, anadilli ədəbiyyatın tanınmış
nümayəndələrinin əsərlərinin şərqşünaslığın
nailiyyətləri əsasında əhatəli şərhlərlə
mükəmməl elmi-tənqidi mətnini hazırlayıb. Məhsuldar elmi yaradıcılığını
pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə
əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai
həyatında yaxından iştirak edib”.
Çətin
keçən həyat yolu
Həmid Araslı qədim Gəncə torpağında
dünyaya göz açıb. Atası Hacı Məhəmmədtağı
Ərəszadə zəmanəsinin mükəmməl təhsilli
alim-ruhanilərindən olub. Atası qəzetlərdə
çıxışlar edər, şəriət məsələləri
ilə bağlı mülahizələr söylərdi. Ərəb dilindən etdiyi bəzi tərcümələri
və yazdığı "Vəşrihi-fəraiz” adlı
kitab alimin kitabxanasında saxlanılır. H.Araslı iki yaşına çatmamış
atası vəfat edib. Anası
Dürrübəyim xanım savadlı qadın olduğundan,
oğlunda xalq yaradıcılığına dərin maraq
aşılaya bilib.
Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə
təhsil almağa başlayan Həmid Araslı çox
keçmir ki, anasını da itirir və qohumlarının
himayəsində yaşamalı olur. 1922-ci ildə Gəncə
Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir.
Seminariyanı bitirdikdən sonra Nəbiağalı
kənd məktəbində əvvəlcə müəllim,
sonra isə direktor vəzifəsində işləyir. O,
bu illərdə folklor nümunələrini toplamaqla məşğul
olur, tələbələrini də bu işə cəlb edir.
H.Araslı 1929-cu ildə Bakıya gələrək
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat
fakültəsinə daxil olur. İnstitutu
vaxtından əvvəl bitirib Gəncəyə qayıdaraq
maarif şöbəsində müdir müavini vəzifəsinə
təyin olunur. 1932-ci ildə Bakıya gəlib
aspiranturada təhsil almaqla yanaşı, keçmiş
SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil
olunmuş kitabxananın şərq şöbəsində
müdir işləyir. Həmin illərdə
Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu
yaratmaq kimi mühüm bir işə başlayır və
tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa
başlayır. Bir il sonra Azərbaycan
Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində
sovet ideologiyasına uyğun olmayan nümunələr
aşkar edib, onu işdən azad edirlər. 1938-1939-cu illərdə "Azərnəşr”in Bədii
ədəbiyyat şöbəsində redaktor vəzifəsinə
qəbul olunur.
1938-cu ildə
Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində
orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən
dərs deməyə başlayan H.Araslı Nizami adına Azərbaycan Ədəbiyyatı və
Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci
ildə isə mətnşünaslıq şöbələrinə
rəhbərlik edir. 1943-cü ildə
"XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı”
mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri
namizədi elmi adını alır. 1944-cü
ildə Azərbaycan Dövlət Universitetində Yaxın
Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə
təyin olunur. 1954-cü ildə
"XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı
tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir.
Bir il sonra ona professor adı verilir.
H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın,
1979-cu ildə Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülüb.
Klassiklərin
araşdırıcısı
H.Araslı XX əsr Azərbaycanının elmi və ədəbi-ictimai
həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən
biri idi. Şərq
xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim
türk, fars, ərəb dillərinə yaxşı bələd
olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində
də klassik Azərbaycan şerinin incəliklərinin elmi-nəzəri
şərhinə xüsusi diqqət yetirib, nəsilləri
milli türkçülük ruhunda tərbiyələndirmək,
soykökünə bağlı məsələləri
doğru-düzgün şərh etmək üçün əlindən
gələni əsirgəməyib.
H.Araslının yaradıcılığının
mühüm bir dövrü repressiyanın baş alıb
getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə
haqsız tənqidlərə, xüsusilə də
"Kitabi-Dədə Qorqud”un nəşri ilə bağlı
təzyiq və hücumlara məruz qalır. Ancaq prinsipiallıq göstərərək yad təsirlərə
uymur, öz mövqeyini sona qədər qətiyyətlə
müdafiə edir. "Kitabi-Dədə Qorqud”la
bağlı deyilənlərin müqabilində nə öz
"günahını” boynuna alır, nə də abidə ilə
bağlı deyilən sözlərlə
razılaşdığını dilinə gətirir. "Dədə Qorqud” eposu ilə yanaşı,
Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının
yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da
öz mövqeyini dəyişmir.
H.Araslı
Azərbaycan ədəbiyyatı ilə bağlı təkcə
keçmiş sovet məkanında deyil, dünya miqyasında
aparılan tədqiqatları diqqətlə izləyir, onun qədimliyinə
xələl gətirən mülahizələrə həssaslıqla
yanaşır, Azərbaycan ədəbiyyatı və onun
nümayəndələri haqqında söylənilən
haqsız fikirlərə, qərəzli mülahizələrə
qarşı çıxır, həqiqəti axıra qədər
müdafiə edir. Azərbaycan ədəbiyyatı
tarixinin sistemləşdirilərək elmi istiqamətdə
öyrənilməsində H.Araslının müstəsna
xidməti olub. 1943-1944-cü illərdə
nəşr olunmuş iki cildliyin – "Müxtəsər Azərbaycan
ədəbiyyatı" tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının
ən qədim dövrlərindən başlayaraq XVII əsrə
qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni
mənzərəsini verib, o əsrlərdə yaşayan sənətkarların
dolğun portretlərini yaratmağa müvəffəq olub.
Alimin Azərbaycan ədəbiyyatı tarixi ilə
bağlı mühüm xidmətlərindən biri də
1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan
ədəbiyyatı tarixi" kitabıdir.
Türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə
mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi,
Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da
Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək
onların bədii-ictimai fikir tarixinə təsirini
aydınlaşdırır. Azərbaycan şairlərindən
İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi,
Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli,
Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və
başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli
elmi-nəzəri ümumiləşdirmələr də
H.Araslıya məxsusdur.
H.Araslının klassik irsin öyrənilməsi ilə
bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami
və Füzuli yaradıcılığının tədqiqi
istiqamətində olub. SSRİ və dünya ədəbiyyatşünaslığında
yanlış konsepsiyaların geniş yayıldığı
bir zamanda Nizami sənətinin milli ruhuna xüsusi həssaslıqla
yanaşıb, "Şairin həyatı", "Nizami Gəncəvi
əsərləri" və ayrı-ayrı tədqiqatlarında
şairin öz irsinə əsaslanaraq onun türkcə
düşünüb farsca yazdığını elmi dəlillərlə
sübut edib. Alim Nizami sənətinin XII əsr
Azərbaycanında təsadüfi hadisə
olmadığını, şairi ictimai-mədəni yüksəlişlə
səciyyələnən əlamətdar bir dövr, mərhələnin
yetirdiyini söyləyir. H.Araslı
Nizaminin Qumdan olması haqqındakı əfsanəni
alt-üst edib.
O, Məhəmməd
Füzulinin də ardıcıl tədqiqatçısı və
Azərbaycandan uzaqlarda tanınan naşiri olub. Şairin
həyat və yaradıcılığının müxtəlif
problemlərinə həsr etdiyi 20-dən artıq məqaləsi
və çoxillik araşdırmalarının yekunu – rus və
Azərbaycan dillərində nəşr edilən
"Böyük Azərbaycan şairi Füzuli”
monoqrafiyası var.
H.Araslı Nəsiminin də ilk
araşdırıcılarından sayılır. O, mətnşünas alim
kimi də çox məhsuldar olub. Onun bu sahədəki
fəaliyyəti Azərbaycan mətnşünaslıq elmində
ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi,
Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa
görkəmli şairlərin əsərlərini dəfələrlə
nəşr etdirib. Bu sahədəki
axtarışları, klassik irslə yaxından
tanışlığı, əlyazmalarla işləmək səriştəsi
sayəsində mətnlər üzərində təshihlər
aparır, sözlük və şərhlərə yenidən
nəzər salır. Bunun nəticəsidir
ki, tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən
daha mötəbər sayılır. H.Araslı
1939-cu ildə "Kitabi-Dədə Qorqud”u nəşr etdirməklə
Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,
eləcə də bütün türkologiya elminə
böyük xidmət göstərib. Alim əsərin
nəşri ilə yanaşı, onun tədqiqi və təhlili
ilə də ciddi məşğul olub.
H.Araslı
həyatı boyu yüksək ixtisaslı kadrların
hazırlanması üçün də fədakarlıqla
çalışıb, təkcə Azərbaycanda deyil,
Özbəkistanda, Türkmənistanda və Tatarıstanda
aspirant, dissertant və doktorantlara rəhbərlik edib, onlarla
elmlər doktoru, 50-yə qədər elmlər namizədi
yetişdirib.
H.Araslı müasir Azərbaycan
folklorşünaslığını yaradan alimlərdən
biri kimi də tanınır. O, Azərbaycan şifahi xalq ədəbiyyatı
və folklorunun tədqiqi sahəsində də böyük əmək
sərf edib. "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı
tarixi" kitabı və "Aşıq
yaradıcılığı" əsərlərində
Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə
Qasım, Aşıq Ələsgər və b. klassik
aşıqların həyat və
yaradıcılığı, XVII əsrdə yaranan
"Əsli və Kərəm”, "Aşıq Qərib”,
"Şah İsmayıl” və "Koroğlu” eposu
haqqında orijinal elmi mülahizələr söyləyib.
Alim ədəbiyyat tarixindən ali məktəb
kurslarının tədrisi sistemini işləmiş, proqram tərtib
edib dərslik hazırlamışdır. Bu istiqamətdə fəaliyyətinin
bir qolu orta məktəblə bağlı olmuşdur. Tədris proqramları və dərsliklər
hazırlanması kimi mühüm və başlıca məsələnin
həllində H.Araslı öz əməyini ləyaqətlə
sərf etmişdir. 1936-cı ildə VIII sinif
üçün ilk dəfə "Qədim ədəbiyyat"
dərsliyini nəşr etdirən müəllif sonralar həmin
dərsliyi M.Rəfilinin, H.Eyvazovun həmmüəllifliyi
ilə dəfələrlə təkmilləşdirərək
yenidən çapına nail olmuşdur. Həmid Araslı həm
yazılı, həm də şifahi ədəbiyyatımızı
paralel şəkildə araşdıran alim kimi dəyərləndirilir.
Təranə Məhərrəmova
Kaspi.-2019.-20 fevral.-S.7.