Bütün dövrlərin yaşıdı olan ədib

Onun sözü dünən ən kəsərli silah idi, bu gün də belədir, sabah da belə olacaq

Hər zaman həqiqəti söyləyən, heç vaxt heç kimin qılığına girməyə çalışmayan, bircə kəlmə belə yalan söz yazmayan azadlıq aşiqi Mirzə Cəlili haqsız təqiblər, təhqirlər, sıxıntılar içində idi. Xüsusən də hələ Sovet bürokratik sisteminin tam oturuşmadığı bir dövrdə. Məhz belə bir vaxtda Mirzə Cəlil Cənubi Azərbaycanından Şimali Azərbaycana səfər etdi. Əslində bu səfər Sovetlərin istəyi ilə baş tutdu. 

Ədəbi aləmdə öz sözü olan Mirzəni Quzey Azərbaycana dəvət edən hökumət düşünürdü ki, fəxri adlar və vəzifələr verməklə, ləyaqəti qüruru, heysiyyəti, mənliyi öldürməklə, onu uyğunlaşdırılmış bolşevik yazarına çevirə biləcək. Ona görə də,  hökumət 1921-ci il iyunun 24-də Bakıya çatan ailəni böyük ehtiramla qarşıladı. Amma nədənsə "Molla Nəsrəddin” jurnalının nəşri uzandı, özü də, nə az, nə çox, düz 1 il 4 ay.

Mirzə Cəlillə hökumət arasında "jurnal necə çıxacaq və nədən yazacaq?” sualı ətrafında dialoq başladı, nə başladı... "Hakimi mütləq diktatorlar” Mirzə Cəlili inadından döndərə bilmədikdə ona yaxşı "dərs” vermək qərarına gəldilər. Amma yanılırdılar. Çünki Mirzə Cəlil "vicdanının bütövlüyünə yabançı olanbu ünsürlərdən uzaq, öz həqiqət və əxlaq meyarı olan bir dünyanın sakini idi. O, öz millətini odlu ürəklə sevən, onun nöqsanlarını üzünə deməkdən çəkinməyən həqiqətə, ədalətə, öz əqidəsinə sadiq qalan, düşünən və düşündürən, mənəviyyatda, ictimai şüurda, yazı üslubunda inqilab yaradan bir qələm əhli idi. Onun sözü dünən ən kəsərli silah idi, bu gün də belədir, sabah da belə olacaq. Özbaşınalığın, ədalətsizliyin, zorakılığın, zülmün və qəddarlığın hökm sürdüyü, səsinə səs verilməyəcəyi, dadına, harayına heç kəsin çatmayacağı bu mühitdə Mirzə Cəlil jurnalın fəaliyyətini davam etdirməyə məcbur idi. 1922-ci il noyabrın  2-də "Molla Nəsrəddin”in ilk sovet nömrəsi işıq üzü gördü. Mirzə Cəlil də fürsəti əldən verməyib bubundan sonrakı bir necə sayda Şura hökumətinin fəaliyyətini tənqid və ifşaedici yazılarla faş etdi. Mirzə Cəlilin bu "hörmətsizliyi” hökumətə yaman toxundu. Yenidən "danışıqlar” başladı. Amma Mirzə təslim olmadı. Hökumət onu yavaş-yavaş jurnaldan uzaqlaşdırmağı qərara aldı... Nəticədə "Molla Nəsrəddin” Şura hökumətinin "qayda-qanunlarını” təbliğ edən (bolşevikləşmiş) mətbuat orqanına çevrildi və Mirzə Cəlilin "Molla Nəsrəddin”indən əsər-əlamət qalmadı.     

Sonrakı saylar  düşüncələrini nə ixtiyar sahiblərinə, nə hakim ideyalara, nə də avam camaatın zövqünə uyğunlaşdıra bilməyən, Mirzə Cəlilin dəsti-xətti olmayan, nəfəsi duyulmayan, təbiətin, zəmanənin yaratmadığı, hakim-mütləqlərin xeyir-duası ilə işıq üzü görən "Molla Nəsrəddin” oldu. Jurnal 20-ci ilin ortalarında tamam simasını itirdi. Deməli, "Bakıda "Molla Nəsrəddin” yazmaq, "Molla Nəsrəddin” çıxarmaq olmaz” deyən Mirzə Cəlil çox haqlı imiş.

1925-ci ildə "... dəxi "Molla Nəsrəddin” jurnalını çıxarmaqdan bilmərrə əl çəkirəm...” yazmağa məcbur olan Mirzə Cəlil, çox məhrumiyyətlərə düçar oldu. Xəstəliklər, ailə qayğıları, fiziki, maddi-mənəvi sıxıntılar, ən əsası, ədəbi mühitdən uzaqlaşdırılması (M.Ə.Sabirin abidəsinin təntənəli açılışına çağırılmamağı, dövrü mətbuatda çapına qadağa qoyulması, 1931-ci ildə jurnalın 25 illik yubileyinin kecirilməməsi, cürbəcür "ədəbi cırtdanlar”ın ona qarşı kobud və əsassız hücumları və s.) əzəmətli şəxsiyyət olan Mirzəni sovet dövründə şübhə və sarsıntılarla dolu bir həyat "yaşamağavadar etdi...

İlk gündən sovetlərin siyasi dairələrinin təzyiqinə məruz qalan Mirzə Cəlil Şura hökumətinə qəlbən heç vaxt inanmamış, bel bağlamamışdı. Şura hökuməti də onu "siyasi cəhətdən geri qalmış, bisavad” adlandırmaqla kifayətlənməmiş, əksinə Mirzəni məhv etməyə cəhd göstərmişdir.

       Bu elə bir zaman idi ki, "sosializm realizmi ilə yoğurulmuş” ədəbiyyat, mətbuat "yeni forma və məzmun” axtarışında idi. Mirzə Cəlil də bu "yeni forma və məzmunu” həzm edə bilmədiyi üçün dövrün metodolojiideoloji əyintilərinə uymadan, mövcud ictimai həyatı realistcəsinə, əsərlərində, mətbu çıxışlarında təsvir edirdi.   

Məşhur gürcü həkim Topuridze Mirzə Cəlil haqqında deyirdi: "Belə satirik qabiliyyətə malik olan adamlar min ildə bir dünyaya gəlirlər. Onun mənsub olduğu xalq xoşbəxtdir”. Amma çox təəssüf ki, bu xalqın bəzi bolşevik başbilənləri onun qiymətini bilmədi. Lakin Mirzə Cəlilin xoşbəxtliyi onda idi ki, o, hər hansı quruluşun, siyasi sistemin düşücə dairəsində qalmış yazıçı kimi deyil, ədəbi insan problemləri müstəvisində qələm çalan böyük insanşünas kimi qavranıldı. Elə ona görə də onun yaradıcılığı, şəxsiyyəti zamanın heç bir ləkəsini götürməmiş parlaq güzgüdür.

Sonda Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) "Xatirələrim” əsəri ilə bağlı tədqiqatçı alim Ədalət Tahirzadənin yazdığı sözləri xatırladım: "...Qələminin şərəfini hər şeydən üstün tutan, onun uğrunda hətta həyatını belə fəda etməyə hazır olan haqq, həqiqət aşiqidir! Bu aşiqlik onun zaman üzərində qələbəsi ilə nəticələnib”. Kimisə zəhmətə salmağı sevməyən Mirzə Cəlil, bir ömür, "bütün bir millətin müəllimi olmaq” missiyasını sona kimi şərəflə yerinə yetirdi. Fevralın 22-də zaman üzərində qələbə qazanan bu millət müəlliminin doğum günü idi.                     

 

          Qərənfil Dünyamin qızı

       Əməkdar jurnalist

Kaspi.-2019.-23-25 fevral.-S.7.