“Sənət ticarətlə
qarışanda məhvə doğru gedir”
“Sənət
ticarətlə qarışanda məhvə doğru
gedir”Bendeniz: Bu günün müğənniləri
bir-biriləri ilə bahalı evlərinin olması uğrunda yarışırlar
90-cı illərə damğasını vuran Bendeniz uzun müddətdir ki, şou aləmində yox idi. Uzun müddətlik
fasilədən sonra o,
ara verdiyi musiqi aləminə geri dönüb. Keçmişdə daha çox məşhur olan ifaçı, şou
cameəsinə gələr-gəlməz, yenidən gündəmi
zəbt edib. Yeni
işıq üzü görən "Best Of” albomu
ilə Bendeniz yenidən musiqisevərlərin
diqqətini özünə çəkməyi bacarıb.
Türkiyənin tanınmış magazin
qəzeti "Akşam”-ın tanınmış yazarı Bilgen Bülbülə müsahibə verən
ifaçı, musiqi istehsal
etdiyi müddətdə var
olacağını deyib. Əsil adı Deniz Çelik olan müğənni Azərbaycanda da kifayət qədər məşhurdur.
Xüsusilə də 1990-cı
illərdə səsləndirdiyi mahnılar, albomları olduqca məşhur idi. Həmin
illərdə ifaçının saç
stili və modası dövrün
ikonasına çevrilmişdi desək, yəqin
ki, yanılmarıq. "Satmışım”,
"Güzeller güzeli”
mahnıları ilə ötən əsrin ən çox dinlənilən və satılan
albomlarından birinin sahibi
olan ifaçı, müsahibəsində uzun müddətlik durğunluğunun
səbəbini açıqlayıb. Onun səsləndirdiyi
mahnılar nəinki Türkiyənin özündə, Avropada, Amerikada, Rusiyada böyük sevgi ilə qarşılaşmışdı.
İndi isə ifaçının bu aləmə yenidən gəldiyi,
özünə olan sevgini
bərpa etməyə çalışdığı deyilir. Müğənni müsahibəsində
tamaşaçıların sevgisini hər
zaman hiss etdiyini bildirib.
- Uzun
müddətdir mahnı oxumamağınızın səbəbi
nədir?
- Normalda iki ildən
bir albom çıxarıram. Ancaq
hər il
mahnı oxuyub, yeni albom hazırlayacam
- deyə bir məcburiyyətim də yoxdur. İfaçıyamsa, qeyd etdiklərimi
öhdəliyimə götürdüyümü
hesab etmirəm. Çalışdığım illər ərzində
bunun fərqinə vardım. Musiqi hazırlamaq uzun
bir müddət tələb edir və sənət ticarətlə qarışanda
məhvə doğru gedir. Bəlkə məşhur ola
bilərsiniz, ancaq eyni sistemdə illərlə davam edəndə iz buraxan, tarixdə sözünü deyən əsərlər, mahnılar
hazırlamaq çox çətinləşir. Digər
tərəfdən, mən
bir az
tək qalmaq istəyirdim, ona görə uzun bir fasilə verdim.
- Musiqiyə ara verməmiş
olsaydınız, indi hansı səviyyəyə
qədər yüksələ
bilərdiniz?
- Əgər tamaşaçıların
qəlbində hakim olduğunuz,
tutduğunuz bir yeriniz varsa, siz hər zaman
onların qəlbində
həmin yerdə olacaqsınız. Mənim ümumi bir dinləyici kütləm var və onlarla
arama heç kim girə
bilməz. Biz fərqli şəkildə
tamaşaçılarla dil
tapırıq. Onlar bilirlər
ki, zamanı gələndə hər şeyin ən gözəlini tamaşaçılarım
üçün edəcəm.
- Mahnılarınıza
yeni nəslin daha çox diqqət göstərməyinin
ən böyük səbəbi nədir?
- İnsanlar əsl
musiqini dinləmək
üçün darıxıblar. Akustik musiqi
gerçəkdir. O sözlər,
musiqi heç nə ilə bəzədilmədiyi üçün
səsləndirdiyim mahnılar
qəlbdən-qəlbə birbaşa
yol tapır. Tamaşaçılar ifaçıların bu səmimiyyəti üçün acdılar.
Yeni nəslin duyğusal gəncləri də səsimə və mahnılarıma laqeyd qala bilmədi. Bu da məni
çox xoşbəxt
etdi.
- Sizcə,
90-cı illərdəki musiqi
ilə günümüzün
musiqisi arasında ən böyük fərq nədir?
- Ən böyük
fərq yeni mahnılar və mahnılara verilən dəyərlərdir. Tez, sürətli ərsəyə
gəlsin deyə, mahnı hazırlamağı
düzgün hesab etmirəm. İndi sadəcə ticarət
üçün mahnılar
istehsal olunmağa başlayıb. 90-cı illərdə mahnı oxuyarkən ən son düşündüyümüz şey onu necə
satmağımız idi.
O zamanlar ən gözəl mahnını
oxumaq üçün
bir-birimizlə yarışırdıq.
İndiki ifaçıların isə yarışları
başqa istiqamətdə
gedir. Onlar bir-biriləri ilə
bahalı evlərinin olması uğrunda yarışırlar. İfaçılarda
olan bu hiss, hikkə, düşüncə
tərzi onları bu yöndə daha çox rəqabət etməyə
istiqamətləndirir və
nəticə də məlumdur.
- Gənc ifaçılara verəcəyiniz məsləhətləri
dinləmək istərdik.
- Məsləhət verməyi
də, almağı da xoşlamıram. Əsas odur ki, ifaçılar
mahnı oxuyarkən
hiss etdikləri duyğularına
sahib çıxsınlar. Duyğusuz, sevgi vermədən hazırlanan heç bir məhsul onları xoşbəxt edə bilməz. Məsələ daha çox
oxunmaq, daha çox dinlənilmək,
qalib olmaq deyil, insanın xoşbəxt olmağı
bacarmağındadır.
- Çox arıqlamısınız və haradasa fit bir görünüşə sahib olmusunuz.
- Çox da fit olduğumu düşünmürəm.
Tez-tez kökəlib-arıqlayıram. Arıqlamaq üçün özümü
çətinliklərə salmıram. Elə bir dərdim
də yoxdur. Sadəcə
olaraq özümə,
qidama diqqət etməyə çalışıram.
Hər kəs incə, arıq, zəif olmaq məcburiyyətində
də deyil. Bir çox insan bu hikkəsinə görə öz sağlamlığından məhrum
olur. Görəsən arıqlamaq üçün
çalışan, bunun
üçün gecə-gündüz
əlindən gələni
edən ifaçılar
ona sərf etdikləri zamanın yarısını mənəviyyatlarının
zəngin olması üçün xərcləyirlərmi?
Dönüb daxili aləmlərinə
baxmaq üçün
zamanları olurmu?
- İndi
musiqi aləmində zövqsüz mahnılar istehsal olunmağa başlayır.
- Təkcə musiqi aləmində
deyil, bütün sahələr
eyni vəziyyətdədir. Təəssüf
ki, bu
zövqsüzlükdən ən çox
təsirlənən bizim sahə oldu. 2010-cu ildən sonra
musiqilərimiz mübarizə aparmağı dayandırdı.
Sadəcə tək bir mahnı ilə
yüzlərlə insan məşhur,
tanınmış biri olacağını
hesab etdi və musiqi sahəsi gözdən düşdü.
Hesab edirəm ki,
prodüserlər bu mövzuda
seçici olmalıdır.
Tərcümə
etdi: Xəyalə Rəis
Kaspi 2019.- 27 fevral.- S.12.