“15 il bundan əvvəlki Səyyad deyiləm”
Səyyad
Əlizadə: “Əziyyət çəkib
yazdırdığım, 30-40 min xərc
çəkdiyim albomları pul verib almışam”
Uşaqlıq illərimizin "Bəyaz gecələr”,
"Gül ki, ürəyin
gülsün” mahnılarının müəllifi
Səyyad Əlizadə son bir
neçə ildə yaradıcılığında yenilik edib, vətənpərvər
ruhda mahnılar səsləndirir. Onun ifa etdiyi
"Azərbaycan əsgəri”, "Şuşa”
mahnıları diqqət çəkib. "Kaspi”-nin qonağı olan Səyyad
Əlizadə bizimlə söhbətində
yaradıcılığında vətənpərvərlik ruhunda olan mahnıların
indi daha çox yer
aldığını bildirdi.
- Xocalı faciəsi insanlıq tarixində vəhşicəsinə törədilən qətliam və soyqırımıdır. Heç bir müharibədə belə qəddarlıq olmayıb. Müasir dünyada Xocalıda yaşanan vəhşiliyin törədilməsi ağlasığmazdır. İnsanlıq tarixində ermənilərin etdiyi vəhşiliklər, sadəcə, dəhşətdir. Bu azğın, alçaq milləti bütün dünyaya olduğu kimi tanıtmalıyıq. Ən vəhşi heyvan da körpəyə dəymir, başqa heyvanın balasını qoruyur. Ancaq ermənilər bizim körpələrimizə belə qıydılar. 1988-ci ildən bəri mənfur düşmənlərimizin hücumuna tuş gəlmişik. Onların, bizim xalqımızın başına gətirdikləri bağışlanası hal deyil. Təbii ki, biz bu günü unutmayacağıq. Öz qisasımızı bir gün onlardan mütləq alacağıq. Hər bir insan çalışdığı sahədə işinin peşəkarı olmaqla, şərəflə, vicdanla çalışmaqla, düşməndən qisasın alınacağı günə hazırlaşmalıdır. Mən ifaçıyam və bir ifaçı olaraq boynuma düşən vəzifəni yerinə yetirməyə çalışıram.
- Təbliğat deyəndə niyə ilk olaraq musiqi yada düşür
- Təkcə musiqilərimiz deyil, elə televiziyaların, sosial şəbəkələrin, radioların özləri ən böyük təbliğat vasitələridir. Efirlərimizdə belə bir gündə bayağı, yüngül musiqilərin səslənməsi mənə çox təsir edir. 20 faiz torpağı düşmən tapdağında olan insana deyib-gülmək yaraşarmı? Heç olmasa həftədə bir dəfə vətənə, torpağa, işğal olunmuş torpaqlarımıza həs olunmuş verilişlər olmalıdır. Bizim həqiqətən igid, mərd, qorxmaz oğlanlarımız var. Biz onları niyə təbliğ etmirik? Gənclər öz qəhrəmanlarını nə üçün tanımamalıdır? Niyə yüngül mahnı oxuyanları tanıyırlar, ancaq Mübarizi tanımırlar? Qoy bu gənclər həmin müğənnilərə yox, o qəhrəmanlara oxşasınlar. Niyə ancaq milli matəm günlərində bu mövzulara toxunuruq? Məgər vətən məhz o günlərdə yada düşür? Vətənpərvərlik hissi 20 yanvarda, 26 fevralda, 31 martda yada düşməməlidir, həmişə düşüncəmizə hakim olmalıdır.
- O dediyiniz verilişlər reytinq gətirmir axı.
- İnsanlara nəyi
nümayiş etdirsəniz,
onu da qəbul
edəcəklər. Bəs onda
necə təbliğat
aparaq? Yetişən gənclər vətənpərvər
mühitdə, o ruhda böyüməlidirlər. Əgər güclüsənsə, məcbur
olub səninlə hesablaşırlar. Güclü olmaq
üçün bu torpağa canavar ürəkli oğullar lazımdır. Bu oğullar da təbii ki, təbliğatla yetişdirilməlidir.
Əvvəllər SSRİ dövründə ideoloji şöbə var idi. Onlar məhz vətənə sevgi ideologiyasını təbliğ edirdi. İndi mən o şöbənin varlığını
hiss etmirəm. Bizim də
ideologiyamız sosial şəbəkələr, internet, televiziya və radiolardır.
- Səyyad müəllim, 20
il bundan
qabaq "Bəyaz gecələr” mahnısı
ilə səsiniz el şənliklərində, televiziyalardan,
bayram tədbirlərindən
gəlirdi.
O ildən bu ilə nələr dəyişib?
- Çox şey... Bu illər ərzindən
minə yaxın mahnım işıq üzü gördü.
50-dən çox albomum hazırlandı.
Dövr,
zəmanə, insanlar,
həyat - hər şey dəyişib.
- Əvvəllər sizin
kasetlərinizi alırdıq. Mahnılarınızı maqnitofonlardan dinləyirdik.
Sonra albomlar, daha sonra MP3-lər çıxdı.
- Elədir. Bacardığım qədər dövrün,
zəmanənin tələbi
ilə ayaqlaşmağa
çalışıram. Oxuduğum mahnıları albom halında hazırlatdırıb,
öz arxivim üçün saxlayıram.
- Ötən il səhnə fəaliyyətinizin 40, "Bəyaz
gecələr” ansamblının
da 25 yaşı tamam oldu. Geridə qoyduğunuz
illərə baxanda peşmançılıq hissi
keçirirsinizmi?
- Əgər mənim
mahnılarım insanlar
tərəfindən sevilirsə,
Azərbaycan musiqisinin
zənginləşməsində rolu varsa, demək,
seçimim düz olub. Bu baxımdan peşman deyiləm. Ancaq özümə qarşı
haqsızlığın olduğunu
görəndə, çox
təəssüflənirəm. 40 ildir bu sənətdə külüng
çalıram, zövqlü
mahnılar səsləndirirəm.
Çəkdiyim əziyyətlər nəzərə alınmır.
Bütün bunlara baxmayaraq,
çalışıram ki,
ruhdan düşməyim.
Amma gördüyüm diqqətsizlik
bir çox hallarda məni ruhdan salır. Dünənki uşaqlara fəxri
adlar verilir. 30-dan çox ölkədə
Azərbaycan musiqisini təbliğ etmişəm.
Bu haqsızlıq deyil? Rayonlarda, paytaxtda, hərbi hissələrdə konsert
proqramı ilə çıxış etmişəm.
- Əvvəllər
sizin konsertlərinizə
biletlər bir neçə ay öncədən
satılıb qurtarırdı. İndi niyə konsert
vermirsiniz?
- İndi biz əsgərlərlə
görüşür, onların
qarşısında konsert
proqramları ilə çıxışlar edirik.
- Mən solo konsertdən bəhs edirəm.
- Solo konsert vermək kişilər üçün
çətin məsələdir.
Kişi müğənnilərin konsert
verməsi indiki dövrdə bir qədər qəlizdir.
- Qəliz olan nədir?
- Əgər xarici
ölkədən bir müğənni gəlib
konsert verirsə, ona sponsor da tapılır, yaxşı
qonorar da verilir. Bizə konsert vermək
üçün o pulu
vermirlər axı.
Azərbaycan müğənnisi konsert vermək üçün heç olmasa 60 min pul verməlidir. Bunun sarayı,
musiqiçiləri, dizaynı
və başqa problemləri var. Ona görə, biz müğənnilər
konsert verməkdə çətinlik çəkirik.
Mən də gedib kiməsə
ağız açası
deyiləm ki, gəl mənə dəstək ol. Hərbi hissələrdə, qocalar
və kimsəsizlər
evində konsertlər
verirəm. Bu, mənə kifayət edir.
- Sosial şəbəkələrlə ayaq uydura bilirsinizmi?
- Zaman inkişaf edir, biz də yerimizdə dayanmırıq.
Əlbəttə ki, sosial şəbəkələrdə varam və yeri
gələndə, lazım
olanda istifadə edirəm. Əgər bir yeniliyim varsa, səhifəmdə şəkil paylaşır,
məlumat verirəm.
Ancaq yersiz, hər dəqiqədə bir şəkil paylaşmıram.
"İnstaqram” və "Facebook” səhifəm var. Yeni mahnılarım "Youtube”
kanalında yerləşdirilir.
"Bəyaz gecələr” yaradıcılıq
mərkəzimizdə çalışan
əməkdaşlarımız davamlı olaraq sosial şəbəkələrdə
paylaşım edirlər.
Bu baxımdan nə lazımdırsa, edirik.
- Albomlarınızdan
gəlir əldə edə bilirsiniz?
- Azərbaycanda fəaliyyət
göstərən müğənnilər
heç vaxt albomlardan gəlir əldə etməyiblər.
Bizim müğənnilərin gəlir
yeri yalnız toylardır. Konsertlər, albomlar - bunların hamısı müğənni
üçün əlavə
xərcdir. "Bəyaz gecələr”,
"Xallı qız” mahnılarımın albomları
milyonlarla satılıb.
Təbii
ki, bunu işbazlar edib. Biz oradan bir qəpik belə qonorar almamışıq.
Əziyyət çəkib
yazdırdığım, 30-40 min xərc çəkdiyim albomları pul verib almışam.
- Əvvəllər
gündəmin müğənnisini
satılan kasetlərə
uyğun olaraq təyin edirdilərsə,
bu gün qiymətləndirmə hansı
meyarla müəyyən
olunur?
- Açığı, o gündəm
mənə maraqlı
deyil. İçimdən gələn musiqiləri
səsləndirirəm. Məni ifaçı olaraq
nə qalmaqal, nə söz-söhbət,
nə də gündəm maraqlandırıb.
Tək istəyim tamaşaçılar tərəfindən
sevilmək olub.
Heç
vaxt bayağı mahnılar səsləndirməmişəm.
Bayağı musiqilər mənlik
deyil. Bir çoxlarının musiqi zövqü korlanıb. Çünki tamaşaçılara iki notdan ibarət
olan mahnılar sırınır. Onlar da sevərək qəbul edirlər. Bu mahnıların da ömrü iki ay olur, ondan sonra
unudulur. Mənim oxuduğum
mahnılar hələ
də dəbdədir,
sevilir. "Qaranquşlar
gələndə”, "Dolanım
başına”, "Gül
ki, ürəyin gülsün”, "Su pərisi”
və başqa mahnılarım dünyanın bir çox ölkələrində
oxunur və qəbul olunur.
- Bəs sizi birdən-birə fərqli istiqamətə yönləndirən səbəb
nə oldu?
- Yaş ötdükcə insan dəyişir. 15 il bundan
əvvəlki Səyyad
deyiləm. Bizim problemlərimiz gələcək
nəslə niyə qalmalıdır? Elə mahnılarım
var ki, sözləri
xoşuma gəlib, ona mahnı bəstələmişəm. Misal üçün, yeni oxuduğum "Sən xoşuma gəlirsən” mahnısı. Sözü də,
musiqisi də özümündür və
bu mahnı çox sevilir.
- Kim xoşunuza gəlir?
- Bu mahnıya kim
qulaq asırsa, bu sözləri özünə götürür.
Hər kəs özünü orada görə bilir.
- Boynunuzdakı qırmızı şərfi uzun müddətdir ki, istifadə edirsiniz. Köhnə müsahibələriniz, fotosessiyalarınızda, albomlarınızda demək olar ki, bu şərfdən istifadə edibsiniz. Bunun xüsusi bir mənası varmı?
- Bu şərf qızım Şəhlanın hədiyyəsidir, qış aylarında ondan istifadə edirəm.
- Yəni bu, stil deyil?
- Kimsə bunu stil kimi qəbul edir, ancaq mən bu şərfdən özümü soyuqdan qorumaq üçün istifadə edirəm. Ancaq deyəsən stilə dönüb.
Xəyalə Rəis
Kaspi 2019.- 28 fevral.-
S.14.