Övladlarınızın göz yaşını qoruyun…
XƏYALƏ
ƏFƏNDİYEVA
Övladlarınızın göz yaşlarını qoruyun… Qoruyun ki, sabah qəbriniz üstdə ağlaya bilsinlər…
(Pifaqor)
Bayramı uşaqlarla birlikdə keçirmək arzusuyla körpələr evinə
yollandı. Bu gün o gül balaların bayramıdı - ən böyük bayram isə onları sevindirməkdi…
Uşaq evlərinə sığınan
körpələr mənim
ən həssas, ağrılı yerimdi. Onların valideynlərinin
əvəzinə vicdan
əzabında boğulmuşam
həmişə. O körpələrin
gözlərinə baxa
bilməsəm də,
o məsum gözlərin
dərinliyində batmağa
cəsarətim çatmasa
da, nə qədər sevincli olduqlarını duyurdum. Xoşbəxt idim yanlarında... Kaş ki, sağollaşmaq üçün müdirə
xanımın otağına
getməyəydim...
Bir qadın vardı müdirə xanımın
yanında.. Elə sevindim ki, nə yaxşı,
çox adamın ürəyindən keçib
bu gün bura gəlmək... Nə yaxşı, uşaqlar gününü
burda keçirməyi
düşünən xanımlarımız
var deyib, - fərəhlənmək istəmişdim
guya… Az
sonra söhbətdən
anladım ki, qadın öz uşağını görməyə
gəlib. Özümə yer tapa bilmirdim. Elə bil boğazıma
kəndir salıb boğurdular.
Bu günəcən kiminsə
işinə qarışmaq
tərzim olmasa da, indi söhbət
mövzusu uşaqlar idi və susa bilməzdim. Qadın məndən 5-6 yaş böyük olardı, ərkim çatdı elə bil. Müdir uşağı anası ilə görüşdürmək üçün
otaqdan çıxanda
özümü toplayıb
birtəhər dedim:
- Xanım, sizə heç cür haqq qazandıra bilməsəm də, bir təhər anlamağa çalışmaq
istəyirəm. Heç bir
səbəb sizə sağ-salamat olduğunuz halda uşağınızı
bura verməyə əsas vermir. Çox-çox üzr istəyərək deyim ki, əgər maddi durumunuz, dolanışığınız sizə ana olmağa
imkan vermirsə, yetmiş cür kontrasept var, apteklər doludu: janin, yarina… Gedin, alın, için istədiyiniz qədər.
Planlaşdırmış olarsınız hamiləliyinizi.
Doğru
və sizə uyğun zamanda ana olarsınız onda.
Qadın
sözümü ağzımda
qoydu...
- Bilirsənmi, o janin kimi hamiləliyə qarşı olan dərmanlar nə günə qoyur qaraciyəri. İndi sənə təsir
eləmir e. Amma 45 – 50
yaşdan sonra anasını ağladır
qaraciyərin.
… Kaş ki, bu sözləri
eşitməyəydim. İnsanlığa bir az da nifrət elədim. Düşün ki, adam öz
qaraciyərinin bu qədər qayğısına
qalır. Bəs o körpələr - o məsum mələklər
bizim nəfəsimiz deyilmi? Onlar bizim nəfəsimizdisə,
deməli, ağ
ciyərimizdi. Bəs
o ağ ciyərlərimizi
necə məhv elədiyimizin fərqindəyikmi ? Bu cür ana
adını daşıyan
məxluqlar qara ciyərininin 40 yaşdan sonrakı halına yana – yana
bədbəxt elədiyi,
ruhən şikəst
elədiyi yavruları
heç düşünürlərmi?
Əgər Cənnət belə "adamlıqdan payı olmayanların" ayağının
altındadısa, Sən
məni Cəhənnəminə
yaz, İlahi. Bunun kimi
vücudu bir qəpiyə dəyməyən
qadınların 11 dəqiqəlik
zövqündən doğulan
yüzlərlə məsum
uşaq dünya işığına, ana nəvazişinə, ata nəfəsinə möhtac
qalır. Bu cür ruhsuz, ürəksiz qadınlar hər gecə boynuyoğun, içiboş,
mənəviyyatı çürük
ərlərinin isti bədəninə sarılıb
yatanda, arada istiləyib yorğanlarını
üstlərindən atanda...
heç vicdanları üşüyürmü, görəsən?!
... Vicdanları sızlayırmı
ki, onlar burda məst olub xumarlananda uşaqları kimsəsiz kimi körpələr evinin soyuq köşələrinə
qısılıb ana yoluna dikir gözlərini...
Dodaqları ana yanaqları üçün
titrəyir... Ana əlləri
ilə bişmiş yeməklərə ehtiyacları
var onların… Ana deyib sarılmaq istəyirlər... Ataları
olan o əclafların
"balam", "meymunum",
"məstanım", "doyşanım" deyib əzizləməsi üçün
burnunun ucu göynüyür o uşaqların...
Nədi
o körpələrin günahı
ki, o uşaqlara bu dünyada öz layiq olduğunuz
cəhənnəmi yaşadırsınız?!
4 kiloluq uşağı və 5 litrlik suyu 9 ay bətnində daşıyan hər qadın Ana ola
bilmir... Analıq bununla bitmir... anlayana ....İnsanlığın
öldüyü yerdə
- çürümüş toxumlar üzərində cücərən, böyüyən
fidandı uşaq evləri..
Uşaq
ya qoca fərqi
yoxdu, Atılmış
olmaq lazımsız olmaq deməkdi... bu həyatda lazımsız olduğunu bilməkdən daha böyük faciə yoxdu bir insan
üçün...
Fikirlərimin burulğanında əzilirəm...
Müdirə xanım balaca gözəl bir qız uşağının
əlindən tutub otağına gətirir. Oturduğum yerdəcə
stula yapışıb
qalıram. Yerimdə
donuram az
qala... Nəymiş bu gül parçası kimi uşağın günahı?!
Şikəst olan o körpə
deyil, şikəst olan onun valideynləridir.
Və ana dilimizin izahlı
lüğətində o "adamcıqların” adı və onların ünvanına deyiləsi söz yoxdu.
Elə bir zamanın içində yaşayırıq ki, sanki insanların ruhunu çəkib çıxarmış, özgə
bir canlıya çevirmişlər. Ruhsuzlaşan,
hissizləşən, özgələşən
bu insan dənizinin içində
boğulur adam.
Belə
yerdə deyirlər ki, zaman çat
verir... Zaman bilirsiz niyə çat verir? Çünki o zamanın içi bu cür
çat zehinli qadınlarla, kişilik, ərənlik duyğusu çatlamış kişilərlə
- bu cür çatlaq xislətlilərlə
doludu. Zamanın heç nədə
günahı yoxdu, havayı yerə hər şeyi zamanın boynuna yıxıb, özümüzü
sığortalayırıq. Biz adam ola
bilməmişiksə, burda
zamanlıq və məkanlıq heç nə yoxdu... İnsanlıq çat verəndə hər şey sınır...
Hüseyn
Cavidin xanımı Müşkinaz xanımın
xatirələrini oxuyanda
dünyam dağılmışdı,
param-parça olmuşdum,
yazırdı ki: Cavid sürgündə olanda gecələr uşaqlarımı yatırıb
kimlərinsə pəncərələrin
qabağında qoyduğu
quru çörək
parçalarını toplayır,
gətirib evdə yuyur, uşaqlarımın
şorbasına doğrayırdım...
Kirpiyimlə od
götürürdüm ki,
balalarım Ata sarıdan
onsuz da acdılar, heç olmasa qarınları ac qalmasın...
Belə
analarımız olub bizim... Biz isə dünyaya gətirdiyimiz qüsurlu uşağa görə utanıb onu uşaq evinə
verəcək qədər
adi, şərəfsiz,
ləyaqətsiz adamlarıq...
…
Və bir də bu
həyatda şikəst
övladlarını dünyadan
köçənə qədər
qucağında daşıyan
ata-analar var, onların qarşısında
baş əyirəm…
Günlər yarpaq kimi qopmur ömürdən,
Qopur diş kimi, dırnaq kimi.
Hər keçən gündən
iz qalır
Üzümdə cırmaq kimi.
Çətini yaşamaqdı,
Ölmək nədi ki? Heç nə.
Son dəfə nəfəsini
çəkib içinə
Bir dərin
suya baş vurmaq kimi.
Suyun içindən gəlir dünyaya insan,
Nə var su içində ölməkdən asan?
Xeyri yox, lap dönüb balıq olasan,
Əcəl durub yol üstə qarmaq kimi...
Beləcə... Dünya sonlu və ölümlüdü... Bir gün hər şey heç nə ola biləcək qədər sonlu... Əcəl də yolunuz üstə qarmaq kimidi, balalarınızdan qaçsanız da, əcəldən qaça bilməyəcəksiniz. Heç olmasa, öz sabahınız üçün... Qoruyun övladlarızı. Onların göz yaşını qoruyun... Qoruyun ki, sabah qəbriniz üstündə ağlaya bilsinlər.
(1 iyun, 2019-cu il Mərdəkan).
Ədalət 2019.- 14 iyun.- S.5.