Dünyada neftlə şəkil
çəkən yeganə rəssam
Sabir Çopuroğlu: “Bir
camışın pulu ilə iki il rəssamlıq oxudum”
Həmkarlarından fərqlənir. Onun
fırçası barmaqları, boyası isə qara
qızıldır. Nəinki Azərbaycanda, dünyada neftlə
şəkil çəkən yeganə rəssamdır.
Dünya Bakı neftini ikinci dəfə onun vasitəsilə
tanıyıb. Bu dəfə əcnəbilər Azərbaycanı
neft ölkəsi kimi tanımaqla kifayətlənməyib,
ölkəmizin neftindən hazırlanan şəkilləri evlərinin
ən yaxşı köşəsindən asıblar. Onun əsərləri
dünyanın bir çox muzeylərində - ABŞ,
Belçika, Yaponiya, Türkiyə, Almaniya, Britaniya və digər
ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır.
Söhbət rəssam-monumentalist, Azərbaycan Rəssamlar
Birliyinin üzvü Sabir Çopuroğludan gedir. Qızıl əlləri
ilə qara qızıldan xariqələr yaradan rəssamın
keçmişinə səyahət etdik.
Əslən Borçalıdandır, 1956-cı ildə
Gürcüstanın Başkeçid bölgəsində
anadan olub.
Bakıda Ə.Əzimzadə adına Rəssamlıq
Texnikumunda, Gürcüstan Rəssamlıq Akademiyasında təhsil
alıb.
"Kasıb
olsaq da, xoşbəxt idik”
Uşaqlığından danışarkən həm
sevinir, həm də kədərlənir. O illərin maraqlı, yoxsa
faciəli keçməsinə qərar verə bilmir. Maraqlı tərəfi odur ki, uşaqlıq ən
qayğısız illərdir. Faciəlidir ona görə
ki, atasız-anasız böyüyüb:
"Uşaqlığım maraqlı, bir o qədər də
çətin günlərlə yadda qalıb. Amma
nə də olsa, o illəri sevirəm. Məni
Fatma nənəm böyüdüb. Atamla
anam ayrıldıqdan sonra, hər biri fərqli insanlarla ailə
qurub, öz həyatlarını yaşayıblar. 1 yaşımdan nənəmin himayəsində
olmuşam. Nənəmi ana bilirdim. Bütün uşaqlığım da elə anamla (nənəmlə)
bağlıdır. Nə ata, nə də
ana sevgisi gördüm. Bu, mənim
uşaqlığım faciəli tərəfidir. Amma kənd uşağı olmağın da
zövqü başqadır. Kasıb olsaq
da, xoşbəxt idik”.
"Belimizdə
odun gətirirdik”
Məktəb kənddən 8 km uzaqlıqda yerləşib. Müsahibimiz
hər gün eyni yolu piyada gedib-gəlmək məcburiyyətində
qalıb. Gəldikdən sonra da, evin həm kişisi, həm
də qadını olan nənəsinə kömək edib:
"Çantama 2 alma qoyub, acanda yeyirdim. Bizim
mal-qaramız, qoyun-quzumuz var idi. Yadımdadır,
nənəm inəyi sağanda, inək sakit
durmadığı üçün mən başından
yapışıb, mahnılar oxuyardım. Mal-qaranı
hər gün otarırdım. Əlimdə
tütək qoçun üzərində gedirdim. Bəzən nənəmlə meşədən odun
yığardıq. Nənəm çox
qoçaq qadın idi. Odunu belimizə
şələləyib gətirirdik. Sonra ot
biçirdik. Uşaqlığım belə hərəkətli
və maraqlı keçirdi. Çox balaca
kənd idi və hamı bir-birilə münasibətdə idi.
Kəndin sakinləri əsasən yaşlı
adamlar və uşaqlar idi. Gənclər kənddə
qalmırdı. Uşaqlarla futbol
oynayardıq. Nənəm yumurtaları
satıb bir futbol topu almışdı. O topla kəndlərarası
yarışlar keçirirdik”.
"Nənəm
məni süpürgə ilə döyürdü”
Rəssamlığa da elə uşaqlıq illərindən
başlayıb. Lakin bu istedadını əvvəlcə üzə
çıxarmayıb: "Neftlə işləməyə həvəs
də uşaqlıqdan yaranıb. Mən balaca
olarkən nənəmin ayaqlarında, oynaqlarında
ağrılar olurdu. Ona Naftalandan müalicə
üçün bir şüşə neft gətirmişdilər.
Nənəm əlini qara mayeyə batırır
və ayaqlarına sürtürdü. Mən
də kənardan izləyirdim. İstifadə
etdikdən sonra şüşəni evin bir küncündə
gizlədirdi. Bir dəfə gizlincə
axtarıb həmin butulkanı tapdım. Əlimə
töküb divarlara sürtdüm. Ağ
divarları ləkələyirdim. Ağlıma
nə gəldisə, divara çəkirdim. Nənəm gəlib gördü ki, divar
qapqaradır. Möhkəm əsəbiləşdi
və məni döydü. O vaxt onu bərk hirsləndirmişdim.
Amma bu, mənə təsir etmirdi. Əlimə nə keçirdisə, onunla divarda rəsmlər
çəkirdim, karandaşla divar kağızını
yazırdım. Evimiz dağların,
meşənin ətəyində idi. Yazın
əvvəlində biz divarları ağardardıq, odun
peçini çölə çıxarardıq. Mən də nənəmə kömək edirdim.
Bir gün dedi ki, yuxarı çıx tüstü
bacalarının borularını çıxar. Hisdən əllərim qapqara olmuşdu. Əlimi divara sürtdüm, başladım
qaralmış əlimlə şəkillər çəkməyə.
Bu, xoşuma gəldi. Nənəm
məni ağacla, süpürgə ilə döyürdü.
Döyülsəm də, o butulkadakı qara maye, hiss həyatımı
dəyişdi. O vaxtdan məndə rəssamlığa həvəs
oyandı. Tədricən bu istiqamətdə beynimdə
müxtəlif ideyaların yarandığını hiss edirdim.
O zaman qələmlə, fırça ilə də hərdən
rəsm çəkərdim. Amma fikirlərimdə
heç kimə izah edə bilmədiyim ideyalar yaşayır,
daha da inkişaf edirdi”.
"Bir
camışın pulu ilə iki il oxudum”
Rəsmə marağı olduğu üçün dərslərini
yaxşı oxumayıb. Bu istedadını kəşf edən müəllimi ona
dəstək olub, xəyallarının ardınca getməsini
tapşırıb: "Səhərə kimi yatmayıb şəkillər
çəkirdim. Ətrafda nə
görürdüm, əksini dəftərlərə
köçürürdüm. Hətta evdə
süfrənin belə arxasına şəkillər çəkirdim.
Amma şəkillərim haqqında heç kimin
məlumatı yox idi. Bir gün müəllimim
mənim istedadımı kəşf etdi və şəkillərimi
istədi. Baxdıqdan sonra məktəbdə
sərgimi təşkil etdi. Məni həvəsləndirir,
sənətin ardınca getməyim üçün motivasiya
verirdi. Orta məktəbi bitirdikdən sonra
Bakıya gəldim. Lakin Rəssamlıq
Akademiyasına imtahana gecikdiyimdən Rəssamlıq Texnikumunda
təhsil aldım. Sonra Gürcüstanda Rəssamlıq
Akademiyasında oxudum”.
Bakıda təhsil almağa gələrkən də
maddi vəziyyətləri yaxşı olmayıb. Müsahibimiz deyir ki, nənəsinin
satdığı camışın pulu ilə iki il Bakıda təhsil alıb: "Nənəmin
çox sevdiyi camışı var idi. Heyvanı
satdı və mənimlə şərt kəsdi ki, səni bu
pulla Bakıya göndərirəm. Çalış
iki ilə çatdır, oxu, gəl. Vəziyyətimiz
yaxşı deyildi. Atam yox, anam baxmır.
Tək nənəm dəstək olurdu. Bakıda həqiqətən də elə o
camışın pulu ilə təhsil aldım”.
"Fəhləlik
edə-edə şəkillər çəkirdim”
Həmsöhbətimizin ilk işi fəhləlik olub. Elə Tiflisdə təhsil
alarkən də, həm oxuyub, həm də işləyib:
"İlk dəfə 13 yaşımda fəhləlik etdim. Pul qazanıb nənəmə baxırdım.
Tiflisə oxuyarkən də müəllimim dedi ki, mən ev muzeyi tikirəm, sən gəl orada həm fəhləlik
et pul qazan, həm də boş vaxtlarında mənimlə
işlə. Həm fəhlə oldum, həm də
şəkil çəkirdim. Gürcü
professor idi. Mənə sənətin incəliklərini
öyrədirdi. Gündüz işləyir,
gecə şəkil çəkirdim”.
Tiflisdə
oxuyarkən ailə həyatı qurub: "Ailə qurdum və
iki oğlum oldu. Yoldaşım da əslən azərbaycanlı
idi. 90-cı illərdə dünyada dəyişikliklər
başladı. Qarışıqlıq oldu.
Azərbaycanlıları
sıxışdırmağa başladılar. Camaat məcbur olub, yerini, yurdunu tərk edirdi. Biz də evimizi orada qoyub Bakıya gəldik. Bu illər bəlkə də ən çətin illər
idi. 18 kvadratlıq yerdə ailəm və
qayınatamla birlikdə yaşayırdıq. Həm də orada şəkil çəkirdim.
Ailəmi dolandırmaq üçün yenə
fəhləlik etdim. Dayanacaqlarda
"stayanşik”, gözətçi işləyirdim. Çox çətin dönəm idi. Rəssamların da vəziyyəti çətin idi.
Sifariş yox idi. Yaşadığım
çətinlik məni yenilik axtarışına
çıxmağa vadar etdi. Birdən nənəmin
neftini oğurlayıb divarda şəkillər çəkməyim
yadıma düşdü. Bakı da neft
şəhəridir. O istedadımdan burada istifadə edə
bilərdim. Neftlə bağlı o qədər
düşünürdüm ki, hətta yuxularımda belə
neftin içində yeriyirdim”.
Neft
ideyası yarandıqdan sonra bir qab götürüb Bayıla
yollanıb: "Bayılda o vaxt neft gölməçələri
var idi. Təmiz yer axtardım və gölməçələrdən
neft yığmağa başladım. Orada
neft uzun müddət qalıb qatılaşmışdı.
Evə gətirdim amma qoxu kəskin olduğu
üçün ailəmlə yaşadığım yerdə
çəkə bilmirdim. Özüm
üçün balaca yer tutdum və işləməyə
başladım. İlk işim həqiqətən
möhtəşəm alındı”.
"Barmağım
və dırnaqlarımla materialı daha yaxşı hiss edirəm”
Rəssamın fərqliliyi təkcə neftlə şəkil
çəkməklə bitmir. O fırçadan istifadə etmir. Əsərlərini əlləri və dırnaqları
ilə çəkir. Boya kimi istifadə
etdiyi tək neft deyil. Neftlə
qarışıqdan aldığı boya məhsulunu da
özü hazırlayıb. Hazırladığı boya
maddəsi Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi tərəfindən patentə layiq
görülüb: "Şəkil çəkmək asan
deyil. Hər kəs şəkil çəkə
bilər, amma hamı həmin şəkli hiss etdirə bilməz.
Məsələn, sən ayı görürsən,
mən ayı yox, ayın görmədiyin tərəfini
fantaziyamda yaradıb çəkirəm. Sənət
budur. Barmağım və dırnaqlarımla materialı
daha yaxşı hiss edirəm. Nefti əlimdə hiss etdikdən
sonra əllərimlə forma verirəm. Onu hiss etməsəm,
ruh verə bilmərəm”.
"Şəkillərimə
əcnəbilər daha çox maraq göstərir”
Müsahibimiz
deyir ki, neftlə çəkilən şəkillərə əcnəbilər
xüsusi maraq göstərir: "Burada bir alman əsərimi
aldı işlərimi Almaniyaya apardı, mənimlə əlaqə
saxladı və dedi ki səni ora dəvət edəcəyəm.
2006-cı ildə neftlə çəkdiyim rəsmlərə
görə Almaniyaya dəvət olundum. "İncəsənətdə
sülh” II Beynəlxalq Simpoziumda 16 dövlətin 32 nümayəndəsi
arasında birinci yerə layiq görüldüm”.
Sənətə çətinliklərlə gələn,
nənəm olmasaydı rəssam olmazdım deyən sənətkar
bu gün çəkdiyi zəhmətin bəhrəsini
görür.
Deyir ki, ən ucuz əsərini 250 dollara, ən
bahasını isə 30 min dollara satıb. Amma əsərlərimi auksiona
çıxarmamışam. Böyük
arenada kifayət qədər böyük qiymətlər olur”.
Əsərlərinin mövzu dairəsi rəngarəng olsa da, daha çox tarixi mövzulara üstünlük verir. 600-dən artıq tablonun müəllifi olan rəssam ölkəmizin dünyada tanıdılmasında xüsusi rolu olan neftdən istifadə etməklə həm də Azərbaycan həqiqətlərini dünyaya tanıdır. Əsərlərində Qarabağ mövzusu, Azərbaycanın yeni tarixi xüsusi yer tutur. Bakını çox sevir. Şəhərin tarixi keçmişi, bu günü ilə bağlı Abşeron silsiləsindən olan əsərlər yaradıb. Sabir Çopuroğlunun yaradıcılığında Azərbaycanın keçmişi, tarixi, mədəniyyəti əks olunur. Bu gün dünyada neftlə şəkil çəkən yeganə sənətkar olan həmsöhbətimizin əsərləri bütün dünyada qəbul olunur. Deyir ki, həmişə azərbaycanlı olmağı ilə, Azərbaycanı, onun neft səltənətini dünyada öz fərqli üslubu ilə tanıtmağı ilə fəxr edir.
Sonda gənclərə məsləhət verən müsahibimiz vurğuladı ki, öyrənməkdən, yeniliklər tətbiq etməkdən çəkinməsinlər.
Aygün
ƏZİZ
Kaspi.-2019.-1 mart.-S.12.