SVETLANA İSMAYILOVAYA AÇIQ MƏKTUB

O görüşün və ayrılığın kövrək məqamını indi də olduğu kimi xatırlayıram

Məktubun dəbdən düşdüyü bir vaxtda sənə məktub yazmağımın səbəbi bu oldu ki, çox uzaqdasan, qoy külli-aləm bilsin,  mənə necə doğmasan.  Sənin jurnalistikamızda, nəsrimizdə, kino sənətimizdə hansı xidmətlərin var. Ömrünün 80-ci baharını tamamlayırsan.  Bir həmkar, bir müəllim, bir dost kimi bizə çox əzizsən. Elə məziyyətlərin sahibisən ki, həmişə örnəksən! Bu sevgini isə hamı qazana bilmir. Müjdə gələ ki, günün birində Bakıya gəlirsən. Görüşünə gələnlərin izdihamı başlayar. Nə isə…

        Bilirəm ki, repressiyaların səngimədiyi illərdə Bakıda doğulubsan, 1958-ci ildə BDU-nun jurnalistika fakültəsini bitiribsən. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun kino sənəti üzrə dissertantı olubsan. Bilirəm ki,  "Azərbaycan gəncləri” qəzetindən başlayaraq müxtəlif yaradıcılıq təşkilatlarında çalışıbsan. Hətta bir müddət Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə də məşğul olubsan. Tələbəlik illərindən başlayaraq mətbuatda müxtəlif janrlı yazılarla çıxış etmiş və ədəbi ictimaiyyətin diqqətini çəkibsən. Bizlər də elə sənin işığına uçaraq jurnalistikaya bağlanmışıq. Sənin səmimiyyətin, sadəliyin, əməksevərliyin, həssaslığın, sədaqətin həm səni fərqləndirib, həm də sevdirib, hörmət qazandırıb.

 Xasiyyətin kimi, qələmin də orijinallığı ilə seçilib. Xalq yazıçısı Əzizə Cəfərzadə 1997-ci ildə sənin barəndə belə yazırdı: "Mən bu xanımın bir çox yazılarını ürəkdən bəyənirəm, onlar istər mövzusu, istərsə də yazılışına görə fərqlənirlər. Bu çətin, mürəkkəb dövrdə yaxşı ovqat, xeyirxah əhval-ruhiyyə, ürəyi açıqlıq və gülüş yaradırlar. Yeri gəlmişkən, Svetlananın özü də böyük həyat eşqli, xeyirxah biçimli, diqqətcil, qayğıkeş insandır… Xalqının mədəni irsini, ədəbiyyat, tarix kimi böyük sərvətlərin bilicisi və qoruyucusudur. O, işinə məhəbbətlə yanaşan, adamlarla mədəni və səliqə ilə davranan, həm də gözəl təşkilatçıdır. Yaxşı cəhəti bir də odur ki, yazıçılığa, kino yaradıcılığına əsas meyli jurnalist bacarığından, jurnalist peşəsini sevdiyindən irəli gəlir. İstər kino, istər bədii yaradıcılıq, tərcümə - bir sözlə, nə edir-etsin, jurnalist dəqiqliyi, jurnalist gerçəkliyi onun qələmini heç vaxt tərk etməyib. Yaxşı zövqü, sərraf seçimi var. Xalqının böyüklü-xırdalı, görkəmli şəxsiyyətlərini yaxşı tanıyır.”

Unudulmaz yazıçımızın dediyi kimi, sən çoxumuza əziz və doğmasan.  Əzizə xanım mənə ali məktəbdə dərs dedi, öyrətdi, sən də mənim həyat müəllimim oldun, əziz Svetlana xanım!  Sizi birləşdirən o qədər cəhətlər var ki… Hər ikiniz dünyaya fərdi baxışlarınızla seçilirsiniz. Əzizə xanımdan sonra mənim yeganə dərddaşım sən oldun, Sveta xanım! Səni mənə sevdirən təkcə zəngin yaradıcılığın deyil, həssaslığın, mehribanlığın, sözünə sadiqliyin, insana, Vətənə olan dərin sevgindir. Telefon zənglərimiz azalan kimi keçirdiyim həyəcanı, səsini eşidən kimi məni çuğlayan sevinci ifadə edə bilmirəm. Nə bir bölgədə doğulmuşuq, nə yaşıdıq, nə də qohum, amma mənə çoxundan əziz və doğmasan, sənə həmişə mənəvi ehtiyacım var. Sənin məsləhətlərin, sənin məntiqli düşüncələrin həmişə qolumdan tutur, məni ən ağır əsəbi vəziyyətdən xilas edir. Nümunəm və örnəyim Svetlana Rəhimqızı!

Biz heç zaman unuda bilmərik ki, sənin Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərin var. Sən təkcə jurnalistika ilə məşğul olaraq məqalələr yazmayıbsan ki… Bir sıra sənədli, animasiya filmlərin və "Mozalan” satirik jurnalında gedən  süjetlərin müəllifi olubsan. Xarici ölkələrdə istehsal olunmuş 70-ə qədər bədii filmin rus dilindən Azərbaycan dilinə tərcüməsi məhz sənə məxsusdur. Kino sənətinin tarixini araşdırarkən, bu sahədə Svetlana İsmayılovanın zəhməti göz önünə gəlir. Sənin ssenarin əsasında Azərbaycan alim və yazıçılarına həsr olunan  silsilə sənədli filmlər ayrıca bir tədqiqatın mövzusudur. Görkəmli yazıçımız Əzizə Cəfərzadənin həyatından bəhs edən "Ağ saçların işığı”, tarix elmləri doktoru Püstəxanım Əzizbəyova haqqında "Dünyanı gözəllik xilas edəcək” sənədli filmlərin xüsusilə diqqətə layiqdir.  Yadımdadır ki, Kür çayına həsr etdiyin "Ana Kür” sənədli filminin uğurlu ssenarisinə görə "Həsən Əliyev mükafatı”na layiq görüldün.  Bir daha xatırladım ki, ötən əsrin sonlarından 2001-ci ilə qədər Azərbaycanfilm Kinostudiyasında aparıcı redaktor kimi çalışmağın həqiqətən də bəhrəli oldu. Əlbəttə, təkcə yaradıcılığın deyil, bir müddət Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi fəaliyyət göstərməyin də sənə necə rəğbət gətirmişdir. Sən tələbələrin ən yaxın hamisinə, dostuna çevrilmişdin. Dosent idin, tələbələrə kino dramaturgiyasından dərs deyirdin. Kino sahəsindəki xidmətlərinə görə müxtəlif diplomlara, mükafatlara layiq görülmüşdün.

Sənin yazıçılığın da həmişə məhsuldar idi. İstər nasir, istərsə də publisist kimi öz seçimin, öz mövzun olub. Rəfimdə sıralanmış incilərə baxıram. İlk kitabın "İncəsənət əbədi və ölməzdir” adlanır. Burada Fikrət Əmirovdan başlamış Tahir Salahova kimi Azərbaycan mədəniyyətində, incəsənətində, ədəbiyyatında böyük xidmətləri olan şəxsiyyətlər barəsində qələmə aldığın yazıların toplanıb.  "Çinarım mənim”, "Vaxt var idi…” adlı kitabların da oxucular tərəfindən maraqla qarşılanıb. Mövzuların həmişə maraqlı olub. Bir həssas yazıçı kimi mənəviyyat aləmini diqqətdə saxlamağın sənə oxucu rəğbəti gətirib. Xüsusilə gözlənilməz hadisələri, bəzən də sadə təsir bağışlayan əhvalatları özünəməxsus yazı tərzində elə şərh edərək mənalandırırsan ki, sənin münasibətinə, təqdiminə heyrətlənməyə bilmirsən. Çox sevdiyim "Qürur” adlı bir sənədli hekayəndən dəfələrlə söz açmışam. Sadə adamları  məhəbbətlə ədəbiyyata gətirməyin məni həm sevindirib, həm də düşündürüb. Adını çəkdiyim hekayənin qəhrəmanı məhəllədə süd, qatıq satan Havanisə xaladır. On beş ildir ki, qonşular bu mülayim qadından həmişə süd, qatıq, qaymaq alırdılar. Havanisə məhəllləni beş barmağı kimi tanıyırdı. Bu adi alış-veriş sahibinin  həyatını qələmə almaqla oxuculara qara taleli, tənha bir qadının zəngin dünyasından söz açıbsan. Gəldiyin nəticə çox düşündürücüdür. O, bu əziyyəti ona görə çəkir ki, onun hardasa yolunu gözləyən var. İnsan səsi eşidir, insan nəfəsi duyur. Həqiqətən  müəllifin yozumu çox təsirlidir. İnsana insan kimi diqqət yetirmək, mərhəmət göstərmək, qürur və ləyaqətini qorumaq gərəkdir.

Çoxumuzun dostu, müəllimi, sevimlisi olan Svetlana xanım, illərdir ki, Almaniyanın Düsseldorf şəhərində yaşayırsan. Kino sənətinə olan məhəbbətin burada da səni tərk etməyib. Düsseldorf Kino Sənəti Biliciləri klubunun üzvü kimi Azərbaycan mədəniyyətinin təbliği ilə məşğulsan. Sən vətəndən uzaqda da Vətənə xidmət edirsən.

Mənə elə gəlir ki, sənin yaradıcılığından söz açanda iki şah əsərindən danışmaq yerinə düşər.  Bu, sənin sevimli qızların - Samirə və Elnarə İsmayılova bacılarıdır. Samirə Patzer İsmayılova Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri, Avropa Azərbaycanlıları  Konqresinin prezidentidir. Elnarə İsmayılova Bethovenin vətənində vokal ifaçılığının təntənəsini nümayiş etdirərək dəfələrlə qızıl medallar alıb. Xalq rəssamı Tahir Salahov bu barədə yazır: "Svetlana özünün sənət eşqini, musiqi, ədəbiyyat  savadını istedadlı musiqiçi qızlarına da verə bilmişdir. Mən fəxr edirəm ki, bu ziyalı qadın - Svetlana İsmayılova bizim ailənin dostu və sadiq yoldaşıdır. Yazıları bəlkə də fenomen deyil, amma elə səmimidir ki, onun vasitəsilə insan müəlliflə ünsiyyətə girə bilir.”

Bir-neçə il öncə Bakıya gəlmişdin. Çoxumuzla görüşdün. Pərvanə kimi başına yığışmışdıq. O görüşün və ayrılığın kövrək məqamını indi də olduğu kimi xatırlayıram. Yenə də səni sevənlərin əhatəsində idin. Zərif təbiətindəki böyük hünərin, torpağa bağlılığın, millətinə olan səngiməz məhəbbətin dolu gözlərində daha çox bilinirdi. Xiffətqarışıq fərəhlə pıçıldayırdın: "Bakı çox dəyişib, büsatına, bağına, parkına, yeni xiyabanlarına, körpülərinə, yollarına baxdıqca ürəyim açıldı. Mən burdan gedəndə doğma şəhərimiz hisin, tozun içində idi. İndi maşallah, açığı, gözlərimə inanmadım, şəhərimiz nə qədər gözəlləşib?!”

…Almaniyada yaşasan da, fikrin-zikrin Bakıda olan əziz Svetlana xanım, nə yaxşı ki, səsini tez-tez eşidə bilirəm. Amma nə gizlədim ki, ana nəvazişinə, bacı qayğısına, dost dayağına elə ehtiyacım var ki… Anamdan, bacımdan sonra sən bu ağırlığı zərif çiyinlərinə mətanətlə götürmüşdün ki… İstərdim ki, bu ad günündə sənin sevdiyin çiçəklərlə, güllərlə təbrikə gələrdim. Amma yenə də sözə sığındım. Ömrünün 100-də görüşmək arzusu ilə sənə bu misralarla üz tuturam:

                Ələndi ələkdən keçdi çoxları ,

                Sənsən ələk üstə qalanım, dostum.

                Mehrindən kövrələn bulud olmuşam,

                Duman tək başına dolanım, dostum… 

 

Flora      XƏLİLZADƏ,

Əməkdar jurnalist

Kaspi.-2019.-2-4 mart.-S.7.