Mirzə Cəlil və
Özbəkistan ədəbi-mədəni mühiti
Daşkənddə görkəmli ədibin
kitabı nəfis tərtibatla nəşr olunub
Azərbaycanın böyük demokrat yazıçısı Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi barəsində Azərbaycan Prezidentinin tarixi sərəncamının elan olunduğu günlərdə, qardaş Özbəkistandan şad xəbər aldıq – böyük sənətkarın seçilmiş əsərləri işıq üzü gördü. Əminliklə söyləmək mümkündür ki, qardaş məmləkət oxucularının və ədəbi ictimaiyyətinin azı yüz illik intizarına son qoyuldu. Özbəkistan Respublikasının, Şərq və türk xalqları ədəbi irsinin tərcüməsi və nəşri sahəsində xeyli təcrübə və şöhrət qazanmış nəşriyyatlarından biri – "Mümtaz söz” nəşriyyatı bu gözəl kitabı nəfis şəkildə çap etmişdir: Jalil Mammadqulizoda. Pochta qutısı. (Qissa va hikoyalar. "Mumtoz soz”, Toshkent, 2019). Müstəqillik dövründəki ədəbi əlaqə və mədəni münasibətlərimizin inkişafında silinməz iz qoyan bu kitabın ideya rəhbəri və ön sözün müəllifi akademik İsa Həbibbəylidir. 316 səhifəlik kifayət qədər iri həcmli bu kitabı özbək dilinə görkəmli özbək şairi və yazıçısı, tanınmış mütərcim Osman Qoçqar çevirmişdir. Bu tərcüməni akademik İsa Həbibbəylinin geniş və ətraflı ön sözü ilə birlikdə Osman Qoçqarın "Cəlil Məmmədquluzadə” və filologiya elmləri doktoru, Özbəkistan Milli Universitetinin professoru Həmidulla Baltabayevin "Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” məqalələri müşayiət edir. "Poçt qutusu” kitabı Mirzə Cəlilin qardaş məmləkətdə nəşr olunmuş ilk kitabıdır.
Amma ədəbi ictimaiyyətimizə və oxucularımıza onu da bildirməliyik ki, bu gözəl hadisə Mirzə Cəlilin Özbəkistan oxucuları ilə ilk görüşü deyil. Böyük maarifçi yazıçı və mədəniyyət xadiminin Türküstan xalqı ilə ilk görüşü bundan təxminən 103 il əvvələ təsadüf edib. 1906-cı ilin 7 aprelində məşhur "Molla Nəsrəddin” jurnalının birinci sayının işıq üzü görməsi ilə dahi yazıçının, demək olar ki, eyni vaxtda həm öz oxucuları, həm də yaxın-uzaq qardaş diyarların ədəbiyyatsevərləri ilə görüşü başlayıb. "Molla Nəsrəddin” Sovet hakimiyyəti qurulana qədər, təxminən, 10-12 il ərzində müntəzəm olaraq Türküstan oxucularının sevimli nəşrlərindən biri olub. Qardaş ölkənin yazıçı və şairləri uzun müddət öz əsərlərini bu dünya şöhrətli jurnalın səhifələrində çap etdirməkdən qürur duyublar. Mirzə Cəlilin və "Molla Nəsrəddin”in təkcə özbək ədəbiyyatına deyil, ümumən, Türküstan xalqları mədəniyyətinə qüvvətli təsiri məhz həmin illərdən başlanır. Görkəmli sənətkarın bu mənada qədim və köhnə dostları ilə XXI yüzilliyin əvvəllərinə təsadüf edən bu görüşünü qətiyyən təsadüfi saymaq olmaz.
Cəlil Məmmədquluzadənin Özbəkistanda işıq üzü görən "Seçilmiş əsərləri”ndə onun ən yaxşı povest və hekayələri yer alıb. "Danabaş kəndinin əhvalatları” povesti və dahi sənətkarın ən məşhur hekayələri – "Poçt qutusu”, "Qurbanəli bəy”, "Usta Zeynal”, "İranda hürriyyət”, "Quzu”, "Pirverdinin xoruzu”, "Kişmiş oyunu”, "Saqqallı uşaq”, "Nigarançılıq”, "İki alma” və başqa əsərləri, ümumilikdə, 30-a yaxın hekayəsi kitabda cəmlənmişdir. Povest və hekayələri özbək dilinə məharətlə çevirən tanınmış özbək şairi və mütərcimi Osman Qoçqarın Mirzə Cəlilin yaradıcılığına son dərəcə hörmət və ehtiramla yanaşdığını, demək olar ki, hər bir söz və deyimin uğurlu tərcüməsi üçün zəhmət çəkdiyini ayrıca vurğulamaq yerinə düşər.
Akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin özbəkcə nəşrinə geniş və dərin məzmunlu ön söz yazmışdır. On beş səhifəlik ön sözdə görkəmli alim, Mirzə Cəlil yaradıcılığı ilə yanaşı, ümumən, Azərbaycan ədəbiyyatı tarixinin ən mühüm mərhələ və şəxsiyyətləri haqqında özbək oxucularına zəruri bilgiləri də çatdırmağa nail olmuşdur. Ön sözdə Cəlil Məmmədquluzadənin mürəkkəb və zəngin yaradıcılığı mükəmməl şəkildə ümumiləşdirilib. Ölkəmizin ən görkəmli və təcrübəli Cəlilşünası dahi sənətkarın yaradıcılıq yolunu səciyyələndirərək aşağıdakıları vurğulayır: "Cəlil Məmmədquluzadə, hər şeydən əvvəl, orijinal nəsr əsərlərinin müəllifi olan qüdrətli yazıçıdır. O, Azərbaycan ədəbiyyatında realist-satirik nəsrin əsas yaradıcılarından biri kimi qəbul olunur. Cəlil Məmmədquluzadə Azərbaycan realist nəsrinin ilk nümunəsini yaratmış Mirzə Fətəli Axundzadədən sonra bu istiqaməti yaradıcı şəkildə davam etdirərək yeni mərhələyə qaldırmışdır. Azərbaycan realist nəsrinin satirik istiqamətdə inkişaf etdirilməsi Cəlil Məmmədquluzadənin adı ilə bağlı olan mühüm xidmətdir. Bundan başqa, kiçik hekayə janrının və kiçik adam obrazlarının simasında xalq həyatının bədii ədəbiyyata gətirilməsi işi də ilk dəfə Cəlil Məmmədquluzadənin bədii nəsrində baş tutmuşdur. Ustad yazıçının mahir qələminin məhsulu olan "Danabaş kəndinin əhvalatları” povesti (1894) Azərbaycan realist-satirik nəsrinin ilk və mükəmməl bədii nümunəsidir. Bu, geniş mənada Azərbaycanda realist-satirik ədəbiyyatının yeni mərhələsinin "müqəddiməsi”dir. "Danabaş kəndinin əhvalatları”nın proloqu kimi verilmiş "Bir yüngülvari müqəddimə” əslində bu əsərin ideya-sənətkarlıq xəttini müəyyən edən giriş mətni olmaqdan çox, ümumiyyətlə, Cəlil Məmmədquluzadə yaradıcılığının ədəbi manifestidir”. Mirzə Cəlil yaradıcılığının çağdaş Azərbaycanın taleyi və ümumən, müasir dünyanın problemləri, xüsusən, öz müstəqilliyinə nail olmuş ölkələrin, xalqların arzu və idealları ilə qırılmaz bağlılığını vurğulayan akademikin bu mülahizələri də son dərəcə həyati və ibrətamiz səslənir: "Qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdədir” deyən Cəlil Məmmədquluzadənin Azərbaycan xalqının milli sərvətinə çevrilmiş əsərləri ədəbiyyatın mənsub olduğu xalqın böyük ideallarına xidmət etməsinin parlaq bir nümunəsidir. Bu ölməz əsərlər müstəqil dövlətini qurmuş və onu daha da möhkəmləndirmək yollarında mübarizəsini uğurla davam etdirən bütün xalqlar üçün də mənalı və əhəmiyyətli milli istiqlal dərslikləridir”. Əminliklə bildirmək mümkündür ki, Cəlil Məmmədquluzadənin ölməz və əbədiyaşar əsərləri ilə yaxından tanış olan qardaş məmləkət oxucuları, eyni zamanda, həm qədim və zəngin tarixə malik, bəşəriyyətə böyük ədəbi şəxsiyyətlər vermiş Azərbaycan ədəbiyyatı ilə, həm də XX yüzillikdə təkcə öz milli bədii təfəkkür müstəvisində deyil, ümumən, Yaxın Şərqin, xüsusən, Türküstan, Ərəbistan, Hindistan, Pakistan, İran və Türkiyənin ədəbi mühitlərində sözün həqiqi mənasında böyük rezonans doğuran, bədii inqilab yaradan təkrarsız bir ədəbi sima barəsində professional və mühüm elmi informasiya ilə tanış olmaq imkanı qazanıblar.
Özbəkistan Milli Universitetinin professoru, filologiya elmləri doktoru Həmidulla Baltabayev Cəlil Məmmədquluzadənin "Seçilmiş əsərləri”nin özbəkcə nəşrinə yeni elmi araşdırma və tədqiqatlarla zəngin, son dərəcə geniş və əhatəli bir son söz yazmışdır. Son söz belə adlanır: "Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı”. Alimin yeni və ciddi elmi mülahizələrinin əks olunduğu son sözdə Cəlil Məmmədquluzadə yaradıcılığı və Azərbaycan-Türküstan ədəbi əlaqələri barəsində hər iki qardaş məmləkətin ədəbi-elmi ictimaiyyəti üçün gərəkli olan mühüm fikirlər öz ifadəsini tapıb. Müəllif geniş məzmunlu məqaləsinə aşağıdakı mülahizələrlə başlayır: "Türk dünyası ədəbiyyatlarında elə böyük ədəbi simalar var ki, onların yaradıcılığını yalnız milli ədəbiyyat çərçivəsində və müstəvisində öyrənmək, dəyərləndirmək mümkün deyil. Onların əsərlərində məxsus olduqları məhəlli şərait, milli həyat və yaşayış problemləri əks etdirilmiş olsa da, bu əsərlər həm milli, həm də ümumbəşəri mənalar daşıyır, insanlığın əzəli və əbədi dəyərlərini tərənnüm edir. Azərbaycan demokratik ədəbiyyatının banisi, realist-satirik nəsrin və publisistikanın təkrarsız nümayəndəsi, Azərbaycan və Şərq dramaturgiyasında özünəməxsus bir mərhələ yaratmış Cəlil Məmmədquluzadə məhz belə ulu ədəbi şəxsiyyətlərdən biridir”.
"Cəlil Məmmədquluzadə və özbək ədəbiyyatı” məqaləsində professor Həmidulla Baltabayev böyük sənətkarın Türküstan ədəbi mühiti ilə ədəbi-mədəni münasibətlərinə də toxunur və yeni maraqlı faktları elmi ictimaiyyətə məlum edir. O yazır ki, Cəlil Məmmədquluzadə Türküstana iki dəfə - 1916 və 1924-cü illərdə səfər edib. Bu ədəbi səfərlərin təşkil edilməsində və uğurlu nəticələrlə sona yetməsində "Turan” teatr truppasının və xüsusən, onun ən fəal üzvləri Abdulla Əvlani, Qulam Zəfəri, Ş.Rəhimi, N.Xocayev və başqalarının müəyyən xidmətləri olub. Xüsusən, "Ölülər” tragikomediyasının 1916-cı il 29 apreldə Bakıdakı uğurlu premyerasından sonra Mirzə Cəlilin qardaş məmləkətdəki şan-şöhrəti birə-beş artır. Abdulla Əvlani Cəlil Məmmədquluzadəyə məktub yazaraq, onu Daşkəndə dəvət edir. Məhz bu dəvətdən sonra Mirzə Cəlil "Molla Nəsrəddin” jurnalının maliyyə vəziyyətini bir qədər yaxşılaşdırmaq və "Ölülər”in Orta Asiyada səhnələşdirilməsinə kömək etmək üçün dostu Əliqulu Qəmküsarla Türküstan səfərinə yollanır, əvvəlcə Aşqabada, sonra isə Daşkəndə təşrif buyurur.
Görkəmli özbək ədəbiyyatşünasının "Son söz”ündə ədəbi əlaqələrimizin tarixi inkişaf mərhələləri ilə bağlı bir sıra qiymətli elmi müşahidə və mülahizələr mövcuddur. Müəllif, akademik İsa Həbibbəylinin Mirzə Cəlilşünaslığa verdiyi töhfələrə əsaslanaraq ciddi elmi-nəzəri müqayisələr aparır: "Cəlil Məmmədquluzadəyə qədər də Azərbaycanda dramaturgiya sənətinin yaranması və teatrın inkişafında Mirzə Fətəli Axundzadənin nə dərəcədə böyük rol oynadığı məlumdur. Amma Cəlil Məmmədquluzadə Mirzə Fətəli pyeslərindən böyük Hüseyn Cavid dramaturgiyasına sarı uzanan qüdrətli bir körpü yaratdı. Bu fikri görkəmli özbək dramaturqu Əbdürauf Fitrətin dramaturji yaradıcılığına da aid etmək olar, yəni Ə.Fitrətin dramatik yaradıcılığına da Mirzə Cəlil əsərlərinin həyatbəxş təsiri mövcuddur. Bircə fərq ondadır ki, Ə.Fitrət Mahmud Xoca Behbudinin əsasını qoyduğu dram və teatr sənətinin bütün janrlarında əsərlər yazmalı oldu, özbək dramaturgiyasında həm Cəlil Məmmədquluzadə, həm də Hüseyn Cavidin ədəbi-tarixi missiyasını yerinə yetirdi”.
Özbəkistan Respublikasının, Şərq və türk xalqları ədəbi irsinin tərcüməsi və nəşri sahəsində xeyli təcrübə və şöhrət qazanmış nəşriyyatlarından biri – "Mümtaz söz” nəşriyyatı bu gözəl kitabı nəfis şəkildə çap etmişdir: Jalil Mammadqulizoda. Pochta qutısı. (Qissa va hikoyalar. "Mumtoz soz”, Toshkent, 2019). Müstəqillik dövründəki ədəbi əlaqə və mədəni münasibətlərimizin inkişafında silinməz iz qoyan bu kitabın ideya rəhbəri və ön sözün müəllifi akademik İsa Həbibbəylidir. 316 səhifəlik kifayət qədər iri həcmli bu kitabı özbək dilinə görkəmli özbək şairi və yazıçısı, tanınmış mütərcim Osman Qoçqar çevirmişdir.
Ümumən, professor H.Baltabayevin "Son söz”ündə Mirzə Cəlilin "Seçilmiş əsərləri” ilə birlikdə ulu ədib haqqında yaradılmış ən mühüm elmi araşdırma və tədqiqatlar da dərindən təhlil edilir, ümumiləşdirilir. Tanınmış alimin Mirzə Cəlilin ən məşhur əsərləri haqqında Azərbaycan ədəbiyyatşünaslarının apardığı tədqiqatlarla yaxından tanışlığı diqqətə layiqdir. Məsələn, özbək aliminin təhlillərində akademik İsa Həbibbəylinin "Poçt qutusu” hekayəsi haqqındakı elmi düşüncələri yüksək qiymətləndirilir: "Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayə janrının böyük yaradıcısıdır. Cəlil Məmmədquluzadənin kiçik hekayələrində romanlara sığa biləcək ciddi və əhəmiyyətli ictimai mətləblər ifadə olunur. Böyük yazıçı özünün kiçik hekayələrində xüsusi bir məharətlə yığcam və cəlbedici süjet əsasında mənsub olduğu xalqın taleyi ilə əlaqədar olan ən mühüm mətləblərdən bəhs etməyin mümkünlüyünü isbat etmişdir. Cəlil Məmmədquluzadənin "Poçt qutusu” hekayəsi Azərbaycan ədəbiyyatında kiçik hekayənin ən kamil bir modeli hesab olunur. Yazıçı bu kiçik hekayədə XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində baş verən ciddi dəyişiklikləri böyük məharətlə göstərmişdir. "Poçt qutusu” hekayəsində halal, zəhmətkeş Azərbaycan kəndlisinin müstəmləkə siyasəti nəticəsində məhrumiyyətlərə düçar edilməsi və milli oyanış zərurəti öz əksini tapmışdır. Hekayənin əsas qəhrəmanı olan Novruzəli obrazı ilə əlaqədar hadisələr xalqın yeni əsrin ibtidasındakı siyasi əsarətdən mənəvi oyanışa doğru təkamül prosesini göstərib ümumiləşdirməyə imkan yaradır. Adətən, uzun dövr ərzində keçmiş sovet ideologiyasının təsiri ilə xalqın oyanışının 1905-1907-ci illər inqilabının təsiri ilə baş verdiyi diqqət mərkəzinə çəkilir. Cəlil Məmmədquluzadənin 1903-cü ildə yazdığı "Poçt qutusu” hekayəsində təsvir olunan hadisələr Azərbaycan kəndlisinin XX əsrin əvvəllərində artıq milli oyanış proseslərinin içərisində olduğunu nümayiş etdirir. Əsərdə Novruzəlinin "nəçərnik divanxanası”nı tanımağa məcbur edilməsi müstəmləkəçilik şəraitində cəmiyyətdə onun üzləşdirildiyi haqsızlıqların ifadəsidir. Novruzəlinin poçt qutusunun yerini tanımaması və ya ondan istifadə qaydalarını bilməməsinin təsviri də yerlərdəki maarifsizliyin tənqididir”. Ümumən, bu yöndəki elmi mülahizələri alim, Mirzə Cəlilşünaslığın yalnız Azərbaycan ədəbiyyatşünaslığı miqyasında deyil, eyni zamanda, ümumtürk ədəbiyyatşünaslığı müstəvisindəki müvəffəqiyyətli elmi nəticələri kimi dəyərləndirməyi vurğulayır: "Novruzəlinin poçt məmuru ilə münasibətindəki sərt davranış bir tərəfdən onun düçar edildiyi cəhalət mühitinin formalaşdırdığı gerçəkliyi təqdim edirsə, digər tərəfdən də yazıçının bu adi, sıravi Azərbaycan kəndlisini geridə qoymuş siyasi rejimə qarşı etirazı mənalandırır. Fikrimizcə, hekayədə Novruzəlinin dilindən poçt məmuruna münasibət haqqında deyilmiş "vallah, hirs vurdu təpəmə, ikiəlli yapışdım kişinin çiynindən, onu üzü üstə elə gətirdim yerə ki, heybətdən ağzı qanadı” sözləri dərin mənası etibarilə Cəlil Məmmədquluzadənin Novruzəliləri əsarətdən xilas etmək arzusunu nəzərə çarpdırır. Hekayənin sonunda "qulluqçunu bihörmət eləmək barəsində” üç aylıq cəza alan Novruzəlinin günahını boynuna almaması da sadəcə, sədaqətli olmağı qəbahət hesab etməməsi ilə yanaşı, həm də onun acı aqibətinin səbəbkarı olmuş "rus qulluq adamını” haqlı saymamasının əks-sədasıdır. Bütün bunlara görə Cəlil Məmmədquluzadənin "Poçt qutusu” əhvalatı ilə Azərbaycan kəndlisinin həyatında mənəvi intibahın, tərpənişin və dəyişikliyin başlanmaqda olduğunu göstərmək istədiyini görməmək mümkün deyildir. «Poçt qutusu» hekayəsi ictimai-mənəvi oyanışa çağırışın Azərbaycan ədəbiyyatındakı ilk təbii əks-sədası idi.”
AMEA-nın elm siyasətində beynəlxalq əlaqələrin inkişafı və dərinləşməsi həmişə prioritet təmayüllərdən biri hesab olunub. Xüsusən, son 5-6 ildə Azərbaycan alimlərinin və elminin xarici ölkələrdəki uğurları böyük maraq doğurur. Bu cəhətdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən bir-birindən maraqlı və gərəkli elmi-mədəni layihələr fikrimizi təsdiq etməkdədir. Böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə irsinin dünya ölkələrində, xüsusən, Yaxın Şərq və qonşu məmləkətlərdə təbliği, əsərlərinin və kitablarının nəşri bu layihənin əhəmiyyətini vurğulamaqdadır. Böyük sənətkarın irsinin Rusiya, Misir Ərəb Respublikası, Pakistan, Türkiyə, İran kimi böyük ölkələrdə, eyni zamanda, Macarıstan, Gürcüstan və Baltikyanı ölkələrdə çap olunması elmimizin və mədəniyyətimizin son illərdəki mühüm uğurlarından biri kimi dəyərləndirilə bilər. Mirzə Cəlil yaradıcılığının qardaş türk respublikalarında, böyük Azərbaycan yazıçısını yüz ildən bəri qəlbində sevib və əzizləyən qədirbilən oxucular arasında da təbliği və yayılması həmin möhtəşəm layihənin tərkib hissəsinə daxildir. Böyük demokrat yazıçının qardaş Özbəkistanda nəşr olunmuş "Poçt qutusu” adlı "Seçilmiş əsərlər” bu böyük və qutlu işin başlanğıcıdır.
Azərbaycan və Özbəkistan ədəbiyyatşünaslığında
Mirzə Cəlilin Türküstan ədəbi-mədəni
mühiti ilə əlaqələrinə dair indiyə qədər ciddi
elmi mülahizələr irəli
sürülməmişdir. Yalnız "Molla Nəsrəddin”
jurnalının və ədəbi məktəbinin
Türküstanın maarifçi və satirik qələm
sahiblərinin yaradıcılığına təsirindən ümumi şəkildə bəhs edilib. Öz elmi-nəzəri
fikirlərində haqlı olaraq ardıcıl
şəkildə akademik İsa Həbibbəyliyə istinad
edən professor Həmidulla Baltabayev Mirzə Cəlil əsərlərinin
XX yüzil Türküstan
xalqları ədəbiyyatına, xüsusən, özbək realist-satirik nəsrinə qüvvətli təsir göstərdiyini konkret dəlil-sübutlarla əsaslandırır.
Hər iki qardaş
ölkənin ədəbiyyatşünaslığında bu istiqamətdə ciddi elmi tədqiqatlar
aparılmadığından təəssüflənən
alim, Cəlil
Məmmədquluzadənin
qissə və hekayələrinin mahiyyətindəki zərif
yumor və gülüşün
həmin dövrdə və sonralar
yazıb-yaradan özbək yazıçılarının
yaradıcılığına təsirsiz keçmədiyini
göstərir. XX əsr özbək ədəbiyyatının tanınmış tədqiqatçılarından olan H.Baltabayev özbək
nəsrinə və dramaturgiyasına C.Məmmədquluzadə
təsirinin masştab
və miqyasları barəsində də arqumentli
münasibət sərgiləyir. Ötən əsrin ilk çərəyində və sonrakı
dövrlərindəki özbək nəsrində satirik-yumoristik təmayüllərin müxtəlif
təzahürlərinin nüvəsində "Molla Nəsrəddin” ədəbi məktəbi
təcrübəsinin, xüsusən, Mirzə Cəlil ənənələrinin
"gizləndiyini” inandırıcı şəkildə təhlil edir. Alim sabiq Sovet
dövrü ədəbi siyasətinin və
o zamanlara məxsus elmi-estetik
düşüncə tərzinin, türk
xalqları arasındakı ədəbi-mədəni
münasibətləri gərəyincə və obyektiv şəkildə səciyyələndirməyə
imkan vermədiyini də etiraf
edir. Görkəmli özbək
ədəbiyyatşünası yazır ki,
Abdulla Qədiri və Qafur Qulamın
nəsrindəki incə gülüş
və təbəssüm, Abdulla Qəhharın
hekayələrindəki acı gülüş
və sarkazmın kökləri barəsində düşünərkən, biz çox vaxt rus ədəbiyyatına,
ələlxüsus da, Qoqol və Çexov təcrübəsinə
müraciət etməyə adət etmişik.
Amma nədənsə qardaş
türk xalqları ədəbiyyatının
qiymətli və səmərəli qarşılıqlı təsir
örnəklərinə yetərincə diqqət
ayırmamışıq. Həqiqətən də, Avropa ədəbiyyatlarının, rus ədəbi klassiklərinin türk
xalqlarının söz sənətinə
təsirindən söz açarkən,
Mirzə Cəlil dərslərindən
yan keçmək mümkünsüzdür.
Azərbaycan xalqının dahi oğlu C.Məmməquluzadənin nəhəng
bir realist və demokrat sənətkar kimi
xalqın həyatında və güzəranındakı
dözülməz iztirabları, müti və
aciz qulluq taleyini, həyatın dəhşətli və
məşəqqətli sınaqlarını, əlacsızlıq və nicatsızlıq
burulğanında fəryad etməsini görməsi,
müşahidə etməsi və bütün
şahidi olduğu insan və cəmiyyət mənzərələrini
yüksək bədii məharətlə
əks etdirməsi, son dərəcə
qiymətli və təkrarsız estetik
təcrübələr idi. Məsələ bundadır ki, bu yöndəki və məzmundakı bədii
ifadə və estetik inikas
nümunələri başqa qardaş xalqların həm həyat və
yaşayış tərzi, həm də onların əks-sədası
kimi doğulmuş bədii
əsərlərlə yaxından səsləşir və həmahəng
idi. Bu cəhətdən
alimin hər iki ədəbiyyatşünaslıq
kontekstində ilk dəfə
vurğuladığı ədəbi-nəzəri paralellər
düşündürücüdür:
"Məhz bu mənada mən "Danabaş kəndinin əhvalatları” içərisində Abdulla Qədirinin
məşhur qəhrəmanları Kəlvək məhzumu və Daşpolad təcəngi təsəvvür edə
bilirəm. Məmmədhəsən əmi ilə Xudayar bəy zahirən özbək nəsrinin məşhur qəhrəmanlarına
oxşamasa da, "Danabaş kəndinin əhvalatları” sanki özbək diyarında baş
verən tək təəssürat yaradır. Qissədəki Xudayar bəy obrazı öz
xətti-hərəkətləri və xarakteri,
özünəməxsusluğu ilə Qafur
Qulamın məşhur
"Hiyleyi-şəri” hekayəsini, onun baş qəhrəmanını yadımıza
salır”.
Akademik
İsa Həbibbəylinin "Ön söz”ündə və
professor H.Baltabayevin "Son söz”ündə əksini
tapmış bir çox elmi müşahidə və
müqayisələr, əminik ki, həm Azərbaycan, həm
də Özbəkistan ədəbiyyatşünaslığında
güclü rezonans doğuracaq, ümumtürkmüqayisəli
ədəbiyyatşünaslığının yeni istiqamətlərdə
inkişafına mühüm təkan və impuls verəcəkdir.
Yuxarıda söylədiklərimizi ümumiləşdirərək deyə bilərik ki, akademik İsa Həbibbəylinin elm siyasətində beynəlxalq əlaqələrin genişlənməsi və dərinləşməsi prioritet istiqamətlərdən biridir. Onun rəhbərliyi dövründə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun xarici ölkələrlə qarşılıqlı elmi-mədəni əlaqələri daha da inkişaf etmiş, yenidən qurulmuş və yeni açılmış bir sıra elmi şöbələr məhz bu həmkarlığın səmərələri və bazası müstəvisində formalaşdırılmışdır. Avropa, Asiya ölkələrinin səfirləri ilə Ədəbiyyat İnstitutunda keçirilən görüşlər, institut əməkdaşlarının həmin ölkələrə elmi-xidməti səfərləri kollektivin yaradıcılıq potensialını daha da artırmışdır. Görkəmli alimin Misir Ərəb Respublikası, Türkiyə, İran, Pakistan, Rusiya, Hindistan, Çin, Cənubi Koreya, Monqolustan və başqa məmləkətlərdəki elm və mədəniyyət nümayəndələri ilə keçirdiyi görüşlər Azərbaycana və Azərbaycanın mədəni-humanitar imkanlarına ciddi, eyni zamanda, işgüzar münasibətin formalaşmasına səbəb olmuşdur. Xüsusən, klassik mədəniyyətimiz və ədəbiyyatımızın nümayəndələrinin - Nizami, Nəsimi, Füzuli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və başqa ədəbi korifeylərimizin xarici ölkələrdə nəşri və təbliği sahəsində görülən işlər qürurvericidir. Bu elmi-mədəni layihələr müstəqil Azərbaycanın beynəlxalq arenadakı mövqeyi və fəal xarici siyasəti ilə tam mənada üst-üstə düşür, Vətənimizin sivil və multikultural obrazını, maddi və mənəvi üstünlüyünü, sözün əsl mənasında, zənginliyini və müasir uğurlarını nümayiş etdirir.
Mirzə Cəlilin "Poçt qutusu” adlanan "Seçilmiş əsərləri”nin qardaş Özbəkistanda nəşr olunması sıradan və sadəcə bir ədəbi yenilik deyil. Bu gözəl və fərəhbəxş hadisənin simvolik mənası da diqqəti cəlb edir. Zira, ötən əsrin əvvəllərində ədəbiyyat meydanına təşrif buyurmuş bir çox istedadlı Mərkəzi Asiya yazıçıları məhz Mirzə Cəlilin "Poçt qutusu”ndan çıxaraq, "Molla Nəsrəddin” jurnalının səhifələrindən birbaşa həyata və ədəbiyyata vəsiqə almışdılar. Dahi yazıçının doğma və qardaş məmləkətə yeni "səfər”ini bu cəhətdən təsadüfi saymaq olmaz.
Almaz Ülvi Binnətova,
filologiya elmləri doktoru,
"Azərbaycan-Türkmənistan-Özbəkistan
ədəbi əlaqələri”
şöbəsinin müdiri,
Yaşar Qasımbəyli,
filologiya elmləri doktoru,
AMEA-nın Baş elmi işçisi
Kaspi 2019.- 13 mart.- S.15.