Bu,
informatikadır
Və ya informatika dərslikləri
informasiya əsrində məktəblilərə lazım
olacaq bilikləri verirmi?
"Əvvəllər digər uşaqlar kimi mən də
kompüter oyunlarını sevirdim. Ancaq sonra həmin
oyunların dərinlikləri mənə maraqlı olmağa
başladı və yutubda oyunların dizaynı və
kodlaşdırılması ilə bağlı videolar izlədim,
ardınca isə oyun yaratmağı öyrənməyə
çalışdım. Daha sonra isə məndə
vebsayt yaratmaq marağı baş qaldırdı. 2 ildən çoxdur ki, özümü
vebsaytların yaradılması prosesində inkişaf etdirməyə
çalışıram. Vebsaytların necə
işlədiyini, proseslər
ardıcıllığının necə baş verdiyini bilirəm.
Bundan başqa, bəzi proqramlaşdırma -
HTML, CSS, javascript dillərini bilirəm. Hazırda
mən Python proqramlaşdırma dilini öyrənməyə
çalışıram”. Bunu bizimlə
söhbətində Bərdə şəhərinin
Muğanlı kəndində yaşayan 9-cu sinif şagirdi Xəyal
Nəcəfov söylədi.
Xəyal
deyir ki, bildiklərini onlayn vasitələrə borcludur:
"Bütün bu biliklərin demək olar ki, əksəriyyətini
yutub videolarından, onlayn video kurslardan, bəzi
hazır örnəklərdən öyrənmişəm”.
Bakı şəhərində yaşayan Emin Mustafayev isə
5-ci sinifdə oxuyur. Onun proqramlaşdırmaya marağı daha erkən
yaranıb: "5 yaşım olanda atam mənə kod yazmaqla
bağlı ilkin bilikləri öyrətdi. Bir
neçə dəfə onun kompüterində öyrətdikləri
ilə özümü təkmilləşdirəndən sonra
artıq özüm yutub videoları vasitəsilə
"Phyton” proqramlaşdırma dilini öyrənməyə
başladım. Hazırda onun üzərində
işləyirəm. 7 yaşımdan davamlı öyrənirəm,
indi 10 yaşım var. Atam ancaq ilkin bilikləri verdi,
qalan hər şeyi internetdən öyrənmişəm. Yutubda, videoya baxıram, sonra öz kompüterimdə
onu tətbiq edirəm”.
Hər
iki müsahibimiz dedi ki, məktəbdə informatika dərsində
keçilənləri çoxdan öyrəniblər, onlar
üçün çox sadədir. Burada sual
yaranır ki, bu məktəblilər İT bilikləri cəhətdən
irəli gediblər, yoxsa dərsliklər sadədir? Bu yazıda cavab tapmaq istədiyimiz sual informatika dərsliklərinin
bu günün İT cəmiyyəti ilə necə
ayaqlaşması ilə bağlıdır. Bu dərsliklər informasiya əsrində məktəblilərə
lazım olacaq bilikləri vermək üçün yetərlidirmi?
Qoca
müəlliflərin köhnə kitabları
İT
mütəxəssisi Vahid Qasımov bizimlə söhbətində
bildirdi ki, məktəblərin informatika dərsliklərinin
proqramı çox yaxşıdır, lakin burda bir "əmma”
var: "3 ildir ki, məktəblərin informatika dərsliklərinin
monitorinqini aparırıq. Proqram çox
yaxşıdır, olduqca müasir mövzulara toxunulur, ancaq
tarazlıq qorunmur. Bəzən orta məktəb
şagirdi üçün lazımsız olan mövzunun həddindən
artıq dərininə gedilir, lazımlı mövzuların
isə üstündə səthi şəkildə
keçilir”.
V.Qasımovun
sözlərinə görə, dərslikdə yeni kimi təqdim
olunan köhnə məlumatlar var: "Dərsliklər Azərbaycan
dilində olduğu üçün dərslik müəllifləri
də onu yerli mənbələrə əsaslanaraq yazıblar.
Azərbaycanda isə İT ilə əlaqəli
müasir kitablar demək olar ki, yoxdur. Bu da
o deməkdir ki, həmin müəlliflərin əsaslandığı
dərsliklər də qoca müəlliflərin köhnə
kitablarıdır. Nəticədə dərsliklərdə
yer almış məlumatların bir xeylisi köhnəlmiş
olur. Bu gün tarix, kimya, fizikada dəyişiklik
İT qədər sürətli deyil. 10 il
bundan əvvəl smartfon, 20 il əvvəl mobil telefon, 30 il əvvəl
İnternet yox idi. Sən 30 il əvvəlin
kitabını mənbə kimi istifadə edib dərslik
yazırsansa, dinozavrlar dövründən yazmış kimi
olursan. Bunu tarix kimi qələmə versələr,
problem deyil. Yazsınlar ki, 30 il
öncə filan texnologiya var idi və s. Əks halda qeyri-dəqiq,
əskik və çox vaxt da həqiqəti əks etdirməyən
məlumatlar şagirdlərə ötürülür. 70-90-cı illərin kitabında yazılır ki,
müasir proqramlaşdırma dili "Fortran”dır. Bizimkilər də köçürüb onu eləcə
yazırlar ki, müasir proqramlaşdırma dili olan
"Fortran”. "Fortran”ın
axırıncı kompilyatoru 1995-ci ildə dünyaya göz
yumub. 1995-ci ildən sonra ümumiyyətlə,
bu dili istifadə edən yoxdur. Buna necə
müasir proqramlaşdırma dili demək olar?”
V.Qasımov
qeyd etdi ki, informatikanı yüksək səviyyədə tədris
edəcək müəllimlər də yox səviyyəsindədir:
"Məktəb proqramı nəzəri olaraq çox
yaxşıdır. Amma müəllimlərimiz həmin
proqrama hazır deyillər. Yaşlı və
orta yaşlı müəllimləri (hansılar ki təcrübələri
10 ildən çoxdur) başa düşmək olar. Çünki onlar riyaziyyatçıdırlar,
informatika müəllimliyi ixtisasını bitirməyiblər.
Səhv etmirəmsə, bizdə informatika müəllimliyi
ixtisası 2006-cı ildən sonra yaranıb.
Yenilərdə isə o problem davam edir. Bizdə əsasən
müəllimlər Azərbaycan Dövlət Pedaqoji
Universitetində yetişir. Orda dərs deyənlər
də yaşlı müəllimlərdir. Həmin
yaşlı müəllimlər də o proqram üzrə uşaqlara
nə öyrədə bilər? Heç nə,
çünki özləri də onu bilmir. Məcburiyyətdən məktəb proqramını
bilməyənlər belə məktəblərimizə
informatika müəllimi olurlar”.
Ağır,
lazımsız məlumatlar çoxdur
Ekspert
deyir ki, orta məktəb şagirdindən professional İT
bilikləri tələb edə bilmərik: "Orta məktəbdən
məzun olan şəxs kompüter sahəsində normal savada
sahib olsa, yetər. Kompüterlərin növlərini,
hissələrini düzgün adlandırsın. Hazırda müasir kompüter proqramlarının
adlarını bilsin, heç olmasa, normal qaydada kompüteri
istifadə etsin. Buna ofis, dizayn
proqramları daxildir. Bunlar proqramda var.
Alqoritmləşmə, proqramlaşdırma sahəsində də
müəyyən bilikləri olmalıdır. Çox dərin nələrisə demirəm. Məktəbi bitirən bir şagird kalkulyator
proqramını yaza bilməz, amma ən azından
proqramlaşdırma dillərinin əsaslarını, alqoritmlərin
növlərini bilsin. Və sadə şəkildə
onların məntiqini qavramış olsun ki, sabah
universitetdə proqramlaşdırma ixtisası üzrə təhsilini
davam etdirmək istəsə, o tələbəyə
sıfırdan öyrətməyə başlamasınılar.
Əsaslarını artıq bilmiş olsun,
bünövrənin üzərində bina inşa etmiş
olsun”.
V.Qasımov
qeyd etdi ki, bizim informatika dərsinin proqramının digər
ölkələrinki ilə müqayisədə bir az yanaşma tərzində fərlilik var:
"Misal üçün Avropada daha çox praktikaya əhəmiyyət
verilir. Avropada ECDL (European computer driving licence), Amerikada ICDL
(International computer driving licence) beynəlxalq sertifikatı var.
Tutaq ki ofis proqramları ilə bağlı imtahanı verib
onunla bağlı həmin sertifikatı alırsan. Bu sertifikat onu göstərir ki sən ondan istifadə
edə bilirsən. Avropada bir çox
ölkədə uşaqlar həmin ECDL proqramı üzrə
orta məktəbdə dərslər keçirlər, məktəbi
qurtarmamış imtahan verib sertifikat alırlar. Təhsil Nazirliyi səviyyəsində ECDL ilə əməkdaşlıq
olur. Dərslər o proqram üzrə
gedir. Bizdə isə sovet fundamental təhsil
sisteminin əks-sədası üzərimizdə bulud kimi
durur. Ona görə bizim proqramda nəzəri
biliklər, ağır, lazımsız məlumatlar
çoxdur”.
Dərs
zamanı informatika dərsliyindən istifadə etmirlər
Təhsil
eksperti, əməkdar müəllim Almaz Həsrətin
sözlərinə görə, informatika dərsliklərində
məlumatların köhnə olması müəllimlərin
işini çətinləşdirir: "Artıq kiçik
yaşlarda uşaqlar proqramlaşdırma öyrənirlər,
amma məktəb dərslikləri heç də bu tələbələrə
cavab vermir. 10-15 il bundan əvvəl
üçün aktual olan mövzular tədris olunur. Dövlət tərəfindən diqqət var, vəsait
ayrılır, amma bu vəsait düzgün istifadə olunmur.
Dərsliklərdə olan mətn və məlumatların
köhnə olması müəllimlərin işini
artırır. Müəllim şagirdə
lazım olan biliyi vermək üçün məcbur olub
özü axtarır. İnformatikada
şagirdlərə lazım olacaq video məlumatlar internetdə
çoxdur. Mənim
tanıdığım peşəkar, bacarıqlı bir
çox müəllim var ki, dərs zamanı informatika dərsliyindən
istifadə etmirlər. Onlar dərsliyi kənara
qoyur, internetdə olan video dərslərlə öyrədirlər”.
2003-2005-ci
ilin informasiyaları
Onu da qeyd edək ki, informatika fənni 1-ci sinifdən tədris
edilir. İnformatik.az saytında informatika üzrə həm
dərslik, həm də metodik vəsaitlərin elektron versiyası
yerləşdirilib. 1, 2, 5-ci sinif dərsliyi
2012, 3-cü sinif 2010, 4-cü sinif 2011, 6-cı sinif 2013, 7-ci
sinif 2014, 8-ci sinif 2015, 9-cu sinif 2016, 10-cu sinif 2009, 11-ci sinif
2010-cu ildə Təhsil Nazirliyinin əmri ilә tәsdiq edilib.
Burda da sual yaranır ki, ümumiyyətlə, dərsliklər
nə qədər vaxtdan bir yenilənir, yaxud yenilənməlidir?
Təhsil
eksperti Kamran Əsədov bildirdi ki, orta ümumtəhsil məktəblərində
istifadəyə buraxılan dərsliklərin 5 il
ərzində dövriyyədə qalması məcburidir. Amma
o, əlavə etdi ki, bizim bu gün informatika
kitablarımızdakı informasiyalar 2003-2005-ci ilin məlumatlarıdır:
"O vaxtdan bu yana 4-5-6-cı nəsil kompüterlər
çıxıb. Biz hələ də Pentium
2-3-də işləyirik. Dünya artıq
yeni nəsil kompüterə keçib, biz isə 2000-ci illərin
informasiyasını uşaqlara öyrədirik”.
K.Əsədov
deyir ki, əvvəllər informatika fənni akademik informasiya
ilə dolu olurdusa, indi mütəxəssislər tərəfindən
yazılan kitablar müəyyən qədər müasir tələblərə
cavab verir: "Amma praktik olaraq bu bacarıqlar şagirdlərdə
formalaşdırılmır. Şagirdlərə
hazırda informatika fənni əsasında kompüter
texnologiyalarının mənimsədilməsi mümkün
deyil. Çünki müəyyən
terminlər Azərbaycan dilinə tərcümə edilib dərsliyə
salınıb, bu da düzgün deyil. Terminlər,
texnologiya ilə bağlı ifadələrin Azərbaycan dili
qarşılığında verilməsi yox, onların
ümumişlək halda işlədilməsi məsləhətdir.
Yazılan kitablar müasir dövrün tələblərinə
tam şəkildə cavab vermir. Təkmilləşməyə
ehtiyac var”.
Ekspert onu
da əlavə etdi ki, Azərbaycan məktəblilərinin
indiyə qədər beynəlxalq olimpiadalarda qalib olmaması
bir çox şeyi ifadə edir: "Hələ də bizim
informatika üzrə beynəlxalq olimpiada qalibimiz yoxdur. Bu, əslində problem olduğunu ortaya qoyur. Müasir tələblər bunu istəsə də,
bu gün biz "Apple” şirkətinin istehsal etdiyi məhsulları
dərsdə keçə bilmirik. Çünki
bunları tədris edəcək, müasir
çağırışlara cavab verəcək müəllim
kontingentimiz yoxdur. İnformatika müəllimlərinin
diaqnostik imtahan zamanı nəticələri çox
aşağı səviyyədə olur”.
Bu dərslikləri
kurrikulum əsasında hazırlamışıq
İnformatik
dərsliklərinin müəlliflərindən olan
fizika-riyaziyyat elmləri namizədi, dosent, Ramin Mahmudzadə
deyir ki, informatika dərsliklərinin tez-tez dəyişilməsinə
ehtiyac var: "Mən informatika dərsliklərinin həmmüəlliflərindənəm.
Biz bu dərslikləri kurrikulum əsasında
hazırlamışıq. Əgər
kurrikulumun tələbləri başqa cür olsaydı, biz də
kitabı başqa cür yazacaqdıq. Ona
görə kurrikulumu mütəmadi olaraq yeniləmək
lazımdır. İT digər sektorlar kimi
deyil, burda inkişaf çox sürətlə gedir, hər
gün yenilik olur. Bunların da kitablarda əksini
tapması üçün informatika kitablarının yenilənmə
zamanı digər dərsliklərlə eyni götürməməliyik.
Adətən, kitablar 5 ildən sonra dəyişilir, amma
İT-də 2 il əvvəl yazılan məlumat
bu gün üçün əhəmiyyətini itirə bilir.
Ona görə ildə bir dəfə burda dəyişiklik
getməlidir”.
R.Mahmudzadə
bildirdi ki, orta məktəbi bitirib İT üzrə universitetə
qəbul olan gənclərin çoxu bu sahədə
sıfır səviyyədə olurlar: "Əgər müəllimlər
orta məktəblərdə bu dərsliklər üzrə normal
dərs keçsəydilər, imkan yaradılsaydı, biz o
zaman universitetdə İT üzrə normal tələbə əldə
edə bilərdik. İndi isə sıfır səviyyəsində
gəlirlər. Sadəcə olaraq məktəblərdə
informatika keçirilmir. İlk növbədə
müəllimlərə təlim keçmək
lazımdır. Çünki bizdə
müəllimlər çox zəifdirlər. Müəllimlərin səviyyəsinə baxın.
Bu sahəyə az bal toplayanlar gedir. Özləri heç nə bilmədikləri halda
uşaqlara dərs keçməyə gedirlər. Bu münasibəti dəyişmək lazımdır.
Müəllimlər müasir təlim-tədris
üsullarına keçməlidirlər”.
R.Mahmudzadə əlavə etdi ki, məktəbdə
uşaqların informatikadan imtahan verməməsi böyük
problem yaradır: "Əgər şagirdlər imtahan vermirlərsə,
bu dərslə ciddi məşğul olmayacaqlar. Digər məqam
odur ki, I ixtisas qrupunda İT üzrə təhsil almaq istəyənlər
kimyadan imtahan verirlər, amma burda informatika fənni də
olmalıdır. Mənim yanıma İT üzrə universitetə
qəbul olan birinci kurs tələbələri gəlir, İT
üzrə bilikləri sıfır səviyyədə olur.
Çünki onlar kimyadan imtahan veriblər, infomatikadan yox”.
Aygün Əhmədova
Kaspi 2019.- 13 mart.- S.10.