Dünya azərbaycanlıları Vətən naminə birləşir
“Doğma
torpaqlarımızdan uzaqda hamımız eyni məqsəd üçün
çalışırıq”
Diasporla İş üzrə Dövlət Komitəsinə Fuad Muradov sədr təyin olunandan sonra qurumun fəaliyyətində sanki bir canlanma, yeni bir hərəkat başladı. Dünya azərbaycanlılarının birləşdirilməsi, soydaşlarımızın fəaliyyətinin koordinasiya edilməsi, diaspor hərəkatının gücləndirilməsi, milli-mədəni irsin təbliği, işğal edilmiş ərazilərimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi bir çox işlər həyata keçirildi və keçirilməkdə də davam edir. Həmvətənlərimizin xarici ölkələrin ictimai-siyasi həyatında fəal mövqe tutması, siyasi-iqtisadi təsir imkanlarına malik olması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycanın diaspor təşkilatlarının dayanıqlı əsaslar üzərində qurulması və daha güclü təməllərlə fəaliyyət göstərməsi üçün dövrün tələblərinə uyğun yeni strateji istiqamətlər müəyyənləşdirilib. Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyinatından sonra strateji hədəflərə yönələn yenilənmiş fəaliyyət proqramı çərçivəsində artıq intensiv tədbirlərin həyata keçirilməsinə başlanılıb. Belə ki, uzun müddətdir ki, xaricdə yaşayan soydaşlarımız lobbiçilik fəaliyyətimizin zəifliyindən şikayət edir, təşkilatlanma məsələlərində problemlər yarandığını qeyd edirdilər. Aparılan yeni siyasət, yeni canlanmadan sonra dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin halını xəbər aldıq.
"Siyasətin birinci pilləsi
lobbiçilikdir”
Avropa Azərbaycanlıları Konqresinin (AAK) baş katibi, Finlandiya Azərbaycalıları Konqresinin həmsədri Arzu Oqtay deyir ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları birgə fəaliyyətə üstünlük verir: "Ümumiyyətlə "diaspor” qədim yunan sözü olub, hərfi mənada "səpələnmə” deməkdir. Fəaliyyət dairəsindən, məşğuliyyətindən və dini etiqadından asılı olmayaraq, hər hansı bir etnosa aid adamların müəyyən zaman kəsiyində öz tarixi vətənlərindən kənarda məskunlaşmaları və ictimai fəaliyyəti bilavasitə diasporun formalaşması ilə nəticələnir. Bu gün "Azərbaycan diasporu” dedikdə, xarici ölkələrdə məskunlaşmış azərbaycanlılar nəzərdə tutulur”.
Arzu xanım qeyd edir ki, koordinasiya şuralarının yaradılmasına baxmayaraq, birgə təşkilatlanma işlərində təcrübə baxımından bəzi problemlər ortaya çıxır. Lobbiçilik məsələsinə gəlincə isə, müsahibimiz bunu siyasətin birinci pilləsi adlandırır: "Lobbiçiliyi gücləndirmək üçün Avropa ölkələrinin siyasətçiləri dövlət orqanları ilə sıx əməkdaşlıq etməlidir. Bu lobbiçilik missiyasını da Avropada fəaliyyət göstərən, mənim də baş katibi olduğum Avropa Azərbaycanlıları Konqresi öz üzərinə götürüb. Belə ki, 2017-ci ilin martından AAK-ın yeni seçilmiş prezidenti Sahil Qasımovun və idarə heyəti üzvləri sayəsində AAK-ın ictimai-siyasi fəallığı sürətlə artmağa başlayaraq lobbiçilik fəaliyyətinin gücləndirilməsi istiqamətində işlərə start verildi. Sahil Qasımovun yeni idarə heyətinin qarşısında qoyduğu əsas məsələlərdən birincisi lobbiçilik fəaliyyətinin gücləndirilməsi üçün AAK-da təmsil olunan təşkilatların yaşadıqları ölkələrin siyasətçiləri ilə daima görüşlər keçirərək Azərbaycan həqiqətlərini onlara çatdırmaq və AAK olaraq müxtəlif Avropa ölkələrində toplaşaraq rəsmi dövlət qurumları ilə görüşlər keçirmək olub. AAK Avropada lobbiçiliyimizin daha da təkmilləşməsi, güclənməsi üçün gələcəkdə də bütün səylərini birləşdirərək, var gücü ilə işləməyi qarşısına məqsəd qoyub”.
"Hələ də ümumdünya
bir diaspor şəbəkəsi
yarada bilməmişik”
Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova bizimlə söhbətində Diasporla İş Üzrə Dövlət Komitəsində 2018-ci ildə kadr dəyişikliyindən sonra xeyli canlanma hiss olunduğunu vurğuladı. Bildirdi ki, bundan sonra yeni layihələrə imzalar atılıb və bu işlərin təsiri Amerikada da özünü göstərməkdədir: "Son bir il ərzində Diaspor Televiziyası yaradıldı. Jurnalistika sahəsində öz sözünü demiş Vəsilə Vahidqızı bu TV-yə gətirildi. Bütün bu dəyişikliklər əlbəttə ki, bir çox ölkələrdə artıq fəaliyyət göstərən diaspor təşkilatlarına bir daha stimul verdi. Komitənin sədri Fuad Muradov öz komandası ilə birlikdə bir çox ölkələrə səfərlər etdi. Hər birimiz bilirik ki, diaspor fəaliyyəti könüllülük əsasında qurulan bir fəaliyyətdir. İnsanlar Vətənini sevməsələr, yaşadıqları qürbət ölkələrdə Vətənləri üçün faydalı olmağa çalışmasalar, bu işin öhdəsindən gələ bilməzlər. Biz yaşadığımız ölkələrdə Vətənimizi tanıtmaq, onun naminə əlimizdən gələni etmək üçün bir sıra çətinliklərə sinə gərməli oluruq. Çünki Azərbaycan gənc müstəqil ölkədir və bizim borcumuz onu yaşadığımız ölkələrin ictimaiyyətinə tanıtmaq, ən gözəl keyfiyyətlərini ətrafımızdakı insanlara çatdırmaqdır”.
M.Vahabova söhbət əsnasında hələ də təşkilatlanma işlərində bəzi problemlərin olduğunu dedi: "Hələ də bir ümumdünya diaspor şəbəkəsi yarada bilməmişik. Hələ də digər ölkələrdə yaşayıb, fəaliyyət göstərən diaspor yoldaşlarımızın fəaliyyəti ilə yalnız "Facebook”, "İnstagram” və digər sosial media səhifələrindən xəbər tuturuq. Azərbaycan Diasporunun bir ümumdünya şəbəkəsinə ehtiyacı var. Əlbəttə, Diaspor Komitəsinin saytı fəaliyyət göstərir və biz bəzi məlumatları oradan ala bilirik, lakin sırf diaspor təşkilatlarının bir ümumi saytı yaradılsaydı, daha yaxşı olardı”.
"Çətinliklərin
qarşısında aciz deyilik”
"Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov isə deyir ki, 24 ildir Misirdə yaşayan azərbaycanlılara dəstək olur, həmvətənlərinə əlindən gələn köməyi əsirgəmir: "Misirə qədəm qoyduğum gündən bəri - 24 ildir Misirdə yaşayan azərbaycanlılarla güclü əlaqələr qurmuşuq. Bura gələndə, ilk hədəfim Azərbaycanı layiqincə təbliğ və təmsil etmək idi. O ildən bu ilə çox şey dəyişib, ancaq mən öz əqidəmi, həyat prinsipimi dəyişməmişəm. İlk olaraq düşündüm ki, ən gözəl təbliğat vasitəsi Azərbaycanla bağlı ərəb mənbələrindən tədqiqatlar aparmaqdır. 24 ildir ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250-dən çox əslən azərbaycanlı alim haqqında iki kitabın müəllifiyəm”.
Misirdə yaşayan alimimiz deyir ki, problemsiz həyat yoxdur, o problemlər Misirdə də həmvətənlərimizi izləyir: "Yaranan problemlər bizim fəaliyyətimizin qarşısını almamalıdır. Təbii ki, biz azərbaycanlı olaraq Misirdə üzləşdiyimiz problemlərə baş əymirik. Çətinliklərin qarşısında aciz deyilik. Misir hökumətində xarici vətəndaşlar rəsmi şəkildə diaspor fəaliyyətini qeydiyyata almırlar. Onlar qeyd edir ki, səfirliyiniz sizi qəbul edirsə, biz də sizi tanıyırıq. Biz də qanunlara uyğun olaraq yeni addımlar atdıq. Misir Azərbaycan Dostluq cəmiyyətini qurmaq ərəfəsindəyik. Bu gün diaspor olaraq Misirin yüksək siyasi dairələrində belə güclü əlaqələr qura bilmişik. Bu il Misir parlamentdə "Misir-Azərbaycan Dostluq cəmiyyəti” quruldu. Mən də parlamentlərarası dostluq cəmiyyətinin koordinatoru seçildim. Artıq parlamentlə güclü əlaqələrimiz var. İlk dəfə olaraq Misir parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat yayıldı, Azərbaycan xalqına başsağlığı verildi”.
"Hamımız eyni məqsəd
üçün
çalışırıq”
Haaqadakı "Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədrinin gördüyü işlər sayəsində yeni hərəkatın başladığını və Niderlandda bunun açıq-aydın hiss edildiyini bildirdi: "Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişikliklər edildikdən sonra diaspor fəaliyyəti ilə bağlı bir sıra təqdirəlayiq addımlar atılır. Son bir ildə bu canlanmanı hiss edə bilirik. Dünyanın müxtəlif ölkələrində yaşayan gənclərimizi bir araya toplayan layihələr həyata keçirilir və bu da məni çox sevindirir. Gənclərimiz bu işdə daha çox həvəslidirlər. Azərbaycandan Niderlanda gələn gənclər arasında diaspor fəaliyyəti daha çox maraq kəsb edir. Bundan başqa, ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsi bizim gənclərimizin bir-birlərini tanımalarına böyük şərait yaratdı”.
M.Ağamirzəyeva
təşkilatlanma işlərində problemlərin hər
zaman olduğunu deyir: "Ümumiyyətlə hər zaman təşkilatçılıq məsələsində
problemlərlə üzləşirsən.
Yaşadığın ölkənin şərtlərilə
razılaşmalısan. Müxtəlif xarakterli
insanlarla işləyirik, sosial
şəbəkə vasitəsilə toplantılar edir, qərarlar veririk”.
M.Ağamirzəyeva lobbiçiliyin
gücləndirilməsi üçün
gənc nəslin bu sahədə daha fəal olmasının vacibliyindən
danışdı: "Gənclərimizi tək siyasi partiyalarda deyil, mədəniyyət, elm,
sosial sahələrdə yetişdirməliyik,
yaşadıqları xarici ölkələrdə
onların hökumətlərinin tanıdığı səviyyəyə
gəlib çatmaları önəmlidir. Lobbiçiliyimizin
güclənməsi üçün daha çox birləşməyə
ehtiyacımız var. Doğma
torpaqlarımızdan uzaqda hamımız eyni məqsəd üçün
çalışırıq”.
"Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər”
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyir ki, diaspor quruculuğunda yeni mərhələ, həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir: "Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün hər zaman prioritetdir. Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daima qırılmaz tellərlə bağlanmasıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində dəyişikliklər edildikdən sonra diaspor fəaliyyəti ilə bağlı bir sıra təqdirəlayiq addımlar atılır. Hazırda diaspor sahəsində aparılan islahatlar və qarşıya qoyulan vəzifələrin icrası üçün atılan addımlar artıq öz müsbət nəticəsini verir. Ən vacib məqam kimi isə xaricdəki soydaşlarımızın təşkilatlanması və həmrəyliyinin güclənməsini xüsusi qeyd olunmalıdır. Son zamanlar Almaniya, Fransa, İsveçrə, İsveç, Hollandiya, ABŞ-da Koordinasiya Şuralarının yaradılması birlik və həmrəyliyin nümunəsidir. Belə şuralar perspektiv layihələri həyata keçirərkən xaricdəki soydaşlarımızın fəallıq nümayiş etdirməsində kömək olacaq. Barışıq, birlik, həmrəylik üçün atılan istənilən addım hər soydaşımız tərəfindən yüksək qiymətləndirilir və dəstəklənir. Bu sahədə diasporun çalışmalarını davam etdirməsi vacib amildir. Bütün hallarda həmrəylik sonda diasporun güc mərkəzinə çevrilməsinə xidmət edir. Diasporumuz nə qədər bir olarsa, çəkici də bir nöqtəyə vura bilər. Məhz bu zaman hər hansı işin effektiv nəticəsi olar”.
Dünya azərbaycanlılarının
vahid ideya ətrafında
birləşməsi ulu öndər Heydər
Əliyev tərəfindən diasporun
qarşısında qoyulan əsas vəzifələrdən
biri idi. Ulu öndər hansı ölkəyə
gedirdisə, diasporumuzla görüşəndə
bu məsələni
soydaşlarımıza xatırlatmağı özünə borc bilirdi. Dünyanın
hər yerində diasporumuzun milli birliyinə böyük
ehtiyac var. Bu gün görülən
işlər, aparılan islahatlar sayəsində
diaspor sahəsində təşkilatlanma, canlanma hiss olunur.
Amma lobbiçilik fəaliyyətimiz
hələ də axsayır. Həmvətənlərimiz isə
bu fəaliyyətin daha
da güclənəcəyinə ümidini itirmir.
Xəyalə Rəis
Kaspi 2019.- 13 mart.- S.12.