Cəlil Məmmədquluzadənin
nəsri
Və ya mollanəsrəddinçilərin
yaradıcılığı azərbaycançılıq
kontekstində
(I məqalə)
"Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatının yeni mərhələyə
yüksəlməsində müstəsna rol oynamış və
bütöv bir ədəbi məktəb
formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii
nailiyyətlərlə zəngin irsində azərbaycançılıq
məfkurısi dövrün ictimai-siyasi fikrinin aparıcı
amili kimi dolğun ifadəsini tapmışdır”.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Cəlil
Məmmədquluzadə yaradıcılığı Azərbaycan
ictimai-ədəbi mühitinin müəyyən zaman faktı
olsa da, bu heyrətamiz yaradıcılıq dünyasına hər
nəslin öz qayıdışı, öz baxışı
var. Bu gün özünün yeni və əbədi müstəqillik
dövrünü yaşayan Azərbaycanın indiki nəslinin
Cəlil Məmmədquluzadənin bədii irsinə yanaşma
tərzi isə daha geniş diapazonlu, ideoloji kanonlardan uzaq, daha
obyektiv olmalıdır. Heç kəsə sirr
deyil ki, Cəlil Məmmədquluzadə
yaradıcılığının elə məqamları var
ki, bu məqamlar haqqında Azərbaycan tədqiqatçısına
yalnız indi ortaya çıxarmaq, bütöv söz demək
imkanı vardır. Bu mənada Cəlil Məmmədquluzadənin
çoxşaxəli tematikası sırasında azərbaycançılıq
səyləri ayrıca bir araşdırma faktı tələb
edir.
Əvvəlcə azərbaycançılıq barədə.
Azərbaycançılığın
milli mədəniyyət, milli bədii fikir, ictimai
dünyagörüşü istiqamətində qədim tarixi
vardır. Millətin formalaşma prosesi ilə
tarixən üst-üstə düşən azərbaycançılıq,
fərddən cəmiyyətə, cəmiyyətdən
dövlət səviyyəsinə qədər böyük bir
inkişaf yolu keçmişdir. Mədəniyyətin
müxtəlif pillələri tədrici təkamülün mərhələləri hesab
oluna bilər. Onların hər biri
keçmişin bəhrəsi olduğu kimi, həm də gələcəyin
formalaşmasında rol oynayır. Mədəniyyətin
müxtəlif pillələri bizim kontekstdə həm də
azərbaycançılığın çeşidli pillələrini
özündə ehtiva edir. Hər bir millətin
mədəniyyəti onu təmsil edən xalqın milli dəyərləri
üzərində inkişaf edir.
Azərbaycan mədəniyyəti və bədii fikri, bədii
söz sənəti tarixən və əsasən, vətən,
millət və ana dili anlayışlarını özündə
birləşdirən azərbaycançılığın
ifadəsinə, istiqlalın əldə edilməsinə, milli
şüurun oyanmasına, dilin varlığının
qorunmasına xüsusi səy göstərmişdir.
İdeologiyada mədəniyyətin başlıca vəzifəsi
xalqda vətən əxlaqı tərbiyə etməkdir. Azərbaycançılıq
vətən əxlaqının tərkib hissəsi kimi
zaman-zaman ziyalıların istinad yeri olmuşdur. Bu ideologiyanın milli bədii söz sənətində
daimi mövzu kimi qalması da bu zərurətin dərk edilməsindən
doğur. Vətənin müqəddəratı,
millətin taleyi, ana dilinin qorunması və inkişafı ilə
bağlı məsələlər azərbaycançılığın
özəyini təşkil edir.
Özlüyündə ayrı-ayrı mənaları
ehtiva edən azərbaycanlı və azərbaycançı
anlayışları fərqli semantikaya malikdir. Müəyyən
tale, tarix, ideya birliyinə malik olan müxtəlif xalq və
etnoslar birlikdə Azərbaycan xalqını təmsil edirlər.
Azərbaycançılıq ideyasının dərk
olunmasının əsasında Azərbaycan xalqının
tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri
zəminində birlik və müstəqillik ideyası durur və
bu, nəinki indi, həm də uzaq gələcəkdə də
bir ölkədə yaşayan azərbaycanlıların bir
çox nəsillərinə xidmət edəcək.
Cəlil Məmmədquluzadənin
yaradıcılığında milli ideya-azərbaycançılıq
qırmızı xətlə keçir. Xüsusilə,
onun nəsrındə millətin oyanışına,
özünüdərkinə, tərəqqisinə
çalışmaq məramı qabarıq şəkildə
ifadə olunmuşdur. Yazıçının
fundamental nəsr əsəri olan "Danabaş kəndinin əhvalatları”
(1894) bütün bədii məziyyətləri ilə məhz
bu mərama xidmət edir.
Ədib əzilən və öz hüquqlarını tələb
etməyən insanların dərdini ifadə etməklə,
onların niyə bu günə qaldıqlarının səbəbini
göstərir. Buna səbəb kimi mühit və bu
mühitin insanı öz hüquqlarından məhrum etməsi
önə çəkilir. Müəllif
tipik bir kəndin simasında bütöv bir ölkənin
gerçək mənzərəsini yaratmaqla, həyəcan təbili
çalır. Təsirli vasitələrlə
göstərir ki, vətəndaş öz həmkəndlilərinin
halına acımağı belə yada sala bilmir. İmkanı olan hər kəs özündən
aşağını təhqir etməyə, yamanlamağa,
onu ac-yalavac qoymağa, var-dövlətini əlindən
çıxarmağa hazırdır. Xudayar
bəyin ölən "dostunun” dul arvadı Zeynəbə
inadkar "məhəbbəti” onun olan-qalanını əlindən
almaq məqsədinə qulluq edir. Hətta Zeynəbin
doğmaca oğlu da öz mənafeyi naminə anasından
imtina etməyə meyllidir... Bu kənddə əsrin
yeni qaydalarından xəbərsiz insanlar yaşayır. Ədib dünyadan xəbərsizliyin,
hüquqsuzluğun günahını bir tərəfdən
rejimdə, imperiya siyasətində görürsə, digər
tərəfdən də həyat uğrunda mübarizə
yollarını bilməyən insanların özündə
axtarır. Bu halal insanlar ancaq şükranlıq etməklə
yaşayırlar. Müəllif isə onlara
istiqlal düşüncəsi aşılamaq istəyir.
"Poçt
qutusu”, "Qurbanəli bəy”, "İranda hürriyyət”
və bu tipli onlarca nəsr əsərlərində vətənin
müstəmləkə zülmündən azad olması, millətin
öz hüquqlarını anlaması barədə məsələlər
qoyulur.
Əlbəttə, "Poçt qutusu”ndakı Novruzəlinin
adi poçt qutusuna nabələdliyi bir xalqın
savadsızlığının ümumiləşdirilmiş
faktı kimi ibrətamizdir. Lakin bu kiçik hekayə həm də
insanın öz hüquqları uğrunda mübarizə barədə
düşünməkdən çəkinmək
faktını da ifadə edir: Novruzəli onun
savadsızlığına bais olan, onu mütiliyə
alışdıran rejimdə heç bir günah görə
bilmir.
Yazıçı, əslində, novruzəlilərin
sivil bir xalq kimi formalaşmasına mane olan müstəmləkəçilik
siyasətini daha çox satira atəşinə tutur. Ədəbiyyatşünaslıqda
etiraf olunduğu kimi, divanxananı yaxşı tanımağa
məcbur edildiyi halda poçt qutusunun, poçtxananın mahiyyətini
bilməyən Novruzəlinin taleyinin təqdimi ilə ədib
Azərbaycan kəndlisinin böyük müdafiəçısı
olduğunu nəzərə çatdırmışdır.
Müəllif Novruzəlinin
savadsızlığının, öz hüquqlarını
bilməməsinin səbəbini müstəmləkəçilik
siyasətində olduğunu göstərmişdir. Çar
Rusiyası yerli millətlərin inkişafına daim əngəl
törətdiyindən, poçt məmuru da başqa millətin
nümayəndəsidir.
"Qurbanəli
bəy” hekayəsində də milli azadlıq
ideyasının dolayısı yolla ifadəsi və əsərin
bütün ruhunda Azərbaycanın müstəqilliyinə qənim
kəsilmiş imperiya siyasətinin ifşa məqamları var.
Hekayənin ilk sətri: "Xəbər çıxdı ki,
bu gün naçalnik gəlir kəndə və sonra məlum
oldu ki, pristavın arvadının ad qoyulan günüdür”.
Və sonra bu xanımın – yadellinin
arvadının ad gününün məhz Azərbaycan
mühitində necə təmtəraqla qeyd edilməsindən
bəhs edilir.
Qurbanəli bəyin "tostuna” diqqət edək: "Mən
özümü bu gün xoşbəxt hesab eyləyirəm
ki, bu məclisdə varam. Allah sənin ərin
Mixail Pavloviçi bizim mahaldan uzaq eləməsin. Ondan
ötrü ki, çünki nə qədər ki, Mixail
Pavloviç bizim mahalda deyildi, bizim kəndlilər də bədbəxt
idilər, mən də bədbəxt idim... Naçalnik
ağa, sən bizim başımızın sahibisən... Qurban sənə mənim canım. Nə qədər
ki, mən sağam, nökərəm sənə” .
Qurbanəli bəy obrazı yaltaqlığın yox,
mövcud şəraitdə müəyyən dərəcədə
ayıqlığın ifadəçisidir. Onda Kərbəlayi
Qasıma müəyyən mərhəmət hissi var. O,
Qarabağ atı ilə qürur duyur. Qurbanəli
bəy naçalniki və onun xanımını bir növ ələ
salır. Ümumiyyətlə, Cəlil Məmmədquluzadə
çarizmin müstəmləkəçilik siyasətinə
qarşı mübarizə apardığı
üçün Azərbaycan bəyini rus naçalniki
qarşısında alçaltmazdı. Mirzə Cəlilin
Qurbanəli bəyi rus naçalnikinin ailəvi məclisində
bir növ kefkomluq etməyi bacaran obraz kimi diqqəti cəlb
edir
Bu hekayələrdən aydın olur ki, millət
özünü dərk etməyincə, tərəqqisi
mümkün deyil. Özünüdərkin əsasında isə
millətin, vətənin müstəqilliyi dayanır.
Mirzə
Cəlil, bütövlükdə mollanəsrəddinçilərdən
ötrü
hürriyyət ən böyük mədəniyyət
və milli dirçəliş atributu olmuşdur. Ancaq hürriyyət qazanmaq üçün
hürriyyətin - azadlığın nə olduğunu bilmək
lazımdır. Ədib "İranda hürriyyət”
(1906) hekayəsində öz hüququnu dərk etməyən,
hürriyyət haqqında anlayışı olmayan, bir qarın
çörək üçün ölkələrə səpələnən,
getdikləri ölkələrdə də eyni aclıq və səfalətlə üzləşən insanların
acı taleyini qələmə almışdır.
Bəs İranda və Azərbaycanda olan bu
acınacaqlı vəziyyətin səbəbi nədir? Səbəb
"İranda hürriyyət” hekayəsində
açılır. Bu əsər aktuallığına və
realizminə görə, ədibin "Poçt qutusu”,
"Usta Zeynal”, "Qurbanəli bəy”,
"Nigarançılıq”, "Zırrama” və başqa
klassik hekayələri ilə yanaşı durur.
"İranda
hürriyyət” hekayəsi XX əsrin əvvəllərində
Cənubi Azərbaycandakı ictimai proseslərin səviyyəsini
və mənzərəsini təsəvvür etməyə
şərait yaradır. Hekayədəki mülahizələr
mövcud vəziyyəti göstərməklə
yanaşı, artıq milli oyanışa və azadlığa
meylin olduğunu əyani şəkildə nümayiş
etdirir: "Axı kim eşidibdi ki, o taydan
bura hürriyyət gəlsin?! O taydan bu üzə həna gələr,
səbzə, badam içi gələr, tütün, çay,
tiryək… belə zadlar gələr. Yoxsa, vallah,
mən də ömrümdə bir dəfə də eşitməmişəm
ki, hürriyyət gələ. Heç bu
tərəflərdə də hürriyyət
alış-verişi eliyəni də mən eşitməmişəm”.
İctimai mühiti çox dolğun şəkildə
ifadə edən bu hekayə insanın özünüdərki
fonunda millətin özünüdərk problemini ortaya qoyur. "Poçt
qutusu”nda əsrin ən adi texniki vasitəsinə nabələdlik
fonunda mövcud vəziyyəti əks etdirən
yazıçı "İranda hürriyyət”də daha irəli
gedərək ciddi problemləri önə çəkir.
Buna görədir ki, ədəbiyyatşünaslıqda
"İranda hürriyyət” hekayəsi
düşündürücü, cəlbedici ideya məzmunu ilə
əsl milli özünüdərk nümunəsi,
...bədii vasitələrlə ifadə olunaraq hər
bir dövr üçün müasir səslənən,
"hürriyyət payı”
kimi qiymətləndirilmişdir.
Ədib "Quzu” hekayəsində gününü
eyş-işrətlə keçirən xandan, bir quzunun pulunu
üç dəfə almağı bacaran fərasətli kəndli
obrazı yaratmışdır.
"Danabaş kəndinin məktəbi” povestində
yazıçı göstərir ki, şükranlıq
xalqın qanına hopdurulmuşdur və bu keyfiyyətlərdən
qurtulmayınca, kütlənin bir xalq kimi formalaşması ləngiyəcəkdir. "Danabaş kəndinin əhvalatları”
povestində təsvir olunan kənddəki sadəlövhlük
mühitindən fərqli olaraq "Danabaş kəndinin məktəbi”ndəki
kənddə müəyyən dərəcədə itaətkarlıq
psixologiyasından az da olsa, narazılıq hissləri
özünü göstərir. Hər iki əsərin
adı adamlara yox, mühitə münasibəti əks etdirir.
Bu kənd Cəlil Məmmədquluzadənin təsvirində
tipik Azərbaycan kəndidir. Yazıçı
kəndin və onun adamlarının təsvirində,
ümumiyyətlə, ölkədəki ictimai geriliyi göstərməyə
çalışır. "Danabaş kəndinin
əhvalatları” tək bir povesti deyil, ədibin silsilə nəsr
əsərlərini ehtiva edir. Bu sırada
"Danabaş kəndinin məktəbi” maraqlı bir yer tutur.
Müəllif Azərbaycan kəndini tədricən
oyanışda, mühitə etiraz
qığılcımları fonunda təsvir edir. "Danabaş kəndinin əhvalatları”ndakı
sadəlövhlük üstündə köklənmiş kəndlə
"Danabaş kəndinin məktəbi”ndəki kəndin
arasındakı fərq bunu göstərir. Müəllifi narahat edən əsas məsələ
"Danabaş kəndinin əhvalatları”ndakı avamlıq
və geriliyin tipikliyidir. Ona görə də,
Cəlil Məmmədquluzadə eyni mövzuya müxtəlif
baxışla, yenidən qayıtmalı olur.
Hər iki əsərdə kəndin adının
"Danabaş” olması təsadüfi deyil. Əvvəla,
ədibin əsərlərində ictimai mühitin mənzərəsini
ifadə edən belə kənd adları çoxdur.
"Ətcələr”, "Lehməli”, "Samanlı”,
"Düdüklü”, "Qapazlı”, "İtqapan” və
s. İkincisi, bu kənd adı Cəlil Məmmədquluzadənin
Azərbaycan mühitinə tənqidi yanaşmasının
ifadəsidir. O bilirdi ki, yalnız bu cür sərt ifadələrlə
mühitə təsir etmək olar.
Ümumiyyətlə,
böyük ustad Cəlil Məmmədquluzadənin əsərlərində tədqiqatçı
Ramiz Qasımovun qeyd etdiyi kimi, ...gülüş və tənqid
"kiçik” adamın vasitəsçiliyi ilə ictimai hədəflərə,
mənbələrə yönəlir.
Cəlil Məmmədquluzadə hansısa əsərində
birbaşa və açıq şəkildə heç bir
ideoloji məqam diqtə etməyib. Ədib, birbaşa deyilməsi
lazım gələn adi məzəmməti də, danlaq və
giley-güzarı da dolayı şəkildə söyləməyi
çox sevir.. Doğrudan da, əgər
yazıçı öz fikrini müstəqim şəkildə
söyləmiş olsaydı, düşünmək
üçün az imkan qalardı. Cəlil
Məmmədquluzadə oxucunu düşündürən sənətkardır.
Cəlil Məmmədquluzadə yaradıcılığı VƏTƏN, MİLLƏT, DİL trilogiyasının möhtəşəm ifadəsidir. Böyük azərbaycançı Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatına istiqlal düşüncəsi gətirmişdir. Açıq ana dilində yazmağın nümunələrini yaratmışdır. Ədibin bütün əsərləri xalqin taleyi ilə birbaşa bağlıdır. Gerçək həyat həqiqətlərinə ayna tutan bu əsərlərdə konkret bir dövrün vəziyyətini, həm də ensiklopedik səviyyədə mənzərəsini seyr etmək olar. Azərbaycan insanının mənəvi-psixoloji aləmini öyrənmək olar. Azərbaycançılıq məfkurəsinin inikasi olan bu əsərləri oxuyan hər kəs orda özünü görür, islah olunmaq istəyir, milli daxili-mənəvi azadlıq haqqında düşünür. Bu mənada Cəlil Məmmədquluzadə yaradıcılığı özünüislahın, azadlığın təcrübə məktəbi kimi böyük əhəmiyyətə malikdir.
Allahverdi MƏMMƏDLİ,
Filologiya elmləri doktoru, professor,
əməkdar jurnalist
Kaspi 2019.- 19 mart.- S.15.