“İnsan
vətənpərvər doğulmur, yetişdirilir”
Qarabağ qazisi Kamil Musəvi: Uşaq ikən
ən böyük arzum
hərbçi və kəşfiyyatçı olmaq idi
Deyir ki, oğul atanın yanında, onun dəstəyini görərək böyüyər. Məhz oğullarımızı belə böyüdəndə, onlar daha ürəkli və sözün əsil mənasında kişi kimi böyüyəcək. "Mənim balam” rubrikamızın qonağı Qarabağ qazisi Kamil Musəvidir. Kamil Musəvi iki oğul atasıdır. Böyük oğlu Nümanın 3, balaca oğlu Həsənin isə 2 yaşı var. Müsahibimiz gündəlik iş qrafiki nə olur-olsun, ilk növbədə övladları ilə maraqlanır, onların gündəlik qayğılarını çəkir. Vətənpərvər ruhda övlad yetişdirmək üçün onlara sevginin nə demək olduğunu izah etməyi vacib hesab edir.
- Kamil
bəy, övladlarınızı tərbiyə edərkən
nəyə daha çox
diqqət yetirirsiniz?
- Oğlanlarımı yetişdirərkən ən
çox onların vətənpərvər
ruhda böyüməsinə
çalışıram. Çünki bir insan vətənpərvər
olmasa, nə qədər savadı olursa-olsun, bu cəmiyyətə
xeyir verə bilməz. Uşaqlarda
vətənpərvərlik hissini ilk olaraq
yaşadığı ərazidə, çevrəsindəki
insanları sevməyi öyrətməklə başlamaq
lazımdır. Daha sonra xalqına, millətinə vicdanla xidmət etmək üçün
uşaq böyüdükcə
yetişdirilməlidir. Əgər bir insan vətənpərvər olmazsa,
o, alim də olsa, savadını başqa
istiqamətdə, zərərli şəkildə sərf edəcək.
Övladlarım hələ çox
kiçikdirlər. Ancaq mən indidən
onlara ananın, vətənin,
torpağın, bayrağın nə demək olduğunu
öyrətmişəm. Təbliğat elə burdan
başlayır.
- Gününüzün
neçə saatını uşaqlarla keçirirsiniz?
- İştirak etdiyim tədbirlər çox olanda, onlarla zaman keçirməyə vaxtım az qalır. Çalışıram ki, ən azı gündə 2-3 saatımı övladlarıma sərf edim. Onlarla zaman keçirməkdən böyük zövq alıram. Övladlarımı bağçaya özüm aparıb-gətirirəm, yol boyu mənə suallar verirlər, bacardığım qədər suallarını cavablandırmağa çalışıram.
- Onları bağçaya aparıb-gətirmək sizə
çətin olmurmu?
- Əslində heç bir çətinlik çəkmirəm. Onlarla zaman keçirmək mənə xoşdur. Bağçadan gətirməyə gedəndə, məni görən kimi üstümə qaçır, boynuma sarılırlar.
- O an hansı hissləri keçirirsiniz?
- O hissi izah etmək
üçün kəlmələr
acizdir. Bir ata olaraq bu mənə çox xoş təsir bağışlayır.
- Bəzən vətənpərvərlik
hissinin insanın genindən, qanından gəldiyini deyirlər. Bu fikirlərlə razısınız?
- Mən heç də belə düşünmürəm. Bu çox yanlış düşüncədir. İnsan vətənpərvər
doğulmur, yetişdirilir.
Körpə dünyaya
gələndən sonra
onu aparıb Amerikada, Avropada böyütsək və xəbəri olmasa ki azərbaycanlıdır,
sabah Azərbaycanda
müharibə olsa, o gələrmi? Bəs onda necə
olur ki, vətənpərvərlik insanın
qanında olur? Ona görə vətənpərvərlik
qan işi deyil. Vətənpərvərlik ailə, məktəb,
cəmiyyət işidir.
Bu gün sənin
torpağın işğal
altındadır və
onu qorumaq sənin borcundur. Biz övladlarımıza bunun izahını verməliyik. Onları bu
ruhda böyütməliyik.
Düzdür, mənim oğlanlarım
çox kiçikdir,
ancaq uşağa elə uşaq yaşından izah etmək lazımdır.
Hər şey uşaqlıqdan başlayır.
- Valideynləriniz
sizi uşaqlıqdan bu ruhda böyüdüb?
- Hər şey ilk olaraq ailədən, məktəbdən, sonra cəmiyyətdən başlayır,
bunların hamısı
bir-birini tamamlamalıdır.
Mən uşaq yaşlarımdan belə idim. Uşaq ikən oyunlar oynayırdıq. Bu oyunlarda bir vardı
düşmən, bir də vardı onları axtaran qrup. Mən həmişə düşməni axtaran qrupun tərkibində idim. Düşmənlərə necə yaxınlaşıb,
onları necə yaxalaya biləcəyim haqqında düşünürdüm.
Uşaq ikən ən böyük arzum hərbçi və kəşfiyyatçı olmaq
idi. Mən uşaqlıq arzuma
çatdım və peşman da deyiləm.
- Onda da düşmənləri
tuta bilirdinizmi?
- Gizli yollarla alternativlər axtarmağa
başlayırdım. Düşmən hesab etdiyim dostlarım
heç vaxt əlimdən qurtula bilmirdilər.
- Deyəsən, nadinc uşaq olmusunuz.
- Elədir. Hətta anam deyirdi ki, səni yerə
qoyurduq, 10 saniyədən
sonra gözdən itirdin. Ancaq uşaq yaşlarımdan
nizam-intizamlı olmuşam.
Böyüklərə hörmət və
sevgi ilə yanaşmışam.
- Hansı övladınız sizin uşaqlığınıza daha
çox bənzəyir?
- Görünüşcə böyük
oğlum mənə daha çox bənzəyir. Əslində ikisində də
oxşarlıq var. Uşaqlarım
hər hansı tərslik edəndə, həyat yoldaşım deyir ki, eynən
atasıdır.
- Adətən bizdə uşağın qayğıları
ilə xanımlar məşğul olur – həm də bağçaya aparıb-gətirməklə.
- Əslində bağça
çox uzaqdır. Maşınla uzun yol qət
etməli bir məsafədir. Həyat yoldaşım
özü çalışır
deyə, onların hamısını birlikdə
aparıb-gətirirəm. Ata övladı ilə təmasda olanda, övlad kişi
kimi böyüyür.
Atanın zəhmini
hiss edir. Ana ilə atanın zəhmi heç vaxt bir ola bilməz. Kişi güclü olur
deyə, uşaqlar hər zaman qadını zəif görürlər. Ata zəhmi tamam başqa bir şeydir. Bunu elm də, həyat
da sübut edir. Ona görə çalışıram,
uşaqlarla maksimum dərəcədə ünsiyyətdə
olum.
- Sizcə, böyüyən gənclik
vətənpərvər ruhda
yetişirmi? Onların böyüdüyü mühit sizi qane edirmi?
- Təbii ki, cəmiyyətimizdə vətənpərvər
ruhda olan gənclər də var, olmayanlar da. Ancaq sözün əsl
mənasında biz çox
gözəl millətik.
Vətəni üçün canını fəda etməyə, qurban verməyə hazır olan millətik. Aprel hadisələrində biz bunun
bir daha şahidi olduq. Bütün bölgələrdən orduya
dəstək vermək
üçün gənclərimiz
axın etdi. Vətənpərvər gənclərimiz çoxdur, sadəcə onlara yol göstərib,
düzgün yolu izah etmək lazımdır.
- Vətəni sevmək üçün ilk növbədə
nədən başlamalıyıq?
- İlk növbədə
bayrağımızı, ailəmizi
sevməliyik.
- Ailə də bir vətəndirmi?
- Əlbəttə ki... Biz hər zaman
vətənimizi ana adlandırırıq, ona ana vətən deyirik. Ailə sevgisi mütləqdir.
Biz bu gün
düşmənlə təmasdayıq.
Vətənimizi təbii ki,
qorumalıyıq. Evimizi qorumaq
üçün onu hasara alırıq, ancaq torpağımızı
qorumaq üçün
hərbi xidmətə
gedib onu düşməndən qorumaq
üçün çəkinirik.
Niyə?
Vətəni qorumasaq, heç
ailəmiz də olmaz. Vətəni olmayanın heç
bir şeyi olmaz.
- Övladlarınızı
böyüdərkən hansı
üsuldan istifadə edirsiniz? Dədə-baba üsulu köməyinizə
çatırmı?
- Keçmiş, dədə-baba
üsullarına daha çox üstünlük
verirəm. Uşaqlarımı valideynlərimdən gördüyüm kimi böyüdürəm. Misal üçün,
indi uşaqların saçını kəsdirəndə,
başda "z” hərfi
kimi və ya başqa cizgilər
çəkdirirlər. Mən bu kimi şeyləri
uşaqlarıma tətbiq
etmirəm. Onları cırıq
və dar şalvarlar geyinməyə
qoymuram.
- Hesab edirsiniz ki, həmin
geyimlər uşağın
tərbiyəsində rol
oynayır?
- Elə hesab etmirəm. Amma zamanla bu, uşağın
xarakterinə az da olsa
yansıyır. Bu gün
o cırıq şalvarı
geyinən uşaqlar sabah ona
normal baxacaq və başqa tələbatları
yaranacaq. Əgər insan uşaqlıqdan
elə böyüyürsə,
sonradan o tip geyinəndə
narahat olmağa başlayır. Bu mənim öz düşüncəmdir.
- Bəs övladlarınızı necə
cəzalandırırsınız?
- Maksimum dərəcədə
az cəza
verməyə çalışıram.
Mən cəzalandıranda bir dəfə sərt baxıram, bəs edir. Uşaq bir səhv edəndə ona "olmaz” deməyi düzgün qiymətləndirmirəm.
Uşağa hər şeyi
başa salmaq lazımdır. Uşağa "eləmə” deməyin tərəfdarı deyiləm.
- Bəs uşaq onu başa
düşmürsə?
- Başa düşmürsə,
hər dəfə ona izah etməlisən.
Biz sözü bir dəfə deyirik, əgər uşaq anlamırsa, onu "qanmaz” adlandırırıq. Əlbəttə ki, o qanmır,
çünki uşaqdır.
Əgər qansaydı, bizim
ona tərbiyə verməyimizə ehtiyac olmazdı.
- Sizcə, döymək tərbiyə
üsuludurmu?
- Əsla. Döyülmək uşağa psixoloji
təsir göstərir.
Onu qorxaq yetişdirir. Atalar var ki, övladlarına
ömrü boyu əl qaldırmayıb.
Ancaq 15 ildən sonra ona əl
qaldıranda düşünür
ki, atam 15 ildir mənə əl qaldırmır, gör onu hansı
həddə çatdırmışam
ki, o artıq mənə əl qaldırır. Bunun özü tərbiyə
metodu deyilmi? Uşaq fikirləşir ki, atam pis olsaydı,
bu günə kimi döyərdi. Əgər bu günə kimi əl qaldırmayıbsa,
demək ki, səhvi mən etmişəm.
- Övlad
böyüdən gənc valideynlərə nələri məsləhət
görürsünüz?
- İlk növbədə
vətənpərvər böyütmələrini tövsiyə
edirəm. Hər bir valideyn
öz övladına yanında
olmağı öyrətməlidir. Dostunu,
ata-anasını, çevrəsindəki insanları sevməyi
öyrətmək lazımdır, uşaqlar
hörmət göstərməyi bilməlidirlər.
Uşaqları sevgi ilə böyütsünlər.
Belə olan halda, cəmiyyətdə
bütün insanlar
bir-birinə inanacaq və sevgi
ilə yanaşacaqlar. Hər bir ata övladı üçün
çalışmalıdır. İnsanlar
olur ki, özlərini
nələrinsə müqabilində satırlar. Hər bir insan gərək tək
özümü düşünməsin. Bir atanın övladına qoyub
getdiyi ən gözəl mirası onun təmiz adıdır. Ləkə
götürməyəcək adı.
Xəyalə Rəis
Kaspi 2019.- 15 mart.- S.11.