100
yaşlı maarif işığı
Bu işığı sovet
dövründə də heç bir ideologiya söndürə
bilmədi
"Qazax deyəndə gözümüzün
önünə Azərbaycan maarifçiliyinin beşiyi gəlir. Bu diyar həmişə
öz maarifçi şəxsiyyətləri, böyük elm,
təhsil, mədəniyyət xadimləri ilə
tanınıb, maarifçilik ənənələri ilə
seçilib. Bu torpaqda yandırılan
maarif işığı bütün Azərbaycanı
işıqlandırıb”. Qazaxda – Molla Vəli Bidadi,
Molla Pənah Vaqif, Səməd Vurğun, Hüseyn Arif,
İsmayıl Şıxlı, Osman Sarıvəlli, Mehdi
Hüseyn, Mirvari Dilbazi,
Əliağa Şıxlinski, Qaçaq Kərəm kimi
görkəmli şəxsiyyətlərin doğulduğu
torpaqda qonaq olmaq, bu yerlərin mehriban, qonaqpərvər
olduqları qədər də, səmimi insanlarının
söhbətlərini eşitmək, sinədəftər xatirələri
dinləmək elm, təhsil və mədəniyyət
tariximizin qiymətli səhifələri ilə yaxından
tanış olmağa bərabərdir.
Ölkə
başçısının 2017-ci il
noyabrın 3-də imzaladığı «Qazax Müəllimlər
Seminariyasının 100 illik yubileyinin qeyd olunması»
haqqında sərəncamına uyğun olaraq, Təhsil
Nazirliyinin keçirdiyi «Novruz mühazirəsi»nin növbəti
ünvanı olan Qazax da, qonaqlarını «100 yaşlı
maarif işığı»na topladı.
Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə 40 ildən
artıq -1918-ci ildən 1959-cu ilə qədər ləyaqətlə
xidmət edən Qazax Müəllimlər Seminariyası
respublikanın bölgələri ilə yanaşı,
qonşu ölkələr üçün də uzun illər
boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlayıb. Təhsil
ocağının yetirmələri sırasında adları
elm və mədəniyyət tarixinə həkk olunmuş
tanınmış şəxsiyyətlər
çoxdur.
2
saylı məktəbin akt zalında keçirilən tədbiri
açıq elan edən Təhsil Nazirliyinin şöbə
müdirinin müavini Əsgər Quluyev qeyd etdi ki, Qori
Seminariyasını bitirən 250 azərbaycanlı məzunun
üçdə biri Qazaxdan idi: "Qazaxın potensialı
Qori Seminariyasının tatar bölməsinin məhz bu şəhərdə
açılmasına imkan verirdi. Digər tərəfdən,
Qazax Qafqazın maarifçilik mərkəzi sayılan Tiflisə
yaxın idi. Həmçinin İrəvanda
olan azərbaycanlılar da bura yaxın məsafədə
yaşayırdılar. Ancaq bəzən
fikirlər səslənir ki, Firudin bəy Köçərlinin
həyat yoldaşı Badisəba xanım qazaxlı
olduğundan, tatar bölməsinin fəaliyyəti
üçün məhz Qazaxı seçib. Ancaq Qazax maarifçilik baxımından yüksək
potensiala malik olduğundan, AXC hökuməti də
seminariyanı məhz burada təşkil etdi. Hökumətin ölkədə təhsil sahəsində
ilk islahatı məhz bu seminariyanın yaranması oldu. Ana dilində tədrisin əsası da bu seminariyada
qoyuldu”. 1923-cü ildə
ilk buraxılışını edən seminariya, 1925-ci ildə Qazax
Pedaqoji Texnikumuna çevrilir.
Görkəmli
şəxsiyyətlər yurdu
Seminariyanın
yetişdirdiyi müəllimlərin Azərbaycanın
bütün bölgələrində, eləcə də
qonşu respublikanın Azərbaycan kəndlərində savadsızlığın
aradan qaldırılmasında, elmin inkişafında
böyük xidmətlər göstərdiyini, əsl maarif
çırağı yandırdığını qeyd edən
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb
Babaşov bildirdi ki, təhsil ocağı, adları Azərbaycanın
ədəbiyyat tarixinə qızıl hərflərlə
yazılmış Səməd Vurğun, İsmayıl
Şıxlı, Osman Sarıvəlli, Mehdi Hüseyn kimi
görkəmli şəxsiyyətlər yetişdirib. Bu təhsil
məbədi özündən sonra böyük mədəni irs qoymaqla, adını Azərbaycanın
maarifçilik tarixinə əbədi həkk etdirib. İcra
başçısı qeyd etdi ki,
prezident İlham Əliyevin Qazax Müəllimlər
Seminariyasının 100 illik yubileyinin keçirilməsi ilə
bağlı sərəncamından sonra Təhsil Nazirliyi, Qazax
İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər
həyata keçirilib. Belə ki, İH tərəfindən
hazırlanan Tədbirlər Planı nazirliyə təqdim edilərək
təhsil naziri tərəfindən təsdiq olunub. Həmçinin rayonun elm, təhsil və ictimaiyyət
nümayəndələrindən ibarət komissiya
yaradılıb. Seminariyanın 100 illiyi ilə
bağlı «Ziya ocağı» adlı tarixi kitabın
yazılması qərara alınıb. Yubileylə
bağlı «Qoridən gələn ziya qatarı»
adlı filmin çəkilməsi də nəzərdə
tutulub. Həmçinin seminariyanın tarixi ilə
bağlı may ayında AMEA, BDU və s. təşkilatlarla
birgə geniş konfrans keçirilməsi
planlaşdırılıb.
2862 nəfər
pedaqoji mütəxəssis
AMEA-nın
həqiqi üzvü, millət vəkili Nizami Cəfərov məruzəçi
kimi seminariyanın fəaliyyət tarixindən söhbət
açdı: "1875-ci ildə Rusiya imperatoru xüsusi sərəncamla
Zaqafqaziyada
ayrıca seminariya yaradılması ilə
bağlı qərar qəbul etdi. Məqsəd
Cənubi Qafqazda rus, erməni və gürcülərə rus
dilində təhsil verilməsi və çar hökuməti
üçün məmurlar hazırlamaqdan ibarət idi. 1876-cı ildə Qori şəhərində
seminariya yaradıldı. O zaman tatar şöbəsi hələ
yaradılmamışdı. Qafqaz
Canişinliyinin marağı ilə tatar bölməsi
açıldı. Bu bölmənin əsas
fəaliyyəti 1879-cu ilə təsadüf edir. O zaman məktəb
açılanda da türklərin oxumasına məhəbbətlə
razılıq verməyiblər. Ancaq tatar
bölməsi digər bölmələrdən uğurlu fəaliyyət
göstərib. Biz bu bölmənin
uğur qazanması üçün şamaxalı rus
ziyalısına – Aleksey Osipovuç Çernyayevskiyə minnətdarıq.
O, türk dilini yaxşı bilirdi. Çernyayevski
bütün regionları gəzərək istedadlı
uşaqları yığırdı. Qori
Müəllimlər Seminariyasının tatar bölməsi
qısa bir müddətdə həm dərsliklərlə təmin
olundu, həm də tatarların təhsil ala bilmələri
haqqında inam yaratdı. Firudin bəy Köçərli,
Baba bəy Səfərəlibəyov, Teymur bəy Mahmudbəyov,
İsmayıl ağa Vəkilov, Məmməd ağa
Şıxlinski, Rəşid bəy Əfəndiyev kimi
ziyalılar müxtəlif regionları təmsil edirdilər”. 1879-cu ildən 1918-ci ilə qədər fəaliyyət
göstərən Qori Seminariyası 250 nəfər azərbaycanlı
müəllim yetişdirir. Bu müəllimlərin
böyük bir hissəsi Azərbaycan
ziyalılığının sosial genefondunu təşkil
edirdi. Onların çoxu isə Qazaxdan idi: "Bu, bizim
tariximiz üçün qiymətli hadisə idi. Xalq Cümhuriyyəti yaranandan sonra - 1918-ci ildə
Seminariyanın tatar bölməsinin Azərbaycana gətirilməsi
məsələsi müzakirə olundu. Bu
bölmənin harada yerləşdirilməsi məsələsi
qarşıda durdu. Müxtəlif
variantların içərisində məhz Qazaxa gətirilməsi
üstünlük təşkil etdi. Bu,
dövlətin qərarı ilə baş verən hadisə
idi. Azərbaycan bölməsinin gətirilib
Qazaxa köçürülməsi üçün Firudin bəy
Köçərliyə 5 min rubl pul verilir.
Problemlərə, maliyyənin azlığına
baxmayaraq, xalq maarif naziri Nəsib bəy Yusifbəylinin nəzarəti
ilə tatar bölməsinin yerləşdirilməsi təmin
edilir. Bölməyə rəhbər təyin olunan Firudin bəy
Köçərli qısa bir müddətdə uğurlu bir
kollektiv yarada bilir”. Akademik qeyd etdi ki, Qazax Müəllimlər
Seminariyası Xalq Cümhuriyyətinin birbaşa sərəncamı
və iradəsi ilə yaradılır: "Əgər Qazax
camaatının bu işə xüsusi köməyi və
marağı olmasaydı, bu qərar bəlkə də
heç bir nəticə verməzdi. Çünki bu hadisədən
əvvəl Qazax ziyalıları AXC-yə Qori
Seminariyasının tatar bölməsinin Qazaxa
köçürülməsi ilə bağlı məktub
yazmışdılar: "Seminariyanın yerləşdiyi yerdən
də böyük yer verməyə hazırıq. Bəri başdan 3000 manat, sonra da hər il 1000 manat
verəcəyik” deyə yazmışdılar. Qazax bu məsuliyyətin altına girməli idi.
Çünki şıxlinskilər, vəkilovlar,
qiyasbəylilər o məktəbdə oxumuş və Qazaxda
ziyalı mühiti yaratmışdılar. Digər
tərəfdən, Qazax Qoriyə yaxın məsafədə
yerləşirdi. Tatar bölməsi fəaliyyətə
başlayandan sonra təxminən 2 il
müddətində bu təhsil ocağında Qori ənənələri
bərpa olundu. Seminariyanın ilk məzunları
sırasında Səməd Vurğun, İsmayıl
Şıxlı, Osman Sarıvəlli və Mehdi Hüseyn kimi
gələcəyin tanınmış şəxsiyyətləri
vardı. Sağlam
bir mühitlə bu məktəb bizim
ziyalılarımızın yetişməsi üçün
böyük nailiyyətə imza atdı. Sovet
dövründə də bu məktəbi heç bir ideologiya
sındıra bilmədi. Qori Müəllimlər
Seminariyasının Azərbaycan şöbəsinin varisi kimi
Qazax Müəllimlər Seminariyası Azərbaycanın maarif
salnaməsinin ən parlaq səhifələrindən birinə
çevrildi. Qazax Müəllimlər
Seminariyası fəaliyyət göstərdiyi illər ərzində
2862 nəfər pedaqoji mütəxəssis hazırlaya bildi.
Bu seminariya, bütün fənlərin tədrisinin ana dilində,
mütərəqqi üsullarla aparıldığı yeni təhsil
ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin
inkişafına misilsiz töhfələr verdi”.
1920-ci ilə
qədər 908 nəfər
Bakı
Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə həmin
dövrdə Azərbaycan təhsilinin vəziyyətinə
toxundu: «Biz Qazaxda savadlıların çox olmasının təsirini
Azərbaycan Cümhuriyyəti qurularkən də
görürük. Ən mühüm dövlət
orqanlarında qazaxlılar rəhbər vəzifələrdə
çalışırdı. Maarif naziri Dadaş Bünyadzadə
"Azərbaycanda 60 nəfər ali təhsilli var” desə də,
bu, xalqımıza qarşı böhtan idi. Çünki
həmin şəxslərin çoxunu güllələmiş,
ölkədən sürgün etmişdilər”.
Rusiya,
Ukrayna, Gürcüstan və s. ölkələrin arxivlərində
aparılan araşdırmalar nəticəsində 1920-ci ilə
qədər 908 nəfərin ali məktəblərdə
oxuması ilə bağlı sənədləri üzə
çıxaran tarixçi alim nəşr etdirdiyi kitabda 738 nəfərin
şəxsi işini çap etdirdiyini qeyd etdi. Ə.Tahirzadə
Qazax ziyalılarına üz tutaraq «Əgər o dövrdə
seminariyada oxuyanlar haqqında əlinizdə hər hansı sənəd
varsa, onların itib-batmaması üçün bizə təqdim
edin” dedi. Seminariyanın 90 yaşlı məzunu Nuşrəvan
Xəlilov xatirələrini
bölüşdü: «Çətin dövr idi. Gün ərzində bir avtobus işləyirdi. Mən iki qız tələbə ilə bir kənddən
digər bir kəndə hər gün piyada gedib-gəlirdik.
İki il beləcə gedib-gəldik. Seminariyanın fəaliyyəti Qazaxda məhz o
dövrün ziyalılarının hesabına baş tutub.
Qazax Gürcüstanla sərhəddə yerləşdiyi
üçün seminariya məhz burada yaradılıb ki,
yaxın respublikalarda yaşayan azərbaycanlılar
üçün oxumaq asan olsun”.
Xalq
Cümhuriyyətinin abidəsi
Tədqiqatçı-jurnalist
Akif Aşırlı Qazax Müəllimlər
Seminariyasını Xalq Cümhuriyyətinin ən gözəl
abidəsi adlandırdı: " Ənənələri bu
gün də yaşayan təhsil ocağının
yaradılması ilə bağlı qərar, hələ
öz ölkəsində özünü təmin edə bilməyən,
bolşevik-erməni birləşmələrinin Bakıdan
Göyçaya qədər gəlib çıxdığı,
bolşeviklərin cənubda tüğyan etdiyi bir dönəmdə
verildi. Bu sərəncamın böyük əhəmiyyəti
var idi. Məhz o qərarın nəticəsidir
ki, bu gün də Azərbaycanın hansı guşəsinə
gediriksə, orada Qazax Seminariyasının yetirdiyi tələbələr
var. Hətta o məzunlar birləşib bir çox yerlərdə
"Qazaxlı məhəllələri” yaratdılar. Bu baxımdan Qazaxın Azərbaycan təhsilinə,
elminə, ədəbiyyatına, ictimai fikir tarixinə verdiyi ən
böyük töhfələrin kökündə AXC-nin
seminariyanın yaradılması ilə bağlı
imzaladığı sərəncam durur. Qazax təkcə
maarifçilik missiyasının daşıyıcısı
kimi deyil, həm də Cümhuriyyət dönəmində
azadlıq hərəkatının başlandığı məkandır”.
A.Aşırlı təhsil illərini xatırlayaraq
çıxışını müəllimləri
qarşısında hesabat kimi dəyərləndirdi:
"Deyirlər ki, qazaxlılar ədəbiyyata, poeziyaya
maraqlıdırlar. Yəqin ki, bunun da
kökü həmin müəllimlərlə bağlı idi
ki, biz də riyaziyyatı ədəbiyyat qədər sevək,
həmçinin ədəbiyyatda da bir riyaziyyat görək.
Mənə dərs verən müəllimlərin
bir qismi Qazax Müəllimlər Seminariyasının müəllimləri
idi. Bu gün cəmiyyətdə uğur
qazanmağımızın bir səbəbi də həmin pedaqoqlardan dərs
almağımızdır. Bu insanların Azərbaycan elminə verdiyi töhfələr
kifayət qədər müstəsna idi. Mən
o insanların ruhu və müəllimlərimin
qarşısında baş əyirəm”.
Mühazirə iştirakçıları tədbirin
keçirildiyi 2 nömrəli tam orta məktəbin həyətində
seminariyanın 100 illiyi münasibəti ilə 100 ağac əkmə
aksiyasında iştirak etdilər. Qazax Müəllimlər Seminariyasının
binası ilə tanışlıq isə qonaqlara tarixlə
üz-üzə dayanma təəssüratını
yaşatdı. Ziyası
bütün ölkəni işıqlandıran seminariya
binasının təmir olunub yaşadılmasına isə
söz verildi...
Təranə Məhərrəmova
Qazax-Bakı
Kaspi 2019.- 15 mart.- S.6.