İnsan əzablardan
keçərək kamilliyə yetişir
Kənan Hacı: “Vətənə,
ailəyə, dosta, qardaşa, digər müqəddəs
anlayışlara sahib çıxınca insan həm
güclü olur”
"Sevdiyim əsər” layihəsində yazarların,
elm, sənət adamlarının ən çox sevdikləri əsər
haqqında söhbət edirik. Budəfəki həmsöhbətimiz
yazıçı, şair, Kənnan Hacıdır. K.Hacının sevdiyi Mixail Şoloxovun
"İnsanın taleyi” əsəridir.
– Hansı məziyyətlərinə
və bədii keyfiyyətlərinə görə Mixail
Şoloxovun "İnsanın taleyi” əsəri sizin sevdiyiniz
əsərdir?
–
Ümumiyyətlə, M.Şoloxuvun bütün əsərləri
zəngin həyat təcrübəsinə söykənir. Don kazaklarının bəxtinə
düşmüş məhrumiyyətlər, kataklizmlər
onun qələmində ədəbiyyat faktına çevrildi.
"İnsanın taleyi” isə konkret olaraq bir fərdin
və ya fərdlərin deyil, bütöv şəkildə
insanlığın taleyini özündə ehtiva edir. Ədəbiyyatın başlıca predmeti insandır
və Şoloxov bu əsərdə iki rus insanının
timsalında həyatın əbədi qanunu olan doğuluş
və ölümü bir hadisə kimi əyaniləşdirir.
Bu əsərdə insanın ölümü
birbaşa təsvir edilmir. Ölümlə
mübarizə aparan insanın tədricən ölümə
məğlub olmasını, məhv olma prosesini
ağrılı şəkildə göstərir. Amma bu ölüm həyatın sonu deyil,
bütün itkilərə rəğmən insan
yaşamağa məhkumdur. Ölənlərin
yarımçıq qalan ömrünü qalanlar davam etdirir.
Həcmcə kiçik olsa da əsərin
nüvəsində mahiyyəti etibarilə böyük bir mətləb
dayanır. Elə əsərlər var ki, əhatə
dairəsi genişdir, amma dərin deyil. Amma
"İnsanın taleyi” özündə həm genişliyi,
həm də dərinliyi birləşdirir, oxucunun
yaddaşında dərin iz buraxır. Bu əsərdə
insanın məğlubedilməzliyi, həyat dözülməz
olanda da özündə güc tapıb yaşamaq
üçün bir səbəb tapa bilməsi onu mənə
sevdirən əsas xüsusiyyətdir.
– Hekayənin birinci hissəsinin
ümumi atmosferə təsiri hansı səviyyədədir?
Sokolov birinci şəxsin dilindən öz hekayəsini
danışsaydı, hekayənin ümumi quruluşunda nə
itərdi?
– Əsər üç hissədən – müharibədən
əvvəlki dövr, müharibə dövrü və
müharibədən sonrakı dövr – ibarətdir. Birinci hissədə
oxucu hadisənin necə cərəyan edəcəyindən xəbərsizdir.
Giriş klassik ədəbi ənənəyə
xas tərzdə yazılıb. Təsadüfi
deyil ki, ədəbiyyat nəzəriyyəçiləri
Şoloxovu Tolstoy, Dostoyevski ənənələrinin
davamçısı hesab edirlər. Gələcəkdə
baş verəcək hadisələrin seçildiyi məkanın
uzun-uzadı təsvirləri, idillik ovqat, təbiətin
atmosferi və obrazların daxili aləminin bu atmosferlə
uyğunlaşması, kinematoqrafik detallar XIX əsrin
sonları, XX əsrin əvvəllərinə xas olan təhkiyə
tərzi idi. Bu ədəbi tipologiya 50-ci
illərə qədər davam etdi. Sözsüz
ki, Şoloxov realist yazıçı idi və öz
yaradıcılığında da realizm ənənələrinə
sonadək sadiq qaldı. Təhkiyəçi
hansısa işdən ötrü Bukanovskaya stanitsasına
gedir, bunun üçün yol yoldaşıyla birlikdə
qayıqla Yelanka çayının o üzünə
keçməli olurlar. Qışın son
aylarıdır, havalar isindikcə qarlar əriyir, çaylar
daşır. Çay təhlükə mənbəyinə
çevrilir. Onlar isə qarşı tərəfə
keçməlidirlər. Məncə,
çay metaforik bir obrazdır, müəllifin niyyətinə
xidmət edir. İnsan hansısa hədəfə
çatmaq üçün qarşısındakı maneəni
keçməlidir. İnsan o maneələri
adlaya-adlaya məqsədlərinə çatır. Yazıçı oxucuya bu mesajı
ötürür. Müharibə də bəşəriyyətin
rifah içində yaşaması üçün bir maneədir
və yaşamaq, var olmaq üçün bu təhlükəni
dəf etmək lazımdır. İtkilər
vermədən mümkün deyil. Əsərin
strukturu belə qurulub, Sokolov və Vanya çayın o
üzündədirlər. Çayın o
üzünə keçmək lazımdır ki, biz onları
tanıyaq. İnsanın taleyi budur – həyat
çayını keçmək və bəlli həqiqətlərə
qovuşmaq. Əsər birbaşa Sokolovun
dilindən nəql edilsəydi, süjet və məzmunda
natamamlıq yaranardı.
– Əsərin ideyasından
elə məlum olur ki, obrazın bütün ailəsi məhv
olsa da, Sovet hökuməti hər zaman onun yanındadır. Əsərin təbliğat maşınının bir
hissəsi olması, müəllifin sənətkarlığına
mənfi və müsbət tərəfləri
hansılardır?
–
Müharibədən çıxmış ölkənin
yazıçısı başqa cür yaza bilməzdi. Onun ölkəsi qalib gəlsə belə geridə
dağıdılmış şəhərlər,
böyük miqyasda insan tələfatı, şikəst
edilmiş ömürlər vardı. Ədəbiyyat
həm də bu yaraları sağaltmaqla məşğul idi.
Sözsüz, qeyri-sağlam atmosferdə hakim ideologiyanın
fövqündə ola biləcək əsər
yazmaq müşkül məsələ idi. Yazanları
da B.Pasternakın aqibəti gözləyirdi. M.Şoloxov Soljenitsın kimi mühacirət etmədi,
sovet hökumətinin bütün titullarını aldı.
Amma məsələ burasındadır ki, bu
gün Şoloxov sovet yazıçısı kimi deyil, rus
yazıçısı kimi xatırlanır. M.Şoloxovun yüksək bədii sənətkarlığı
onu "Gənc qvardiya”nı yazan A.Fadeyevdən qat-qat
yuxarı mərtəbəyə qaldırır. Şoloxovun sənətkarlığı ondadır
ki, hansı tərəfin qalib olmasından asılı
olmayaraq müharibənin insanlığa vurduğu sağalmaz
yaraları balaca bir əsərdə göstərə bilir.
Sözsüz, əsərdə o dövrün,
zamanın ruhu, intonasiyası qabarıq hiss olunur. Epoxanın daxili mexanizmi belə qurulmuşdu və
Şoloxov da öz zamanının övladı idi. Amma "İnsanın taleyi” bütün
ideologiyaların fövqündə olan bir əsərdir.
Müharibə və insan. Heç
vaxt köhnəlməyən mövzulardır. Bir nüans da var, insanların müharibəyə
baxışı da zamanla dəyişir. Troya
müharibəsi fərdlərin toqquşması nəticəsində
baş vermişdi, qəhrəmanlar savaşı alın
yazısı kimi qəbul edirdilər, sonrakı dövrlərdə
müharibənin mahiyyəti də dəyişdi. Fərdlərin savaşı toplumların
savaşıyla, toplumların savaşı xalqların
savaşı ilə əvəz edildi. Birinci
Dünya Müharibəsindən sonra insanlıq tarixi tamamilə
başqa bir mərhələyə adladı və bu dəyişiklik
sənətdən tutmuş siyasətə qədər
bütün sahələri əhatə etdi. Hegemon dövlətlərin siyasi mənafelər
toqquşması növbəti müharibənin
başlanmasını qaçılmaz etdi. Bu dövrün də öz yazıçılar nəsli
yetişdi. Şoloxov özü də bir fərd
olaraq bu müharibələrdən öz nəsibini
almış yazıçı idi. Onun
uşaqlığı da, gəncliyi də müharibə ilə
zədələnmişdi. "İnsanın
taleyi” onun həm bir vətəndaş, həm də bir
yazıçı kimi bütün müharibələrə
etirazı idi. Yazıçı müharibədə
əzizlərini, doğmalarını itirmiş insanlara Sokolov
obrazını yaratmaqla təsəlli verir. Demək istəyir ki, baxın, Sokolov bütün ailəsini
itirdi, amma o, yaşamaq üçün yenə özündə
güc tapa bildi, bundan sonra Vanya üçün yaşayacaq.
Əsərdə yüksək rasional pafos yoxdur.
Övladlarını itirən atalar
atalarını itirmiş Vanyalar üçün o ataları əvəz
etməlidir. Bu baxımdan, sizin təbirinizcə
desək, "təbliğat maşınının bir hissəsi”
olması əsərin ədəbi dəyərini zərrə
qədər də azaltmır.
– Balaca Vanya və Sokolovu eyni tale birləşdirir. Ümumiyyətlə, müharibə
hamıya eyni cür baxır, fərq qoymur. Hər
ikisinin doğmaları müharibədə ölüb.
Sokolovun həyatından müharibə keçməsəydi,
Vanyaya qarşı bu qədər həssas olardımı?
–
Müharibə insanları ayırdığı kimi həm də
birləşdirir. Yaddaşımda ilişib
qalmış bir mini hekayəti xatırladım. Bir
gün qoca bir kişi evinin astanasında
oturub qəlyanını tüstülədə-tüstülədə
qonşusu ilə söhbət edirmiş, daha doğrusu, ona
öz həyatını danışırmış. Qoca söhbətinin sonunda deyir ki, əsl xoşbəxtlik
bütün bu əzab və işgəncələrin
yekunudur. Qonşusu bilmir nə cavab versin,
çünki o, heç vaxt xoşbəxt olmayıb.
Situasiyalar dəyişdikcə insanların bir-birinə
münasibəti də dəyişir, sülh şəraitində
bir cür davranan adam müharibə şəraitində
tamam başqa bir insana çevrilir. Amma burası
dəqiqdir ki, itkilər, əzab və məhrumiyyətlər
insanları müdrikləşdirir. İnsan əzablardan
keçərək kamilliyə yetişir, həyatla əzablar
vasitəsilə tanış olur. Tanrı bütün itkilərin müqabilində
Sokolova Vanyanı bəxş edir.
– Hekayənin son hissəsində
Sokolov gəzdiyi şəhərin hamısında Vanyanı
axtardığını deyir. Vanya onun üçün
ümidin, sevginin, xoşbəxtliyin simvoludur. Müharibəyə
hekayənin arxa fonu kimi baxıb, kameraları baş obrazın
daxilinə tutsaq, onu xoşbəxtlik axtarışında olan
yolçu hesab eləmək olarmı?
– Müharibə Sokolovun xoşbəxtliyini əlindən
alıb. Amma o, bununla barışmaq istəmir, yaşamaq
üçün bir səbəb axtarır. Xoşbəxtlik nisbi anlayış olsa da insanın
ruhi müvazinətini qoruyub saxlaya bilməsi üçün
onu həyata bağlayan tellər mütləq olmalıdır.
Bu povest müharibənin və müharibədən
sonrakı dövrün real mənzərəsini dəqiqliklə
ifadə edir. O dövrdə hamı – hətta
atalarını, oğullarını, ərlərini itirənlər
belə – ani xoşbəxtlik eyforiyası içində idi,
çünki müharibə bitmişdi, özü də qələbə
ilə. Bu, aldadıcı xoşbəxtlik idi.
Bir ömür boyu sürəcək əzablar,
ağrılar isə sonra başlayacaqdı. Dinc həyatın içində də mərmi səsləri
savaşdan sağ çıxmış insanların
rahatlığını əlindən alacaqdı, hisslərini,
duyğularını bombardman edəcəkdi. Həyat isə davam edirdi. Müharibədən
çıxmış xalq xoşbəxtlik
axtarışına çıxmışdı, insanların
bütün mənəvi enerjisi bu istiqamətə yönəlmişdi.
Bu mənada sizin sözünüzdə həqiqət
var. Sokolov da həyatını yenidən qazanmaq istəyirdi.
– Hekayənin
birinci hissəsində Vanyaya qoca deyə müraciət olunur. Üçüncü – söhbətə şahid
olan şəxsin onu belə adlandırmağının səbəbini
hekayənin bundan sonrakı hissələrinə işarə
hesab etmək olarmı? Çünki,
yaşımızı, əslində,
yaşadıqlarımız müəyyən edir və bu mənada
Sokolov və Vanya yaşıddırlar...
– Onlar
tale ortağıdırlar. Biri
övladlarını itirib, o birisi isə valideynlərini.
Vanya müharibədə təkcə valideynlərini
deyil, həm də uşaqlığını itirib. Bu zarafat həm də qatı bir kədər
örtüyünə bürünüb. Müharibə
Vanyanı çox erkən böyüdüb, o da Sokolov kimi bu
həyat səhrasında təmtək qalıb. Müharibə Vanya üçün erkən
xaça çəkilmə kimiydi. "Qoca”
ifadəsinə zorən qondarma məna yükləmək və
ya hansısa təsbit axtarmağa da ehtiyac yoxdur. Məhz sizin dediyiniz kimidir, təhkiyəçinin
uşağa "qoca” deyə müraciət etməsi
bütün müharibə uşaqlarının əlindən
alınmış uşaqlığını simvolizə edir.
– Əsərdə sizə təsir
edən və ya xüsusi olaraq diqqətinizi çəkən
məqam, detal hansıdır?
–
M.Şoloxov təsvirin, xüsusən də savaş təsvirlərinin
ustasıdır. "Sakit Don”da elə
tükürpədici təsvirlər var ki, ürəyi zəif
adamlar buna tablaya bilməz. Ümumiyyətlə,
Şoloxovun nəsri ağır təəssüratlar nəsridir.
"İnsanın taleyi”ndə ən
sarsıdıcı məqam Sokolovun əsirlikdən xilas
olduqdan sonra doğma kəndinə məzuniyyətə
qayıdışı zamanı
qarşılaşdığı mənzərədir, o, vaxtilə
öz əlləriylə tikdiyi evin yerində çirkli su ilə
dolmuş dərin çuxurla rastlaşır. Burda heç bir həyat nişanəsi
görünmür. Qırx ikinci ildə
almanlar təyyarə zavodunu bombalayarkən bombalardan biri də
onların evinə düşüb. Həmin
vaxt İrina və qızları evdə imiş, onların
heç izini də tapmayıblar. İnsanın
qəlbini göynədən bilirsiniz nədir? İrina Sokolovu müharibəyə yola salarkən
ona "biz bir də heç vaxt görüşməyəcəyik”
deyir və Sokolov hirslənib onu möhkəm itələyir.
Bu hərəkət Sokolovun vicdanında
sağalmaz yara kimi sızıldayır və bu
peşmançılıq hissi eyni dərəcədə də
oxucunun qəlbini göynədir. Bu öncəgörənlik
qadınlara xas bir intuisiyadır, əri onu yanlış
anlayır. Elə zənn edir ki, İrina
onun cəbhədən qayıtmayacağını nəzərdə
tutur. Amma İrina qeyri-müəyyən gələcəkdə
onları nə gözlədiyini bilə bilməzdi. Ona
bu sözləri daxilindəki bir hiss diktə etmişdi. Sokolovu qınayırıq ki, axı niyə o, sevdiyi
və onu böyük məhəbbətlə sevən fədakar
qadını bu ağır səfərə yola düşərkən
belə kobudcasına özündən kənara itələdi?
Oxucu bu sualı ağır yük kimi əsər
boyu öz içində daşıyır.
– Komendat Müllerlə
Sokolovun psixoloji döyüşü epizodu əsərdə
hansı yeri tutur və sizcə, yazıçının məqsədi
nə idi bunu yazmaqda?
– Alman
zabiti şnaps dolu stəkanı ona uzadır ki, "alman
silahının qalibiyyəti şərəfinə iç!” Andrey silahlı düşmənlə üz-üzə
dayansa da öz əsgər şərəfini qoruyur, içməkdən
imtina edir. Onun iradəsini qıra bilmirlər.
Komendant ona deyir ki, "mən ləyaqətli
düşmənə hörmət edirəm” və süfrədən
ona bir kömbə çörək, bir parça da donuz piyi
verib yola salır. Sokolov bu cüzi yeməyi
gətirib əsir yoldaşları arasında bölür.
Yazıçı bu məqamda rus
insanının yenilməzliyini, bir şəxsin timsalında
rus xalqının xarakterini göstərir. Yazıçı demək istəyir ki, baxın, rus
əsgəri bu keyfiyyətlərinə görə qalib gəldi.
Şoloxovun realizmi yaddaşın ağır
laylarını qaldırır və öz xalqının
tarixi taleyinə güzgü tutur. Bu epizod mənə
Şoloxovun 1965-ci ildə Nobel mükafatını alarkən
dediyi sözləri xatırlatdı: "Biz kazaklar heç
kimin qarşısında təzim etmirik, yalnız xalqdan
başqa”. O, Nobel mükafatının mərasim qaydalarına
çıxan iki yazıçıdan biriydi. Xatırlayırsınızsa,
Markes də Nobel alarkən frak geyməkdən imtina etmişdi.
– Şoloxovunun "Məni
müharibədən sonra sadə insanların taleyi
maraqlandırır” fikri daha çox əsərin hansı məqamlarında
özünü büruzə verir?
– Elə Vanyaya sahib çıxmaqla Andrey müharibənin
vurduğu yaraları bir fərd olaraq sağaltmaq istəyir,
özü nümunə göstərir. Çünki
müharibənin törətdiyi dağıntılar
xalqların tarixi taleyində dərin iz buraxır və bu
yaraları sağaltmaq üçün uzun bir zamana ehtiyac
olur. Şəhərlər
dağılırsa, insan nəsli budanır, şikəst
edilir, ruhi-mənəvi sarsıntılar insanların
sonrakı həyatına təsir göstərir. Arxa cəbhədə sağ qalanlar da mənən
yaralanmış insanlardır. Təhkiyəçi
göz yaşlarını Vanyadan gizlədir və yazır ki,
"burada əsas məsələ uşağın qəlbini
yaralamamaqdır”. Andrey də bunun
üçün çalışır, Vanyanın öz bəxtəvər
uşaqlığını yaşaması üçün
bundan sonrakı həyatını ona həsr edir. Sizin dediyiniz fikir əsərin onurğa sütunudur.
– Şoloxovun bu əsəri
yazıldığı dövrdə novator əsər
sayılırdı. Sizcə, əsərdə
yazıçının novatorluğu nədədir?
– Böyük əsərlərin bir qismi yarandığı dövrdə novator hesab olunub, buna da təbii yanaşmaq lazımdır. Sözsüz ki, Şoloxovun istedadı müharibəyə həmkarlarından fərqli yanaşmağı tələb edirdi. Bayaq "Gənc qvardiya”nı misal çəkdik. Şoloxov müharibəni birtərəfli əks etdirmirdi, qəhrəmanının əsirlikdəki həyatını da təsvir edirdi və qarşı tərəfdə də düşmənin sınmayan, əyilməyən, xarakter nümayiş etdirən adamlara hörmətlə yanaşdığını göstərirdi. Andreyi ölümdən xilas edən həm də sizin dediyiniz o psixoloji döyüş idi. Bu və bu kimi xüsusiyyətlərinə görə "İnsanın taleyi” bu gün də maraqla oxunur və oxucuda unudulmaz təəssüratlar buraxır. Mən Şoloxovla bütün parametrlərilə əks qütbdə olan başqa bir yazıçını, Andrey Platonovu xatırlayıram. Onun müharibədən bəhs edən hekayələri də məhz bu ovqatla yazılmışdı. "Ana”, "Balaca əsgər” hekayələrini xatırlayın. "Balaca əsgər” hekayəsinin uşaq qəhrəmanı ilə Vanya eyni taleli uşaqlardır. Nə qədər paradoksal olsa da Şoloxovla Platonov məhz bu məqamda eyni platformada çıxış edirlər. Hesab edirəm ki, sizin sualınızın cavabını məhz elə bu məqamlarda axtarmaq lazımdır. Şoloxovun novatorluğu əsərin məzmun və mündəricə baxımından insan faktoruna söykənməsi idi və bu insan bütöv bir xalqın kiçik bir nümayəndəsidir. Nə qədər pafoslu səslənsə də, onun taleyi həm də rus xalqının taleyidir. Yazıçı xalqın obrazını (əyilməz, məğlubedilməz xarakterini) bir insanın taleyində təcəssüm etdirməyi bacarıb.
– Əsərdə
Andreyin Vanyayala görüşündən sonra belə bir məqam
var. Andrey deyir: "Axşam onunla birgə yatdım və uzun
müddətdən sonra ilk dəfəydi ki, rahat yuxuya
getmişdim”. Sizcə, insana yazıçı bununla, nəyə
işarə edir?
– Andrey artıq bundan sonrakı ömrünü yaşamaq üçün bir səbəb tapmışdı, Vanya onu həyata bağlayan yeganə varlıq idi. Ailəsini itirmiş yaralı əsgər öz mənəvi rahatlığını həyatın bir parçası olan bu uşaqda görürdü. İnsanı insan edən dəyərlərdən biri də sahib çıxmaq hissidir. Vətənə, ailəyə, dosta, qardaşa, digər müqəddəs anlayışlara sahib çıxınca insan həm güclü olur, həm də həyatın mənasının nədən ibarət olduğunu anlayır və gecələr rahat yuxuya gedə bilir.
Söhbətləşdi: Fərid Hüseyn
Kaspi 2019.- 16-18 mart.- S.17-18.