Haruki
Murakaminin musiqi dünyası
Haruki Murakaminin musiqi dünyası Əsərləri əllidən
çox dilə tərcümə olunan Haruki Murakami
çağdaş yapon ədəbiyyatının görkəmli
simalarından biri kimi dünya ədəbiyyatında önəmli
yer tutur.
H.Murakaminin yaradıcılığının
formalaşdığı dövr Yaponiyanın Qərb,
xüsusilə də Amerika təsirlərinə məruz
qaldığı mərhələyə təsadüf edir ki,
həyatının uşaqlıq və yeniyetməlik illərini
Kobe kimi liman şəhərində keçirən
yazıçı yeni mədəniyyətləri böyük
həvəslə qarşılamışdır.
H.Murakaminin dünyagörüşünün
formalaşmasında Qərb musiqisinin rolu əvəzedilməzdir. Bütün
romanlarında qəhrəmanlar musiqini həyatda mövcudluğun
ayrılmaz hissəsi kimi qəbul edirlər. Yeniyetməlik illərindən radioda Amerika musiqisini –
Elvis Presley, Rick Nelson, The Beach Boys kimi simaları dinləyən
gənc Haruki 1964-cü ildə - 15 yaşında "Art Blakey
and The Jazz Messengers” caz qrupunun canlı konsertini dinləmişdir.
1964-cü ilin yanvar ayında Kobedə baş
tutan möhtəşəm caz konsertində tenor-saksafonda Wayne
Shorter, trumpetdə Freddie Hubbard, trombonda Curtis Fuller və
barabanda İnter Blakey ifa edirdi. Bu mükəmməl
canlı konserti ilk dəfə dinləyən gənc Haruki
ömürlük caza aşiq olmuşdur. Bu
hadisədən sonra Haruki tez-tez nahar etməkdən
yayınaraq, caz kasetləri almaq üçün pul
yığmağa başlamışdır. Haruki Murakaminin əsərləri bütün digər
məziyyətləri ilə yanaşı, müasir və
klassik musiqi sahəsində də əhəmiyyətli məlumatlar
verir. Təsadüfi deyil ki, yazıçının
"Norveç meşəsi” – "Norwegian wood” (Beatles
musiqisi), "Rəqs, rəqs, rəqs”)– "Dance,
Dance, Dance” (Steve Miller Band musiqisi), "Sərhəddən cənubda,
Günəşdən qərbdə”("South
of the Border” (Nat King Col musiqisi) romanlarının,
"Maşınımı sür”(
"Drive my Car” (Beatles musiqisi), "Dünən” –
"Yesterday” (Beatles musiqi) kimi bir çox hekayələrinin
adları musiqi əsərlərinin adlarından
götürülmüşdür. Yazıçının
bütün əsərlərində onun musiqi heyranı
olduğu aydın şəkildə görünür,
Murakaminin qəhrəmanları daim dinlədikləri musiqi ilə
yaşayırlar. Musiqi
yazıçının həyat və
yaradıcılığının mərkəzində
dayanır. 1979-cu ildə
yaradıcılığa başladığı ilk romanı
ilə oxuculara müraciət edərək "Küləyin
nəğməsini dinlə” deyirdi. Philip
Stevick "The theory of the novel” (Roman nəzəriyyəsi)
adlı kitabında roman dünyasını araşdırarkən
Henry Jamesin "The Portreait of a Lady” (Bir qadının portreti) əsərinin
ön sözündən belə bir nümunə gətirmişdir:
"Roman dünyasını bir tikili olaraq düşünsək,
bu tikilinin bir deyil, milyonlarla və ya saysız qədər pəncərəsi
olduğunu deyə bilərik. Bu pəncərələr,
tikilinin möhtəşəm ön divarında, roman
yazarının dünyasına açılan,
açılması mümkün olan və onun öz
dünyagörüşünü əks etdirmə istəyinin
yaratdığı saysız dəliklərdir”. Henry Jamesin qeyd etdiyi kimi, H.Murakaminin ilk qələm təcrübəsi
olan "Küləyin nəğməsini dinlə”
romanında yazarın dünyasına açılan saysız
pəncərələrlə qarşılaşırıq.
Murakaminin dünyagörüşünü
formalaşmasına təsir göstərən Qərb musiqisi,
xüsusilə, caz və rok yaradıcılığı ədibin
yaratdığı qəhrəmanların bəhrələndiyi
əsas mənbədir. H.Murakami
romanlarını unudulmaz edən əsas xüsusiyyətlərdən
biri bütün filmlərdə olduğu kimi,
yazıçının hər bir əsərinin özünəməxsus
saundtrekinin olmasıdır. Sözügedən
romanın saundtreki isə amerikan rok qrupu Beach Boysun
"Koliforniya qızları” (California Girls) musiqidir.
Musiqinin hər şeyə qadir olduğunu düşünən
müəllifin romanın on birinci bölməsində qələmə
aldıqları olduqca diqqətəlayiqdir: "Bu gün
bayır od tutub yanır – qoy rok onu sərinlətsin! Musiqi elə onun üçün yaranıb. Bizim gözəl qızlarımız kimi. Okay,
birinci mahnı! Sakitcə ona qulaq asın, əla
mahnıdır. İstini yaddan çıxarın! Beləliklə,
Bruk Benton "Gürcüstanda yağışlı gecə”.
H.Murakami
yeddi il caz klub işlətmişdir. Bu illər ərzində H.Murakaminin musiqiyə,
xüsusi ilə də caza olan marağı daha da güclənmişdir.
Yazıçının caza olan dərin sevgisi
heç vaxt arxa plana keçməmiş, hətta bir çox
mənbələrdə onun on mindən çox caz
kolleksiyası olduğu göstərilmişdir. Con Reylə
müsahibəsində "Caz
yaradıcılığınıza necə təsir göstərir?”
sualına yazıçının cavabı belə
olmuşdur: "On üç-on dörd yaşımdan caz dinləyirəm.
Musiqi böyük qüvvədir; akkordlar,
melodiya, ritm kimi təsirlər mənim yaradıcılığıma
böyük təsir göstərir. Mən
musiqiçi olmağı istəyirdim, lakin alətlərdə
ifanı bacarmırdım və yazıçı oldum. Kitab yazmaq da musiqi ifa etmək kimidir. Əvvəl mövzunu çalırsan, sonra improvizə
edirsən və nəticə mükəmməldir”.
Caza olan
ehtirasına baxmayaraq, Haruki Murakami qaçış zamanı
rok musiqisi dinləməyə üstünlük verir:
"Qaçış zamanı əksər hallarda rok musiqisi
dinləyirəm. Nadir hallarda caz dinlədiyim də
olur. Lakin qaçış ritminə
uyğunluğunu düşünsək, zənnimcə
qaçışa yoldaşlıq edəcək ən yaxşı
musiqi rok musiqisidir. Red Hot Chili Peppers, Gorillas, Beck, Creedence
Clearwater Revival, hətta Beach Boys kimi qədim musiqilər. Və mümkün olduğu qədər sadə
ritimlər”.
Qeyd etmək
lazımdır ki, yazıçının ən sevimli rok
qrupu isə John Lennon, Paul McCartney, George Harrison and Ringo
Starrı özündə birləşdirən, 1960-cı illərin
məşhur ingilis rok qrupu Beatles qrupudur. Məqalənin
əvvəlində qeyd olunduğu kimi, bir çox əsər
adları ilə yanaşı, romanlarda ən çox dinlənilən
ifa məhz Beatles qrupuna məxsusdur.
Haruki Murakaminin ən musiqili hekayəsi erkən
yardıcılıq dövründə qələmə
aldığı "1963/1982 İpanemalı qız” (1963/1982
1982) əsəridir. Bir neçə səhifəlik qısa hekayə brazilian bossa nova cazı "Garota de Ipanema”
musiqisinin sözləri ilə başlayır:
Yanımdan
keçir İpanemalı qız,
Necə
yaraşıqlı, gözəl qamətli,
Samba
ritmiylə
Asta-asta yırğalanıb gedir.
Amma... niyə belə kədərliyəm?
Oh... ona
ürəyimi açmalıyam
Bəli!... Ona hər şeyi deməliyəm.
Amma o mənə
baxmır
Yalnız dənizə zillənib gözləri.
H.Murakami
üslubuna xas olaraq hekayənin adsız təhkiyyəçisi
"Mən”in solist Astrud Gilberto və tenor-saksafonçu Stan
Getz ifasında dinlədiyi musiqidəki İpanemalı
qızın siluetinin peyda olması ilə məktəb dəhlizindəki
xatirələri canlanır: "Mən patefonu yandırıb
cihazın iynəsini plastinkanın üstünə qoyuram və
bir anda İpanemalı qızın silueti peyda olur. Bu mahnını hər dəfə eşidəndə
mən məktəbimizin dəhlizini xatırlayıram”.
Əsərin
adından da bəlli olduğu kimi, iki zaman – 1963 və 1982-ci il və bu zaman çərçivəsində
dəyişməyən İpanemalı qız – metafizik
qız obrazı mövcuddur: "Beləcə İpanemalı
qız altmış üçüncü ildə dənizə
baxırdı. İndi də səksən ikinci
ildə bu qız eynən o vaxtkı kimi yenə dənizə
baxır. O zərrə qədər də böyüməyib.
Öz obrazına həkk olunaraq zamanın dənizində
sakitcə üzür”.
Musiqinin sehrinə qapılan "Mən” materiya ilə
yaddaş arasında metafizik uçurumda altmış
üçüncü ilin İpanemalı qızı ilə səksən
ikinci ildə çimərlikdə pivə içərək
söhbətləşir. Bu söhbətdən sonra fərqli
məkanlarda rastlaşdığı İpanemalı qızla
hansısa bir uzaq sirli aləmdə qəlblərinin bir-birinə
bağlı olduğunu hiss edən təhkiyəçi o uzaq
aləmdə öz-özüylə görüşəcəyinə
inanır. "İpanemalı qız” isə
plastinka dinlənilməkdən deşilənə qədər
çimərlikdə gəzəcək.
Qeyd
etdiyimiz kimi, H.Murakami musiqiçi ola bilmədiyini
söyləyir, bununla yanaşı, əsərlərinin təhlili
göstərir ki, o musiqini dərindən bilmişdir. Ritm yazıçının nəsrində ən əsas
elementlərdəndir. H.Murakami musiqinin
sözlərindən həzz alaraq yazır,
yazıçının yazı ritmləri ilə caz
arasında yaxınlıq hiss olunur. Təsadüfi
deyildir ki, H.Murakami "Caz portret” "Caz portret 2”, "Caz dinləyirsinizmi?”("Caz
müjdəçisi” (Jazz Messenger, 2007) kimi bir çox esselərini
musiqiyə həsr etmişdir. "Caz
müjdəçisi” essesində müəllif cazla ilk
tanışlığından, daim artan musiqi sevgisindən bəhs
edərək əsərlərindəki ritm, melodiya və
harmoniyanı musiqidən, xüsusilə də cazdan öyrəndiyini
bildirir. H.Murakami praktik olaraq yazmaq haqqında bildiyi hər
şeyi o vaxtlar musiqidən öyrəndiyini etiraf edirdi:
"Bu paradoksal səslənə bilər, lakin musiqiyə bu
şəkildə bağlılığım olmasaydı,
roman yazarı ola bilməzdim. Hətta indi
– 30 il sonra da yaxşı musiqidən
yazmaqla bağlı öyrənməyə davam edirəm. Mənim üslubum F.Scott Fitzgeraldın zərifcə
axan nəsri kimi, Charlie Parkerin təkrarlanan sərbəst rifflərindən
dərindən təsirlənir. Və hələ
də Miles Davisin musiqisində davamlı özünü yeniləmə
keyfiyyətini ədəbi bir model olaraq mənimsəyirəm”.
H.Murakamini dünyaya tanıdan "Norveç meşəsi”
romanının ana motivi "Norwegian wood” musiqisidir ki,
insanın daxili dünyasına səyahətin əlaqələndiricisidir. Naokonun
sanatoriyadakı otaq yoldaşı Reyko daim gitarada gözəl
mahnılar ifa edirdi. Lakin, Naoko daxili aləminə həqiqi mənada
səyahət etmək istəyəndə "Norwegian wood”un
ifası üçün Reykoya yüz en pul verirdi. Bu musiqini
dinləyəndə dəhşətli dərəcədə
qəribə hiss keçirən Naoko kimsəsiz meşəyə
- öz daxilindəki tənhalığa səyahət edirdi. Toru Vatanabe də bütün əhvalatı Bitlsin
"Norwegian wood” melodiyasını eşidərək beynindəki
bərk silkələnmədən sonra nəql edir. Romanın sonunda ikilikdə Naokonun yas mərasimini
keçirən Reyko Vatanabenin evində bir-birinin ardınca
Naokonun sevdiyi əlli musiqini səsləndirir. Sonda isə iki dəfə ardıcıl ifa olunan,
Naokonun ən sevdiyi "Norwegian wood” ilə mərasim tamamlanır.
Bundan başqa, sözügedən romanda
yazıçınıın musiqi dünyasının Henry
Mancini "Dear heart”, Beatles "Yesterday”, "Michelle”,
"Something”, "Here comes the Sun”, "Full on the hill”,
"Black bird” və digərləri, Ravel "Pavane pour une
infante defunte”, Baraka "Close to you”, "Walk on by” "Wedding
bell blues”, Richard Rodgers, Lorenz Hart, George Gershwin, Bob Dylan, Ray
Charles, Kerala Kings, Stevie Wonderə qədər budaqlandığı
görünür.
H.Murakaminin bədii yaradıcılığında Qərb
musiqisinin rolu çox böyükdür. Hər bir əsərin
özünəməxsus saundtreki vardır ki, bununla da
yazıçının bədii nümunələri
oxucularının yaddaşında daha dərin izlər
buraxır. Musiqi vurğunu H.Murakaminin
2011-ci ildə nəşr olunan "Seiji Ozava ilə musiqi
haqqında” adlı publisistik kitabı olduqca diqqətəlayiqdir.
Kitab H.Murakami ilə Boston simfonik orkestrinin
keçmiş drijoru Seiji Ozava arasında musiqi və yazı
haqqındakı dərin, səmimi söhbətlərdən
ibarətdir. İki il ərzində
Murakami və Ozava Brahmsdan Beethovenə, Leonard Bernsteyndən
Glenn Goulda, Bartokdan Mahlerə və pop-up orkestrlərindən
operaya qədər bir çox məsələləri
müzakirə edirlər. Musiqi və bədii
yaradıcılığın ümumi xüsusiyyətləri
haqqında dərin təəssüratlarını bölüşən
iki maestronun özünəməxsus nəzəri
baxışlarını əks etdirən əsər mükəmməl
xarakter daşıyır.
Göründüyü kimi, H.Murakaminin musiqi ilə bağlı zəngin və özünəməxsus dünyagörüşü ayrı-ayrı əsərlərində geniş şəkildə öz əksini tapmışdır. Hətta söyləmək mümkündür ki, musiqi və ədəbi yaradıcılığın əlaqəsini əsərlərində güclü şəkildə əks etdirən H.Murakaminin əsərlərinin saundterkləri olmasaydı, bəlkə də o əsərlər bugünkü uğurlarını qazanmayacaqdı, yazılmış, lakin mövcud olmayan əsərlər olaraq qalacaqdılar.
Gülnar Yunusova
Kaspi.-2019.-16-18 mart.-S.19.