Novruz bayramının səciyyəvi
xüsusiyyətləri
Novruz bayramının səciyyəvi xüsusiyyətləri Ümumdünya türk xalqlarının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən "Novbahar” və ya "Novruz” bayramı min illərdir böyük bir mədəniyyət hadisəsi kimi davam etməkdədir. Hər zamankı kimi bu gün də Azərbaycanda, Türkiyədə, Altayda, Çinin uyğurlar yaşayan ərazilərində, türk xalqlarının yaşadığı bütün coğrafiyalarda və Orta Asiya türk dövlətlərində "Novruz” mart ayında bahar bayramı kimi qeyd olunmaqdadır.
Bu bayram yazın ilk günündən başlayaraq qanın qaynaması, ruhun təzələnməsi, ruzinin bollaşması, yeyəcəklərin artması, bitki aləminin canlanması, ağacların oyanması ilə müşahidə edildiyindən insanlarda onun kutsallığına inam yaranmışdır. Bundan istifadə edən əhalinin bir hissəsi öz dünyagörüşlərinə müvafiq olaraq bu bayrama dini don geydirməyə çalışmışlar. Bunun bir səbəbi savadsızlıqdan irəli gəlirdisə, bir qismi də bayramı adına bağladıqları qəhrəmana sevgidən doğurdu. Beləliklə də, Novruzun əsl mahiyyəti təhrif edilir, bu bayramın əsas qayəsində deformasiyalar baş verir, müxtəlif inancların yaranmasına gətirib çıxarırdı.
Bizim fikrimizcə isə Novruz bayramı bir
şadlıq, şənlik mərasimiolmaqla türk
xalqlarının ənənəvi mərasimidir ki, bunun
arxasında dini mahiyyət daşıyan heç nə yoxdur.
Bu bayram şumer və turan təqvimi ilə yeni ilin birinci
günü kimi miladi təqvimlə mart ayının 21-də
gecə-gündüzün bərabərləşdiyi gün
keçirilir. Yeni günün başlanmasını isə
suda balığın arxası üstə çevrilməsi
anından qəbul edirlər. Həmin anda gecə-gündüz
bərabərləşir.
Novruzun mahiyyəti
Novruz bolluq və bərəkət bayramıdır. Bu bayrama hazırlıq qış girməmişdən qabaq başlayır. Payızın sonlarında yığılan kənd təsərrüfatı məhsullarından müəyyən hissəsi Novruz bayramına saxlamaq məqsədi ilə xüsusi metodlardan istifadə olunur. Qara yazın ağırlığını nəzərə alaraq payızda hazırlanan əsas ərzaq məhsullarından biri qoç ətindən qovurma bişirilməsidir. Belə ki, kənd yerlərində yaşayan elə bir ailə tapılmaz ki, bir və ya iki qoç kəsib qovurma bişirməsin.
Bayrama hazırlıqla bağlı payızın son günlərində ağ nazlı deyilən şaftalıdan və şəkəri armuddan "alana” hazırlanır və cəvizdən "sucuq” basılır, qurudulur və yaza saxlanılır. Hazırlıq mərhələsində kənd camaatı mütləq saxladıqları mal-heyvanın da qışdan çıxmasını nəzərə alaraq müəyyən tədbirlər görürlər.
Böyük çillənin çıxması ilə sayaçı ev-ev gəzib bayrama hazırlığın başladığını bildirir:
Bayrama nə qaldı,
Qalmadı – əlli gün.
Əlli günü say ötür,
Qarmala quzu götür.
Xanım ayağa dursana,
Sayanı yola salsana.
Heyvandarlığın inkişafını təmin etmək
məqsədilə yay və payız aylarında
qışın mərhələlərinə uyğun olaraq
yem tədarükü görülür. Qaba yemlər, xəzəl və
yumşaq güzdək deyilən yonca və çilimcan ot bağlamaları ayrı-ayrılıqda
yığılır. Güzdək ot
bağlamaları yaz ağzı təzə doğulmuş
quzu, çəpiş və buzovlar üçün nəzərdə
tutulur. Tövlədə balaca küz düzəldilir,
təzəcə doğulmuş körpə heyvanları ora
qatırlar.
Bayram ərəfəsində nənələrin
boğçaları, sandıqları açılır,
bayram hazırlıqları görülür. Bayram süfrəsinə
müxtəlif çeşidli şirniyyatlar – paxlava, şəkərbura,
çökə, quru və taraş meyvələr, rəngbərəng
bəzədilmiş yumurtalar, qırmızı lentlə
bağlanmış səməni, odun simvolikası şam və
su qoyulur. Səməni
yaşıllığın, həyatın rəmzi kimi evlərin
bəzəyinə çevrilir.
Bahar
bayramının əsas atributları səməni, yumurta,
çökə, şəkərbura, paxlava, od
və sudur.
"Kitabi-Dədə
Qorqud”da bahar bayramı
Novruzu zərdüştlüklə bağlayan tədqiqatçılar
daha çox bunu bayramdan öncə keçirilən
axırçərşənbə gecəsi icra edilən atəşfəşanlıqla
əlaqələndirirlər. Eyni zamanda burada
şamanizmin izləri də özünü mühafizə etməkdədir.
Sovet dönəmində bu bayramın qadağan
edilməsinə baxmayaraq, bir çox rayonlarda, xüsusilə
də Ordubadda əhali öz etiqadından dönməmiş,
Novruzu xüsusi coşqu ilə qeyd etmişlər. Bu gün də axırçərşənbədə
dağ başlarında, uca yerlərdə, kirəmitsiz damlarda
tonqallar qalanır, tonqalların ətrafında dövrə
vurub yallı gedirlər. Mərasimdə
"Atıl-batıl çərşənbə, baxtım
açıl, çərşənbə”,
ağırlığım-uğurluğum bu odda yansın” -
deyib tonqalın üstündən atılırlar. Fişəng atıb, Ordubad ustalarının
kağızdan barıt qatışığı ilə
düzəltdikləri oyuncaq taraqqa, beşaçılan,
onaçılanlar partladılıb atəşfəşanlıq
edilir, lopalar yandırılır, bununla da şər qüvvələri
qorxudub qaçırda bildiklərinə inanırlar.
"Ağırlığım-uğurluğum bu odda
yansın” ifadəsinə aydınlıq gətirək. Bəzən bu ifadəni düzgün
anlamayanlar ağırlıq, uğurluq sözlərini
ayrılıqda işlədirlər və bu da
"uğurluğun” odda yandırılması kimi
yanlış anlaşmaya səbəb olur. Təbii
ki, "uğuru” yandırmaq xoş deyildir. Bu mərasimdə də "uğurun”
yandırılması haqqında söhbət yoxdur. Burada ifadə "ağırlıq”dır, sadəcə
sözün şiddət dərəcəsini artırmaq məqsədilə
"ağırlığım-uğurluğum” işlədilir.
Dilimizdə bu tipli sözlərin işlədilməsinə
tez-tez rast gəlirik. Məs: ət-mət, qənd-mənd,
qəpik-quruş və s.
Ramazan
Qafarlı od yandırmaq ritiualı
haqqında yazır: "Od anlamı "Kitabi-Dədə
Qorqud” eposunun ruhuna hopmuşdur. Boyların birində
göstərilir ki, Qanturalı Selcan xatunu gətirmək
üçün yad ölkəyə – Trabzona yola düşəndə
atası Qanlı qoca oğlunu bu niyyətdən çəkindirmək
istəyir. Qanturalı isə odun köməyi
ilə keçilməz yerləri adlayacağını
bildirir. Dədə Qorqud insanları daxilən
saf, qüdrətli görmək istəyir. Ona görə də mənəvi aləmdən bəhs
edən fikirləri odla əlaqələndirməyi tövsiyə
edir. Oğuzların adətincə, tonqal həmrəyliyə,
birliyə çağırış rəmzi idi”.
"Xanbəzəmə” mərasiminin kökündə
"Dədə Qorqud” ənənələrinin dərin izlərinə
rast gəlirik.
"Dədə Qorqud”da diqqət çəkici
bir məqam var. Demək olar ki, boyların əksəriyyətində
xanlar xanı Bayandır xanın ildə bir dəfə
Oğuz bəylərini bir yerə yığıb şənlik
etdiyindən söhbət açılır. Birinci boy sayılan "Dirsə xan oğlı
Buğac xan boyını bəyan edər, xanım hey!”-də
ilk cümlə belə başlayır: "Bir gün Qam Ğan
oğlı xan Bayandır yerindən turmışdı. Şami günligi yer yüzünə dikdirmişdi.
Ala sayvanı gög yüzinə
aşanmışdı. Bin yerdə ipək xalicəsi
döşənmişdi.
Xanlar xanı xan Bayandır yildə bir kərrə toy
edib, Oğuz bəglərin qonaqlardı. Genə toy
edib, atdan-ayğırdan, dəvədən buğra, qoyundan
qoç qırdırmışdı”.
"Kitab”ı oxuduqca məlum olur ki, bütün bu
yeyib-içmələrdən sonra Bayandır xan evindən
çıxıb gedər, evini yağmalatdırardı. İldə
bir dəfə keçirilən bu tədbir yaz vaxtına
düşürdü. İlk növbədə
qeyd edək ki, bu tədbiri payızda, qışda görmək
mümkün olmadığı kimi, yayın istisində də
görülməzdi. Çünki payızın
qışa hazırlıq mərhələsi olduğunu nəzərə
alsaq, yayda da
oğuzlar yaylağa köçürdülər. Deməli, xanlar xanı Bayandır xanın
qonaqlıq təşkil etməsi və evin yağmalanması
mərasimi ilk yaz ayına təsadüf etməlidir. Birinci ona görə ki, artıq qış öz
ömrünü yaza təhvil verir, qışdan qalan azuqə
ehtiyatları, imkanı məhdud ailələrə
paylanır, müxtəlif bölgələrdən gələn
bəylər padşahın xəzinəsindən öz rəiyyəti
və işləri üçün lazım olanı alıb
aparırlar. Burada aydın
görünür ki, mərkəzi hökumət rolunda
çıxış edən xanlar xanı Bayandır xan əslində
bir imperatordur. Bu imperatorluğun ətrafında birləşən
iç və dış oğuz bəylikləri hamısı
bir yerdə dövləti təmsil edir, yazın gəlişi
ilə başlanacaq əkin-biçin işlərinə
hazırlıq mərhələsində bir yerə
yığışırlar. Burada daha bir diqqət
çəkici məqam vardır. Bayandır
xan qonaqların yaxşı qarşılanması məqsədi
ilə "atdan-ayğırdan, dəvədən buğra,
qoyundan qoç” qırdırmışdı. İnək cinsindən olan heyvan, eyni zamanda dişi dəvə,
dişi qoyun kəsilməsi halına rast gəlinmir. Bu birinci növbədə dişi heyvanların nəsil
artırmaq qabiliyyəti ilə bağlıdırsa, ikinci tərəfdən
bu heyvanlar həm də ərzaq təminatçılarıydı.
İnəklərə isə xüsusi bir diqqətlə
yanaşılırdı. Doğulan
buzovların dişiləri damazlıq kimi saxlanılır, erkəklərinin
böyük hissəsi axtalanaraq qoşqu üçün
hazırlanır, bir qismi törədici kimi yetişdirilirdi.
Qoşqu üçün hazırlanan
öküzlər əkin-biçin işində əvəzsiz
heyvanlardır. Ana inəklərdən
çox süd sağılması ərzaq məhsuldarlığın
əsasını təşkil edirdi. Həm
də inəyə müqəddəs heyvan kimi
baxılırdı, onu kəsmək günah
sayılırdı. Bu xüsusiyyət bu
gün də bəzi şərq ölkələrində, o
cümlədən Hindistanda davam etməkdədir.
Beləliklə də, tamamilə aydın olur ki,
Bayandır xanın keçirdiyi mərasimin vaxtı
yazdır. Bu mərasimin Novruz
bayramının arxaik forması olması görünməkdədir.
Bəylərin Bayandır xanın görüşünə gəlməsi,
at yarışlarının keçirilməsi,
mükafatlandırmalar, evin (xəzinənin – N.M.)
yağmalanması və s. kimi təzahürlər Novruz
bayramında hazırda icra edilən adət-ənənənin
ilkin əlamətlərini əks etdirir. Bu tədbirin məhz
yazın əvvəlində keçirilməsi haqqında
Əzizxan Tanrıverdinin "Dədə Qorqud”un möcüzələr
dünyası” kitabında diqqəti çəkən bir məqam
vurğulanır: "Kitab”da "Novruz bayramı”nın adı çəkilmir, amma bir sıra sintaktik
bütövlərdə təbiətin bir günü elə təsvir
edilir ki, istər-istəməz yazın gəlişinin bayram
edilməsi yada düşür:
Salqum-salqum tan yelləri əsdigində,
Saqqallu boz
ac turğay sayradıqda,
Bədəvi
atlar issin görüb oğradıqda,
Saqqalı
uzun tat əri banladıqda,
Ağlı-qaralı seçilən çağda,
Qalın
Oğuzun gəlini-qızı bəzənən
çağda,
Köksü gözəl qaya tağlara gün dəgəndə.
Bəg yigitlər cılasınlar bir-birinə qoyulan
çağda”.
Göründüyü kimi, bu parçada nə
"yaz”, nə də ki "Novruz” sözü işlənib. İlin digər
fəsillərinin də adı çəkilmir. Ancaq mətnin
ümumi semantik yükü yaz fəslinin hər hansı bir
gününün yox, məhz başlanğıc
gününün (21-22 mart) təsvir
edildiyini göstərir.”
İkinci
diqqət edəcəyimiz məqam "Kitabi-Dədə
Qorqud”un sonunda, "İç Oğuza Taş Oğuz asi olub
Beyrək öldügi boyı bəyan edər” boyunda Qazan xanın evinin
yağmalanmasıdır. Hərəkətlərinə görə
Qazana söyləyicinin-ozanın
əvvəlki boylardan fərqli olaraq bu boyda münasibətinin
dəyişildiyini hiss edirik. Burada Qazan haqqında adı ilə
söhbət açılır, onun rütbəsi qeyd olunmur.
Halbuki, bildiyimiz kimi, Qazan Bayandır xanın bəylərbəyisi,
yəni müaviniydi və dastanın bir çox yerində ona
"Qazan bəy” və bəzən də "Qazan xan”
deyilirdi. Bu boyda isə ona tamamilə fərqli münasibət
hiss olunur. Boy belə başlayır: "Üç oq, Boz oq
yığnaq olsa, Qazan evin yağmaladardı. Qazan
gerü evin yağmalatdı. Əmma
Taş Oğuz bilə bulınmadı. Həmin
İç Oğuz yağmaladı” .
Məntiq
ilə gərək Qazan xan hər il toy
edib evini yağmaladaydı. Lakin ozanın məlumatından
belə aydın olur ki, Qazan ənənəni pozmuş,
Üç oq, Boz oq bəyləri yığılarsa, evini
yağmaladırmış. Xalqımızın
yaratdığı bir deyim var: "üzə düşmək”.
Yəni üzə düşüb, məcbur qalıb nəsə
etmək və bu dəfəki yağmalanma da iç Oğuz bəyləri
özləri yığıldığına görə
baş verir. Açıq-aydın
görünür ki, Qazan ənənənin davam etdirilməsində
nəinki maraqlı deyil, hətta Bayandır xanın inam və
etibarından sui-istifadə edərək İç Oğuz və
Dış Oğuz bəyləri arasında fərq qoyub
münaqişə yaradır. Bu münaqişə
hakimiyyəti zəiflətməklə yanaşı, tarixi adət-ənənənin
də pozulmasına gətirib çıxardır. Hətta "Kitabi-Dədə Qorqud”un Vatikan nüsxəsində
Qazanın Oğuz bəylərini üç ildə bir dəfə
yığıb görüşməsi və evini
yağmalatması qeyd olunur. Bundan başqa
Qazanın naqis hərəkətləri Oğuzların
arasına ədavət salmaqla bitmir, o, eyni zamanda dövlət
işlərini başlı-başına buraxıb,
gününü kef məclisləri təşkil etməklə
keçirir, dövlətin ciddiliyinə zərbə vurur.
Nəticə məlumdur, oğuzların Dərbənddən Dərəşama,
Gürcüstandan Göyçə gölünə qədər
olan ərazilərinin böyük bir hissəsi itirilir,
düşmən tapdağı altında qalır.
Dövlətin dayaqlarının sarsılması, xanlar
xanı Bayandır xanın sələfi Oğuz xandan gələn
ənənəvi bayramlaşmanın bu şəkildə
dağıdılması ötən zamanlarda davam etmiş,
bunun da nəticəsində bir çox mərasim elementləri
arxaikləşmişdir. Lakin xalq yaddaşı bu adət-ənənəni
unutmamış, onu yazın gəlişi ilə
canlandırmış və keçmişdə qalan xan ədalətini,
xan səxavətini Novruz bayramında həmin "Xanbəzəmə”
motivi ilə yaşatmağa
çalışmışdır. Beləliklə,
Novruz bayramının əsas obrazı xanın seçilməsi
olub, vəzir, kosa, təlxək, cəllad köməkçi
personajlardır. Xanın simasında
hakimiyyətin əzəməti, var-dövlət, zənginlik,
bolluq, əmin-amanlıq, haqq, ədalət və hüquq təzahür
edir.
Sual oluna bilər ki, niyə məhz bu arxaik məzmun
Ordubad rayonunda qalmışdır? İlk öncə qeyd
etmək lazımdır ki, Ordubad öz relyefi, təbii şəraiti,
hətta insanları ilə zəngin bir regiondur. İkincisi, bu ənənə həm də Cənubi
Azərbaycanda movcuddur və tarixən Ordubad rayonunun Təbriz
şəhəri ilə çox yaxın iqtisadi-mədəni əlaqələri
olmuşdur və bu əlaqələrin də arxaik kökləri
yaşamaqdadır. Ordubad rayonunun ərazisində
"Dədə Qorqud”da olan toponimlər də mühafizə
olunmaqdadır. Burada Qazan xanın adıyla
bağlı Qazangöl, Qazanköç yaylağı kimi ərazilər
mövcuddur. Hətta, Beyrəyin ölüm
ayağındakı soylamasında - "Qaraqucda Qazlıq
atım kişnətmədin”dəki Qaraquc dağı da
Ordubad ərazisindədir. Əlincə
qalası isə Ordubad rayonunun qonşuluğunda – Culfa rayonunun
ərazisində, eyni coğrafi məkanda yerləşir.
Nuh peyğəmbərin adıyla bağlı məkanların
çox böyük bir hissəsi Ordubad ərazisindədir.
Əslində, Ordubad rayonu bütövlükdə,
belə demək caizsə, Dədə Qorqud
yadigarlarının qorunduğu bir bölgədir.
Üçüncüsü,
bu mərasim hətta sovet rejiminin ən çox şiddət
etdiyi zamanlarda belə unudulmamış, hər il
Ordubad rayonunun bütün kəndlərində və rayon mərkəzində
keçirilmişdir. ”Bütün bunlar onu göstərir ki, mərasimlər
müəyyən müddət dəyişikliyə uğrasa
da, ayrı-ayrı bölgələrimizdə yaşayır və
özündə çox əski çağların
informasiyasını qoruyub saxlayır” .
Ordubad rayonunda "Xanbəzəmə”
mərasiminə xüsusi hazırlıq işləri
aparılırdı. Demək olar ki,
bütün kəndlərin, hətta ayrı-ayrı məhəllələrin
öz xanı olurdu. Xan üç gün
müddətinə seçilirdi. Bayrama
hazırlıq hər bir evdə aparılırdı. Bayram günü adamlar mütləq
çalışırdılar ki, geyimlərini təzələsinlər.
Nənəmin sözləri bu gün də
qulaqlarımdan getmir. Nənəm deyərdi
ki, əgər paltar ala bilmirsənsə, heç olmasa
corablarını təzələ, əgər ona da imkanın
yoxdursa, corabının bağını təzələ.
Bu günə qədər ən dərin izlərini
Ordubad rayonunda saxlayan "Xanbəzəmə” Novruz
bayramının arxetipi və əsas atributlarının
qarantı olaraq mərasimin mahiyyətini əks etdirir. Eyni zamanda
"Xanbəzəmə” demokratik seçki sisteminin qədim
türkün təfəkküründə
formalaşmasının bariz nümunəsi kimi
yaşamaqdadır. Bu mərasim Kitabi-Dədə
Qorqudda Xanlar Xanı Bayandır Xanın evini yağmalatması
motivinin sonrakı dönəmlərdə xalq tərəfindən
ortaya gətirilməsi ilə ənənəni davam etdirmək
istəyidir. Xan üç gün müddətinə
seçilir. Xan dövlətin-hakimiyyətin
qarantı olmaqla bərabər sabitliyin, var-dövlətin, zənginliyin,
bərəkətin, bolluğun ifadəçisidir. Xan bu müddətdə xalq meydanında əhalinin
içərisində idarəçiliklə məşğul
olur, fərmanlar verir, bayramın yüksək səviyyədə
keçirilməsini təmin edir. Təəssüf
ki, hazırda respublika səviyyəsində keçirilən
bayram tədbirlərində əksər vaxt keçəl,
kosa personajlarından istifadə edilir. Xan,
vəzir, təlxək, cəllad personajları unudulmuşdur.
Halbuki təntənəli şəkildə keçirilən
bu tədbirlərin əsas qayəsi hamının
şadlanması, hamının bayramı yüksək səviyyədə
keçirməsi, imkansız adamlara maddi və mənəvi
köməkliklərin göstərilməsidir. Bütün
bu işlərin həyata keçirilməsində xanın
böyük rolu vardır. Xan ədalətli,
ciddi və düzgün olmalıdır. Xanın ciddi, ədalətli,
düzgün olması hakimiyyətin-dövlətin ciddiliyinə,
onun möhkəm özül üzərində qurulduğuna işarədir. "Xanbəzəmə”
mərasimində təlxək və kosanın bütün
hiylə və oyunlarının arxasında xanı
güldürmək məqsədi güdülür. Əgər xan ədalətsizliyə yol verərsə,
ciddiliyini itirərsə və ya hansısa naqis hərəkəti
ilə ikrah yaradarsa, hətta dodağı qaçarsa, suya
basılardı. Belə hala rast gəlinməmişdi.
Xan hər zaman ciddiyyətini qoruyub
saxlayırdı. Xan obrazının mahiyyətini
açıqlayan Muxtar Kazımoğlu yazır: "Qədim
türk dünya görüşünə görə, xaqan
Göyün (Tanrının) yerdəki təmsilçisidir”.
Mərasimin
sonunda xan əhali ilə xudafizləşir, gələn il bu vaxt yenidən görüşmək
ümidi ilə xoş arzularını söyləyir,
hamıyla birlikdə "yallı” gedirdi.
Yığılan pul, azuqə və əşyalar
iştirakçılar arasında
bölüşdürülür, kasıblara, imkansız ailələrə,
yetim uşaqlara hədiyyələr paylanırdı.
Novruz dostluq və barış
bayramıdır
Novruzu digər bayramlardan fərqləndirən bir cəhət də bu bayramda küsülülərin barışmasıdır. Bu küsülülük ailə içərisində, dost-tanış arasında, hətta el-oba münasibətlərində ola bilərdi. Belə hallarda ağsaqqallar ortaya düşər, yaşca kiçik olan küsülünü özləri ilə birlikdə böyük küsülünün bayramını təbrikə aparardılar. Hamı kimi küsülülər də bir-birinin bayramını təbrik edər, əl verib salamlaşar və küsülülük öz-özünə aradan qalxmış olardı. Uşaqlar ev-ev gəzib ağsaqqalların bayramını təbrik edər, bayram payı, əsasən də yumurta yığar, sonra da yığdıqları yumurtaları döyüşdürərdilər. Bu ənənələr müəyyən deformasiyalara uğrasa da, davam etməkdədir.
Novruz bayramı haqqında bu günə qədər ədəbiyyatımızda çox yazılıb, çox deyilibdir. Bu gündən sonra da yazılacaqdır. Novruz bayramı elə bir bəşəri bayramdır ki, onun arxaik qatında olan mətləblər hələ də tam açılmayıbdır...
Nizami Muradoğlu
Filologiya elmləri
doktoru
Kaspi.-2019.-16-18 mart.-S.20-21.