Qısamüddətli zəlzələ
proqnozu vermək mümkün
deyil
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hesab edir ki,
bu, seysmologiya elminin qarşısında duran
ən mühüm problemlərdən biridir
Hər il dünyada yüz minlərlə zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean və dənizlərdə baş verdiyi üçün insanlar bundan, adətən, xəbər tutmurlar. Amma yerüstü qatı silkələyən zəlzələlərdən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar tərpənməsi – yəni zəlzələ ən dəhşətli təbii fəlakət kimi tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin proqnozlaşdırılması hələ ki mümkünsüz sayılır. Azərbaycan da əsrlər boyu zəlzələnin fəsadlarından zərər çəkmiş regionlardandır. Ölkəmizin zəlzələ tarixinə qısa ekskurs etmək və indiki seysmik durumla bağlı bir neçə sualla Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü , professor, Əməkdar elm xadimi, Azərbaycan Seysmoloqlar Assosiasiyasının prezidenti Qurban Yetirmişliyə müraciət etdik.
- Qurban
müəllim, ölkə tarixində İlk
güclü zəlzələlər nə vaxt baş verib? Ümumiyyətlə,
respublikamızın hansı zonası seysmik
baxımdan aktiv
sayılır?
- Azərbaycan ərazisində məlum olan ən qədim güclü zəlzələlər 427-ci, 1139-cu, 1235-ci illərə təsadüf edir və Gəncə bölgəsində baş verib. 1139-cu il zəlzələsi zamanı Göygöl əmələ gəlib. Həmin zəlzələlərin baş verdiyi ərazidə (Zurnabad yaxınlığında) 1867 və 1868-ci illərdə episentrdə intensivliyi 7-8 bal, 1900-cü ildə isə intensivliyi 6 bal olan güclü zəlzələlər qeydə alınıb.
Şamaxı rayonu da güclü və dağıdıcı zəlzələlərin baş verdiyi bölgələrdən biridir. Bizə məlum olan ən qədim Şamaxı zəlzələsi 1192-ci ilə təsadüf edir. Bu zəlzələnin maksimal intensivliyi 7-8 bal, maqnitudu M≈4.5 qiymətləndirilir. Şamaxıda 1667-ci ildə baş vermiş zəlzələ 9-10 bal olub ki, bu da Qafqazın indiyə qədər olan zəlzələlərinin ən güclüsü hesab edilir. O dövrdən gəlib çatan məlumatlar zəlzələ zamanı 80.000-dən çox insanın tələf olduğunu göstərir. Bu təbii fəlakət sonrakı bir neçə il ərzində episentrdə intensivliyi 8 bala çatan güclü afterşoklarla müşayiət olunub. 1828, 1859, 1869, 1872-ci illərdə də Şamaxı bölgəsində yüksək intensivlikli zəlzələlər qeydə alınıb.
Şamaxı rayonunu 1902-ci
ildə silkələmiş zəlzələ kifayət qədər
yaxşı öyrənilib. Onun maqnitudu pleystoseyt
zonasındakı maksimal intensivliyi
9 bal qiymətləndirilir.
Azərbaycan ərazisi yüksək seysmik aktivliklə səciyyələnir. Lakin burada seysmiklik
qeyri-bərabər yayılıb. Böyük
Qafqazın Azərbaycan hissəsində, Talış,
Şirvan-Sabirabad-Zərdab, Gəncə-Kəlbəcər
zonalarında yüksək aktivlik
müşahidə olunduğu halda, bəzi qərb və cənub-qərb
rayonlarında azsaylı seysmik təkanlar
qeydə alınır. Belə seysmik cəhətdən
aktiv olmayan ərazilərə
həmçinin Abşeron
yarımadası və ondan cənubda yerləşən
Ələt-Neftçala zonası da aiddir.
- Azərbaycan ərazisində
seysmikliyin öyrənilməsi tarixində
hansı dövrlər olub?
- Ümumiyyətlə, Azərbaycan
ərazisinin seysmikliyinə həsr edilmiş
ilk yazılar XIX əsrin ikinci
yarısında meydana gəlmiş və bu işlər əsasən 1859, 1861, 1872-ci illərdə
Şamaxı ərazisində baş vermiş, intensivliyi 8 bala çatan güclü zəlzələlərin təzahürü
və nəticələrinə həsr edilib.
Həmin yazılarda bu zəlzələlərin
baş verməsi pleystoseyst
sahələrin geoloji quruluşu
ilə əlaqələndirməyə cəhd edilir.
Azərbaycan ərazisində ilk seysmik stansiya Şamaxı zəlzələsindən sonra 1902-ci ildə elə hmin rayonda yaradılıb. Qısa zaman ərzində -1899-1905-ci illər müddətində Qafqazda seysmik stansiyaların sayı 9-a çatıb, onlardan 4-ü ( "Şamaxı”, "Bakı”, "Balaxanı” və "Zurnabad”) Azərbaycan ərazisində olub. Bu stansiyalardakı cihazların böyütmələri yüksək olmadığından (V=15÷50) ancaq güclü zəlzələləri qeydə almaq mümkün idi. Bundan əlavə, seysmik stansiyalar müntəzəm işləmədiyindən və ümumiyyətlə, Birinci Dünya müharibəsi illərində işlərini tam dayandırdığından seysmik tədqiqatlar əsasən, makroseysmik məlumatlara əsaslanırdı.
Müxtəlif illərdə respublika ərazisində yeni seysmik stansiyalar açılıb. 1949-1951-ci illər ərzində "Gəncə”, "Naxçıvan” və "Lənkəran” stansiyaları, 1966-1968-ci illər ərzində "Jiloy” (indiki Çilov adası ), "Mingəçevir” və "Pirqulu” stansiyaları, 1973-1979-cu illər ərzində "Şəki”, "Zaqatala” və "Quba” stansiyaları təşkil olundu.
1981-ci ildə İsmayıllı rayonu ərazisində indiki
Şamaxı zəlzələsi kimi maqnitudu M=5, episentrdə intensivliyi
7 bal olan, rayon mərkəzində və episentrə
yaxın yaşayış məntəqələrində çoxlu sayda
dağıntılarla müşayiət olunan
zəlzələ baş verdi.
Zəlzələdən dərhal sonra
dövlət başçısı, Ümummilli
lider H.Əliyev fəlakət zonasında oldu. Zəlzələnin fəsadları
ilə yaxından tanış olan Heydər
Əliyev onların tezliklə aradan
qaldırılması haqqında göstəriş verdi və bütün
işləri öz nəzarətində saxlamaqla həmişə xalqın yanında olduğunu göstərdi. İsmayıllı
zəlzələsi həm də Azərbaycanda
seysmologiyanın inkişafına yeni təkan
verdi. Heydər Əliyevin göstərişi
ilə qısa zaman ərzində respublika ərazisində daha
səkkiz yeni seysmik stansiya ("Lökbatan”, "Sumqayıt”, "İmişli”, "Cəbrayıl”, "Kəlbəcər”,
"İsmayıllı”, "Cəlilabad” və "Nardaran”) yaradıldı.
Əvvəlki illərdən fərqli olaraq yalnız güclü zəlzələlərin deyil, həm də bir çox zəif zəlzələlərin dərinliklərini müəyyən etmək mümkün oldu. Azərbaycan ərazisinin seysmikliyinin yalnız keyfiyyətcə deyil (episentrlər xəritəsi), həm də kəmiyyətcə araşdırılmasına geniş yer verilib. Bir sıra müəlliflər müxtəlif dövrlər üçün respublika ərazisinin seysmik aktivlik xəritələrini qurmuşlar. Azərbaycan ərazisini seysmik cəhətdən ən təhlükəli bölgələrə ayırmaqla yanaşı, seysmikliklə bir sıra geofiziki sahələrin anomal dəyişmələri arasında qarşılıqlı əlaqələr axtarılmasına və digər seysmoproqnoztik tədqiqatlara geniş yer verilib.
2000-ci il
noyabrın 25-də baş vermiş
Xəzər (Bakı) zəlzələsindən sonra dövlət başçısı
ölkənin seysmik stansiyalarının yeni və ən müasir
avadanlıqlarla təchiz olunması ilə əlaqədar
göstəriş verdi və 14 dəst
ABŞ-ın "Kinemetrics” şirkətinin
istehsalı olan telemetrik,
peyk rabitə kanallı, müasir seysmik monitorinq sistemi
yaradıldı. Bununla da
Azərbaycanda seysmologiyanın inkişafında yeni dövr
başlandı.
Seysmik stansiyalardan əlavə Yerdə gedən horizontal və maili hərəkətlərin sürətlərini təyin etmək üçün 25 GPS və 15 Tiltmetr stansiyaları fəaliyyət göstərir, müxtəlif geofiziki (qravimetrik və maqnitometrik) cihazlar respublikanın ayrı-ayrı məntəqələrində quraşdırılıb. Hazırda AMEA nəzdində RSXM-də olan müasir seysmoloji, geofiziki və geodezik stansiyalar şəbəkəsinə dünyanın aparıcı dövlətlərinin mütəxəssisləri həsəd aparır. Həmin ölkələrdə seysmoloji, geofiziki və geodezik stansiyalar şəbəkəsi ayrılıqda fəaliyyət göstərirsə, Azərbaycanda bu müşahidələr kompleks şəkildə aparılır.
- Bu
tədqiqatların nəticələri haqqında nə demək
olar?
- Azərbaycanda aparılan kompleks müşahidə materialları əsasında ölkə ərazisində yerin dərinlik quruluşu, iri dərinlik qırılmalarının aktiv hissələri, torpaq sürüşmələri, palçıq vulkanları və s. tədqiqat işləri aparılır. Aparılan tədqiqatlar göstərir ki, 1991-ci ildə tərtib olunmuş "Azərbaycanın müvəqqəti-sxematik seysmik rayonlaşdırma xəritəsi” respublika ərazisindəki seysmik şəraiti adekvat əks etdirmir. Məlum olub ki, iri dərinlik qırılmalarının aktiv hissələri potensial zəlzələ ocaqları zonalarıdır. Bu, respublika ərazisinin seysmik rayonlaşdırılmasının düzgün tərtib olunmasının və ya seysmik balın dəqiqləşdirilməsinin əsas şərtlərindən biridir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi və AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları bu problemin həlli, respublikanın yeni, elmi cəhətdən əsaslandırılmış və dəqiqləşdirilmiş seysmik rayonlaşdırma xəritəsinin tərtib edilməsi üçün Dövlət Proqramı hazırlayaraq 2015-ci ildə Nazirlər Kabinetinə təqdim ediblər.
- Azərbaycanda seysmik hadisələrin öyrənilməsi
üzrə dövlət proqramı barədə daha nə demək
olar?
- Real zaman miqyasında seysmik hadisələri qeydə alan seysmik stansiyalar şəbəkəsi respublika daxilində, regionda və dünyada istənilən zəlzələnin parametrlərini, xüsusilə də onların dərinliyini (əvvəlki dövrlərdə zəlzələlərin dərinliyini təyin etmək həmişə mümkün olmurdu) qısa zaman ərzində təyin etməyə, seysmik dalğaların spektral analizlərini aparmağa, zəlzələ ocaqlarının mexanizmini, dinamik parametrlərini təyin etməyə və s. seysmoloji məsələlərin həllinə imkanlar yaradır. Prezident İlham Əliyev cənabları da Azərbaycanda seysmologiyanın inkişafına xüsusi diqqət ayırır. Onun dəstəyi ilə 2008-ci ildən indiyə qədər respublika ərazisində ABŞ-ın istehsalı olan, ən müasir rəqəmsal seysmik stansiyaların sayı 35-ə çatdırılıb, güclü zəlzələ ocaqları zonalarında xüsusi tədqiqatlar üçün nəzərdə tutulan 8 mobil rəqəmsal seysmik stansiya alınıb.
- Əhali zəlzələ
ilə bağlı necə maarifləndirilir?
- Zəlzələ ilə bağlı əhalinin maarifləndirilməsi üçün hər şeydən əvvəl onlara bu təbii fəlakət haqqında ümumi anlayışları çatdırmaq lazımdır. Əhali bilməlidir ki, zəlzələ təbii fəlakətlərin ən dəhşətlisidir və ona psixoloji cəhətdən hazır olmaq lazımdır. Təcrübə göstərir ki, zəlzələ baş verən zaman yer səthinin titrəməsindən çox insanların təşvişə düşmələri, həm özlərinin, həm də ətrafdakı insanların xəsarət almalarına səbəb olur. Zəlzələ vaxtı tələfata bina və qurğuların uçulub dağılması, eləcə də əşyaların düzgün yerləşdirilməməsi və düzgün mövqe seçilməməsi səbəb olur. Bu baxımdan, insanların zəlzələ ilə bağlı maarifləndirilməsi ilə yanaşı, onların zəlzələdən əvvəl, zəlzələ zamanı, eləcə də zəlzələdən sonra davranış qaydaları haqqında maarifləndirməsi zəruridir.
Bu təbii fəlakət zamanı insanların xəsarət almalarının minimuma endirilməsi görülən işlərin səviyyəsindən, əhalinin zəlzələ haqqında olan biliyindən və psixoloji cəhətdən hadisəyə nə dərəcədə hazır olmasından asılıdır. Mərkəzimizin gənc mütəxəssisləri artıq neçə ildir ki, maarifləndirmə işləri ilə məşğuldur. Maarifləndirmə işləri Bakı və respublikanın regionlarında aparılaraq məktəblilər və gənc nəslin zəlzələ ilə bağlı maarifləndirilməsi ilə başladı, daha sonra bu məsələ ilə bağlı bir sıra iaşə obyektlərində davam etdirildi.
- Qurban müəllim,
zəlzələni proqnozlaşdırmaq mümkündürmü?
Doğrudanmı bəzi heyvanların qeyri-adi
davranışları zəlzələnin olacağına
işarədir?
- Seysmologiya elminin
qarşısında duran ən mühüm problem zəlzələnin
proqnozlaşdırılmasıdır. Zəlzələnin
başvermə vaxtını öncədən
proqnozlaşdırmaq hələlik mümkün
olmadığı üçün
yalnız uzunmüddətli proqnoz verilir və gələcəkdə mümkün ola biləcək
potensial zəlzələ
ocaqlarının yeri və maksimum seysmik potensialı
müəyyənləşdirilir. Uzunmüddətli zəlzələ
proqnozu seysmik
rayonlaşdırmadır. Seysmik
rayonlaşdırma ərazilərin seysmik
təhlükə səviyyəsinə görə xəritələnməsidir.
Bəzi heyvanların zəlzələdən bir neçə dəqiqə öncə qeyri-adi davranışları müşahidə
edilir. Bu, onların potensial ocaq zonalarında əmələ
gəlməsi ehtimal olunan
şüalarla əlaqəsi ilə
bağlı ola bilər. Lakin
bunun tam elmi əsasları aydın deyil
və belə hallar həmişə baş vermir. Ona görə
də bu amil proqnoz məqsədi üçün
istifadə olunmur. Əhali isə bütün hallarda zəlzələ
kimi təbii fəlakəti maksimum ağrısız qarşılamaq üçün maariflənməyə özü maraqlı olmalı, bu
sahədə aparılan işlərə laqeyd
olmamalıdır. Unudulmamalıdır ki,
qısamüddətli zəlzələnin proqnozunu
vermək hələ ki mümkün
deyil.
Şirməmməd
Nəzərli
Kaspi 2019.- 19 mart.- S.11.