Durna qatarının Sonası
Əməkdar jurnalist Sona Bağırova bu gün də hörmət və ehtiramla anılır
Biz nəsil jurnalistlərin
həyatında və yaradıcılığında rolu olan elə xanım qələm
sahibləri vardı ki, onları həmişə
durna qatarına bənzədərdim. Firuzə
Nağıyeva, Məryəm Həsənzadə, Sona Bağırova, Tamara
Əliyeva, Svetlana Nəcəfova, Tükəzban
Əsədova, Pirxanım Qasımova, Mailə Muradxanlı...
Xalidə Hasilova da bu qatarın öncülü
sayılardı. Hərdən ötənlərə boylananda onların necə fədakar, zəhmətkeş,
əzabkeş olduqlarını anladıqca heyrətə gəlirəm.
Nə qədər iradəli, daxilən böyük
və qüdrətli olasan ki,
həm fiziki, həm də mənəvi
çətinlikləri dəf edə biləsən. Jurnalistikamızın, eləcə də o füsunkar durna qatarının yeganə Sonası olan əməkdar jurnalist Sona Bağırovanın 90 illik
yubileyidir. İllərdir ürəyimdə
saxladığım fikirlərimi
qələmə alaraq unudulmaz insana hörmət və ehtiramımı
bildirmək istəyirəm. Çox
arzulayıram ki, şəxsiyyəti,
yaradıcılığı ilə örnək olan bu xanım qələm
sahibindən gənclər nümunə götürsünlər,
ən başlıcası onu yaxından
tanısınlar. Sona Bağırovaya məxsus fikiridir:
"İnsan ömrü
boyu gördüyü
işlərlə, əməllərlə öz
şəxsi tablosunu yaradır”. Gözəl
deyimdir. Bizim qəhrəmanımız
da fəaliyyəti, qələmi ilə məhz
öz portretini elə
dəqiq və dürüst yaradıb ki, bələdləşdikcə bir şerin nəqarətinə
haqq qazandırırsan: "Söz mülkünün
tacı Sona...”
Yazıçı Cəmil Əlibəyov
vaxtı ilə onun barəsində
yazırdı "Bizim bircə Sonamız
vardı. O, bu qədir-qiyməti, pak imanı, dupduru
halallığı, tərtəmiz abır-isməti, kimsənin
imdadına çatmaq üçün
xeyirxahlığa tələsməsi, uğur
və sevinclərini hamı ilə bölüşmək məcazı,
şücaəti, xas polad təki qeyrəti ilə qazanıb.
Üstəlik də istedadı, qələm səmimiliyi ilə!” Sona
Bağırova 1 may 1929-cu ildə
Bakının Bülbülə qəsəbəsində anadan olub. Uşaqlıq və
ilk gənclik
illəri II Dünya müharibəsinin
ağır dövrünə təsadüf edib.
Yadımdadır bir dəfə
söhbət əsnasında demişdi ki, hərdən "Bizim
Cəbiş müəllim” filminə baxanda
öz həyatımı
xatırlayıram. 1952-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika
fakültəsini bitirdikdən sonra təyinatla
"Azərbaycan gəncləri” qəzetində işə
başlayıb. Hələ tələbəlik illərindən
respublika mətbuatında məqalələri
ilə çıxış edən
Sona Bağırov düz
40 il bu qəzetin
redaksiyasında çalışıb. Etiraf
edək ki, "Azərbaycan gəncləri”
qəzeti ötən əsrin ən nüfuzlu,
sevilən, seçilən qəzetlərindən biri olub. Özünün
etirafıdır: "Müharibədən
sonrakı illərdə ömrümün
səhifələrinə məşəqqətli günlər
yazılsa da, bütün
çətinliklərə dözür,
yaxşı oxumağa, jurnalist
peşəsinə yiyələnməyə
çalışırdım”. 90-cı illərdən sonra "Açiq söz”, "”Bakı post” və digər qəzetlərdə
çalışsa da, "ömrümün qızıl günləri
"Azərbaycan gəncləri” ilə bağlıdır” deyərdi. Onun necə
cəsarətli və qeyrətli qələm sahibi
olması ilə bağlı bildiyim bir neçə faktı demək istərdim.
1956-57-ci illərdə Sona
Bağırovanı Moskvaya Komsomol məktəbinə oxumağa
göndəriblər. Dünyanın müxtəlif ölkələrindən
bura təhsil almağa
gələrdilər. Sona xanım
xatırlayardı:”Bizə görkəmli alimlər, siyasətçilər,
dövlət vəzifəliləri mühazirə oxuyurdular”. Həmin
illər Azərbaycan K.P. MK-nın birinci katibi M.C. Bağırovun həbs edildiyi dövrə təsadüf edirdi. SSRİ üzrə bütün yerlərdə onun
əleyhinə təbliğat kampaniyası
aparılırdı. SSRİ-nin baş prokuroru Rudenko (M.C. Bağırova ölüm hökmü onun tələbi ilə verilib.)
geniş auditoriyada
M.C. Bağırovun dəhşətli əməllərindən
danışıb, onu xarici
düşmənlərə satılmış casus,
Vətən xaini adlandırıb. Sona xanım o günləri
belə xatırlayırdı: "Düzü,
Mircəfər Bağırova qarşı məndə lap uşaqlıqdan ikrah hissi oyanmışdı. Kəndimizin
yaxşı adamlarını, xüsuisilə vəzifəli, gələcəyi
olan cavanları güdaza
verən bir cəllada anam
həmişə qarğış tökərdi. Bununla belə, Moskvada,
müxtəlif millətlərin iştirak
etdikləri bu geniş
auditoriyada azərbaycanlıya "casus”, "xain”
damğası vurulması heysiyyatıma toxunurdu.
Məni hövsələdən çıxaran bir də o idi
ki, ittihamçı Azərbaycanın ən
yaxşı oğullarını qətlə yetirən digər
cəlladların - Markaryanın, Qriqoryanın, Sumbatovun-
Topuredzenin adlarını çəkmirdi.
Hədəf ancaq azərbaycanlı idi. Dözə bilməyib Rudenkoya
yazılı surətdə suallarımı göndərdim.
Əslində, bu, baş
prokurora meydan oxumaq kimi alındı:
"Siz hansı əsaslarla M.C.
Bağırovu xarici
düşmənlərə satqınlıqda ittiham
edirsiniz? Vətən xaini
də öz doğma
övladını cəbhəyə-güllə
qabağına göndərərmi?” Bununla
da çək-çevirlər,
danışdırmalar, məlumat toplamaqlar
başlayıb. Əvvəl soyadların eyni
olması onları şübhəyə salıb. Elə zənn
ediblər ki, Sona
xanım M.C. Bağırovun qohumudur. Nəhayət tutarlı dəlil
tapılmadığından onu rahat buraxıblar. 1988-ci ildən başlayaraq
ta Şuşa və
Laçın erməni qəsbkarları tərəfindən işğal edilənədək
Qarabağın ən təhlükəli yerlərinə gedir, millətimizin başına gətirilən
müsibətləri qələmə alırdı. Dəfələrlə
gülləbarana da düşüb,
salamat qurtarıb. Deyərdi ki, Allahın elə bil mənə
yazığı gəlirdi. Həmişə özümlə
qızım Sevinci də aparırdım. Çox bəlalardan qurtulmuşdu.
Ağdərədə bir əsgərimizin
fədakarlığı nəticəsində minaya
düşməkdən qorunmuşdu.
1995-ci ildə Bakıda 300 nəfərin həlak olduğu metro qəzasından
( daha doğrusu,
dəhşətli terrordan-F.X.) sağ çıxmışdı. Özünün bir
yazısında oxumuşdum ki, Qarabağ hadisələrinin
təzə qızışdığı vaxtlarda akademik Zemfira Verdiyevanın
başçılığı ilə Xankəndinə gediblər.
Gecələr köhnə vaqonlarda
qalır, gündüzlər isə Qarabağdakı sovet əsgərləri arasında təbliğat
aparır, tarixdən danışırdılar. Onları
haqqı-ədaləti qorumağa
çağırırlar. Sona xanım
xatırlayırdı ki, vaxtı ilə Qarabağ Qadınlar Şurasının sədri
olan Knarik adlı bir erməni
"harsın”ı vardı, Bakıya gələndə
bizə elə yaltaqlanardı ki... Amma orda onu
axtaranda bizimlə heç
telefonla danışmadı. Lakin "qəribə də olsa
sabahısı ermənilər Bakıdan gələn
qadınları qonaq dəvət etdiklərini
bildirdilər. Doğrudur, Zemfira
xanım bu dəvətə razılıq
verməyib. Amma Sona
xanım söyləyirdi ki, mən bu görüşə tərəfdar idim. Fikirləşirdim ki,
bəlkə erməni analar səhvlərini
başa düşərlər. Nəhayət
getməyə hazırlaşdıqları vaxt
Əlif Hacıyev tənginəfəs halda
onların yanına gələrək " nəinki o görüşə, heç
hara getməyin, ermənilər sizi girov götürmək
istəyirlər. "Sona xanım
yazırdı: "Erməni dilində sərbəst
danışan, gözəl kəşfiyyatçı, Azərbaycan
xalqının qeyrətli oğlu Əlif
Hacıyev olmasaydı kim bilir
nələr olacaqdı, fitnəkar erməni axçikləri
nə cür alçaqlıq edəcəkdilər”.
Şair-publisist Mahmud Qacar Sona
Bağırovanın vəfatından sonra
yazdığı elegeyada deyirdi: Xəzərin
qayasında işıq olan, Qələminin mayasında
işıq olan. Üz-gözünün
həyasında işıq olan Söz
mülkünün tacı Sona! Sona Bağırova ötən əsrin
sonlarında Məkkəyə ziyarətə gedib.
Uzun illər arzusunda olduğu niyyətini gerçəkləşdirə
bilib. Səfərlə bağlı təəssüratlarını
qələmə aldığı yazıda diqqətimi bir rəqəm də çəkdi: "Sovet dövründə azərbaycanlıların
Məkkə ziyarətinə getməsi qadağan
idi. Həmin dövrdə 80 min azərbaycanlı məhz dindar
olduğu üçün
güllələnmişdi. Hələ
uşaqlığımdan gücünə, qüdrətinə,
vahidliyinə, ədalətliliyinə sidq
ürəklə inamım olduğundan
1992-ci ildə müqəddəs yerə-Məkkə ziyarətinə
getmək qismətimə düşdü”. Əlini başıma çəkdiyi
günü
və ilk
tanışlığımızı xatırladım. Mən onun
imzasını hələ orta məktəbdə
oxuduğum illərdən
tanıyırdım. "Azərbaycan gəncləri” çox sevdiyim qəzet idi. Mən də jurnalist olmaq istəyirdim. Bir dəfə
bu qəzetdə "Şagird
inşa yazır” rubrikası altında Sədaqət
Paşayeva adlı bir
məktəblinin yazısını oxudum
və təsirləndim. Ona bəxtəvərlik
verdim ki, belə bir qəzetdə dərc oluna
bilib. Redaksiyaya məktub
yazaraq arzularımdan söz
açdım. Çox keçmədi ki, Sona Bağırovadan cavab aldım. Bir cümləsini
indiyə kimi yadımda
saxlamışam: "Arzuna çatmaq üçün inadkar ol və bir də dərslərini
yaxşı oxu...” Bakı Dövlət
Universitetinə qəbul olduğum gün isə divardan
asılmış siyahıda Sədaqət Paşayevanın da adını oxudum. Elə
ilk gündən dostluğumuz
tutdu. Qərarlaşıb redaksiyaya
- Sona Bağırovanın yanına getdik. Kimliyimizi bilən kimi bizi bağrına
sıxdı, təbrik etdi və dönə-dönə
tapşırdı, indi qəzetlərə
məqalələr yazın, jurnalist dərc
olunmalıdır. Son kursda oxuyurdum,
məni redaksiyaya
çağırdılar və qəribə bir
yazı tapşırdılar. Bir
fırıldaqçı qadın insanları-xüsusi ilə
gənc qızları aldadaraq guya fala baxırdı.
"Falçı xala, bircə mənim
falıma bax” adlı yazım geniş əks-səda doğurdu.
Sona Bağırovanın məhəbbətlə
"afərin” kəlməsi ürəyimə yağ
kimi yayıldı. Çünki
bu sözü bizim ideal sandığımız bir
qələm sahibindən eşidirdim. Bir qədər sonra "Matan gəldi” felyetonum dərc
olundu. Məni ilk təbrik
edən və tərifləyən yenə Sona
xanım idi. Deməyim odur
ki, çox böyük
ürəyi və həssas qəlbi var idi.
Ömründə xeyrə şər, yalana
gerçək, pisə yaxşı deməzdi. Dürüstlük
ən böyük meyarı idi. Zahirən sərt, qaşqabaqlı
görünərdi, amma elə yumaq təbiətə malik
idi ki, onunla
davaya gedib, salamat qayıtmaq olardı. Son
illər "Sona Bəhrəli” imzası
ilə çıxış edərdi. Açığı, bu imza çox
xoşuma gəlmişdi. Həqiqətən
Sona xanım bəhrəli jurnalist
idi. Ömrünün
50 ildən çoxunu mətbuata bağlayan bir qələm
sahibi idi. Yüzlərlə məqalənin, felyetonun,
tənqidi yazının müəllifi kimi
şöhrət qazanmışdı. Amma
çox sonra bildim ki, Bəhrəli
atasının adı imiş. Ömrünün
72-ci zirvəsində dünyasını dəyişmiş Sona Bağırova Əməkdar jurnalist, "Qızıl qələm”, Həsən
bəy Zərdabi adına mükafatlar
laureatı idi. Yaşasaydı biz indi onun
90 illik yubiley mərasiminə
yığışardıq. Amma yenə də
onu unutmamışıq. Bu
mətin və iradəli insandan təkcə
gözəl xatirələr, qələmə
aldığı yazıları qalmayıb ki...
Sona xanımı unudulmağa
qoymayan qızları - Sevinc,
Sevda, Tamella,
arzularını yaşadan gül-nəvələri,
tez-tez yada salan biz qələm
ardıcılları var. Mərhum jurnalist Camal
Qaryağdı deyərdi ki, Sona düzlük təbəssümüdür...
Qəlblərdə abidəsini ucaldanların ömrü
heç vaxt sona yetməz. Tarixə dönmüş
imzası illər boyu
araşdırılacaq. Ona həsr edilmiş bir şeirdən
gətirdiyim nümunə ilə yazıma yekun
vururam:
Qəlbi kövrək, sözü kəskin
Qələmi ox, Sona xanım!
Flora XƏLİLZADƏ, Əməkdar jurnalist
Kaspi 2019.- 1 may.- S.11.