“Eurovision” “Həqiqət”imizi eşidəcək

 

3 gündən sonra beynəlxalq mahnı müsabiqəsində məşqlərə start veriləcək

 

Hər il mayın ilk həftələrində beynəlxalq musiqi yarışması olan "Eurovision” mahnı müsabiqəsinin həyəcanını daha çox hiss edirik. Belə ki, hər il bu ayın ortalarında final gecəsi gerçəkləşən musiqi yarışmasının ayın əvvəlində ifaçıların beynəlxalq arenada tanıdılması münasibəti ilə bukmekerlərin rəyi, münasibətlər, dünya mediasında çıxan xəbərlər diqqət mərkəzində olur. Uzun müddət haqqında danışılan mahnılarla bağlı söz-söhbətlər dayanır, son hazırlıqlar gedir bu xəbərlər dünya, o cümlədən Avropa mediasında ən çox oxunan xəbərlər sırasında yer alır.

 

Bu il Azərbaycanı yarışmada gənc ifaçı Çingiz Mustafayev "Truth” (Həqiqət)  mahnısı ilə təmsil edəcək. O, Təl-Əvivdə keçiriləcək "Eurovision 2019” mahnı müsabiqəsində ikinci yarımfinalda 18-ci nömrə ilə çıxış edəcək. Artıq Çingiz Mustafayevin tanıtım çarxı da hazırlanır. Bu videoçarx Azərbaycan İsrail dostluğu ilə yanaşı, müsabiqə iştirakçılarının birliyini nümayiş etdirəcək.

Almaniyanın ARD telekanalının internet səhifəsində "Truth” mahnısının klipi bu klipə dair müxtəlif insanların fikirlərinin əks olunduğu videoçarx yerləşdirilib. Müsabiqənin şərhçisi Peter Urban musiqinin müasir bəstə olduğunu, aktrisa Katrin İngendoh telekanalının redaktoru Tomas Mor onun gözəl səsləndiyini qeyd edib.

 

Beynəlxalq musiqi yarışmasında ifaçımızın səsləndirəcəyi mahnının bəstəkarı, əslən bolqarıstanlı-avstriyalı olan Borislav Milanov mahnı ilə bağlı danışarkən deyib ki, mahnını hazırlayarkən Çingizin onu ifa edə biləcəyi şübhə altında olub: "Etiraf edirəm ki, "Truth” mahnısının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o, flamenko gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə haqqındakı fikirlərim tamamilə dəyişdi. O, inanılmaz dərəcədə ehtiraslı musiqiçi müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerası Şərq ürəyi qatdıq”.

Məlumat üçün qeyd edim ki, bəstəkarın mahnısı İctimai Televiziyanın bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş 350 namizəd mahnı arasından seçilib. "Truth” zəhərli sevgi münasibətindən bəhs edir. Burada həqiqətə yer yoxdur. Cütlüklərdən biri sevgisinə xəyanət edir digəri bu vəziyyəti qəbul etmək ya sevgi illüziyasını dağıtmaq seçimi qarşısında qalır.

Əslində, hardasa bəstəkarın fikirlərində həqiqət var. Belə ki, biz Çingiz Mustafayevi flamenko gitara ifaçısı kimi tanıdığımız bir halda, bu mahnı ilə o öz tərzindən bir qədər uzaqlaşıb. Amma yeni tərzinin ona daha çox yaraşdığı deyilir.

 

Mayın ilk həftələrindən müsabiqə həyəcanının başlayacağını qeyd etməyimiz əbəs deyildi. Belə ki, ayın 4-dən etibarən müsabiqə iştirakçıları İsraildə Təl-Əviv Sərgi Mərkəzində məşqlərə başlayacaqlar. Həmyerlimiz ikinci yarımfinalda çıxış edəcək.

Müsabiqənin başlamasına hələ iki həftə qalsa da, bukmekerlər müsabiqədə iştirak edən mahnılara nəzər salaraq öz mövqelərini bildiriblər. Onların proqnozuna görə, mayın 16-da çıxış edəcək Çingiz finala vəsiqə qazana biləcək. O, əsas şouda iştirak edəcək 10 ölkə arasında 5-cidir. Siyahıda ön sıralarda isə ən iddialı ölkələr - Niderland, Rusiya, İsveç İsveçrə qərarlaşıb.

Bukmekerlərin final proqnozlarına əsasən, Çingiz qısa müddət ərzində 3 pillə irəliləyərək 13-cü sırada yer tutub. Əvvəlcə Azərbaycandan daha ön sırada olan Ermənistan isə 4 pillə geriləyərək 17-ci sırada qərarlaşıb. Buna səbəb ölkə təmsilçisi Srbukun İspaniyada keçirilən gecədə müsabiqə mahnısını canlı olaraq çox zəif ifa etməsi olub.

Bukmekerlərin fikirləri ilə maraqlandıqdan sonra yerli ekspertlərimizin fikirlərini öyrəndik.

 

Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə bizimlə söhbətində "Eurovision” mahnı müsabiqəsində fərqli, yenilikçi mahnıların üstünlük təşkil etdiyini dedi: "Azərbaycanı müsabiqədə təmsil edən ifaçımız Çingiz Mustafayev istedadlı gəncdir. Müsabiqədə Azərbaycanı təmsil edən mahnı yəqin ki, Avropa tamaşaçısının zövqünü oxşayacaq.  Keçən il Azərbaycan təmsilçisi Aysel Məmmədovanın ifa etdiyi "X my heart” mahnısı müsabiqəsinin finalına vəsiqə qazana bilməmişdi. Mənim diqqətimi cəlb edən əsas məsələ isə bu müsabiqələrdə mahnıların üçün Avropa bəstəkarlarına həvalə olunmasıdır. Bizi beynəlxalq arenada təmsil edən mahnını avropalı bəstəkar hazırlayırsa o mahnı finala vəsiqə qazana bilmirsə, mənim deyəcəyim başqa bir söz yoxdur. Belə olduğu halda biz nədən danışaq? Ötən ilki proses məni çox məyus etdi. İstəmirəm Ayselin yaşadıqlarını Çingiz yaşasın. Ümid edirəm ki, bu il daha yaxşı olar. Əslində burada şans məsələsi mühüm rol oynayır. Çox istəyərdim ki, Çingizin ifası ilk onluğa düşsün. Onu birinci görmək hər birimizin arzusudur. Ancaq digər ifaçılarla müqayisədə bizim ifamızı soruşursunuzsa, sizə qəti bir söz deyə bilməyəcəm. Çünki bu barədə fikir bildirmək üçün gərək müsabiqədə iştirak edən bütün mahnıları dinləyim, digər musiqi nömrələrindən xəbərim olsun. Bəlkə elə zəif mahnılar ola bilər ki, onlara baxanda bu il Çingiz birinci olar. Təki yaxşı olsun, adımız birinci olsun, ötən ilki kimi pərt vəziyyətə düşməyək”.

 

Xalq artisti, tanınmış bəstəkar Faiq Sücəddinov Çingiz Mustafayevin istedadlı ifaçı olduğunu, səsləndirdiyi mahnı ilə Avropaya səs sala biləcəyini deyir: "Bu müsabiqə böyük bir arenanı əhatə edir. Əvvəllər "Eurovision” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən gənclər tanınan simalardan seçilmirdi. Misal üçün, o zamanlar müsabiqədə iştirak edən Eldar Qasımov Nigar Camal tanınmırdılar. Onlar müsabiqədə iştirak etdilər birincilik qazandılar. Ancaq Çingiz Mustafayev uzun müddətdir ki, səhnədədir, çox istedadlı gəncdir, onun istedadına hamımız bələdik. O, mahnını gözəl ifa edib, performansı da yaxşıdır. Bizə qalır, oturub rəyləri gözləmək. Görək Avropa onu necə qəbul edəcək. Mahnını dinlədim mənə zövq verdi. İnanıram ki, Çingiz bu mahnı ilə layiqli bir yer tutacaq”.

F.Sücəddinov "Eurosvionmahnı müsabiqəsinin səsdən, musiqidən, performansdan daha çox şansın üstünlük təşkil etdiyi bir müsabiqə olduğunu dedi: "Bu elə bir yarışmadır ki, səsləri təkcə musiqi, səs, səhnə performansı toplamır. Bu yarışmada siyasət, tərəfkeşlik bizim bilmədiyimiz başqa oyunlar da var. O ki qaldı münsiflər heyətinə, onlarda meyarlar fərqlidir. Ola bilər ki, o səhnəyə peşəkar, tanınmış, nüfuzlu ifaçı çıxsın, ancaq heç top onluğa da düşə bilməsin. Biz ilk dəfə bu müsabiqəyə qatılanda, Ukraynadan Azərbaycana ekspertlər gəlmişdi, onlar bildirdilər ki, elə bilməyin, təkcə səsə görə birinci yer tutmaq olar. O səhnədə ifadan çox xarici görünüş, saç düzümü, plastikaya önəm verirlər. Çingizin ifası da, mahnısı da gözəldir. Amma ola bilər ki, səs vermədilər. Hər şeyi gözləmək mümkündür. Bizim öhdəmizə düşən odur ki, istedadlı ifaçı ilə maraqlı musiqi təqdim edək. Biz öhdəmizə düşən işi yerinə yetirmişik. İstənilən halda, o mahnı beşliyə düşməli mahnıdır”. 

 

Qeyd edək ki, 10 gündən sonra Avropanın ən nüfuzlu musiqi yarışması olan "Eurovision” start götürəcək. Təl-Əvivdə keçirilən layihənin birinci yarımfinalı mayın 14-də, ikincisi 16-da, finalı isə 18-də baş tutacaq. Bizə isə iştirakçımıza uğurlar arzulamaq qalır.

 

Xəyalə Rəis

Kaspi  2019.- 1 may.- S.12.