Əhməd
Ağaoğlu Şərq və Qərb düşüncə
sistemi qayğısında
O, yaxşı anlayırdı ki,
İslamı olduğu kimi deyil, hədislərdəki kimi
qavramaq, dinin əsaslarına ciddi zərbələr vurur
(I yazı)
Sovet imperiyasının
artıq çox sürətlə qüruba doğru getdiyi qaynar 1988-ci ildə akademik Kamal Talıbzadə
Əhməd Ağaoğlu haqqında
yazırdı: "Bu,
"təpədən dırnağa qədər azərbaycanlı”
olan şəxsiyyəti biz,
məlum səbəblər üzündən, həm az öyrənmiş, az təbliğ
etmiş, həm də ona
bir çox hallarda obyektiv
yanaşmamış, birtərəfli münasibət bəsləyərək
bir çox həqiqətləri
deyə bilməmişik”. Azərbaycanın
dövlət müstəqilliyini yenidən bərpasından sonra digər mühacirlər kimi,
Ə.Ağaoğlunun da
üzərindən məxfilik pərdəsi götürülmüş,
əsərləri doğma vətəndə
çap olunmağa, çoxspektrli yaradıcılığı, zəngin
ictimai-siyasi fəaliyyəti dərindən
öyrənilməyə başlanmışdır. Ə.Ağaoğlunun zəngin irsində bədii-fəlsəfi
əsərlərinin özünəməxsus yeri
var. Təhlillər göstərir ki, bədii-fəlsəfi düşüncələri
Ə.Ağaoğlunun
dünyagörüşündən doğan
bir məsələdir və ədibin həyatının
sonuna qədər davam
etmişdir. Diqqəti
çəkən əsas məqam isə ondan
ibarətdir ki, Ə.Ağaoğlunun
bu qəbildən olan bütün əsərlərini birləşdirən
ümumi bir xətt mövcuddur; əsərlərdən biri digərini həm problematika,
həm də ideya-məzmun cəhətdən tamamlayır.
Ə.Ağaoğlu bədii-fəlsəfi
yaradıcılığında Milton, Lokk, Spenser, Volter, Russo, Monteskyö kimi Qərbi Avropa klassiklərindən təsirlənməklə
yanaşı, Parisdə təhsil aldığı illərdə
(1888-1893) Ernst Renan, Ceyms Darmsteter, Barbiye de Meynar,
İppolit Ten, Qaston Paris və b. müəllimləri və dostlarının
– Avropada elm, təhsil,
mədəniyyət sahəsinin tanınmış
simalarının əsərlərindən bəhrələnmişdir.
Avropalı klassiklər və avropalı
müasirləri Ə.Ağaoğlunun ümumi yaradıcılığında, o cümlədən bədii-fəlsəfi
irsində ayrıca bir xətt kimi keçən avropalaşma
konsepsiyasının formalaşması və inkişafına çox ciddi təsir
göstərmişlər. Maraqlıdır
ki, o, Avropanı ancaq avropalılardan öyrəndiyi halda, Şərqi həm avropalı filosof və yazıçıların, həm
də şərqli mütəfəkkirlərin əsərlərindən
tanımaq məcburiyyətində qalmışdır. Şərqə
münasibətdə bir-birini inkar edən çoxsaylı əsərlər
və Şərqin bu günü
və gələcəyi ilə bağlı ən
müxtəlif təlimlər Ə.Ağaoğlunu,
bəzi hallarda açıq dilemma qarşısında qoymuş,
yaxud yaradıcılığında
müəyyən subyektivizmə meyilləndirmişdir. Qeyd edək ki, Ə.Ağaoğlu Şərq haqqında ilk sistemli bilgiləri
görkəmli mütəfəkkir alim Cəmaləddin
Əfqanidən almışdır. Kifayət qədər zəngin
dünyagörüşə malik
C.Əfqani (1838-1898) müsəlman Şərqinin modernləşməsi
yolunda ciddi mübarizələr
aparmış, Şərqdə dövlətçilik məsələsində
özünün təlimini irəli sürmüşdür. Onun
fikrincə, bütün müsəlman
ölkələrində konstitusiyalı idarə üsulu yaradılmalı, siyasi
sistem, dövlət idarəçiliyi
Quranın ehkamlarına əsaslanmalıdır. Beləliklə,
Ə.Ağaoğlu müəyyən mənada
bir-birini tamamlayan, eyni zamanda, biri
digərini inkar edən modellər əsasında
Şərqi kəşf etməli idi. Bu "kəşf”ə nə dərəcədə
nail olduğu, onun bədii-fəlsəfi əsərlərində
özünü göstərməkdədir.
Lakin
görünən odur ki,
gənclik illərindən başlamış həyatının
sonuna qədər o,
Şərqə münasibətdə aşkar
tərəddüdlər içərisində olmuş,
bəzən hətta Şərq ədəbiyyatı və mədəniyyəti,
o cümlədən Azərbaycan ədəbiyyatı
ilə bağlı yanlış düşüncələrə
gəlmişdir. Akademik Kamal Talıbzadə ədibin keçdiyi həyat yolunun,
təhsilinin, zəngin mütaliəsinin onun
dünyagörüşünə xüsusi
təsirini tamamilə düzgün qiymətləndirərək
yazırdı: "Əhməd bəy Ağaoğlunun
dünyagörüşü mürəkkəb
və ziddiyyətli yollarla irəliləmişdir.
O, demək olar ki, bütün
yaradıcılıq boyu kifayət qədər
dərindən bildiyi Qərb və rus ictimai-siyasi və fəlsəfi-estetik
fikri ilə Şərq zehniyyəti və
klassik ənənələrinin üzvi əlaqəsini yaratmağa
çalışmışdır”. K.Talıbzadənin
fikrincə, Ə.Ağaoğlunun ibtidai təhsili Şərqin, o
cümlədən Azərbaycanın zəngin mədəni və
ədəbi irsini, əsrlər boyu davam edib
gələn ənənələri öyrənmək
imkanlarından çox uzaq
olduğu halda, rus və bir az sonra Qərb mədəniyyəti, elm və ədəbiyyatını
öyrənməyi isə kiçik
yaşlarından davamlı bir istiqamət
almış, sonralar tələbəlik
illərində daha sistemli
bir şəklə düşmüş,
Fransadakı təhsili ona Şərqə,
islam dininə Qərb şərqşünasların
gözü ilə baxmağı öyrətmişdir.
Ə.Ağaoğlunun həm birinci, həm də ikinci
kitabı İslam dini
ilə bağlıdır. Bunu da təsadüfi saymaq olmaz. Ə.Ağaoğlu
Parisdə təhsil aldığı illərdə müxtəlif
elmi diskussiyalarda, mətbuat
orqanlarında Şərq xalqlarının həyat tərzinin,
qadınların mədəni-məişət problemlərinin
kökündə İslam dininin
dayandığına dair iddialarla
tez-tez rastlaşır, Qərb alimlərinin
əsərlərində İslamın mahiyyətinin təhrif olunmasının kökündə dayanan subyektiv amillərə
aydınlıq gətirməyə
çalışırdı. 1901-ci ildə Tiflisdə rus dilində çap olunan «İslama görə
və İslamda qadınlıq» əsərində
bu qəbildən olan
məsələləri, konkret olaraq İslam və qadınlıq məsələsini
araşdırmış, problemə münasibətdə
Qərb düşüncəsinin yanlış olduğunu
sübut etmişdir.
Ə.Ağaoğlu qeyd edir ki,
Qərb elmi dairələrinin fikrincə,
müsəlmanların üzləşdikləri bütün problemlərin səbəblərini
İslamda axtarmaq
lazımdır və əgər bu din olmasaydı, hər şey
başqa cür olardı.
Görkəmli ədəbiyyatşünas Ə.Mirəhmədov
Ə.Ağaoğlu haqqında tədqiqatında
İslamın mahiyyətini anlamayan qərblilərin
düşüncələrinin yanlışlığından
bəhs edərək yazırdı: "Bu
görüşün tərəfdarlarına
görə, nə qədər ki, müsəlmanlar
müsəlman olaraq qalırlar, onların
heç bir əxlaqi
və ya sosial tərəqqiyə
qabiliyyətləri olmayacaq. Hər şeyin təqsirini İslamın özündə
görməklə, onlar belə hesab edirlər ki, yeganə
xilas yolu dinin özünün kökünü üzməkdir”. O, Ə.Ağaoğlunun bu cür düşüncə sahiblərinə elmi cavabını tamamilə təqdir edərək
qeyd edirdi: "Bu fikirləri Ağaoğlu Qərblə Şərq
arasında uzun müddət davam etmiş mübarizənin
qərblilərdə yaratdığı yanlış təsəvvürlərlə
əlaqələndirir, xristianlıqla İslamın bir-birinə
qarşı qoyulmasında "müsəlman əleyhdarları
Bizans və latın ədəbiyyatının
təsiri” olduğunu qeyd
edir. Onun fikrincə, bunun belə olduğuna inanmaq üçün orta əsrlərin,
ən əvvəl səlib müharibələri dövrünün ədəbi abidələrini
öyrənmək kifayətdir”. Əslində Ə.Ağaoğlu bununla Qərb
elmi və bədii düşüncəsində
İslama münasibət məsələsini
qoymuşdur. Əsər bu baxımdan indiki günlərimiz
üçün də kifayət qədər
aktualdır. Bu gün
Qərbdə İslam dininə,
bütövlükdə İslam aləminə
birmənalı neqativ münasibətin
kökündə Qərb düşüncə tarixindən gələn
yanlışlıqlar, müasir dövrdə
yeridilən tendensiyalı siyasət dayanır. Lakin
Ə.Ağaoğlu İslamın
inkişafına mane olan,
onun nüfuzuna
kölgə salan "daxili”
səbəblərə də göz
yummamışdır. O, bu məsələni
növbəti kitabında – "İslam, Axund və Hatüfilqeyb” əsərində
bədii müstəvidə qoymuşdur.
"İslam, Axund və
Hatifülqeyb” adlı birpərdəli dram əsərinin daxil olduğu kitabçanın əvvəlində
Ə.Ağaoğlunun "Tərəqqipərvər
və maarifpərvər cənab Hacı Zeynalabdin
Tağıyev hüzuri-alilərinə!” cümləsi ilə başlanan ayrıca müraciəti təqdim olunmuşdur. Müraciətin məzmunu əslində
"İslam, Axund və
Hatifülqeyb” əsərinin
yazılmasının səbəblərini tamamilə
aydınlaşdırır. Ə.Ağaoğlu
H.Z.Tağıyevə müraciətini aşağıdakı
cümlə ilə bitirmişdir: "...Və
bu yolda nümunə olmaq üçün şu əsəri-acizanəmi kəmali-ehtiram
ilə hüzuri-alilərinizə təqdim edib
qəbul etmənizi rica və istida edirəm”. Ə.Ağaoglu
hansı yoldan bəhs edirdi?
Sualın cavabı onun H.Z.Tağıyevə
müraciətində verilmişdir. Ə.Ağaoğluna görə, İslam aləminin ən böyük
problemlərindən biri ruhanilərin cəmiyyətin
tərəqqisi məsələsində yaxalarını bir kənara çəkib, gendə
durmalarıdır. "Çoxdan bəri
yaddan çıxmış və bir zaman müsəlmanların
mayeyi-sətvət və icmalı olan ayeyi-Quran "leysa lilinsan əla maseyi” yavaş-yavaş dübarə rövnəqə
düşüb onları fəlahətə
çıxarmaqdadır. Lakin ruhaniyyə adlanan və müsəlmanlar içində cəmi
sünuf və təbəqatdan müqtədir
və sahibi-nüfuz olan
zəvat bu daireyi-cünbüş
və hərəkətdən xaricdirlər. Bunların
bu haləti-nagüvarənələri cəmi
müsəlmanlara sirayət edib onların
tənəzzül və ədəmi-tərəqqilərinə
səbəb olur. Çünki
ruhaniyə cəmaəti-pişrövimüqtədi
olmadıqlarına görə, onlar cəmaəti
hər yerə çəksələr, cəmaət də
ora gedir”. Beləliklə, Ə.Ağaoğlu
əsərində bədii şəkildə demək istədiklərini
H.Z.Tağıyevə müraciətində (həm də oxucuya) birbaşa,
açıq söyləyir, bizim ruhanilərin
də "daireyi-tərəqqiyə sövq
olmaları” üçün iki vəsilənin gərək olduğunu
vurğulayır. Birinci vəsilə
bir ruhani məktəbinin
yaradılmasıdır ki, onun
da gerçəkləşdirməsini
Hacıdan rica edir. İkinci vəsilə isə "ruhaniyyə
cəmaətinin qüsuratını sidq-dil
ilə və hüsni-niyyət ilə bəyan etməkdir”. Və
Ə.Ağaoğlu "sidq-dil”
və "hüsni-niyyət” ilə bəyan etdiyi
bədii əsəri H.Z.Tağıyevdən qəbul etməyi
xahiş edir... Əsərin
dram janrında yazılması təsadüfi
deyildir. Müəllif remarkada İslamın halını, Axundun halətini cəmi bir-iki
sözlə kifayət qədər aça
bilir: "İslam bir zəif, natəvan, cındıra geyinmiş bir kişi surətində dizlərini qucub oturub... axund, başında on
arşından təhtülhənəki əmmamə,
saqqalı müzəyyən və rənglənmiş, boyun qat-qat, yanaq və dodaqlar
yağlı, tirmə əbanın qolları geniş”.
Əslində İslam obrazı Ə.Ağaoğlunun nəzərində XX əsrdə
İslam dininin faktiki halı, vəziyyətidir. İslam içəri daxil
olan Axundun
salamını almır. Axund bundan inciyir və İslamdan soruşur:
"Məndən üzünü nə üçün döndərirsən? Mən
deyiləmmi sənin xadimin?” Bu yerdə Hatifülqeybin
müdaxiləsi gəlir. Müəllif bu
obrazı qarşı-qarşıya gələn iki tərəfin amansız söz
savaşında (şübhəsiz ki, Axund İslamın kəskin ittihamları
qarşısında xeyli acizdir,
onun cavabları özünüifşadan
başqa bir şey deyil) hakim rolunda vermişdir.
Hatifülqeyb, adından da
göründüyü kimi,
əsərdə vicdanın səsidir, o,
yalnız replikalarla çıxış edir, bir növ,
müəllifin özünün mövqeyini əks etdirir.
Müəllif İslamın dili ilə
"başı Afrikanın intəhasında, ayağı Çinin vəsətində” olan
İslam dininin bu vəziyyətə düşməsini din xadimlərinin davranışlarına, həyat
tərzinə, bir sözlə, əxlaqına
bağlayır. Qurd kimi
bədəninə daraşaraq, onu işləyən qollarından, gedən
ayaqlarından, görən gözlərindən,
danışan dillərindən məhrum edənləri İslam yaxşı tanıyır və Axundun yaxasından yapışaraq ondan hesab soruşur.
Dini şöbələrə, firqələrə
kimlərin ayırdığını, təfriqələrin
nədən qaynaqlandığını ondan
izah etməsini tələb edir. Müəllif burada İslam dininin ən böyük faciəsini Hatifülqeybin
dili ilə aydınlaşdırır:
"Bir millətdə də yüzlərcə
firqə olurmu? Bu nə
ixbari və üsuli, bu nə zeydi və
ismailiyyə, bu nə fədivi, batini, qəraməti, əliallahi, yəzdi, sufi, həkəmi, qələndəri, rafei, sədi, təşərrə, şeyxi və ya rükni-rabe və qeyrdir? Bu millətdə ittihad, tərəqqi,
və intişari-ülum və ədəb
olurmu?” Axund təfriqələrin
kökündə üləmaların
dayandığını etiraf edir. Lakin onun
növbəti "etirafı” daha dəhşətlidir
və bu, əslində İslam
dininin son yüzillikdə
üzləşdiyi problemləri doğuran
səbəbləri açıq-aydın göstərməkdədir:
"Quran indi modda deyil. Modda
hədis və rəvayətdir. Bizim
sözlərimiz və dediklərimiz hamısı hədis və
rəvayətlərə mənbutdur. Şimdi
Quranı artıq o qədər oxuyan yoxdur və ona o qədər də etina olunmur”. Ə.Ağaoğlu İslam dinini mahiyyətindən ayıraraq, onu müxtəlif şəxslərin
uydurduqları hədislərdə olduğu
kimi göstərmək cəhdlərinin
arxasında bəlli məqsədlərin
dayandığını göstərirdi. O, yaxşı
anlayırdı ki, İslam
dinini olduğu kimi deyil, hədislərdəki
kimi qavramaq, dinin əsaslarına ciddi
zərbələr vurur. Bu
mövqedə olan saxta
din xadimlərinin məqsədini, müəllif
əsərdə İslamın dili ilə
ifşa edir: "...Allah kəlamı birdir və
aşkar və vazeh olub camaət içində mövcuddur.
Ona iftira demək olmaz və müridvaz,
şəbədəsaz firqə salanlar öz həqqaniyyətlərini ona istinad verə bilməzlər”.
İslam bütün
təfriqəçilərin cəhdlərinin boşa
çıxacağına qəti əmindir, çünki : "Mənə rövnəq
verən, məni saxlayan mənim öz həqiqətimdir. İş
sizə qalsaydı, yəqin ki, mən çoxdan məhv və puç
olmuşdum və mənim həqiqətim
Qurandır”. İslam, Axundu
və onun timsalında üləmanı
Quranı oxuyub, fəqət ona əməl etməməkdə
suçlayır. Əsərdə üləmanın fəaliyyəti
Hatüfilqeybin dilindən tamamilə
aydın şəkildə verilir: "Bol plov yeyib
və bol çay içib və yuxu
yatıb və səkkiz arvad alıb və
nəkir və münkir barəsində
söhbət edib”. Əsər boyu
kəskin ifşaçı mövqeyində olan
İslam, finalda Axunda islah olmaq
yolunda fürsət verir.
Bu da Axundun
həqiqi din yoluna
qayıtmasından keçir: "... Amma bundan ötrü
gərək siz axundlar
bir az plovdan
əl çəkib, vaqiən islam
dalına düşəsiniz...” Beləliklə,
Ə.Ağaoğlu, Şərqin tərəqqisinin,
cəmiyyətin inkişafının İslamın mahiyyəti
və fəlsəfəsinin qavranılmasından keçdiyi qənaətindədir. Şahbaz
Şamıoğlu AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Kaspi 2019.- 1 may.- S.15