İmadəddin Nəsimi Şirvaninin musiqi dünyası

Firudun Qurbansoy

  Artkaspi.az saytı Firudun Qurbansoyun "İmadəddin Nəsimi Şirvaninin musiqi  dünyası" adloı yazısını təqdim edir:

 

 Əlfazi-Nəsimi bu gün ol mö’cüzədir kim,

 Bənzər ana bir lö’löi-şəhvarə girməz(s.76)

  Seyid Əli Seyid Məhəmməd oğlu İmadəddin Nəsimi Şirvani 1369-cu ildə Azərbaycan Respublikasında yerləşən Şamaxıda dünyaya gəlib, 1417-ci ildə indiki Suriyanın Hələb şəhərində xüsusi fətva ilə amansızlıqla edam olunub.

  Nəsimi Şirvani ümumtürk poeziyasında ilk şairdir ki, divan yaradıb, özü də iki dildə; Azərbaycan və fars dillərində. Bundan başqa onun ərəbcə bir qədər şeiri, "Müqəddimət ül-həqayiq” (Həqiqətlərin əvvəli) , "İnsan” adlı risalələri də var.

  Orta yüzilliklərdə mövcud olan bütün elmlərin bir-birilə üzvi əlaqəsi vardı. Dəqiq elmlər cərgəsində yerləşən Musiqi elmi də bu baxımdan istisna təşkil etmir. İlahiyyat (musiqinin mənşəyi, peyğəmbərlər və imamlarla əlaqəsi babı), riyaziyyat (müxtəlif musiqi vəznlərinin hesablanması babı), filoloğiya (musiqi adlarının mənası və əruz babı), fəlsəfə (musiqiçilərin ədəbi babı), təbabət (musiqinin insan səhhətinə təsiri babı), bio-ritmologiya (nəbz və ürək döyüntüləri ilə musiqi ritmləriin münasibələri babı), zoologiya (müxtəlif musiqilərin hansı heyvan səslərindən alındığı babaı), astronamiya (səma cismləri ilə musiqinin əlaqəsi babı), fizika (səslərin akustikası babı), mühəndislik (musiqi alətlərinin qurulması babı) və bir sıra başqa  elmlərlə musiqi elminin vəhdəti orta yüzilliklərdə alimlərimizin əsərlərində aydın şəkildə öyrənilir.

  Musiqi elminin əsasını muğam ladları (asabi) təşkil edir. Muğamların yaranması haqqında yekdil rəy belədir ki, 12 bürcün hərəkətindən bu tərtibdə 12 ahəng eşitmişdən ustad, eşitdiyi avazələri sistemləşdirib düzəltdiyi tənbur alətində  ifa etdi ki, 12 muğamın əsasını yaratdı. Bu Pifaqorun səmada 7 səyyarənin hərəkətindən çıxan  səsə uyğun bir oktavanı yaratması fikriylə səsləşir. Abbasilər sülaləsinin xəlifliyi zamanında Yunan elmlərindən olunmuş tərcümələr onların alimlərini elə əfsanələşdirmişdi ki, hər hansı sistemli elmi təlimə rast gələndə mütləq Yunan filosoflarından birinin adı ilə bağlayırdılar. Muğamların, əlbəttə ki, nəinki Əflatuna, ümumiyyətlə Yunan mədəniyyətinə heç bir dəxli yoxdur, mənşəyinə görə Azərbaycan əsaslı olub  kökləriiylə tarixin daha qədim qatlarına gedib çıxır.  Zərdüştilərin min illər boyu ənənə üzrə, gün ərzində 12 muğam, 6 avaz üstündə 72 sürud (dua) oxuduğu məlumdur. Xatırladaq ki, "nəğmə” sözünün cəmi "nəqamat”, "məqam” sözünün cəmi "məqamat”, "muğam” sözünün cəmi isə "muğamat”dır. "Muğam” və "Muğan” sözlərinin bir  "muğ” (zərdüşt kahini) kökündən yaranması şübhə doğurmur.

  Muğamların yeddi iqlimə yayıldığını musiqi elmi ilə məşğul olan alimlər tədqiq etmişlər.  Ölkələrin 7 iqlimə (karşvar) bölünmə ənənəsi  Avestadan (Àâåñòàóøàíáå, «Àäàá», 1990 s.57-58 və 156) gəlir:

 

  1. AREZAXİ - Şərq

  2. SAVAXİ - Qərb

  3. FRADADAFŞU - Şimali-Şərq

  4. VİDADAFŞU -  Şimali-Qərb

  5. VORUBAREŞTİ -  Cənubi Şərq

  6. VORUCAREŞTİ -  Cənubi-Qərb

  7. XVANİRATA -  Dünyanın mərkəzi hissəsi, əhalinin xoşnişinliyi məkanı kimi Azərbaycan tanınırdı.

 

  Muğamların da 7 iqlim üzrə təsbit olunması musiqi risalələrində önəmli yer tutur:

 

  BİRİNCİ İQLİM – Sərəndib, Sumnat, Sahele-Bəhrxənd, Həbaşe, Zəngibar, Sənaə, Ədən, Əmman. Bu iqlimə müvafiq muğam Zirəfkəndi - Kuçek və Səfihandır. Qədimlərdə isə belə hesab olunurdu ki, Zəngulə bu iqlimə daha çox uyğundur.

  İKİNCİ İQLİM – Məkkə, Mədinə, Taif, İmamə, Katif, Hisar, Kasabe, Hazvalə, Mekran, Çin, Hürmüz.  Bu iqlimə müvafiq muğam Hüseynidır. Qədimlərdə isə belə hesab olunurdu ki, Zirəfkəndi - Büzürg bu iqlimə daha çox uyğundur.

  ÜÇÜNCÜ İQLİM –  Beytül – Müqəddəs, Kəssatin, Qazlan, Qaziyyə, Təbəriyyə, Tərais, Dəməşq, Kirvan, İskəndəriyyə, Misr, Domyat, Əsğər, Əhvaz, Kufə, Bağdad, Bəsrə, Firuzabad, Şiraz,  Yəzd, İsfəfan, Şəhrezur,. Tun, Tabase-Kilak, Miya, Sircan, Makinabad, Urkənc, Multan,. Bu iqlimə müvafiq muğam Əbu Salik və Rəhavidır. Qədimlərdə isə belə hesab olunurdu ki, Əraq və Hicaz bu iqlimə daha çox uyğundur.

  DÖRDÜNCÜ  İQLİM –  Malatiyyə, Antakiya, Olsib, Tarsus, Bəlbek, Azərbaycan, Hərran, Rake, Nardin, Ane, Mosul, Ərdəbil, Səncər, Ərcis, Səlmas, Xoy, Mərənd, Naxçıvan, Təbriz, Marağa, Həmədan, Kuruh, Savə, Qəzvin, Abə, Qum, Kaşan, Rey, Xarəzm, Əlamut, Talkan, Dilman, Amul, Sari, Astrabad, Semnan, Damqan, Bistam, Səbzevar, Əsfərin, Nişapur, Tus, Turşiz, Tun, Herat, Sərəxs, Faryab,  Bəlx, Qabadiyan, Talkan, Bədəxşan, Kəşmir. Bu iqlimə müvafiq muğam Əraq və  Zirəfkəndi-Büzürgdür. Qədimlərdə isə belə hesab olunurdu ki, Hüseyni  və Rəhavi bu iqlimə daha çox uyğundur.

  BEŞİNCİ  İQLİM –  Rumiyyeyi – Kubra, Makid, Nisa, Omudiyyə, Kuniyyə, Qəysəriyyə, Sivas, Ərzan - ər - Rum, Samat, Əflat, Alan, Muğan, Bərdə, Camkur (Şəmkir), Mahmudabad, Beyləqan, Bakı, Şirvan, Şamaxı, Rus, Xarəzm, Kurkənd, Daran, Buxara, Səmərqənd, Nasaf, Keş, Xocənd,. Bu iqlimə müvafiq muğam  Nəva və Hicazdır. Qədimlərdə isə belə hesab olunurdu ki, Əbu Salik və Sifahan bu iqlimə daha çox uyğundur.

  ALTINCI  İQLİM –  Qustantiniyyə (İstanbul), Alan, Bulqar, Taraz, Qaşqar, Almane, Xabalnə, Beşbalık, Qarakarum. Bu iqlimə müvafiq muğam Rastdır. Qədimlərdə isə belə hesab olunurdu ki, Zirəfkənd bu iqlimə daha çox uyğundur.

  YEDDİNCİ  İQLİM –  Başqurd, Burcan, Bulqar,  Şuşit, Saklab, Mişka, Vazank, Visu, Yəcuc va Macuc, Yura, Batin-ər-Rum, Bacana, Vatirburuna. Bu iqlimə müvafiq muğam Nəvadır. Qədimlərdə isə belə hesab olunurdu ki, Kuçek bu iqlimə daha çox uyğundur.

    On iki (dəvazdəh) muğamımız qismən bəsit olan Orta Asiya xalqları musiqisində tam halını mühafizə edə bilməyib tən yarısını itirərək  "Şeş makom” (altı muğam) şəklinə düşdü.

Musiqi alətindəki səslər səyyarə və pərdələrin adları ilə adlanmışdır:

 

 

  Səs                       Səyyarə                                           Muğam

  mi                        Ay                                                 Nəva

  fa                         Merkuri (Ütarid)                                 Əbu Salik

  sol                        Venera (Zöhrə)                                  Rast

  lya                       Günəş                                             Əraq

  si                         Mars (Mərrix)                                     Üşşaq

  do                        Yupiter (Müştəri)                                 Zirəfkənd

  re                         Saturn (Zühəl)                                  Rəhavi (Rahab)

 

 

  Muğamlarımızın müxtəlif  zaman kəsiyindəki ovqatlar və məzaclarla həmahəngliyi də musiqi alimlərimizin nəzərindən qaçmayıb.

  Azərbaycan muğamlarının bürclər üzrə təsnifatı belədir:

 

  1. Qoç – Üşşaq,

  2. Buğa – Hüseyni,

  3. Ekizlər – Rast,

  4. Xərçəng – Əbu Salik,

  5. Şir - Rəhavi,

  6. Qız – Nəva,

  7. Tərəzi – Büzürg,

  8. Əqrəb – Sifahan,

  9. Oxatan – Əraq,

  10. Oğlaq – Zəngulə, 

  11. Dolça – Hicaz,

  12. Balıqlar – Kuçek.

  Azərbaycan muğamlarının temporitmləri və insana təsirinə görə müxtəlif olduqları üçün hansının kimə daha xoş gəldiyi də musiqi risalələri yazan alimlərimiz müəyyənləşdirmişlər. Onların qənaətinə görə,

 

  1. Rast – Türklər üçün,

  2. Segah – hərbçilər üçün,

  3. Çahargah – hindlilər üçün,

  4. Hüseyni – sultanlar və məliklər üçün,

  5.  Dügah – qadınlar üçün,

  6. Novruz – rumlular üçün,

  7.  Müxalif – xorasanlılar üçün, 

  8-9.  Üzzal və Çahargah – cavanlar üçün,

  10-11. Pəncgah və Nişaburək – qırmızısifətlər üçün,

  12. Üşşaq – ağsifətlər üçün,

  13.  Nəva – əmir və xanımlar üçün,

  14. Segah – yaşlılar üçün,

  15.  Hicaz – təlxək və zarafatcıllar üçün,

  16-17.  Zəngulə və Neyrizə –  cahıllar üçün,

  18. Sifəhan – şeyxlər və zahidlər üçün,

  19. Zirəfkənd – kəndlilər üçün,

  20.Kuçek – əsgərlər üçün,

  21. Əraq – nücəba və vəzirlər üçün,

  22. Büzürg – alimlər və hüquqçular üçün,

  23. Rəhavi – yazarlar üçün,

  24. Əbu Salik – mühəndis və tələbələr üçündür. 

 

  Azərbaycan muğamlarının  yaratdığı  təsir  belədir:

 

  1. Üşşaq - nəfsi sağlamlaşdırır,

  2. Hüseyni – anlama qabiliyyətini artırır,

  3. Rast – şücaəti gücləndirir,

  4. Əbu Salik – şəhvəti yatırır,

  5. Rəhavi – mərdliyi möhkəmləndirir,

  6. Nəva – hafizəni gücləndirir,

  7. Büzürg – bədəni sağlam edir,

  8. Sifahan – zəifliyi və xətəliyi aradan götürür,

  9. Əraq – adamı namazqılan edər,

  10. Zəngulə - adamı şair edər, 

  11. Hicaz – adamı Allahıtanıyan edər,

  12. Kuçek – adamı rəhmli, ürəyiyumşaq edər.

 

  Azərbaycan muğamlarının hansı canlının səsinə müqabil gəlməsi  belədir:

  1. Kuçek – südəmər uşaq,

  2. Rast – fil,

  3.Sifahan – öküz ,

  4. Əraq – inək,  

  5. Hicaz – uzunqulaq,

  6. Hüseyni – at,  

  7. Rəhavi – qarğa,

  8. Üşşaq – xoruz, 

  9. Əbu Salik – şir nərəsi,

  10. Zəngulə - dəvənin ayağındakı zınqırov, 

  11. Nəva – bülbül,

  12. Büzürg – durna.

 

  Əbu Reyhan Biruninin  "Hindistan” əsərində il hesablanması ilə bağlı yazdığına  görə, təqvim sabitləşənədək Zərdüşt aylarının hamısı 30 gün idi, ilin 365 gün olduğunu nəzərə alaraq, novruzdan əvvəl ilin sonuna 5 gün əlavə edirdilər, bu günlərə "oğurlanmış günlər” deyirdilər. Azərbaycan muğamlarının fəsillər üzrə təsnifatı belədir:

  1. YAZ – Maye, Üşşaq, Nəva, Mahur, Hüseyni, Rəhavi, Rəkəb

  2. YAY – Çargah, Üzzal, Segah, Neyriz, Bayat

  3. PAYIZ – Zirəfkənd, Bəstənigar, Humayun, Bayat

  4. QIŞ – Gərdaniyyə, Mühəyyər, Mahur, Mübərriqə, Müxalif, Övc

  5. XƏMSEYİ – MÜSTƏRİQƏ (Novruzdan qabaq 5 gün) – Zabul, Segah, Pəncgah, Rast, Neyriz.

 

  Azərbaycan muğamlarının gün ərzində ifa zamanları da musiqi risalələrində  öz əksini tapmışdır:

  1. GÜNƏŞİN ÇIXDIĞI ZAMAN – Üşşaq, Zabul, Övc, Rəhavi, Novruzi-Ərəb

  2. SƏHƏR AÇILANDA – Əraq, Hüseyni, Mahur, Gərdaniyyə

  3. GÜNORTAYA  QƏDƏR – Hicaz, Nəhoft, Humayun

  4. GÜNORTA  VAXTI – Segah, Məğlub, Gərdaniyyə

  5. İKİ  NAMAZ  ARASI – Neyriz, Nişaburək, Çahargah, Hicaz, Kuçek

  6. ƏSR  VAXTI – Rəhavi, Bəstənigar, Şahnaz

  7. ŞAM  VAXTI – Üşşaq, Övc, Zabul

  8. XİFTƏN  VAXTI – Əbu Salik, Şahnaz, Səlmək, Rəkəb, Bayatı

  9. GECƏ  NAMAZI  VAXTI – Şahnaz, Zəngulə, Hicaz

  10. GECƏYARISI – Büzürg, Rəhavi

  11. SÜBH  VAXTI – Rast, Pəncgah

 

  Bundan əlavə, Azərbaycan muğamlarının səyyarələr üzrə təyinatı və həftənin hansı gününə uyğun gəlməsi  belədir:

 

  1. ŞƏMS (Günəş), Həyatın başlanğıcını, Ata, kişi qohumları, ictimai vəziyyəti göstərir.  BAZAR  gününün səhəri – Hüseyni, gecəsi – Əbu Salik və Rəhavi muğamları ifa edilir.

  2. QƏMƏR (Ay), Səhhəti təyin edir. Ana, qadın qohumları və taleyi bildirir. BAZAR  ERTƏSİ gününün səhəri – Rast, gecəsi – Əraq və Zrəfkəndi-Büzürg muğamları ifa edilir.

  3. MƏRRİX (Mars), Müəssisə təşkilatları arasındakı çarpışmaya, gənc erkək  qohumlarla  münasibətlərə təsir edir.  ÇƏHARŞƏNBƏ AXŞAMI gününün səhəri – Üşşaq və Zəngulə, gecəsi – Nəva və Hicaz muğamları ifa edilir.

  4. ÜTARİD (Merkuri), İnsanın əqli və intellektual imkanlarına təsir edir.  ÇƏHARŞƏNBƏ gününün səhəri –Əbu Salik və Rəhavi, gecəsi –Sifəhan və Zirəfkəndi-Kuçek muğamları ifa edilir.

  5. MÜŞTƏRİ (Yupiter), Şöhrəti, gəliri, var-dövləti  bildirir. CÜMƏ  AXŞAMI gününün səhəri – Əraq və Zrəfkəndi-Büzürg,  gecəsi – Hüseyni  muğamları ifa edilir.             

  6. ZÖHRƏ (Venera) , Sevgini, intim münasibətləri, həzzi, ailə üzvlərilə münasibətləri, gənc  xanım qohumlarla, bacılarla münasibəti göstərir.  CÜMƏ gününün səhəri – Nəva və Hicaz,  gecəsi  Rast  muğamları ifa edilir.     7. ZÜHƏL (Saturn), Yaşlı adamlarla əlaqəni göstərir. Vəsiyyət və mirasdan, səhhət üçün  təhlükələrdən  xəbər verir. ŞƏNBƏ gününün səhəri – Sifəhan və Zirəfkəndi-Kuçek,  gecəsi – Üşşaq və  Zəngulə muğamları ifa edilir.

Musiqi elminə dair beytləri Nəsiminin həm də həssas musiqişünas olmasından xəbər verir.

 

  Çərxin ağaxın anladır bu sözüm,

  Saz, ədvar ilə məqam oldum.

 

  "Saz”, indi təsəvvür etdiyimiz təkcə aşıq musiqisilə bağlı olmayıb, musiqi alətlərinə verilən ümumi addır, instrumentalistlərə "sazəndə” deyirlər. Xanəndələri isə "nəvazəndə” adlandırırlar. "Ədvar” sözü ərəbcədir, dairələr mənasını verir. Orta yüzilliklərdə hər hansı elmi asanlıqla öyrənmək üçün sxematik dairələr çəkir, onu qövslərə ayırır, qövslərarası sahədə elmi məlumatın şərhsiz, təkcə adını yazırdılar. Məlumat çox olduqca, dairələr də çoxalırdı. Bir neçə dairə alındığı üçün bu üsula "ədvar” deyirdilər. Böyük Azərbaycan musiqişünas alimləri və bəstəkarları Səfi əd-Din Urməvi və Əbd əl-Qadir Marağayinin musiqi elminə dair yazdığı dairələr, "Ədvar” və onların şərhləri bu sözü musiqi elmində sabitləşdirdi. "Məqam” sözü isə indiki terminologiyada lad mənasına gəlir. Göründüyü kimi, Nəsimi Şirvani həm orqaniologiyanı, həm muğamları, həm də lad və harmoniya sistemlərini mükəmməl bilirdi.

  Bütün klassik şairlərimiz kimi, dahi Azərbaycan şairi İmadəddin Nəsimi Şirvani də musiqi elmini mükəmməl bilir, yeri düşdükcə bu biliklərdən bədii təsvir və ifadə vasitəsi kimi istifadə edirdi. Musiqi elminə  "elmi- ədvar”  da deyilir, orta əsrlər musiqişünaslarının bir sırası belə hesab edirdi ki, bu elmi ilk "təlif” və "tədvin” edən Davud Peyğəmbərdir. Başqa bir əqidəyə görə, musiqi İsris Peyğəmbərə verilmiş elmdir və Peyğəmbər bu elmi elmi-heyət (astranomiya), elmi-nücum (astrologiya), elmi-hikmət (fəlsəfə) və elmi-tibb kimi dörd elmdən yaratmışdı.

"Nüxüft” – məqam adı həm də gizli deməkdir. "Mübərqə” həm də "örtük” anlamındadır. "Rast” düz, "Sifahan” (İsfəhan) – şəhər adı, "Üşşaq” – aşiqlər, "Nəva” – ağlamaq, "Büzürg” – böyük,  "Şahnaz” – nazların ən gözəli deməkdir. Muğam adlarındakı sözlərin həm həqiqi mənası, həm də musiqi termini kimi eyni zamanda işlədilməsi klassik divan şeirinə xüsusi bir cazibə verir. Məsələn, Nəsimi Şirvaninin

 

  Pərdə içində çalınır bir saz

  Ki, edər eşq "Nəva”sın ağaz.

 

  Kim nəvayi qılır çü bu "Üşşaq”

  "Büzürg”ün nəğməsin dutar "Şahnaz”.

 

  Arif anlar bu nəğmənin rəmzin,

  Aşina olmayana vermədi raz.

 

  Gər bilirsən bu rəmzi, ey talib,

  Mən bu pünhanı qılmazam ibraz.

 

  Leyk ol nalənin misalı budur,

  Zərrələrdən eşidirəm avaz;

 

  Ki, nişan içrə binişan mənəm uş,

  On səkiz min cahana can mənəm uş.

 

beytlərində musiqi terminlərilə irfan mənaları açılır. "Dutar” sözü iki mənadadır, həm tutmaq felini bildirir, həm də iki simli musiqi alətini bildirir. "Pərdə”, "saz”, "dutar”, "Nəva”, "Üşşaq”, "Büzürg”, "Şahnaz”, nəğmə, "nalə”, "avaz” kimi sözlər həm də həqiqi mənasında ifadə edilib. Hürufilərin əqidəsiycə, Allahın yaratdığı 18000 aləm insanda əks olunur. Cabir ibn Həyyana görə maddi aləm tamamilə 17 rəqəmi üzərində bərqərar olur. Hər gün qılınan fərz namazları 17 dəfədir. Yetkin kişinin üzündəki tük toplusu da 17-dir; 2 qaş + 4 kiprik + 2 burun içi + 2 qulaq içi + 1 sağ rərəfdəki saç + 1 sol tərəfdəki saç + 1 bığın sağ tərəfi + 1 bığın sol tərəfi + 1 saqqalın sağ tərəfi + 1  saqqalın sol tərəfi + 1 alt dodaqla çənə arasındakı saqqal tükü = 17. Muğamları dürüst ifa etmək üçün musiqi alətinin bir oktavasında 17 səs olmalıdır. Hürufilərin əqidəsiycə, muğamlar da bu ilahi harmoniyanın tərkib hissəsidir.

  "Təzkirət ül-hikəm fi təbəqat ül-ümməmi” adlı əsərdə nəql olunur ki, Əmir Seyf üd-Dövlə  Həmədaninin sazəndələri bir muğamı ifa edib quryarandan sonra Şeyx Farabi cibindən taxta parçaları çıxarıb bir-birinə bənd edəndən sonra əcaib musiqi aləti düzəltdi və onda ifa etdi. Dinləyənlər özlərindən gedənə qədər güldü. Sonra Şeyx Farabi aləti söküb yenidən yığdı və onda başqa musiqi ifa etdi. Bu vaxt onu dinləyənlər hönkürüb ağlamağa başladı. Daha sonra Şeyx Farabi taxtaları söküb yenidən yığdı və musiqi ifa etdi. Məclisdə əyləşənlərin hamısı dərin yuxuya getdi. Heç kəsi oyatmadan, taxtalarını söküb cibinə qoydu və oradan çıxıb getdi. Adamlar oyananda şeyxi yanlarında görmədi. Əmir Seyf üd-Dövlə  Həmədani Şeyx Farabini mükafatlandırdı. Farabinin təqdimatında muğamların insanda yaratdığı psixoloji ovqat belədir:

 

  1.   Rast – sevinc,

  2.   Rəhavi – ağlama,

  3.   Kuçek – hüzn və ələm,

  4.   Büzürg – qorxu, 

  5.   Sifəhan (İsfəhan) – cövr, əziyyət,

  6.   Nəva – ləzzət və fərəhlik,

  7.   Üşşaq – gülmə,

  8.   Zirqulə – yuxu,

  9.   Səba – igidlik,

  10.   Əbu Salik (Busəlik) – qüvvət, 

  11.   Hüseyni – barışmaq,

  12.   Hicaz – təvazö.

 

  Bundan başqa, Səba və İraq məqamlarından yaranan Bəstənigar – zöhdü nəql edər. Nəsimi Şirvani Azərbaycan muğam sistemini mükəmməl bildiyini Muğam adları ədvarı üzərində qurulmuş qəzəl-urcuzasında gözəl göstərə bilib:

 

                           Həsrət yaşı hər ləhzə qılır bəzmimizi saz,

                           Bu pərdədə kim nəsnə bizə olmadı dəmsaz.

 

                           "Üşşaq” meyindən qılalı işrəti- "Novruz”,

                           Ta "Rast” gələ "Cəngi”-"Hüseyni”də sərəfraz.

 

                           Ba "Çəhargəh”i lütf qıl, ey "Hüsn”i-"Büzürg”i,

                          "Kuçek” dəhənindən bizə, ey dilbəri- "Tənnaz”.          

 

                           "Zəngulə”sifət  "Nalə” qılam  dar "Segah”ə,

                            Çün əzmi-"Hicaz” eyləyə məhbubi-xoşavaz.

 

                            Ahəngi "Sifahan” qılır ol nami-"Əraq”i,

                           "Rəhavi  yolundayenə canım qıla pərvaz.

 

                             Könlümü "Hisar” eylədi ol ruhi-"Mübərqə”,

                             Gəl olma "Müxalif” bizə, ey dilbəri-"Şəhnaz”.

 

                             Çün "Şur”ə gəlib eşq sözün qıla Nəsimi,

                             Şövqündən onun cuşə gəlir Sədiyi - "Şiraz”

 

  Bu urcuza ümumtürk ədəbiyyatında ilk dəfə yazılıb. O, özündən sonra gələn şairlər üçün nümunə yaradıb ki, belə yazmaq mümkündür. Bu barədə Mehtap Erdoğan "Divan şiirinin kaynaklarından musiki ilmi ve musiki terimleriyle yazılmış bazi manzumeler” araşdırma-müntəxabatı dolğun məlumat verir.

  İmadəddin Nəsimi Şirvani Azərbaycan musiqi alətlərilə bağlı beytlər qələmə alıb. Çəng aləti ifaçısı olduğum üçün şairin məhz bu alətlə bağlı yazdığları məni daha çox cəlb etdi. Bu barədə ayrıca məqalə ilə Beynəlxalq konfransda çıxış da etdim. Nəsimi Şirvani çəng alətini bir neçə kombinasiyada təqdim edir:

 

  1. ayrıca çəng,

  2.  çəng, rübab,  

  3. çəng, ney, qanun, 

  4. dəf, çəng, ney,

  5. çəng, tənbur, rübab

  1. ayrıca çəng 

  Zahidin mehrab içində zikrü taətdir işi,

  Aşiqin məhbub önündə çəngi zirü bəmdürür.

 

  Beytdə qeyd olunur ki, islamda zahidlik olmasa da, zahid məsciddə Qibləni göstərən mehrab önündə oturub zikr və itaətlə məşğuldur. Aşiqin isə öz sevgilisinin  qənşərində çəngi zil və bəmdə köklənib. Zil və bəm sevinc və kədərə işarədir. Çəng bir musiqi aləti kimi görünüşcə çox gözəldir. Bu gözəllikdən ilhamlanan XV əsrdə yaşamış osmanlı şairi Əhməd Dai (1360 – 1421) 1446 beytlik "Cəngnamə” adlı poema yazıb.

  Çəngin uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir, aşağı tərəfinə bərkidilmiş hissə isə qol adlanır və bu hissədə aşıxlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərində yerləşən metal ilgəklərə, biri isə alətin qol hissəsində yerləşən taxta aşıxlara bağlanır. Alətin çanaq hissəsi ilə qol hissəsini birləşdirən uzun taxta çubuq ox adlanır.

  Bərpa olunmuş çəngin otuz simi var (bəzən otuz bir). Çanağın hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromarik sırası 30-31 səsdən ibarətdir. Çəng digər simli alətlərdən fərqli olaraq üsküklə, mizrabla, ağac toxmaq-la, yayla deyil, yalnız sağ və sol əllərin barmaqlarının yumşaq hissələrini simlərə toxundurmaqla ifa olunur. Çəngdə bir oktava daxilində bütün xromatik qamma səslərinin ifa edilməsi mümkündür. Bərpa olunmuş çəngin diapazonu kiçik oktavanın "fa” səsindən ikinci oktavanın "si” səsinə qədərdir.

                        Gətir, gətir, gətir ol kaseyi-rəvanpərvər,

                        Gətir, gətir, gətir ol çəngi, bi Nəva göstər.

                                                         

  2. çəng, rübab

  Çün Nəsimiyə bu Fəzl açdı hidayət qapusın,

  Çalınız çəngü rübabı, içəlim nüqlü şərab

  Rübabın vətəni ərəb ölkələri hesab edilir. Alət e. ə. I minillikdə icad edilib. X əsrdə yaşamış görkəmli alim Əl-  Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir". Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir.

 Azərbaycanda rübabın Qaşqar (Qoşqar) növündən istifadə edilib. Bəzi qaynaqlara görə, Çində Kaşqar adlı çayın ətrafında uyğurlar yaşadığından alətə də Qaşqar rübabı adını veriblər. Orta əsrlərdə Səlcuqlarla birgə Anadoluya çox sayda uyğur sənətkarlar da gəlib Təbriz (türk) və ümumiyyətlə Şərq miniatürünün inkişafına böyük təkan verirlər. Onlar eyni zamanda Orta Asiyada yayğın olmuş çalğı alətlərini də yaymış ola bilərdilər. Azərbaycanda Qoşqar adlı həm dağ, həm çay (Daşkəsən rayonunun ərzaisində) var. Sonralar Çindəki uyğurların bir hissəsi Özbəkistana köçdükdə bu alət orada da geniş yayılır. 

  İmadəddin Nəsimi farsca divanında da çəng ilə rübabın qoşa səslənməsinə dair yazıb:

 (Gər bequyəm qisseyi-şovqe-to ba çəngo rubab,

 Naləhayi-zar əz çəngo rubab ayəd berun.)

 

  Tərcüməsi: Əgər sənin şövqlü hekayətini çəng və rübabla söyləyirəmsə,

                    Çəng və rübabdan naleyi-zar sədaları çıxır.

 Burada şair hər iki alıtin eyni zamanda səslənmə sədalarını düzgün təyin edə bilib. Başqa bir beytində də şair bu iki aləti qoşa dilləndirir:

 

  (Əz sədaye-zekr salusane-xudbin beh bovəd,

  Pişe-Həqq sovtikə əz çəngo rubab ayəd berun.)

  Tərcüməsi: Özündənrazı, yalançıların zikr sədalarından daha yaxşıdır

Haqqın önündə çəng və rübabdan çıxan səslər.

  Şair orta yüzilliklərdə dini cəzalandırma sisteminin  çox güclü olan zamanında bu beytləri deməkdən çəkinməmişdi.

  3. çəng, ney, qanun 

  Qurulmuş məclisi-şahi, çalınır çəngü ney, qanun,

  Tərənnümlər qılır mütrib, ara yerdə şərab oynar.

  4. dəf, çəng, ney

  Külli yerü gög Həqq oldu mütləq,

  Söylər dəfü çəngü ney "ənəl-Həqq”.

  Ritm (dəf), ürək telləri(çəng), nəfəs(ney),

  5. çəng, nəğmə, tənbur, rübab

  Xoşdur əgərçi, cümləsi bir yerdə cəm ola,

  Avazi-çəngü nəğməvü tənbur ilən rübab. (s.25)

  5. dəf, çəng, çəğanə, nay, tənbur

  Dəfü çəngü ciğanə, nayü tənbur

  Düzülsün daima zilü bəm olsun.

  7. mütrib

  Mütrib kimi hər ləhzə ənəlhəq dili söylər,

  Åy nayə giriftar olan, dur yånə çal nay.

  Sun saqiya, kasən rəhiq, çal mütriba, åşq əzgüsün

  Kim, məst olan bu badədən qəltanü həm håyran gərək. 

  Nəsimi Şirvaninin musiqi dünyası bugünkü baxış bucağından çox nurlu və əsrarlı görünür.

Kaspi  2019.- 25-27 may.- S.19-20.