Naibə Allahverdiyeva:
“Bu sənətin nümayəndəsi olduğum üçün
utanıram”
İncəsənət adamları, xüsusən
də xanımlar bir az
kövrək olurlar. Alqışdan, gül
dəstəsindən, hətta ünvanlarına səslənən
xoş sözdən belə xoşbəxt
ola bilirlər, sanki onlara dünyanı bəxş edirsən. Müsahibim xalq artisti Naibə Allahverdiyeva
da istisna deyil. Onu uzun
müddətdir ki, tanıyıram. Həyat
dolu, mehriban,
çılğın və kövrək qəlblidir. Dünən
doğum gününü
qeyd edən aktrisamızın 56
yaşı tamam oldu. Biz də Xalq artistimizi bu xoş günündə yada
saldıq. Günün sonunda
aktrisanı təbrik edib, ürək
sözlərini eşitdik. Deyir ki, yaşı 50-ni keçsə də özünü 18 yaşında hiss edir: “İnsan
özünü hansı yaş
dövründə hiss edirsə, elə o yaşdadır”. Ondan 56
yaşında aktrisanın istəklərini xəbər
aldıq. Bildirdi ki, həsrətində
olduğu hələ 2 obraz
var. Ən böyük
arzusu isə səhnədə ölməkdir.
– Naibə
xanım, 56 yaşınızı necə
qarşıladınız?
– 29 may mənim
üçün özəl gündür. Ötən ilin
bu günü prezidentimiz cənab İlham
Əliyev məhz bu gündə məni “Xalq artisti” adına layiq gördü. Həmin
gün ömrümə qızıl hərflərlə
yazıldı. Bu gün
mənim doğum günümdür,
özümü qəribə hiss edirəm. Ad günü keçirməyi o
qədər də xoşlamıram. Yoldaşımla dəniz kənarında
sadə bir gün keçirdim.
– Çox
insan doğum
günündə duyğusallaşır. Sizdə də elə hallar baş verirmi?
– Qocalırıq, yaşımızın
üstünə yaş
gəlir. Bəlkə də ona görə məyus oluruq. İnsanlar yaşlanmaq istəmirlər.
Çinlilər deyir ki, həyat 50-dən sonra başlayır. Həqiqətən də elədir. Mənə görə əsas insanın ruhudur. Heç zaman doğum günlərimdə məyus
olmuram. Təki canım sağ
olsun, təbii ki, canı da
qorumaq lazımdır.
Günüm gözəl keçəndən
sonra mən nə üçün məyus olmalıyam?
Səhnədə olmaq, obrazlar
oynamaq, yeni obrazlar oynamaq istəyirəm. Ümumiyyətlə xalq artisti adı
almaqla kifayətlənmək
istəmirəm.
– Bəs, sizin həyatınızda
50-dən sonra nələr
başlayıb?
– 50-dən
sonra insan bir az daha kamilləşir. Mənim həyatım da iki hissəyə bölünür. 50 yaşa qədər və 50 yaşdan sonra. 50 yaşımdan
sonra ikinci dəfə ailə qurdum, ən yüksək fəxri ada layiq görüldüm.
Xoş günlərim də, pis günlərim də oldu. Nə qədər təcrübəm artsa da hiss edirəm ki, yenə də
kövrəkliyimi, həssaslığımı
itirməmişəm. Əksinə, daha kövrək olmuşam. Əvvəllər hadisələr mənə
bu qədər tez təsir etmirdi. Əvvəlki kimi hər şeyə emosional reaksiya vermirəm. Çox şeyə susuram və çalışıram
ki, onu büruzə
verməyim. Bu da səhhətimə pis təsir göstərir. Çevrəmdə içimi aça biləcəyim insanların
sayı günü-gündən
azalır. Əvvəl dostlarımın
sayı çox idi, onlarla rahat
dərdləşə, fikirlərimi
bölüşə bilirdim.
Ancaq indi onlardan çoxu
dünyasını dəyişib,
başqa ölkələrə
gediblər. Bəziləri də yanımda yoxdur. İnsan heç kimlə
bölüşə bilmədikdə
daxilən yorulur.
Mənə təsir edənsə
çevrəmdəki insanların
mənə qarşı
olan münasibətidir.
İnsanlar görəndə ki, biri yüksəkdədir,
xoşbəxtdir, günü-gündən
daha çox sevilir, onun ayağından
dartmağa başlayırlar.
Bunu özümdə çox hiss etmişəm.
Fəxri ad aldıqdan
sonra bunu daha çox hiss etməyə başlayıram.
Nədənsə çalışırlar ki, insanlar məni
unutsunlar. Bəzən mənə
deyirlər ki, ən yüksək ada “Xalq artisti”-nə layiq görülmüsən,
daha sənə nə lazımdır?
Məgər mən bu sənətə fəxri ada görəmi gəlmişəm? Mən aktrisa
olaraq doğulmuşam,
niyə rol oynamayım ki? Bəzən deyirlər ki, ad almısan, get, dincəl. Bu fikirlər mənə
təsir edir. Mənim həyatım teatrla bağlıdır. Aktyorların ən böyük arzusu səhnədə ölməkdir.
– Siz də özünüzə
bunu arzulayırsınız?
– Əlbəttə, bir aktrisanın ən böyük arzusu ancaq bu ola bilər. Teatr bizim ikinci evimizdir.
Biz ordan ayrıla
bilmərik. Aktyorun səhnədən
ayrılması onun ölümü deməkdir.
Müşahidə etsəniz
görərsiniz ki, teatr aktyorları ən çox səhnədən ayrılandan
sonra xəstəlik tapırlar və tez bir zamanda
dünyalarını dəyişirlər.– 56 yaş bir
aktrisa üçün
nə deməkdir?
– Mən hələ səhnədə sözümü
deməmişəm. Sağ
olsun dövlətimiz ki, məni dəyərləndirib,
ancaq sənət adamları, rejissorlar qiymətləndirib, potensialımdan
bir aktrisa kimi tam istifadə edə bilmədilər. Bu mənə bir
sənət adamı olaraq pis təsir
edir. Düzdür, mənə hansı
obrazı həvalə
ediblər hamısının
öhdəsindən gəlmişəm.
Ancaq 56 yaş nə yaşdır ki? Mən hələ çox gəncəm. Allah mənə cansağlığı
versin. Depressiyaya tez-tez düşürəm.
Özümə söz vermişəm
ki, daha heç vaxt depressiyaya düşməyim.
Bu həyatda özüm
üçün yaşayacağam.
Özümə necə xoşdursa,
elə.
– Sənət adamları öz yaşlarını gizlətdiyi
halda siz olduğu kimi söyləyirsiniz?
– Yaşımı nə üçün gizlətməliyəm,
burada nə var ki? Hər yaşın
öz gözəlliyi
var. Əgər yaşım
çoxdursa, dünyanı
daha çox dərk edirəm. Demək Allah
mənə bu imkanı verir ki, dünyadan, insanlardan zövq alım. İnsan ancaq ruhən
qocala bilər. Elə cavan insanlar görürəm ki, yaşamaq istəmirlər,
ruhən yorulublar.
İnsanın ruhu cavan olanda gənc görünür. Çevrəmdəki insanlar mənə öz yaşımı vermirlər, hər zaman gənc göründüyümü deyirlər.
Əlbəttə ki, bu mənə stimul verir. Qadının yaşı onun
göründüyü qədərdir.
Kim nə istəyir desin, mən özümü cavan hiss edirəm.
– Bir zamanlar səhhətinizdə
problemlər yaranmışdı.
İndi necəsiniz?
– Çalışıram ki,
özümə yaxşı
baxım. Tez-tez özümü müayinə
etdirirəm. Həkimin səhv
müalicəsindən xəstəlik
tapmışdım. Mənə yanlış
bir iynə vurmuşdu və komaya düşmüşdüm.
Sadəcə olaraq, ruh halım dəyişib.
Artıq
özümə söz
vermişəm ki, mənə neqativ enerji bəxş edən insanları özümdən kənar
tutum. İnsanların dediyi hər
sözü özümə
qəbul etməyəcəyəm.
– Yeni yaşınızda özünüzə
nələr arzulayırsınız?
– İlk növbədə
qadın xoşbəxtliyi
arzulayıram. Ən əsası, şansımın
olmasını istəyirəm.
Çünki şanslı insanlar
həm sağlam, həm üzdə, həm də xoşbəxt olurlar.
Sənətçi kimi gözəl
obrazlar, eyni zamanda, filmdə rol almaq istəyirəm.
Teatrda isə arzuladığım
iki obraz var. Çox istərdim, səhnədə həmin
obrazları canlandırım.
Yeni obrazlarımla gənc nəslin də yaddaşında xoş xatirələrlə qalmaq
istəyirəm. Gənc nəsil
üçün nələrsə
etmək lazımdır.
İndi ancaq orta nəslin
nümayəndələri tərəfindən
tanınıram. Hətta, gənc
ikən qarşımı
kəsib mənə sevgi etiraf edirdilər.
Elə insanlar var ki,
deyirlər ki, mən nevroz xəstəsi idim. Sizin bütün disklərinizə
baxmışam, gülməli
monoloqlarınıza baxıb
ruhlanmışam. Siz məni
xilas etmisiniz. O zaman mən heç nevrozun nə olduğunu bilmirdim. Sənətçi üçün ən ağır şey unudulmaqdır.
– Özünüzü
neçə yaşında
hiss edirsiniz?
– Mən dəyişkən xarakterli
insanam. Xoşbəxt bir
anım olanda özümü
çox gənc hiss
edirəm. 3 il bundan
öncə özümü ruhən də,
fiziki olaraq da gənc hiss edirdim. Bu 3-4 il ərzində o qədər
ruhdan düşdüm
ki… Sənətimdə, həyatımda çox işlər qaydasında getmədi.
Tamaşaçıların sevgisini hiss edəndə bütün
dərdlərimi unuduram. Bu
mənə stimul verir
və elə bilirəm həyata yenidən gəlmişəm. Baxmayaraq ki, efirlərə az-az
çıxıram. İnsanlar yolda məni görəndə
yaxınlaşıb, nə üçün
televiziyada, filmlərdə görmədiklərini
soruşurlar.
– Onlara
nə cavab verirsiniz?
– Tamaşaçının gözü
tərəzidir, onları aldatmaq olmaz. Onlara “yaxşı olacaq” – deyirəm. Amma il ötdükcə tükənirəm. Həyatda
çox şey ola bilər. Həyat təsadüflərlə
doludur. Bəlkə sabah
maraqlı bir layihədə iştirak edəcəm və öz
potensialımı orada göstərə
bilərəm? Bilmək olmaz.
– Sizə kimlər
mane olur?
– Hər kəs özünə bir çevrə, mafiya yaradıb. Eyni simalarla işləyirlər. İndi çəkilən seriallara, filmlərə nəzər salanda “aktyor” sözünün ucuzlaşdığını görürəm. İndiki dövrdə aktyor olmaq asan imiş. Əslində, bu mənə çox təsir edir. Hər yerindən duran filmə çəkilir. Əgər onlar seriallara qədər gedib çıxırsa, mən və mənim kimi digərləri canımızı niyə bu sənətə qoyduq? Niyə çalışdıq, vuruşduq, təhsil aldıq, teletamaşalarda oynadıq? Əgər bu sənət bu qədər asandırsa, biz nə üçün əziyyət çəkdik? İnsanlar yeni çəkilən seriallara baxırlar və düşünürlər ki, Azərbaycan incəsənəti budur. Bu tip seriallar efirlərdən yığışdırılmalıdır ki, biz aktyorların adına bir xələl gəlməsin. Seriallarımıza baxanda mən də bu sənətin bir nümayəndəsi olduğum üçün utanıram. Onlara baxan tamaşaçı sabah mənə hörmət qoymayacaq. Axı, bu gün böyüyən gənc nəsil köhnə teletamaşalara, filmlərə baxmırlar, onlar yeni seriallara baxaraq qiymətləndirirlər.
Kaspi.-2019.-30 may.-S.12.