“Hardan gəldiyimizi, dədə-babalarımızın
hansı işlərlə məşğul olduğunu bilməliyik”
Müzadil
Zauroğlu: Yetişməkdə olan nəslə texnologiya vasitəsi
ilə millətimizə xas olmayan yad dəyərlər
aşılanır
Tarix onları unutmayanları və
unutdurmayanları sevir. Bu gün öz soykökünə, adətlərinə,
dədə-babalarımızdan bizlərə miras qalan milli-mənəvi
dəyərlərimizə sahib çıxanlarımız yetəri
qədərdir. Onlardan biri də "Cavadxan” Tarix və Mədəniyyət
Fondunun vitse-prezidenti, Milli Yaylaq Festivalının ideya müəllifi
və layihə rəhbəri Müzadil Zauroğludur. Redaksiyamızın qonağı olan M.Zauroğlu
imzası olan layihələri ilə unudulmaqda olan adətlərimizi,
idman növlərini, milli-mənəvi dəyərlərimizi
bərpa etmək, onların unudulmaq təhlükəsini aradan
qaldırmağı qarşısına hədəf qoyub.
Deyir ki, bu gün yetişməkdə olan gənclərə
onların kim olduqlarını, hansı söykökdən gəldiklərini
xatırlatmalı, bu dəyərlərə sahib
çıxmağı öyrətməliyik. Avropa mədəniyyəti
hər nə qədər mükəmməl olsa da, bir dövləti
daha güclü edən onun gənc nəslinin öz tarixi
köklərinə bələd olması və ona sahib
çıxmasıdır.
- Yay aylarında
böyük səs-səda doğuran Milli Yaylaq
Festivalının keçirilməsi hansı zərurətdən
yarandı?
- "Cavadxan” Tarix və Mədəniyyət
Fondu olaraq uzun müddət idi ki, bu layihənin üzərində
çalışırdıq. "Cavad xan oyunları",
"El şənliyi" və bu kimi müxtəlif adlar
düşünürdük. Sonda daha geniş "Milli Yaylaq
Festivalı" adında dayandıq. Qismət
bu ilə imiş. Unudulmaqda olan milli ənənələrimiz,
qədim idman növlərimiz, xalq təsviri incəsənət
nümunələrimiz, zəngin mətbəximiz var ki,
onları olduğu kimi heç bir əlavə təsirlər
olunmadan bu günün vətəndaşlarına təqdim etmək
istəyirdik. Bu milli dəyərlərimizi yenidən
canlandırmaq, xüsusən də gənclərimizə
olduğu kimi təqdim etmək, bu ənənələrin
unudulmaması və gənc nəslə ötürülməsi
üçün belə bir festival həyata keçirdik.
Artıq bu festival ənənə halını alacaq.
- Festival günləri çərçivəsində
həm sosial şəbəkədə, həm də Gədəbəydə
sanki bayram ab-havası yaranmışdı.
- Bəli, insanların simasından o sevinc
hissini duymaq mümkün idi. Festivalın günorta
başlanacağını bildirməyimizə baxmayaraq, vətəndaşlarımız
səhər saatlarından gəlib növdə gözləyirdilər.
Biz o sevgini, istəyi, insanlarda olan o möhtəşəm
bayram əhval-ruhiyyəsini əlbəttə ki, festivalın hər
günündə, hər saatında hiss etdik. Bir
qonağın dediklərini hələ də unutmuram.
"Hamılıqla belə səmimi, sevinc dolu, saf hissləri
bir həcc vaxtı kəbə ətrafında, bir də bu
festivalda duydum”.
- Festival nə
üçün məhz Gədəbəydə keçirildi?
- Bu yaylaq festivalı idi, ona görə festival üçün ən əlverişli ərazilərə nəzər saldıq. Yaylaq yerləri subalp çəmənliklərdir, o da haradasa dəniz səviyyəsindən 1500-1600 hündürlükdən başlayır. Gədəbəydə Kiçik Qafqaz sıra dağları ilə əhatələnmiş və festivalın keçirilməsi üçün əlverişli və gözəl mənzərəli bir yer tapdıq. Festivalın orada keçirilməsi, eyni zamanda o bölgənin turizminə hesablanmışdı. İlkin olaraq Göygöl, Gədəbəy və yaxud Daşkəsən ərazilərində uyğun bir yerdə keçirəcəyimizi düşünürdük. Hətta Daşkəsən rayonunda keçirilməsinə dair ilkin razılaşmalar da əldə olunmuşdu. Gədəbəy rayonunun icra hakimiyyəti başçısının festivala daha loyal yanaşması, daha istəkli olmasından irəli gələrək orada keçirməyə qərar verdik.
- Biz orada yerli media ilə bərabər, əcnəbi
medianı da gördük. Nəinki xarici media nümayəndələri,
xarici mütəxəssislər də festival barədə
ağızdolusu danışırdı.
- Festival təşəbbüs "Cavad xan”
Tarix və Mədəniyyət Fondu tərəfindən irəli
sürüləndən sonra Türk İşbirliyi Kordinasiya
Agentliyi (TİKA) tərəfindən dəstəkləndi.
Birlikdə çalışaraq, xarici qonaqların bir qismini
possovet ölkələrindən, digərlərini Avropadan dəvət
etdik. Türkçülük ideologiyasına yaxın olan
mütəxəssisləri çağırdıq. Festivalda təxminən
16 ölkədən 100-ə yaxın əcnəbi mütəxəssis
iştirak edirdi. Onların içərisində xarici media
nümayəndələri də var idi.
- Bu festivalın
insanların, xüsusən də gənclərin həyatında
rolu nədən ibarət oldu?
- Daha çox yetişməkdə olan yeni nəsli,
xüsusən də gənclərimizi hədəf olaraq
götürmüşdük. Müasir texnologiyaların gənclərimizə
neqativ təsiri var. Bu günün gəncləri bizim
gördüyümüz oyunlarla böyümür. Yetişməkdə
olan nəslə texnologiya vasitəsi ilə millətimizə
xas olmayan başqa dəyərlər aşılanır.
Düzdür, Avropa dəyərlərinin də yaxşı tərəfləri
var, biz onlardan faydalanmalıyıq, amma biz onu
bütövlüklə öz üzərimizdə tətbiq edə
bilmərik. Biz öz kökümüzə xas olan ənənələrimizi
təbliğ etməliyik. Festivalın da hədəf və məqsədlərindən
biri o idi ki, milli ənənələrimiz, qədim idman
növlərimizi, xalq oyunlarımızı təbliğ edək.
Bundan sonrakı festivallarda da qalaqapı, çilingağac,
aşıq-aşıq, dirədöymə oyunlarını
olduğu kimi həyata keçirmək istəyirik. İstəyimiz
odur ki, atçapma, oxatma, qurşaq tutub güləşmə
kimi qədim ənənələrimiz sahib çıxaq.
Hardan gəldiyimizi, dədə-babalarımızın hansı
işlərlə məşğul olduğunu bilək. Demirəm,
keçmişlə yaşayaq, ancaq keçmişimizi,
tariximizi bilməliyik.
- Gənclərin
öz tarixinə və milli ənənələrinə sahib
çıxması üçün sizcə, bu festival kifayət
edirmi?
- Əslində, bu festival da o vasitələrdən
biridir. Bunun üçün təbii ki, dövlət dəstəyi
və siyasəti öz işini görür. Festival da bu
yöndə gəncləri keçmişi ilə tanış etmək, onları daha da maarifləndirmək
missiyasını həyata keçirir.
- Ötən ay İstanbulda
"Etnospor kültür festivalı”nda iştirak etdiniz. Bu festivalın mahiyyəti nədən ibarətdir?
- Milli Yaylaq Festivalına Dünya Etnospor
Konfederasiyasının prezidenti Bilal Ərdoğanı dəvət
etmişdik. Onlar da böyük sevgi ilə festivala
qatıldılar. Festivalda həm türk
idmançıları, sənətçiləri, həm də
rəsmi nümayəndələr iştirak etdikdən sonra
keçirdiyimiz festivalı çox bəyəndiklərini
bildirdilər. Bir müddət sonra rəsmi
şəkildə fəxri qonaq qismində məni İstanbulda
keçirilən Etnospor kültür festivalına dəvət
etdilər, orada müzakirələrdə iştirak etdik.
Burada dünyanın bir çox ölkələrindən
təşrif buyurmuş nümayəndələr və
idmançılar iştirak edirdi. Festival
Köhnə Atatürk hava limanı ərazisində
keçirildi. Orada Qatardan, Argentinadan, Qazaxıstandan,
Rusiyanın bir çox türksoylu bölgələrindən
gələn mütəxəssislərlə
görüşdük, müzakirələr etdik. Onlarla da razılığa gəldik, növbəti
yaylaq festivalında iştirak etmək arzusunda olduqlarını
bildirdilər. Dünya Etnospor
Konfederasiyasının prezidenti Bilal Ərdoğanla
görüşdükdə, Azərbaycanda Etnospor
Konfederasiyasının xətti ilə milli idman növlərinin
inkişafında müxtəlif tədbirlərin keçirilməsinə
dəstək verəcəklərini bildirdi.
- Bəs orada 2020-ci ildə Azərbaycanda
keçiriləcək ikinci Milli Yaylaq Festivalının da
müzakirələri oldumu?
- İkinci Milli Yaylaq Festivalı yenə Gədəbəydə
keçiriləcək. Həm oradakı infrastruktur
hazırdır, həm də yer baxımından uğurlu
olduğunu düşünürük. Biz
layihə başlayanda fikirləşirdik ki, festivalın
keçirildiyi yer bir mövsümlük olacaq. Yəni
bir il Göygöl rayonu ərazisində,
növbəti il Daşkəsəndə, sonra Tovuz ərazisində
etməyi planlaşdırırdıq. Festivala
birinci dəfə gözlədiyimizdən də çox
axın oldu. Festivalın mahiyyətindən
xəbərsiz olduqları halda o qədər axın var idisə,
hesab edirəm ki, artıq ikinci dəfə keçirilən
festivala daha çox axın olacaq. Bir
çox insanlar bizə sonradan müraciət edərək məlumatsız
olduqlarını bildirmişdilər. Festivalı
60 minə yaxın insan izləmişdi. Bu
uğuru davam etdirməyi qərara aldıq. Bu dəfə proqramı həm etnoqrafik, həm də
idman və turizm tərəflərini daha çeşidli və
rəngarəng şəkildə etməyi
düşünürük. İstəyirik
ki, bölgələrimizin də ayrı
çadırlarını quraq. Misal
üçün, Cənubi Azərbaycan şahsevənləri,
qaşqayları, qarapapaqlarının ayrıca
çadırı olsun. Gürcüstan, Dağıstan,
Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı
yenə və daha çox sayda dəvət etmək niyyətindəyik.
- Birinci festival 3 günlük
keçirildi. Təbii ki, böyük bir layihə
üçün 3 gün çox azdır. İkinci
festivalı neçə gün keçirməyi
düşünürsünüz?
- Adi göründüyünə baxmayın,
idarəetmə baxımından festivalın gərginliyi
çox idi. Festivalı uzun müddətli etmək, o qədər
insan axınını doğru istiqamətləndirmək
fiziki nöqteyi-nəzərdən çətindir. Gələn
il festivalın keçiriləcəyi günlərin sayı
artırılması mümkündür. Keyfiyyətə xələl
gətirmədən günlərin sayını artırmaq
imkanı olarsa, bunu düşünərik.
- Siz, eyni zamanda "Cavad xan” Fondunun
vitse-prezidentisiniz. Bu fond hansı zərurətdən
yarandı?
- Bu fond
2005-ci ildə yaradılıb. Fondun yaradıcısı Cavad
xanın düz xətlə kötücəsi olan,
İsmayıl xan Ziyadxan oğlunun nəvəsi Valid
xan Ziyadlıdır. Onun 82 yaşı var. Mən 3 il əvvəl fondda işləməyə dəvət
almışam. Bilirsiniz ki, onlar təqiblərə
məruz qalmış böyük bir nəsil olub. Bu fondunun yaradılmasının məqsədlərindən
biri də Cavad xanın irsini araşdırmaq və bərpa
etmək, şanlı tariximizi, zəngin mədəniyyətimizi
bu günün gənclərinə aşılamaqdır.
Bir amal uğrunda insanlarımızın maariflənməsi,
cümhuriyyət irsinin, qəhrəmanlıq tariximizin təbliğ
edilməsi üçün çalışırıq.
Tariximizin elə şanlı səhifələri
var ki, onun müəyyən hissəsi xalqımız
üçün naməlum olaraq qalıb. Misal
üçün, deyirlər Gəncənin son hökmdarı
Cavad xandır. Ancaq həqiqətdə isə
Gəncənin son xanı Cavad xanın böyük oğlu
Uğurlu xan olub. Cavad xanın
tapşırığına əsasən, Uğurlu xan 9
yaşlı qardaşı Əliqulunu götürərək
gizli yollarla Gəncəni tərk edib. O, Uğurlu
xanı ona görə qaladan çıxardı ki, onun
mübarizəsini davam etdirsin. Uğurlu xan 22 il
müddətində ruslarla mübarizə aparıb. İki dəfə Gəncəni ruslardan geri
qaytarıb. 22 il müddətində
ruslar onunla bacara bilməyiblər. Tariximizin
yüzlərlə belə qəhrəmanlıq salnamələri
var ki, biz onları araşdırıb insanlarımıza təqdim
etməliyik.
- Sosial
şəbəkədə Gəncədə baxımsız
qalan tarixi abidələrdən fotoreportajlar edirsiniz. Harayınıza səs verən olubmu?
- Əfsuslar olsun ki, son illər Gəncə ilə
bağlı başıbəlalı işlər çox oldu. Tarixi abidələrimiz,
Cavad xanın dəftərxanası dağıdıldı.
Paylaşımlara gəlincə isə, deyərdim
ki, müəyyən mənada nəticələri olub. Cavad xan küçəsində tarixi bina
dağıdılırdı, onu işıqlandırdıqdan
sonra dayandırdılar, yenidən bərpa etdilər. Ancaq yenə də istədiyimiz səviyyədə
deyil. Məsələn, neçə illərdir
ki, Qədim Gəncə Qalası tikinti zibilləri ilə
doldurulur. Rəsmi qaydada müəyyən
dairələrə müraciət etsək də, əfsuslar
olsun ki, xoşagələn nəticələr yoxdur.
- Noyabrın 3-də Azərbaycanda ilk
dəfə olaraq yorğa atların yarışını
keçirdiniz. İstərdik, yarışın mənası
və mahiyyətindən danışasınız.
- Azərbaycanda
ilk dəfə olaraq tarixi yüz illərlə, bəlkə də
min illərlə ölçülən, şanlı babalarımızın
bizlərə miras qoyduğu Yorğa Atların rəsmi Azərbaycan
Birinciliyini keçirilməsinə Atçılıq
Federasiyasının təşkilati dəstəyi ilə
müvəffəq olduq. Ölkənin müxtəlif
bölgələrindən 50-yə yaxın at iştirak etdi,
yüzlərlə tamaşaçı qatıldı. Binə Atçılıq Mərkəzində
tribunalarda son illərdə ilk dəfə anşlaq
yaşandı. Yorğa atlar dədə-babalarımızdan
miras qalan, indi də bütün tərəkəmə
camaatı tərəfindən istifadə edilir. Yorğa tam fərqli bir yeriş növüdür.
Avropa və digər ölkələrdə olan
atlarda bu yeriş növü yoxdur. Bəzi
ölkələrdə bu yeriş növünü əldə
etmək üçün uzun müddət ərzində
xüsusi təlimlər keçirlər, müxtəlif
qayışlardan istifadə edirlər. Bizim
yorğa atlarda isə bu yeriş anadangəlmə, yəni təbii
olur. Yorğa çox rahat yeriş
növüdür, insan atların üstündə silkələnmir.
Atla saatda 20-30 kilometr getdiyiniz halda, üstündə
oturub rahat çay içə və yemək yeyə bilərsiniz.
İnsan bu atların üstündə yorulmur.
Yəni atlar uzun məsafəni qət etdiyi
halda, nə çaparlar, nə də atlar yorulmur. Bilirsiniz ki, türklər tarixən hər zaman hərbi
yürüşlər ediblər. Bu
atları da qədimdən həmin tərzdə öyrədiblər.
Bəzi mənbələrə görə,
Göytürklərin vaxtından mövcuddur. Biz yorğa at sevərlərə ictimai birlik şəklində
Yorğa Atçılıq Birliyini yaratmışıq.
Azərbaycanda Qarabağ atları, dilboz
atları rəsmi cins olaraq tanınıb, qeydə
alınıb. Amma əfsuslar olsun ki,
yorğa atlarımız qeydə alınmayıb. Halbuki, el arasında da ən çox məşhur
olan yorğa atlardır. İstənilən
kəndə gedin soruşarlar ki, at yeriyirmi? Bu o deməkdir ki, bunun yorğası varmı? "Yeriməyən” at, istər ərəb atı
olsun, istər ingilis, lap bir milyon qiyməti olsun, yerli camaat deyər
ki, bu, at deyil, bunu apar. Çünki uzaq məsafələri
qət etmək, dağ, aran yerlərini gəzmək
üçün bu atlar əlverişli deyil. Amma bizim yorğa atlar yüz, min illərlə
köçəri həyat sürüblər. Yaylaq, qışlaq həyatı görüblər.
Həm dağda, həm aranda olduqca
dözümlü, yəhərin altında rahatdılar. Bizim əsas məqsədimizi də bu atların
genefondunu bərpa etməkdir. Düşünürəm
ki, lazımi və sistemli iş aparılsa, yaxın illərdə
"Azərbaycan yorğası” adı ilə
üçüncü milli at cinsimizi qeydiyyata aldırmaq
mümkündür. Keçirdiyimiz bu
yarışda həmin yolda olduqca vacib işlərdən biri,
bəlkə də birincisidir.
Xəyalə Rəis
Kaspi 2019.- 5 noyabr.- S.12.