Dövlət Bayrağı
Gününə “Yeni nəfəs”lə
Fidan Hacıyevanın rəhbərliyi
ilə 6 nömrəli Uşaq Musiqi Məktəbi konsert
proqramı təqdim etdi
Noyabrın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ə.Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi Azərbaycan Respublikası Dövlət Bayrağı Gününə həsr olunan "Yeni nəfəs” adlı konsert proqramı ilə çıxış etdi. Yeni mövsümdə uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunan Xalq artisti Fidan Hacıyevanın məktəbin şagirdləri ilə keçirdiyi ilk konserti uğuru oldu. Belə ki, gecədə Azərbaycan, həmçinin xarici bəstəkarların musiqiləri şagirdlər tərəfindən böyük məharətlə təqdim olundu.
İlk olaraq səhnəyə çıxan xalq artisti çıxışı və ifası ilə şagirdlərə, eyni zamanda məktəbin müəllim heyətinə dəstək oldu. Üzeyir Hacıbəyovun "Sevgili canan” romansı ilə başlayan konsert proqramı şagirdlərin və müəllimlərin ifasında səslənən xalq, bəstəkar mahnıları ilə davam etdi. Məktəbin istedadlı gəncləri məharətlərini sərgilədi. Bayraq gününə həsr olunmuş konsert elə Fidan Hacıyevanın ifasında Müslüm Maqomayevin "Azərbaycan” mahnısı ilə başa çatdı. Konsert sonrası kulisə keçib, təşkilatçıların və konsert iştirakçılarının təəssüratlarını xəbər aldıq.
Xalq artisti Fidan Hacıyeva direktor olduqdan sonra keçirilən ilk konsertin təəssüratlarını bizimlə bölüşdü. Bildirdi ki, istedadlı müəllim və şagirdləri səfərbər edərək belə bir addım atıb. İstəyi isə bayraq günündə məktəbin istedadlı gənclərini konsert proqramı ilə təqdim etməkdir: "İlk olaraq, Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunan konsertdə bizimlə birgə olan hər bir şəxsə minnətdarlığımı bildirirəm. Məktəbimizin yaradıcı heyəti bu konsert proqramı vasitəsi ilə bizlərə gözəl gün bəxş etdi. Qeyd edim ki, məktəbimizdə müəllimlərdən ibarət xalq çalğı alətləri və instrumental ansambl yaradılıb. Əsas istəyimiz isə bu ansamblı tanıtmaqdır. Gələcəkdə heyəti genişləndirərək orkestr yaratmaq niyyətindəyik. Məktəbimizdə baş verəcək bu tip yenilikləri gələcək konsertlərimizdə də canlı görə biləcəksiniz. Ümumiyyətlə, istedadlı tələbələrə dəstək olmaq lazımdır. İstedadsızlar özlərinə bir yol tapacaqlar”.
Xalq artistindən növbəti
konsertin zamanını soruşduqda
isə, bildirdi ki,
artıq ikinci konsertin
hazırlıqlarına başlayıblar. Bu
konsert isə Yeni ilə
təsadüf edəcək.
Məktəbin tədris işləri üzrə direktor müavini Fəxriyyə Quliyeva çəkilən zəhmətin öz bəhrəsini verdiyini dilə gətirdi. Bildirdi ki, "Yeni nəfəs” konsertinin təşəbbüsü xalq artisti tərəfindən irəli sürülüb və kollektiv tərəfindən dəstəklənib: "Seyrçisi olduğunuz konsertin əmələ gəlməsində məktəbimizin hər bir müəlliminin, şagirdinin böyük əməyi olub. Belə bir vaxtda çox zaman məktəblər konsert proqramı ilə çıxış etməkdən imtina edirlər. Çünki yeni tədris ili başlayıb və yeni tədris ili başlayan ərəfələrdə məktəbin kollektivini bir araya toplamaq, onları böyük bir məsuliyyətə cəlb etmək bir qədər çətindir. Şükürlər olsun ki, biz bunun öhdəsindən gəldik. Həm müəllimlərimizin, həm də şagirdlərimizin əməyi sayəsində bu konsert belə gözəl və keyfiyyətli şəkildə həyata keçdi. Konsert gözlədiyimizdən də gözəl keçdi. "Yeni nəfəs” məktəbimizdə yeni ansamblın yaranmasına vəsilə oldu. Məktəbimizin kollektivi direktorumuz Fidan xanım kimi yaradıcı insanın rəhbərliyi altında çalışmasına sevinir. Çünki Fidan xanım gəldikdən sonra məktəbimizdə çox şey dəyişib. Bu konsert o dəyişikliyin əsas göstəricilərindəndir. Fidan xanım bizi ilk növbədə dəstəklədi, özümüzə inam yaratdı. Daha sonra bir sıra ansambllar yarandı və ilk dəfə bu ansambl məhz bu konsertdə çıxış etdi. İlk xalq çalğı alətləri ansamblımız müəllimələr və şagirdlərlə birlikdə çıxış etdi. Qarşıda isə planlarımız çoxdur. Ümid edirik ki, bu il bizim üçün uğurlu olacaq. Yeni tədris ilində hər kəsə uğurlar arzu edirik. Bizi isə gözəl günlər gözləyir”.
Təşkilatçılarla söhbətdən sonra məktəbin müəllimləri ilə söhbət etdik. Onlar "Yeni nəfəs” konsertinin bir çox yaradıcı cığırların açılmasına vəsilə olacağını və bunun onların yoluna işıq salacağını bildirdilər.
Məktəbin müəllimi, bəstəkar, pianoçu Sevda Rəhimova
deyir ki, qısa zaman ərzində ərsəyə gələn
konsertdə müşayiətçi olaraq
bu layihədən böyük
zövq alıb: "Konsert
bütün yaradıcı heyətə yeni nəfəs gətirdi. Belə ki, ilkin olaraq
burada iki ansambl – instrumental və xalq çalğı alətləri orkestri yarandı. Solo ifa
ilə yanaşı, gözəl vokal ifaçılarımız peyda
oldu. Biz bu konsertə bir ay hazırlaşdıq.
İnanmırdıq ki, qısa zaman ərzində belə yüksək səviyyədə konsert keçirə bilərik.
Bunun üçün çalışdıq
və bütün gücümüzü bu konsertə sərf etdik. Fidan xanımla birlikdə
gecə-gündüz məşq
etdik. Konsert sonrası isə
tamaşaçıların simasındakı o məmnunluq
bizi xoşbəxt etdi. Nəticəni gördükdə, "çəkdiyimiz zəhmətimizə
dəyərdi” - dedik.
Biz çox həyəcan
keçirirdik və bəzən Fidan xanıma müraciət edirdik ki, birdən
bu qısa zamanda nəsə hazırlamaq bizdə alınmaz. O isə hər dəfə bizi sakitləşdirir, dəstəyini əsirgəmirdi.
Biz narahat olanda,
deyirdi ki, hər şey çox yaxşı olacaq. Gördüyünüz kimi, o bizimlə
səhnədə oxudu,
oynadı, ifa etdi. O, səhnədə
olduqda biz özümüzü
rahat hiss etdik, sərbəst olduq. Biz bu konsert proqramı ilə öz missiyamızın öhdəsindən gəldik.
Məktəbimizin bütün yaradıcı
heyətinə isə
uğurlar arzu edirəm. Gördük ki, biz daha çox belə möhtəşəm konsertlərin
öhdəsindən gəlmək
gücündəyik”.
Konsertdə fortepiano müşayiətçisi,
məktəbin müəlliməsi
Ağayeva Raminə 10
ildən artıqdır ki,
burada çalışır.
Deyir ki, onun şagirdləri
beynəlxalq müsabiqələrdə
iştirak edib, yüksək nailiyyətlər
əldə ediblər.
Bu gün isə şagirdlərin yanında
olmaq və onlarla bir səhnəni
bölüşməyin sevincini
yaşayır: "Biz uşaqlara
dəstək olmaq, həvəsləndirmək üçün
onlarla bir səhnəni bölüşdük.
Fidan xanım təzə direktor təyin olunandan sonra bir ay ərzində konsert təşkil etdi. Bu təbii
ki, həm onun, həm də bizim üzərimizə
böyük məsuliyyət
qoyurdu. Nə xoş ki, bu məsuliyyətin nəticəsi gözəl
oldu. Bayraq günü konsertin
keçirilməsi isə
Fidan xanımın təşəbbüsü idi.
Nəinki konsertin bu gündə keçirilməsi,
eyni zamanda bir çox nömrələrin ərsəyə
gəlməsi məhz
onun ideyasından qaynaqlanmışdı”.
6 saylı Uşaq
Musiqi Məktəbinin
xalq çalğı
alətləri üzrə
şöbə müdiri
Vəfa Babazadə də konsert sonrası təəssüratlarını
bizimlə bölüşdü. Bildirdi ki, xalq artisti
məktəbə yeni
təyin edilməsinə
baxmayaraq, artıq məktəbin yaradıcı
heyətinə böyük
stimul bəxş edib: "Fidan xanım məktəbimizə
gəldikdən sonra, konsertin də adından bəlli olduğu kimi, bizə yeni nəfəs gətirdi. Həm uşaqlarda, həm də müəllimlərdə
ruh yüksəkliyi yarandı. Düzdür, bizim əvvəl
də ansambl nömrələrimiz olmuşdu.
Lakin indi ansamblımız daha da genişlənib,
repertuarımız zənginləşib.
Konsertin məhz bayraq günündə keçirilməsi
təsadüfi deyil.
Bundan sonra yeni konsertlərimiz
olacaq. Düşünürük ki, 3 aydan bir mütəmadi konsert keçirək.
Konsert proqramı uşaqları daha da aktivləşdirir,
onları səhnəyə
alışdırır. Eyni zamanda, müəllimlərdə
işləmə həvəsi
yaradır. Biz bunu ənənəvi surətdə davam etdirəcəyik”.
Konsert sonrası
tamaşaçıların fikirlərini öyrəndik. "İki
Sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə qeyd etdi ki,
bu konsert proqramı uşaqdan böyüyə hər kəsin könlünə
xitab etdi: "Fidan xanımın rəhbərlik etdiyi musiqi məktəbində bayraq günü ilə bağlı kifayət qədər zəngin repertuara şahidlik etdik. Hansı ki, burada opera, milli, xalq, bəstəkar
mahnılarını özündə
ehtiva edən çox gözəl konsert proqramı keçirildi. Müəllimlərin və şagirdlərin ifasında tamaşaçı
olaraq gözəl bir gün yaşadıq.
Şahidi olduq ki, kollektiv bayrama kifayət qədər mükəmməl hazırlaşıb.
Başda
Fidan xanım olmaqlq, yaradıcı kollektivi bu gözəl
konsert proqramına görə təbrik edirəm”.
Xəyalə Rəis
Kaspi 2019.- 13 noyabr.- S.12.