Əbədi körpülərin ustadı  

Onun vəfatından beş ildən artıq vaxt keçir. Təkcə doğmaları, qohumları, dostları deyil, həmkarları, onu yaxından tanıyan biz qələm sahibləri də bu yoxluğa üzülür, həyatın təzadları qarşısında küskün hiss yaşayırıq. Əslində onu heç unutmamışıq. Elə insanlar var ki, onların haqqında düşünəndə ilk növbədə gözlərimizin önündə yaratdığı möhtəşəm abidələr, elmi fəaliyyət, mükəmməl yaradıcılıq yolu kino lenti kimi canlanır. Bu mənada filoloq, tarixçi, politoloq Vaqif Arzumanlı deyəndə ilk olaraq xatirimizdən "Dədə Qorqud” dastanlarının qəhrəmanları  keçir. Səbəb çox sadədir.  Elmi fəaliyyətinin mühüm bir mərhələsini Litva dövrü təşkil edib. Fədakar tədqiqatçının bir sıra araşdırmaları məhz Litva dili  və ədəbiyyatı ilə bağlı olmuşdur. Hələ ali məktəbdə oxuduğu illərdə Azərbaycan-Litva əlaqələri sahəsində mükəmməl elmi işlərin yazılmasına maraq göstərən Vaqif Arzumanlı  həm də Litva  EA-nın aspiranturasında təhsil alıb. O, həyatının müəyyən dövrünü Litva-Azərbaycan ədəbi əlaqələrinin tədqiqinə, təbliğinə, zənginləşməsinə və öyrənilməsinə həsr edib. Vaqif Arzumanlı ilk azərbaycanlı alimdir ki, Baltikyanı ölkələrin ədəbiyyatı, tarixi, mədəniyyəti ilə mükəmməl məşğul olmuş, bu sahədə sanballı əsərlər yazmışdır. Yaradıcılığının bu mərhələsində Vaqif Arzumanlının gördüyü işlərin ən mühümü "Kitabi-Dədə Qorqudun Litva dilinə tərcümə etməsidir. O, bu illərdə Vilnüsdə Yusif Vəzir Çəmənzəminlinin elm aləminə məlum olmayan bir əsərinin də izinə düşmüşdü. "Litva tatarlarının tarixiadlanan bu kitab hazırda Respublika Əlyazmalar İnstitutunda saxlanılır.

        Cəmi 67 il yaşayan görkəmli alim 1947-ci ilin baharında bağlar diyarı Qubanın Söhüb kəndində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Baki Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. İlk əmək fəaliyyətinə orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi başlayan Vaqif Arzumanlı 1970-1972-ci illərdə əvvəl Azərbaycan EA-nın Ədəbiyyat, sonra Moskvadakı M. Qorki adına Dünya Ədəbiyyatı institutundaLitva EA-nın aspiranturasında təhsil almışdır. Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi fəaliyyətini davam etdirən Vaqif Arzumanlı həm burada və eləcədə sonralar bir sıra təşkilatlarda, hətta Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. O, xeyli müddət Azərbaycan EA-nın Milli Münasibətlər İnstitutunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru vəzifəsində çalışıb. Filologiya elmləri doktoru Vaqif Arzumanlı müxtəlif yaradıcılıq birliklərinin, elmi cəmiyyətlərin, assosiasiyaların üzvü, bir sıra mədəniyyət və xeyriyyə cəmiyyətlərin sədri və İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidenti olub. 2011-ci ildən ömrünün sonuna kimi isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviri olub. Vaqif Arzumanlı həm də tanınmış pedaqoq idi. O, M.F.Axundov adına RDƏİ-də (indiki Slavyan Unuversiteti), İrəvan İnstitutunun Azərbaycan bölməsində (1976-1987-ci illər), eləcə də Bakı Dövlət Universitetində müəllim işləmişdir.

        Vaqif Arzumanlının yaradıcılığında azərbaycanşünaslıq mövzusu xüsusi yer tutur. Hansı mövzuda yazmasına baxmayaraq, onun araşdırmalarının ideya istiqaməti mütləq doğma vətənə, torpağa yönəlib. Orta məktəbdə oxuduğu illərdə poeziyaya maraq göstərən Vaqif Arzumanlı tələbə vaxtlarında şeirlər yazardı. Gənclik dostları Səyavuş Sərxanlı, Ənvər Əhməd, Sabir Rüstəmxanlı və başqaları ilə birlikdə şeir dərnəklərinə gedər, ədəbi məclislərdə iştirak edərdi. O dövrdə mətbuatda onun da şeirləri çap olunardı. Lakin sonralar onun bu istedadı tərcüməçilik sahəsində özünü göstərdi. Baltikyanı ölkələrdə yaşayan şairlərin şerilərini Azərbaycan dilinə tərcümə etməkdə Vaqif Arzumanlının xüsusi xidməti var. O, Lİtva ədəbiyyatı ilə Azərbaycan yaradıcıları arasında ədəbi əlaqələrin yaranmasında böyük rol oynayıb. Azərbaycanın bir sıra şair və yazıçıları onun köməyi ilə tez-tez Litvaya gedərək mərasimlərdə iştirak edərdilər. Litvada Azərbaycan ədəbiyyatı ilə bağlı geniş tədbirlər keçirilərdi. Vaqif Arzumanlının 1976-cı ildə Vilnüsdə "Yaradıcılıq qardaşları” adlı kitabı işıq üzü görmüşdür. Bu kitabla bağlı Litva  mətbuatında 27 məqalə dərc edilmişdi.

        Hələ Litvada yaşadığı dövrdə Vaqif Arzumanlı Azərbaycan-Polşa ədəbi əlaqələri ilə də yaxından maraqlanaraq bu sahədə də müəyyən axtarışlar aparmışdır. Onun tədqiqatları nəticəsində M. C. Topçubaşovun Polşa poeziyasından nadir tərcümələri aşkara çıxarılmışdır. Eləcə də Mirzə Kazım bəyin fəaliyyəti ilə də bağlı bir sıra məlumatlar əldə edilmişdir. Tarixdən məlumdur ki, Azərbaycan yazıçısı Abbasqulu Ağa Bakıxanovun Polşaya səfəri olmuşdur. Bu səfərlə bağlı bir sıra sənədlərin tapılması da Vaqif Arzumanlının gərgin axtarışlarının nəticəsidir.

        Mərhum tədqiqatçı alim Vəli Nəbioğlu yazırdı: "Litva dövrü həqiqətən sözün əsl mənasında Vaqif Arzuamanlının yaradıcılığından qırmızı xətt kimi keçir. Onun ədəbi aləmdə tapıntıları məhz həmin illərin adı ilə sıx bağlıdır. Adi bir misal: Litva şairi Y.Zaurveynasın 1889-cu ildə Leypskdə çap olunmuş  "Mirzə Şəfinin Qərb-Şərq divanı” kitabının izinə V. Arzumanlı məhz Vilnüsdə yaşadığı dövrdə düşmüşdür”. Sonralar Mirzə Şəfinin yaradıcılığı ilə bağlı maraqlı araşdırmalar aparan Vaqif Arzumanlı onun yeni şeirlərinin tapılmasına da nail olmuşdur.

        "Ədəbiyyatların dostluğu xalqların dostluğudur” deyən aqillər həqiqətən yanılmayıblar. Hərtərəfli qarşılıqlı münasibət, ədəbi əlaqələr mütləq xalqlar arasında yeni körpülərin qurulmasına səbəb olur. Fəaliyyətinin ilk günündən belə mənəvi körpülərin qurulmasına nail olan Vaqif Arzumanlı bu sahədə məqsədyönlü çalışan ən fədakar alimlərimizdən ilkini idi. Göstərdiyi xidmətlərin əks-sədası kimi Litva ədəbiyyatının  görkəmli nümayəndələri də Azərbaycan mədəniyyətinə, tarixinə ciddi maraq göstərmiş, Vaqif Arzumanlının təqdimatı əsasında Azərbaycanla bağlı ədəbi nümunələr yaratmışlar.

        Xalqlar arasında dostluq körpülərinin salınmasına, ədəbi-mədəni əlaqələrin müntəzəm və hərtərəfli davam etməsinə  Vaqif Arzumanlı bütün ömrünü bağlamışdır. Onun Ukrayna-Azərbaycan ədəbi əlaqələrində də özünəməxsus fəaliyyəti danılmazdır. Müəllifin 1982-ci ildə çap etdirdiyi "Azərbaycan-Ukrayna ədəbi əlaqələri” kitabı iki qardaş xalqın dostluq salnaməsinin əks-sədasıdır. Kitabda bu əlaqələrin nə qədər zəngin və qədim olduğu barədə maraqlı faktlar var.

        Tarix elmləri doktoru, tədqiqatçı alim İsrafil Məmmədov yazırdı: "Dünya ədəbiyyatına yeni gözlə baxış, milli aludəçilikdən milli özünüdərkə keçid, ədəbi əlaqələrin yeni qolu, qarşılıqlı tərcümə problemləri, dilimizin saflığı uğurunda mübarizə, başqa dillərdən alınan sözlərin ədəbi dilə daxil edilməsi, soykökümü, toponimlərimizi, tarixi həqiqət və tarixi şəxslərə obyektiv münasibət, Şərq rezonansı, xalqın bugünkü ictimai-siyasi həyatı, soyqırımı, represiya, deportasiya, ümumiyyətlə, xalqı düşündürən həyatı problemlə, bizi narahat edən bütün əsərlər professor Vaqif Arzumanlı yaradıcılığı və fəaliyyətinin aktual mövzularıdır”. Bu sözlər şərəfli və mənalı həyat yolu keçmiş Vaqif Arzumanlının bütün ömrünün mündəricatını əks etdirir.

        Vaqif Arzumanlı çox fədakar alim idi. Ən böyük arzusu məqsədi o idi ki, dünyanın ən ucqar nöqtəsində Azərbaycanı tanısınlar sevsinlər. Sözün həqiqi mənasında əsl ziyalı vətəndaş olan Vaqif Arzumanlının bir diləyi vətən torpaqlarının bütövlüyü, düşmən tapdağında qalan ərazilərimizin azad olunması idi. Deyərdi ki, əgər doğrudan da Cavanşir, Babək, Qızıl Arslan, Şah İsmayıl, Koroğlu, Fətəli Xan, Cavad xan nəsliyiksə biz bir ovuc erməninin qarşısında aciz ola bilmərik.  Heyif ki, o bu dünyadan çox narahat köçdü. Arzuları da , planşdırdığı elmi işləri , yeni araşdırmaları da yarımçıq qaldı.  Vaqif Arzumanlı bir insane kimi çox səmimi  xeyirxah idi.  Həmişə bəşəri duyğularla yaşayardı.   Elə bu sevginin, bu münasibətin nəticəsidir ki, Vaqif Arzumanlı kimi alimlər xalqlar arasında ədəbi əlaqələr yaradaraq ədəbi körpülər qurdular.

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

Kaspi  2019.-20 noyabr.- S.10.