Milli ədəbi-nəzəri düşüncənin öncülü Və ya akademik İsa Həbibbəylinin Məmməd Araz dünyası
Çağdaş nəzəri-estetik fikrimizin korifeyi, akademik İsa Həbibbəylinin 50 illik zəngin və çoxşaxəli yaradıcılığını bir neçə mərhələyə bölmək olar. 70-80-ci illəri özündə ehtiva edən birinci mərhələnin özülündə həmin dövrün qabaqcıl və demokratik təmayüllü ədəbi-nəzəri axtarışlarının üzvi hissəsini təşkil edən romantizmşünaslıq sahəsindəki tədqiqatlar dayanır. Özünəqədərki ədəbiyyatşünaslığın və ustad ədəbiyyatşünasların XX yüzil ədəbiyyatı, xüsusən, romantik poeziya və dramaturgiya sahəsindəki araşdırmalarını davam və inkişaf etdirən gənc, döyüşkən alim, nəhayət, bu sahədəki elmi axtarış və yeniliklərini ümumiləşdirib, ədəbi ictimaiyyətə təqdim edir. 80-ci illərin birinci yarısında işıq üzü görən "Romantik lirikanın imkanları” kitabı cavan və romantizmşünas alimin sabiq Sovet İttifaqı imperiyasının hələ də kəsərdən düşmədiyi bir vaxtda, Hadiyə, Cavidə, Cavada və romantizmə düşmənçilikdən əl çəkilmədiyi, qadağalar və qətliamların hələ də köhnəlmədiyi bir zamanda cəmiyyətimizə, millətimizə, elm dünyasına ilk və sanballı töhfəsi idi. Zatən, yaxın gələcəyin böyük Mirzə Cəlilşünası və mahir realizmşünası şəhid şairlərimiz Hadi, Cavid və Cavad romantizminin mürəkkəb rəmzlər, bədii-fəlsəfi metaforalar və işarələr dünyasından realizmin əzəmətli və sərt həqiqətlər yoluna çıxmağı hədəfə almışdı. Və Azərbaycan elmində akademik İsa Həbibbəyli epoxasının təməl daşları qoyulurdu...
Müasir Azərbaycan nəzəri-estetik fikrinin görkəmli nümayəndələrindən biri akademik İsa Həbibbəylinin yaradıcılığında bədii təfəkkürün bir çox problemləri ilə yanaşı, poeziya məsələləri də mühüm yer tutur. Ustad tənqidçinin və ədəbiyyatşünas alimin elmi-estetik axtarışlarının hələ ötən əsrin 70-80-ci illərində əsas obyekt və hədəflərindən birinin poeziya olduğunu xatırlasaq, bunun təsadüfi xarakter daşımadığına əminlik hasil edə bilərik. Zəhmətkeş alimin öz yaradıcılığının ilk dövründən və hələ gənclik çağlarından Azərbaycan romantizminin bədii-fəlsəfi və ictimai-estetik problemləri ilə yaxından və dərindən məşğul olması fikrimizi təsdiq edir. Həssas tənqidçinin yarım əsr bundan əvvəl böyük uğurla başlanmış yaradıcılıq yolu bu gün də yeni hədəflərə və zəfərlərə yön almaqdadır. Akademik İsa Həbibbəylinin romantiklərimizin lirikasını ilk dəfə və ətraflı şəkildə tədqiq edən məşhur kitabından ("Romantik lirikanın imkanları”, Bakı, 1984) tutmuş milli poeziyamızın bir sıra tanınmış nümayəndələrinin yaradıcılığı haqqındakı elmi-estetik tədqiqatlarına qədər bütün əsərləri ədəbiyyatşünaslığımızın qiymətli nümunələri kimi dəyərləndirilməkdədir. Məmməd Araz poeziyasına münasibət və onun əsərlərinin yüksək elmi səviyyədəki təhlilləri akademik İsa Həbibbəyli tənqidinin ədəbi-elmi xarakterini və orijinallığını nümayiş etdirən əsas nəzəri-estetik nümunələrdən biridir.
XX yüzillik ədəbiyyatımızın
məşhur klassiki Məmməd Araz haqqında onlarla elmi və ədəbi tədqiqatlar, yüzlərlə
məqalələr qələmə alınmışdır. Akademik İsa Həbibbəylinin hələ ötən
əsrdə yazıb çap etdirdiyi "Xalq şairi Məmməd Araz” (Bakı, 1999) kitabı və "Xalq şairi Məmməd Araz: böyük sənətlə
şəxsiyyətin vəhdəti” tədqiqatı Məmməd
Arazşünaslıqda hadisə kimi
qarşılanmış, özünün
bir sıra elmi-estetik
keyfiyyətləri ilə diqqəti cəlb etmişdir.
Görkəmli poeziya tənqidçisinin
bu əsərlərindəki bariz surətdə nəzərə çarpan xüsusiyyətlərdən biri, ilk dəfə olaraq, böyük şairin yaradıcılığının onun tərcümeyi-halı və həyat yolu ilə müqayisəli və paralel şəkildə öyrənilməsi idi.
XX yüzilliyin ikinci yarısından, xüsusən, 60-cı illərdən etibarən sürətlə yenilənməyə və inkişaf etməyə başlayan Azərbaycan ədəbiyyatının tədqiqi və təbliği sahəsində akademik İsa Həbibbəylinin xidmətləri ayrıca qeyd edilməlidir. "Xalq şairi Məmməd Araz” (1999) monoqrafiyası da müstəqillik dövrü ədəbi tənqidimiz və ədəbiyyatşünaslığımızın uğurlu nümunələrindən biri kimi diqqətə layiqdir. Azərbaycan ədəbiyyatşünaslığında və ədəbi tənqidində xalq şairi Məmməd Arazın bədii təfəkkürümüz tarixindəki təkrarsız xidmətləri və özünəməxsus mövqeyi məhz bu monoqrafiyada ilk dəfə elmi cəhətdən dərindən araşdırılmış və ümumiləşdirilmişdi: "Artıq xalq şairi Məmməd Arazın qiymətli bədii irsi kimi bənzərsiz obrazı da ürəkləri fəth edə bilmişdir. Şairin əsərləri doğma xalqının dilində qürur və əzəmətlə səslənməkdə davam edir. Məmməd Arazın şeirlərindən müxtəlif xalqların dillərinə çevrilmiş nümunələr hər yerdə rəğbətlə qarşılanır.
Məmməd Araz XX əsrin
aşırımından XXI əsri görür.
Məmməd Araz XXI əsrin yeni və böyük ədəbiyyatının yükünü çəkməyə də səfərbərdir. Bütövlükdə Azərbaycan ədəbiyyatı XXI əsrə bir çox qiymətli sənətkarlarımızla birlikdə həm də xalq şairi Məmməd Arazın çiyinləri üstündə gedir...”
"Xalq şairi Məmməd
Arazın həyatı, tərcümeyi-halı və bədii
yaradıcılığı bir-birini
tamamlayır” deyən müəllif, bənzərsiz sənətkar
yaradıcılığını tamamilə yeni
ədəbi-nəzəri yöndə və kontekstdə
araşdırır. Dünya ədəbiyyatşünaslığında
Dante, Nəvai, Bayron, Puşkin, Lermontov və
başqaları haqqında bu tipli tədqiqatlar mövcuddur.
Azərbaycan ədəbiyyatşünaslığında isə
bu sahədə ayrı-ayrı məqalə
və araşdırmalara rast gəlinsə
də, hələlik böyük və ciddi tədqiqatlar ortada yoxdur. Akademik İsa Həbibbəyli görkəmli sənətkar
estetik dünyagörüşünün
və obrazlarının mənşəyini ilk
dəfə olaraq poetik
tərcümeyi-halla paralel şəkildə
araşdırır. Böyük şairin həyat yolunun
başlanğıcını – uşaqlıq
çağlarını təhlil edən müəllif Məmməd
Araz poeziyasında "daş”
motivinin doğuluşu
ilə bağlı əsaslı mülahizələr irəli
sürür: "Bu mənada Çadırdaş ətəyində,
Şahbulaq yaylağı ətrafındakı
yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin
daşlaşmış səhifələridir” . Görkəmli alimin
təkcə Məmməd Araz
poeziyasında deyil, ümumən, XX əsrin
ikinci yarısındakı bədii təfəkkürümüzdə
mühüm yer tutan və silinməz izlər qoymuş
daş obrazları və motivlərinin genezisi, ehtiva və
ümumiləşdirmə miqyasları haqqındakı
düşüncələri də ciddi maraq oyadır: "Bəlkə də ilkin başlanğıcı daşla
bağlı olan bu poeziyada daş motivinin sonralar əsas,
aparıcı mövzulardan birinə
çevrilməsinin mühüm səbəblərindən
biri də budur. Daş mövzusu filosofların fikrincə,
dünyanın əsasını təşkil edən dörd ünsürdən birinə - ana torpağa olan inamın ifadəsidir. Ədəbiyyatşünaslıq
nöqteyi-nəzərindən isə bizcə, daş
Məmməd Araz poeziyasında bütövlük, Vətənə, torpağa bağlılıq, gərəkli olmaq, əsil vətəndaşlıq
mənalarını ifadə edir. Şair hətta özünü
də milli şeirimizin
"daş əsgəri” hesab
edir” . Son dərəcə
düzgün və dəqiq seçilmiş nəzəri-metodoloji yanaşma Məmməd Araz
dünyasının qapılarını açan
sehrli bir açar rolunu oynayır.
Beləliklə, "vətən daşı olmayandan
olmaz ölkə vətəndaşı” poetik aforizminin ərsəyə
gəlməsi prosesi əslində şair yaradıcılığında Vətən
obrazlarının və konsepsiyasının formalaşma
tarixçəsidir. Məhz bu əqidə
və məslək şair
yaradıcılığında genişlənərək
"Vətən qayaları, Vətən daşları” silsiləsinə,
"Daş harayı” kitabına çevrilir. Bu ruh və obraz
Məmməd Araz dünyasında o dərəcədə dərin və möhkəm
köklərə malikdir ki,
hətta bütün və bütöv Azərbaycan dünyasını da şair daşlarsız
və qayalarsız təsəvvür etmir:
"Azərbaycan - qayalarda bitən bir çiçək, Azərbaycan -
çiçəklərin içində qaya”
. O da təsadüfi deyil
ki, qayanın vəsfi ilə başlanan bu böyük şeir, məhz
Azərbaycan daşlarının tərifi ilə son çatır: "Azərbaycan, mayası nur, qayəsi nur ki... Hər daşından alov
dilli ox ola bilər” .
Akademik İsa Həbibbəylinin Məmməd Arazşünaslıq və ümumən, ədəbiyyatşünaslığımız üçün qiymətli olan daha bir yeni elmi yanaşması böyük şair yaradıcılığında mühüm yer tutan Araz motivləri ilə bağlıdır. Biz dahi və cəsarətli şairimizin Araz dünyasını yetərincə duymasaq, onun Azərbaycan dünyasını lazımınca dərk edə və dəyərləndirə bilmərik. Məmməd Arazın bütöv Azərbaycan dünyası məhz Araz sahillərində doğulmuş və formalaşmış bir poetik aləmdir. Müəllif çox doğru olaraq Məmməd Araz dünyasının əsas atributlarından və əlamətlərindən biri kimi Arazı seçir. Daş obrazı kimi Araz obrazı da Məmməd Araz dünyasının ikinci sehrli açarıdır: "Məmməd Araz bütöv, böyük Vətənin nəğməkarıdır. "Araz axır” poemasında, "Oxuyan Təbriz”, "Şəhriyar gəlmədi”, "Bu gecə yuxuda Arazı gördüm”, "Araz dili”, "Araz üstdə Çinar gördüm”, "Qalır hələ”, "Araz yadıma düşüb”, "Arazın işıqları”, "Sərhəd çəpərləri”, "Mən Araz şairiyəm” şeirlərində bütöv Vətən duyğusu mənalandırılmışdır. Məmməd Araz qələmindən çıxmış "Oxuyan Təbriz” (1969) şeiri Azərbaycan poeziyasında Cənub mövzusunda yazılmış ən dəyərli və təsirli şeirlərdən biridir” .
"Xalq şairi Məmməd Araz:
böyük sənətlə şəxsiyyətin
vəhdəti” tədqiqatında diqqəti çəkən üçüncü mühüm
cəhət şair
yaradıcılığının milli ədəbi
qaynaqları və mənbələrinin elmi
dəqiqliklə göstərilməsidir. Doğrudur,
Məmməd Araz nəslinin və ümumən,
altmışıncıların poetik
bioqrafiyasının, bədii dünyagörüşünün
formalaşması barəsində müəyyən
araşdırmalar mövcuddur. Amma bir qədər ümumi və dərinə nüfuz
etməyən həmin araşdırmalarda
altmışıncıların sələflərlə mənəvi
əlaqələri lazımi səviyyədə və elmi obyektivliklə açılmayıb. Akademik İsa Həbibbəylinin
elmi təhlillərinin qiymətli cəhəti
ondadır ki, ədəbi nəsillər
arasında estetik münasibətin xarakteri düzgün
açılır. Məmməd Arazı Mirzə Ələkbər
Sabir və Səməd Vurğun
kimi dahi sənətkarlarla
birləşdirən mənəvi tellər yüksək qiymətləndirilir.
Məmməd Arazın "Mən də insan
oldum” (1962) poeması təkcə müəllifin
deyil, bütün yeni pleyadanın bədii etiqadının ifadəsi
və etirafnaməsi idi. Tədqiqatda
"Səməd Vurğunla söhbət”,
"Qayalara yazılan səs” və başqa əsərlərin təhlili əsasında
Səməd Vurğun və Məmməd Araz münasibətləri ədəbi-nəzəri
metodologiya baxımından dəqiq və
aydın ifadə edilir. Altmışıncıların Səməd Vurğuna sevgisini
onların təkcə ithafları deyil, eyni zamanda, bütün
yaradıcılıq yolu nümayiş
etdirməkdədir. Əli Kərim də, Xəlil Rza Ulutürk də, Məmməd
Araz və b.
altmışıncılar da Səməd Vurğunu bir ustad kimi ürəkdən
sevir və ona pərəstiş
edirdilər. Lakin
altmışıncıların sevgisi
ayıq sevgi idi. Onlar sadəcə məftunluq və pərəstişlə
kifayətlənmirdilər. Altmışıncılar,
o cümlədən Məmməd Araz "...xalq şairi Səməd Vurğunun
adı ilə bağlı sənət ocağının od qoruyanı, keşikçisi”
olmaqla bərabər həm də yeni şəraitdə yeni
poetik ənənələrin əsasını
qoyurdular. Müəllif
haqlı olaraq "60-cı illərin ikinci yarısından etibarən Məmməd Araz özü də Səməd
Vurğundan sonra şeirimizin xəritəsinin təzələnməsindən,
"şeirimizə təzə yollar” gəldiyindən
bəhs etmişdir” deyə
vurğulayır. İki böyük
poetik dövr
arasındakı, iki özünəməxsus
ədəbi nəslin estetik
dünyagörüşündəki ciddi
fərqlər də ilk dəfə olaraq tədqiqatda geniş
və hərtərəfli əsaslandırılmışdır:
"Bu təkamül prosesi
Məmməd Arazın yaradıcılığında da qabarıq şəkildə nəzərə
çarpmaqdadır. Yəni 30-50-ci illərin
poeziyasındakı zamanın tələblərindən doğan poetik dəbdəbə,
ritorika, zahiri təntənə,
parıltı, tərənnüm, ideoloji
xəttə meyl kimi qəliblənmiş
ənənələrin buzu Məmməd Araz və onun mənsub olduğu ədəbi nəslin istedadlı nümayəndələrinin səyi, cəsarəti ilə
sındırılmışdır” . Bu mühüm elmi həqiqəti
bəzən tanınmış alimlərimiz də nədənsə
etiraf etməyə çətinlik çəkirlər.
İki poetik dövr arasındakı bu
mühüm fərqləri görməmək
və ya özünü
bilməzliyə qoymaq isə əsil
reallığı inkara və ya təhrif etməyə gətirib
çıxarır.
Məhz bu nöqteyi-nəzərdən ustad ədəbiyyatşünas alimin qeyd etdiyimiz məsələyə münasibəti elmi təfəkkürümüzü təzələyir və zənginləşdirir.
Alimin poetik dövrləri səciyyələndirərkən işlətdiyi elmi ifadələr də diqqətəlayiqdir; həqiqətən "tərənnüm poeziyası” və "düşüncə lirikası” elmi təyinləri təkcə haqqında söhbət gedən ədəbi nəsillərin yaradıcılıq yolunu ümumiləşdirmir, eyni zamanda, terminoloji siqlətə və əhəmiyyətə malik ədəbiyyatşünaslıq anlayışlarıdır.
Həqiqətən, Məmməd Araz poeziyası XX əsr Azərbaycan ədəbiyyatının ən böyük və unudulmaz hadisələrindən biri olmaqla bərabər, həm də milli mənəviyyatımızı və estetik dünyagörüşümüzü zənginləşdirən qiymətli bədii örnəklərdən biridir. Akademik İsa Həbibbəylinin yüksək elmi dəyərə malik ədəbi-nəzəri düşüncələri bu inamı və qənaəti bir daha təsdiq edir: "Böyük ədəbiyyat, həqiqi şeir-sənət artıq Məmməd Arazın tale ortağıdır. Bu böyük və müdrik sənətin şərəfli və məsuliyyətli yükünü – ədəbiyyatımızın böyük idealları ilə səsləşən Məmməd Araz ideallarını ayrılıqda bir şair deyil və ya ümumiyyətlə, qələm əhli yox, sözün geniş mənasında, Vətən əhli çəkib daşıyır. Bu isə öz növbəsində xalq şairi Məmməd Arazın mənəvi zənginliyə, daxili saflığa, millilik və vətəndaşlığa, habelə müstəqilliyimizin daha da möhkəmləndirilməsinə aparan böyük, magistral yolun əsas, güclü poetik lokomotivi olması deməkdir. Milli yüklü həmin şeir-sənət, ədəbiyyat qatarı təkcə öz müəllifini deyil, bütövlükdə xalqımızı XXI əsrə aparır” .
Yaşar Qasımbəyli
filologiya elmləri doktoru,
professor
Kaspi 2019.- 12-14 oktyabr.- S.11.