Dünya ədəbiyyatı; nağıl, yuxu, yoxsa tərcümə?

Dünya bir zamanlar həqiqi bir dünya idi; buradan getməyin də, burda qalmağın da hanısa mənası vardı. Və dünya öz varlığını dərdli-sərli adamlara borcluydu. Keçmişdə dünya sirr idi. "Dolu gələn boş gedər” – bir yer idi. Firdovsi üçün dünya "əsli olmayan bir nağıl”dır və bu nağılın gerçək üzü o biri dünyada görünəcək. Emile-Aqust Şarter, qısa adıyla Alen Firdovsinin dünyasıyla qəribə bir rabitə yaradırdı O da "Dünya sədəcə bir yuxudur” deyirdi. Stendal! Bizə yuxarıdan aşağı baxan qəhrəmanlar yaradan bu adam daha irəli gedirdi: "Dünya bütünlükdə komediyadır”. İnsanı bitirən bu misallara daha bir film səhnəsini əlavə etmək istəyirəm: Faşizm haqqındakı bir filmdə günahkar belə deyirdi: "Siz haqlısınız, çünki güclüsünüz!”

Dünya indi sadəcə qazananların yeridir və məğlub olanlara sadəcə dözülür. Mən özüm də dözülənlər sırasındayam.

Dünya ədəbiyyatı haqqında danışarkən uzun sitatlar çəkə bilərəm, ancaq əlli yaşındayam və mənim də kitablardan yaratdığım kiçik dünyam var. İbtidai sinifdə oxuduğum ilk kitab Ömər Seyfəddinin "Kaşağı” hekayəsiydi. Onda traktorumuz yox idi, atlarımız var idi; daha doğrusu, atlar və beygirlər fərqli idi. Atı minib çapırdılar, beygirlər isə qoşa olaraq sürülürdü. Dərinliyinə getsək eyni növlərdir; ata bir, ana ayrı. Həm də bizə görə at ya buluddan gəlirdi – nənəm deyirdi ki, şimşək çaxır və atlar doğulur – ya da sudan. Meme Alan Dastanında balıqçılar Dəclənin sakit sularında balıq yox, at tutardı. Dünyam bu qədər idi və bu, mənə bəs edirdi, bir də ulduzlar var idi. Orta məktəbdə Yaşar Kamal və Sait Faiq oxudum; gecələr İstanbuldaydım, Mecidiyeköy kazinolarınıMənasız Adamla gəzirdim. Gündüzlər də Topal Əlini düşünürdüm. Sonra Seyran və İncə Memedin bostana yığılmaları... Seyran da amma Seyran idi ha! Liseylərdə müəllimlərimiz və bizə yol göstərən cədvəllərimiz var idi. O vaxtlar klassiklər deyirdilər. Klassiklər dünyanın özü idi. Onları oxuyaraq dünyanı başa düşə biləcəkdik. Klassiklərin də bir "amma”sı olurdu. Məsələn, Qorkini oxumayın! Niyə? Çünki o kommunistdir! Ötən qış bunu xatırladım və qəsdən məndə Qorkinin nə qədər kitabı var idisə, hamısını yenidən oxudum. Sabahattin Ali ilə Qorkinin atmacaları nə qədər də gözəl idi. İkisi də yerli kimiydi. Bu kitablara görə liseyi güc-bəlayla bitirdim.

İstanbula gələndə "Oda yayınları”nın əsərlərini çap etdiyi bütün klassiklərini oxuyub bitirdim, hətta kiçik bir kolleksiyam da var idi. Klassiklərin hamısı gözəl idi, amma Balzak bir başqaydı. Hər yerdə Balzakın kitablarını toplayırdım. Sehrli, işıqlı idi, ondan sonrakı bütün yazarlar sanki onun qəhrəmanları idi. Asıllılıq yaratdı məndə. Bu vərdişdən yayınmaqüçün Dostoyevski oxuyurdum, oxumurdum, sanki hər romandan sonra yenidən yazırmış kimi olurdum. Dostoyevskiylə bağlı qeydlər götürürdüm, təhlillər aparırdım. Kim nə deyirsə desin, bu iki yazar yeni bir dövr yaratmışdılar və onları bu dövrü yaratmaq üçün kimlərsə çağırmalıydı. Bu çağıranlar da şairlər olmalıydı. Bəli, Höte! Antik ədəbiyyatla qarşılaşdıracağımız tək imza! Getdiyi hər yer aydınlanırdı, tanrı kimi idi. Onu görmək insanları sarsıdırdı; Roma Papasını görmək nə qədər maraqlı idisə, Höteni də görmək elə müqəddəs idi. İlk kitabından etibarən xalq onu sevirdi. O həm klassik idi, həm də modern, həm şüurlu, həm şüursuz, həm də Verter, Faust, Eqmont kimi qadın obrazları yaratmışdı, yazdığı hər əsər təsirli idi. Novalis "Höteni bir gün aşacaqlar” deyirdi. Amma necə? Cavabı da özü verirdi: "Antiklər necə aşılırsa”. Hötenin yaradıcılığında bir fəlsəfi zolaq da var. Ona görə, ruhlar aləmi qapalı deyildir. Qapalı olan insan ürəyidir. Bax Hötenin mənə verdiyi bu idi; romançının heç vaxt verə bilməyəcəyi, şairin isə tək sərmayəsi. Bir də bu var idi, yazar nə yazırsa yazsın, şair olmalıydı. Obrazı, bədiiliyi olmayan hekayə hekayə deyildir, roman roman deyildir və bəlkə də Corc Bayron buna görə deyirdi: "Bir gün nəsr yazacaq qədər alçalsam...” Mallarme dostumuz Zola bir kitab yazmışdı deyə onunla kobudrəftar edirdi, çünki dünya şeir dünyası idi. Bir Nitsşe var idi, Napaleonu və Höteni xüsusi imtiyazla təsvir edirdi. İkisi də kölə əxlaqından qaçar və bundan həzz alırlar. Başqalarının da bu həzzi dadmağı veclərinə deyil. Nitsşenin qəhrəmanı Hötedir. Çünki Höte özünü bütünlüyə tərbiyə edir və yaradır. Ondan da mənə bir Napoleon heykəli qaldı, məqsədim bir şəhəri almaq yox, bir dünya yaratmaqdı. Höte Fişte, Hegel və Şopenhaurla yazışırdı. Fişte Höteye "Elm təlimi” (1794) kitabını yollayır. Höte bir məktub yazır və bildirir ki, onun düşüncə tərzinə uymayan bircə nöqtə belə yoxdur. Höte Şopenhaurla da yazışır və Şopenhaur bütün məktublarını "sadiq qulunuz” deyə bitirir. İkisi arasındakı münasibət rənglərlə bağlı mülahizələrindən doğurdu. Höte rənglərin gözdə yaranan bir fenomen olduğu qaydasını dilə gətirirdi. Ən nəhayət, Şopenhaur "Görmə və rənglər haqqında” kitabını Hötedən təsirlənərək yazdığını bildirirdi. Hegel də Hötenin rənglər haqqındakı tezisini dəstəkləyir və bu tezis haqqında məqalələr yazır. bir səfər onu öz evində ziyarət edir və özünü onun oğullarından biri hesab etdiyini deyir. Höte yaşlanana qədər Hegeli dəstəkləyir, xüsusən gənclərə göstərdiyi diqqətə görə.

Hötenin dini baxışı da məlumdur; üç dini də müqəddəs hesab edir və onlar haqqəndakı ədəbiyyatı izləyir. Üç dini ruhdakı qarşılığı onların şeirə nə verə bilməsidir. Höte fars dünyasından Hafiz və Mövlanəyə olan marağı ilə də məşhurdur. Ərəbcə yazılan "Leyli və Məcnun” və ivrit dilindəki "Yusif və Züleyxa” ən sevdiyi əsərlər idi. İbrahim, Musa, Davud və İsa adları Hötenin şeir və romanlarında yer alır, eyni zamanda Məhəmməd haqqında yazdığı "Məhəmmədin tərənnümü” şeiri də vardır. "Faust”un proloqlarından biri Tövratdan götürülən "Eyüp kıssası”dır. O, Quranın nas və Şüara surələrindən də xəbərdardır. Bununla belə dinlərin rədd etdiyi şeytanla da bir masaya oturmuşdur. Ancaq onun şeytanı bir az boşboğazdır, kənddən şəhərə gəlib və burjua ilə söz oyunu oynayır.

Hötenin sənət teoremi nümunələrin tənqid olunmamasına dayanır. Onun tənqidləri daha çox açıqlayıcı və pedaqoji niyyətlə yazılmışdır. Onu ən çox məşğul edən suallar sənətin necə yarandığı, nə olduğu və hansı niyyətə sahib olmasıdır. Höte üçün sənət şəkilləndirməkdir və bu, yaratmaq istəyidir. "Həyatımdan şeir” və "Həqiqət” kitablarında şeir yazmağı-sənət yaratmaq məqsədini öz fikirlərini, yazdıqlarını dünya ilə qarşılaşdırmaq və daxili rahatlığını tapmaq cəhdi kimi vurğulayır, təbii ki onda bundan daha artığı var idi.

Höte üçün sənəti sənət edən tək şey sənətkarın ruhudur. Yəni, sənətçinin iç dünyasıdır. Sənətçi buradan baxar, buradan görər. Sənətçi iç dünyasını insanlara göstərə biləndir və əsər ancaq bu dünyadan çıxanda sənətdir. "Faust”u, Verteri əbədiyaşar edən də bu dünyadır – müəllifin içdən gələn tərzi.

Höte yaşadığı əsrə görə sənət estafetini Şekspirdən alır, ancaq güzgüdə onu görmür. Harold Blom bu mövzuda yanılır, Höte sadəcə sevirdi onu. Şekspir pozandan istifadə etmir, yazdığı heç nəyi atmır, Höte isə bir misra üçün az qala bütün həyatını silib tullayırdı. Çünki bütün dərdi ta olmaq, bütöv olmaq idi. Özünü buna tərbiyə etmişdi. Beləliklə o, sərvət yığır, gizli olan daxili dünyasının qaranlıqlarında axtarışa çıxırdı. Ən təhlükəli mövzulara, duyğulara toxunur; məsələn, günah və yasaq. Bu durum onu zərif bir təhkiyəyə həvəsləndirir. "Faust”un ikinci bölümünü nə qədər tanrısal və qüsursuz sənətkarlıqla yazıldığını xatırlayaq. İlk şərt ədəbi qadın olmaqdır burada. Şüursuzluğun şüuruna çatmaq, Həvvanın elm almasını qoparmaqla başladığı əbədi üsyan...

Höte bir sərvətdir və bütün zamanlarda onun mirasçıları olub, üstəlik onlarda ac qalmayıb. Hötedən əvvəl sanki yaşamış bütün adlar unudulmağa məhkum edilib. Ondan sonra Nitsşe, Dostoyevski, Tomas Man, Villiam Blek, Ceyms Coys adları isə bir anda ağzımızdan çıxar. Höte sənətinin açarı isə "Gənc Verterin iztirabları”dır.

Höte "Verter”i yazanda iyirmi beş yaşında idi. Rəvayətlərə görə, bu kitab iki həftə ərzində monoloq məktub formasında yazılmışdır. Kitabın mövzusu çox vaxt evli bir qadına aşiq olan gəncin intiharı kimi qiymətləndirilir. Əslində, isə bu mövzunun arxasındakı sirlər görmürlər. İlk ağla gələn Riçardsonun "Pamela”sıdır. Evli qadına aşiq olmaq xalq nağıllarından, dastanlarından antik ədəbiyyata qədər bütün dövrlərdə var. Burada Sofia von La Roşu (1731-1807) xatırlamağın məqamıdır. La Roşun məktub şəklində roman qələmə alınmışdır. Höte zamanın bu məşhur qadınına eşq məktublarından geri qalmayan məktublar yazmışdır. Məktublar birində Karl Vilhemin ölümündən yazır və onun haqqında soylu ruh ifadəsini işlədir. Roşa xitabı isə belədir: "Yanınızda keçirdiyim anlardan bəri xatirələriniz həmişə mənimlədir”.

"Verter” nəşr etdikdən sonra Almaniya ilə bərabər, İngiltərə və Fransada da ən çox oxunan kitablardandır. O, bir tərəfdən ədəbiyyat hadisəsinə, digər tərəfdən də gənclərin həyat örnəyinə çevrilir. Gənclər onun kimi geyinirlər. Bundan başqa, "Verter”dən kiçik hissələr çin və yapon əşyaların üzərində də görünməyə başlayır. Həmin səhnə ən məşhur səhnədir.

Kitabın oxucular arasında məşhurluğu təkcə yenidən nəşrləri deyildi, 1777-ci ildə İsveçrədə bir gənc "Verter”i oxuduqdan sonra tapança ilə intihar etmişdi. 1778-ci ildə sevgilisi tərəfindən atılan bir qadın cibində "Verter”lə bərabər özünü suya atıb. Eyni dövrdə kitab özünü pəncərədən atan başqa birinin cibindən də çıxır. 1784-cü ildə intihar edən bir qadının yastığının altında da "Verter” var idi. Kitab bəzi bölgələrdə qadağan edilir. Din adamları tez-tez bu kitab haqqında xəbərdarlıqlar edir. Verter xalqa pis vərdişləri aşılayan biri kimi qiymətləndirilir. Lakin bütün tənqidlərə baxmayaraq, Höte "Verter”in ikinci hissəsini yayınlayır. 1775-də. Dörd il sonra Höte yazır: "Tanrı məni daha bir "Verter”i yazmaqdan qorusun!”.

Höte, Balzak və Dostoyevski arasındakı bağlılıq uzun məsələdir. Bir misal çəkək. Balzak "Modeste Miqnon” romanında Hötenin "Vilhelm Mister” və "Faust”undan yararlanır. "Cinayət və Cəza”ya isə rus "Faust”u deyirlər. Ancaq bütün bu kişi qəhrəmanlara rəğmən XIX əsrin iki qadın qəhrəmanı var: Anna Karenina və Madam Bovari. Bu qadınlardan Madam Bovari mənim eşqimdi. Parisdə olarkən onun məzarını necə axtardığım yadımdadır. İçimdə hələ də ona Fatihə borcum var. Sonra Anna yeriyərkən tablolar oxuyur, inanılmaz səhnələrdir və türkcəni mənim kimi tablolardan oxuyanlar ona nələr borcluyuq. Borcumuzu isə Coys ödədi; Blom reklamları oxuyur, çünki bilir, dünyada, əsərlər deyil, reklam əsas göstəricidir.

II

Dünya ədəbiyyatı hər fürsətdə Höte ilə nəfəs nəfəsədir. 20-ci əsrin ən möhtəşəm romanları ona göndərmələr etmək məcburiyyətindədir. Ceyms Coys, Robert Muzil və Tomas Mann Hötenin şagirdi olmağa dünəndən razıdırlar. Kafka isə bunlardan fərqli olaraq, xəbərdar etməyin leyhinədir. Turqut Uyarın dediyi kimi: "Kafka həmişə yaxınlaşır, sadəcə yaxınlaşır”.

Muzildə xəyanət, qayğısızlıq, vecsizlik ön plandadır. Xəyanət özünə xəyanətdir, qayğısızlıq yenə özünə, sədaqətsiz özünü unutmaqdır. Burada bir tarix əlavə etməliyəm. Ulriç Anders 1913-də otuz iki yaşındadır və əsl adı Axillesdir. Bəli, o bir antik insan deyil, bu dünyada sadəcə bir maddədir. Eyni səhnələri Oğuz Atayın "Tutunamayanlar”ında da görürük. Muzil bir reallığın içindədir, lakin burada bu həyatı ondan başqa heç kim yaşamır. Heç bir özəlliyi olmayan həyat və onu yaşayan adi adamlar. Deskarteslə mühasibat da gözardı edilmir. Böyük filosof yağışda qaçan adamlara baxanda kraliça nə gördüyünü soruşur, o isə çətirləri, şapkaları və ayaqqabıları gördüyünü deyir. Kafkada isə bu mənzərənin ortasına bəlkə, ona görə də, ehtimal ki sözləri girir. Ehtimal, axtarmaq deyil, tapdığın qarşısında özünü itirməkdir. Ancaq özünü itirəni kim tapacaq? Çünki Maqbet də işə yaramır: orda daşlar hərəkət edir, ağaclar danışırdı. "Qətliamlar olacaq!” deyir Kafka və kimsə, ya da özü "Bəlkə...” deyib araya girir. Bu, əslində, Freidlə Yunqun mübahisəsidir. Onlar həll edə bilməyiblər deyə Coysla Kafka işə qarışıb. Coys bir günə əlli altı hekayə və ya doqquz yüz qüsurlu kəlmələr xərclədi. Hindlilər inəyə tapınar, irlandların da simvolu inəkdir və ikisi də ingilislərin əsarətindədir.

20-ci əsrə qanla girdik. Muzilin yanına daha bir adam əlavə edə bilərik: Tomas Mann. Bu adam bizə dözməyi öyrətdi. Çünki 20-ci əsrin ən böyük dərdi müharibələr bir-birinə dözə bilməməkdən yaranırdı. Man "Apolitik adam mədənidir” deyirdi, amma Karl Jaspers "Kütlələr varlıq deyil, jestdir” deyirdi. Brexti də yaddan çıxarmaq olmaz. "Adam adamdır”da orduya ana deyir.

Bizdən olmayanlar pisdir. Mannın ölkəsində onlara məxluq belə deyirdilər. Məxluqdan istədiyimiz tək şey minnətdar olmalarıdır. Məxluq Avropaya gedib qəbul olunmayan Yəhudidir. Onların kökü qazılmadıqca bizlərə rahatlıq yoxdu, Brext deyir. Və nasistlər Mannın kitablarını yandırır, külünü özünə göndərərlər. Buradan da başqa ədəbiyyat yaranır. Çadırlarda aclığı, səfaləti anladanlar, yurdları dağıdılanları yazanlar... Bir Tomas Mannın kitablarını nəşr etmirlər, Brext qadağandır. "Bunlar kölələrin dilində danışır”. Kölələrin dili... Kim idi bu dili yaradanlar? Harold Pinterin "Dağ dili” tamaşasını yadımıza salaq. Əsgər deyir: "Dövlət dilində danışmalısan, dağ dilində yox!”.

21-ci əsrdəyik. Və bu yazarlar hələ də nəşr olunur, sevilir, oxunur. Hətta Stefan Sveyqi oxumayana qız vermirlər. Kafkadan öz qohumumuz kimi danışırıq. Anna Sergersdən, Herman Broşdan. Bu imzalar dünya yazarları idi.

III

İndiki dövrdə dünya ədəbiyyatında öz sözünü demək və qalıcı əsərlər yaratmaq əvvəlki dövrlərə görə daha çətindir. Əvvəllər ədəbiyyat var idi. Yazıçı - hər nə qədər əvvəl-əvvəl qəbul edilməsə də - öz dəsti-xətti ilə ədəbiyyata töhfələr verə bilir, ədəbiyyata öz damğasını vura bilirdi. Ancaq indi oxucusu olmayan yazar kütləsi ilə qarşı-qarşıyayıq. O yazarların ki, biliyi kasaddır onlar sadəcə geniş əlaqələri səbəbi ilə uğurlar əldə edə bilirlər. Beləliklə "yaradıcı yazarlıq” anlayışı da məhvə məhkum olur.

Günümüzdə yazarlıq əlaqələr zəncirindən ibarətdir. Onların yazılarında artıq nə ədəbiyyat var, nə də bilikdən əsər əlamət. Artıq yazarlıq əlaqələr sistemidir və bu sistemin başında da "tərcümə” gəlir. Kimin əlaqələri genişdirsə, kimin kitabı daha çox dilə tərcümə olunubsa o artıq dünya ədəbiyyatçısı sayılır. Hətta artıq yazarlıq insanın iç dünyasındakı ruh halının təcəssümü deyil, əlavə iş və qazancdır. Beləliklə "Yazar” və "Yazıçı” ifadələri bir-birindən ayrılır və artıq hərəsi özlüyündə başqa-başqa mənalar kəsb etməyə başlayır. Belə ki "yazar” assosial, dostu-aşnası olmayan, özünü xarici aləmdən təcrid etmiş və dünyada qoyacağı şeyləri ölümündən sonra üzə çıxaracaq olan kəsdir. "Yazıçı” isə yazdığı mövzu ilə bağlı uzaqdan-yaxından əlaqəsi olmayan, heç bir şey hiss etməyən, qıraqdan-bucaqdan eşitdiyi məlumatları toplayıb hamıdan əvvəl dərc etməyə çalışan və ilkə imza atmaq istəyən insanlardır. Çox qəribədir, ədəbiyyatın mayasında "Eşq”dən başqa nə var ki onlar ilkə imza atdıqlarını düşünürlər?

O, yazıçılar ki, eşidib-bildiklərini tez-bazar bir yerə toplayıb qarışıq bir mətn yazarlar və ən çox reytinqi olan nəşriyyat evlərində öz "yazılarını” dərc edərlər, düzü, onların heç kimə maraqlı deyil nə yazdığı, əsas odur ki onlarda olması lazımlı iki əsas güc var: pul və şöhrət. Bu səbəblə də günümüzdə yazar çox deyil, geniş əlaqələri olan yazıçılar var.

Əlbəttə ki, əlaqə sisteminin özünə məxsus pillələri var. Dövlət səviyyəsində əsərləri tərcümə edilən yazarlar var ki, onların da fəaliyyətləri məhdudur. Hansı ki, bir müəssisəyə tabedir və o məhdudiyyətlər daxilində yazıb-yaratmaq imkanı vardır. Bəzi yazıçılar da özünü elə göstərər ki, qıraqdan baxan ondan daha dərdli adam olmadığını düşünər. Halbuki dərd onun çörək ağacıdır, bundan xəbəri yoxdur. Bəzi yazıçılar üçün qan bağı işləri bitənə qədər önəmlidir. Məsələn anaları ilə bağlılıqları göbək bağlarının kəsildiyi ana qədərdir. Ana onlar üçün yeni şəriklər və əsgərlər doğan bir vasitədir sadəcə. Yazılarını qəlbindən gəldiyi üçün deyil zəmanənin nəbzini tutmaq üçün yazan, tarixi və siyasəti yazılarına qarışdırıb "necə yazsam” daha çox satılar?” deyən "yazar” kütləsi var. Hər kitab yarmarkasından əvvəl yaxşı satılsın deyə əlüstü kitab da yazırlar.

Bəziləri də hər yerə öz yazılarını çantasında daşıyar, telefonunda həmişə öz haqqında məlumatları saxlayar, xəbər toplamaq üçün əllərində mikrofon, kamera küçələrə düşməzlər. Şəhər-şəhər, kənd-kənd gəzib öz əsərlərini xalqa çatdırarlar.

Bu da var ki, artıq yazarlar oxucu deyillər. Oxumağı tərgitiblər artıq. Öz dövrünün yazarlarına yuxarıdan aşağı baxar, onların yazılarını oxumağa dözə bilməzlər. Əlbəttə, özündən əvvəlkilərdən isə heç xəbəri də yoxdur.

İndiki yazıçılara kitabın içini nə ilə doldurmaq maraqlı deyil, üz qabığı daha çox önəmlidir onlar üçün. Nəşriyyat evləri kitablar üzərində işləyər və bəzi qəzetlərə elan vermək üçün kitab haqqında qısa yazı göndərər, hansı ki bu yazının da yarısı reklamdan ibarətdir. Qəzetlərə sifariş edilən elanın qarşılığında isə qəti şəkildə kitab haqqında mənfi rəy çap etməmələri üçün razılığa gələrlər. Kitab haqqında hətta müzakirə yazıları belə qəbuledilməzdir onların üçün. Bunun üstündə neçə redaktor öz işindən qovulub. Beləliklə qarşılıqlı razılaşma sonunda ələ gəlməyəcək bir əsərin möhtəşəm şəkildə reklamı olar.

Redaktorlar isə haqqı yeyilən insanlardır. Bəlkə də ayda 2000 səhifə oxuyurlar, ancaq nəyi dərc etmək lazımdır bu onların ixtiyarında deyil. Qərar verməyə onların haqqı çatmır. Hansısa partiya üzvü qərar verər və yazılar ondan sonra dərc edilər. Yazar başqa yazarın yazısını oxumur bu hardasa başa düşüləndir. Ancaq artıq birbirinin rəqibidirlər. Olduğu mövqedən asılı olaraq başqa bir yazarın işlərinə nəzarət etməlidirlərsə etmirlər və ya nəşriyyat evləri ilə danışmalıdırlarsa danışmırlar. Sanki bir neçə cəbhə yaranıb və hərə öz əsgərinin arxasında dayanır. Gələn sənədlər öz tərəfdarlarından birinə aid deyilsə onun sənədlərinə baxılmır və s.

Hər şey bir yana ,deyəsən, ən pisi də başqasının dərdidir. Başqasının dərdini yazmağa çalışırlar. Biz yalnız özümüzdən nəsə versək dünyaya aid ola bilərik. Əks halda dünya bizi məhv edər.

 

Müslüm Yücel

Türkiyə türkcəsindən uyğunlaşdıran: Rəvan Cavid

Kaspi  2019.- 12-14 oktyabr.- S.12-13.