İztirab və şeir
İztirab və şeirİztirab hissi poeziya üçün
"əvəzsiz nemət"lərdəndir. Onu ağlın
və hissin heç bir ekstazı, bəlkə də, əvəz edə bilməz. Hislərini poetik sözə çevirənlər üçün
iztirab dərk ediləndə ağrılı
hissə, təkrarlananda,
yada salınanda, xatırlananda isə poeziyaya çevrilir.
Şairin iztirabı daha
"uzunnəfəsli"dir, daha uzunömürlüdür.
Adi insanlarda isə iztirab əksərən ruhi haldan, fiziki
narahatlığa – göz
yaşına, ən ötəsi qəhərə,
şairin iztirabı isə şeir vasitəsi ilə əbədiyaşar hissə
– poetik əsərə
çevrilir. Bu baxımdan, şairin timsalında poeziya həm də hissləri əbədiləşdirmək
sənətidir.
Yaxşı şair üçün iztirab vacibdirmi? Bu suala "hə” cavabı vermək, bəlkə də, şairlərin bədbəxtliyini
istəməkdi. Şairlərdən onların şəxsi həyatlarındakı ağrıların
şeirlərinə yansımasını
gözləmək yox,
sadəcə öz ağrılı hislərini
və başqalarının
yaşantılarını bütün
ağırlığı ilə
duymaq "umula bilər”.
Bir dəfə
məşhur yazıçı,
"Möcüzələr dövrü” kimi maraqlı bir əsərin müəllifi
və neçə-neçə
ünlü ödüllərin
sahibi Aharon Appelfeldin "Paris Revyu” jurnalına verdiyi müsahibəni oxudum, mənə çox təsir elədi. Onun müsahibədə cavablandırdığı
belə bir sual var idi:
"Sizi keçmişə
qaytardığım üçün
üzrlü sayın,
amma ananız qətlə yetiriləndə
harada idiniz?”.
Ata, həyat yoldaşı, övlad və s. itkilərlə bağlı
bir çoxlarımıza
buna bənzər suallar verilə bilər, cavablar da yəqin ki,
elə itkilərin təsirindən və dərkindən dolayı fərqli olar. Ahoran müsahibədə başqa
ağrılı məqamlara
da toxunmuşdu və mən onun ağrılarını,
düşünürəm ki, az-çox özümə hopdura bilmişdim. Onun dilindən
qopan nisgilli sözlərin təsiri ilə heç nəyi əskiltmədən,
yaxud bəzək-düzək
vermədən "Aharon
Appelfeldin müsahibəsi”
adlı bu şeiri yazdım:
"41-ci ilin yayı
idi.
güllələdilər
anamı da,
nənəmi də.
9 yaşım var idi onda...
Anamsa 31 yaşında
idi.
O həmişə elə cavan qaldı,
...mən isə
qocaldım.
Atam səbirli idi
və anam öləndən sonra
sükut idi dini...
Həmişə bu sualı düşünmüşəm,
zəngin atam niyə
müharibə vaxtı olan-qalanını
satıb qaçmadı?
Sonrasa öyrəndim ki,
onun bütün varı
vətənin
təpəlikləri,
meşələriymiş,
onlarısa satıb
qaçmaq olmur...”
Və bir gün bir
siyahı tutdum
əvvəl anamın,
sonra atamın adını yazdım ora
və anladım ki, mən tək
deyiləm...
Bu şeirdə onun
yaşadıqları ilə
mənim duyduqlarım,
olsun ki, hansısa müstəvidə
bərabərləşmişdi. O bir insan kimi yaşantılarını
dilə gətirmişdi,
mən isə onları ayna kimi əks etdirmişdim.
Özgə dərdindən,
iztirablarından "ilhamlanmaq”la
da şeir yazmaq mümkündür....
P.S. Bir dəfə yazıçılarımızdan biri onunçün çox çətin başa gələn hadisəni qələmə
almışdı və
sonradan həmin yazı kitab halında çap olundu. O kitabın təqdimatında çıxış
edənlərdən biri
dedi: Nə yaxşı ki, həmin ağrılı hadisə yaşanıb və müəllif bu kitabı qələmə alıb. Özümü saxlaya bilməyib dedim: "Bu münasibət – yəni başqasının bəlasına
şükür eləmək
təxminən Remarkın
əsərlərinin ərsəyə
gəlmə səbəbinə
– müharibəyə sevinmək
kimidir...”
Fərid Hüseyn
Kaspi 2019.- 12-14 oktyabr.-
S.13.