Əcəb
adamlar var ey!
Əcəb
adamlar var ey!- Yetər artıq, bundan belə içməyəcəm!
Əsla... içməyəcəm! Artıq ağlımı
başıma yığmalıyam. İşləməli,
çalışmalıyam... Maaş almağı nə
yaxşı bilirsən, onda ürəkdən, dürüstcə,
vicdanla, rahatlığına və yuxuna haram qataraq işləməyi
də bacar. Ərköyünlüyü də tərgit,
getsin... Qardaş, sən bikar gəzib, pul qazanmağa yamanca
öyrəşmisən ha, bax, bu, yaxşı şey deyil... həm
də heç deyil..."
Öz-özünə
bu cür və bir neçə öyüd verən baş
konduktor Podtyaginin qəflətən içində öz
işinə dərin bir həvəs oyanır. Artıq gecə
saat ikidir, ancaq o, buna məhəl qoymadan konduktorları
oyadır və onlarla birgə vaqonları gəzib, biletləri
yoxlayır.
Əlindəki
dəlikaçanı şaqqıldadaraq, gümrah bir səslə
çığırır:
- Biletlərinizi...
göstərin!
Vaqonların
qaranlığında güclə seçilən, yuxulu
insanlar yerlərində səksənir, başlarını
sağa-sola bulamaqla biletlərini ona uzadırlar.
Podtyagin
ikinci sinifdə gedən, həm kürkə, həm də
yorğana bürünən, böyür-başına
yastıqlar düzən arıq, caydaq bir sərnişinə
müraciət edir:
- Biletlərinizi...
görüm! Sizin biletlərinizi!..
Caydaq
kişidən cavab gəlmir. O, yuxu aləmindədir. Baş
konduktor onun çiyninə toxunur və səbri
daralıbmış kimi təkrarlayır:
- Sizin
biletlər!
Sərnişin
səksənib, göz qapaqlarını aralayır və dəhşət
içində Podtyagini süzür:
- Necə?
Kim? Nə?
- Sizə
adam dilində deyirəm ki: "Sizin... biletlər!” Zəhmət
deyilsə!
Üzünə
yazıq bir ifadə verən caydaq kişi zarıldayır:
- Pərvərdigara!
İlahi pərvərdigara! Mən yel xəstəliyindən əziyyət
çəkirəm... düz üç gecə sərasər
yatmamışam, indi qəsdən morfi içmişəm ki,
bəlkə bir az mürgüləyim, sən isə gəlmisən
ki... hanı biletin? Axı, bu - insafa, insanlığa
sığan iş deyil! Mənim hansı zülmlə yuxuya
getdiyimi bilsəydin, yəqin belə mənasız şeyə
görə yuxuma haram qatmazdın... İnsafsızlıqdır
bu, mənasızdır bu! Axı, nəyinizə gərəkmiş
ey mənim biletim? Bu ki axmaqlıqdır!
Bundan
inciyib-inciməyəcəyini daxilən götür-qoy edən
Podtyagin öz incimək haqqından yararlanmaq qərarına gəlir:
- Siz
burada mənə çımxırmayın! Bura sizin
üçün meyxana-zad deyil!
Sərnişin
öskürüb deyir:
- Meyxana əhli
sizdən daha insaflıdır... Bəli də, indi buyur, təzədən
yuxula! Vallah, qəribədir: bütün xarici ölkələri
dolaşmışam, orada heç kəs məndən
bilet-filan tələb eləməyib, burada isə, elə bil
bunları şeytan dümsükləyir, elə gedib hərlənib
gəlirlər ha, gedib hərlənib gəlirlər!..
- Əgər
xaric bu qədər könlünüzə yatırsa, onda
köçüb gedin oraya!
- Yersiz
iraddır, cənab! Bəli! Sərnişinləri dəm
qazıyla, bürküylə və yelçəkərlə
bezdirməniz yetmirmiş kimi, hələ bir də formal
işləmlərlə bezdirirsiniz bizi! Biletimi görmək
istəyirmiş! Sən bunlardakı həvəsə, azara bax
ey! Bunu gerçəkdən nəzarət üçün etsələr,
dərd yarıdır, guya heç bilmirlər ki, sərnişinlərin
yarısı qatara biletsiz minib!..
Podtyaginin
səbir kasası lap daşır:
- Qulaq
asın, cənab! Bu dediklərinizi sübuta yetirmək
üçün hər hansı əsasınız yoxdur! Əgər
səsinizi başınıza atıb, qalan camaatı
rahatsız etsəniz, mən sizi növbəti stansiyada qatardan
düşürtməli və bu olayla bağlı akt tərtib
etməli olacağam!
Camaat
yer-yerdən deyinir:
- Bu,
dözülməzdir!
- Xəstə
adamla nə işin var ey sənin?!
- Bura
baxın, bir az mərhəmət hissiniz olsun da!
Podtyagin
geri çəkilməli olur:
-
Camaatın da ağzı yavaymış ha! Yaxşı,
yaxşı, mən ondan bilet-zad istəməyəcəm...
Siz deyən olsun... Ancaq sizə də yaxşı bəllidir
ki, vəzifəmdir məndən bunu tələb eləyən...
Əgər iş başında olmasam, onda əlbəttə
ki... İnanmırsınız, stansiya rəisindən
soruşun... Belə kimdən istəyirsiniz, soruşun...
Heyrətlə
çiyinlərini çəkən Podtyagin xəstədən
aralanır. Əvvəlcə özünü
aşağılanmış və dışlanmış biri
kimi hiss edir, ancaq sonra, iki-üç vaqonun içindən
keçəndən sonra bir baş konduktor kimi onun sinəsində
qismən vicdan əzabına bənzər bir narahatlıq hissi
baş qaldırır. Düşünür ki: "Həqiqətən
də, gərək o xəstəni oyatmayaydım. Bir də,
axı, məndə nə günah var?! Camaat elə sanır
ki, mən bunu yekəxanalıqdan, ya da bekarlıqdan edirəm,
daha bilmirlər ki, bu - mənim vəzifə borcumdur... Bir halda
ki, onlar sözümə güvənmirlər, onda mən də
stansiya rəisini o vaqona aparacağam”.
Stansiya.
Qatar beş dəqiqəliyə dayanır.
Üçüncü
zəngdən qabaq Podtyagin o bayaqkı ikinci sinif vaqona daxil
olur. Onun ardınca düşən stansiya rəisinin
başında al qırmızı furajka var. Podtyagin sözə
başlayır:
-
Baxın, bu cənab iddia eləyir ki, mənim onun biletini
yoxlamağa hər hansı səlahiyyətim çatmır və
bundan... şikayətlənir. Cənab stansiya rəisi,
xahiş edirəm bunlara başa salın görək, mən
biletləri vəzifə borcuma görə yoxlayıram, yoxsa
elə-belə?
Podtyagin
bu yerdə caydaq adama üz tutur:
- Cənab!
Cənab! Əgər mənə inanmırsınızsa, onda
stansiya rəisindən xəbər alın.
Xəstə
ilan sancıbmış kimi, səksənir, gözlərini
açınca, üzünə ağlamsınan ifadə verir
və özünü oturduğu divanın
arxalığına çırpır:
-
İlahi! Təkrar dərman tozu içib, təzəcə
yuxulayırdım ki, bu hərif yenə gəldi... yenə gəldi!
Yal-va-rı-ram sizə, mənə rəhminiz gəlsin!
-
Baxın, siz stansiya rəisinin özündən o barədə
soruşa bilərsiniz... Biletinizi yoxlamağa mənim tam səlahiyyətim
çatır, ya yox?
- Bu,
dözülməzdir! Alın bu da biletim! Alın! Mən daha
beş bilet də alaram, təki imkan verin burada rahatca gəbərim!
Yəni özünüz heçmi xəstə-zad
olmamısınız? Əcəb daşqəlbli insanlar
varmış!
Hərbi
geyimli bir cənab deyinir:
- Bu, lap
adamı ələ salmaqdır ha! Bunlar o kişiyə nə
veriblər ki, ala bilmirlər - anlamıram!
Podtyaginin
qolundan dartan stansiya rəisi üz-gözünü
qırışdırır:
- Rahat
buraxın onu...
Heyrətlə
çiyinlərini çəkən Podtyagin ağır
addımlarla stansiya rəisinin ardınca düşür.
Çaşqın halda düşünür: "Beləsinə
necə yarınasan?! Məsələnin məğzini
anlasın deyə, mən stansiya rəisini bunun ayağına
qədər gətirmişəm, bu isə... yenə də
söylənib, durur”.
Bir
başqa stansiya. Qatar burada on dəqiqəliyə dayanır.
İkinci zəng çalınmazdan əvvəl Podtyagin
qatarın bufetində Zelter mineral suyu içərkən, biri
mühəndis uniforması, digəri isə hərbi palto
geyinmiş iki kişi ona yanaşır.
Mühəndis
Podtyaginə belə deyir:
- Bura
baxın, cənab baş konduktor! Xəstə bir sərnişinə
qarşı o cür davranışınız buna şahid
olan hər kəsi sarsıtdı. Mən - mühəndis
Puzitskiyəm, bu cənab isə... polkovnikdir. Əgər siz o
sərnişindən üzr diləməsəniz, biz bu xəttin
rəisinə, öz ortaq tanışımıza sizdən
şikayət edəcəyik.
Podtyagin
karıxır:
- Cənab,
axı, mən... axı, siz də...
- Sizdən
izahat-filan gözləmirik biz. Sadəcə xəbərdarlıq
edirik ki, üzr istəməyəcəyiniz təqdirdə, biz
ikimiz o sərnişinin müdafiəsinə qalxacağıq.
Sonrakı
yarım saat ərzində sərnişinin mənliyinə
toxunmayacaq üzrxahlıq ifadəsini ən nəhayət
düşünüb tapan Podtyagin təkrar vaqona girir. Xəstəyə
müraciətlə belə deyir:
- Cənab!
Qulaq asın, cənab!
Diksinən
xəstə yatağından dik atılır:
- Nədir?
- Deyəcəkdim...
necə deyim?.. Məndən inciməyin...
Ürəyini
tutan sərnişinin nəfəsi daralır:
- Off... su
verin... Üçüncü morfin dozasını
içmişdim ki, bəlkə mürgüləyim... yenə
bu gəldi! İlahi, görəsən bu işgəncə
havaxt bitəcək?!
- Deyəcəkdim
ki... məni əfv edin...
- Bura
baxın... Növbəti stansiyada məni bu qatardan
düşürün... Daha buna dözəmmərəm... Mən...
mən... ölürəm...
Camaat
yer-yerdən çımxırdı:
- Bu nə
yaramazlıqdır, bu nə iyrənclikdir! Rədd olun buradan!
Bu həqarətin əvəzini siz mütləq
alacaqsınız! Rədd olun!
Əlini
yelləyən Podtyagin "Əhh” deyərək, vaqonu tərk
eləyir. Xidməti vaqona gedib, taqətsiz halda masa arxasına
keçir və şikayətlənir:
- Əcəb
adamlar var ey! İndi buyur, bunlara yarınmağa
çalış! Bunların xidmətində dur, əziyyətlərinə
qatlaş! İstər-istəməz hər şeyə
tüpürüb, içkiyə qurşanacaqsan... Heç nə
etmirsən - qəzəbə tuş gəlirsən, nəsə
edirsən - yenə də elə... İçəcəm ey!..
Başına
çəkdiyi butulkanı yarıyacan boşaldan Podtyagin
artıq nə iş-güc, nə vəzifə borcu, nə də
ki dürüstlük barədə düşünür.
Anton Çexov
Kaspi 2019.- 12-14 oktyabr.- S.15.