Kağız qələbə

Lüdmila Ulitskaya – rus yazıçısı, tərcüməçi və ssenaristi (1943-cü il, Başqırd MSSR)  "Ruskiy Buker” (2001), "Bolşaya kniqa” (2007, 2016) və s. mükafatının laureatı, 21 kitab müəllifidir.  Əsərləri dünyanın 25-dən çox dilinə tərcümə olunub. İctimai xadim, "Seçicilər liqası”nın təsisçisidir.

Günəş palçıqdan qaralmış rəngli dən-dən  qarı əridəndən sonra çirkli suyun üzündə qış boyu məişət tullantıları – hər cürə cırcındır, sür-sümük, sınıq şüşə üzməyə başladı. Havaya qalxan qoxulardan ən şirini, ən təbiisi – torpağın bahar qoxusu idi. Genya Pirapletçikov həyətə çıxdı. Onun soyadı elə naqolay yazılırdı ki, oxumağı öyrənəndən sonra  bu soyadı özünə təhqir kimi qəbul edirdi.

Bundan başqa, uşaqlığından bəri ayaqlarında problemi vardı və o, qəribə yerişlə, sanki tullana-tullana gəzirdi.

Bundan başqa, burnu həmişə tutulurdu və məcburən ağzıyla nəfəs almalı olurdu. Dodaqları quruduğundan, tez-tez onları yalayırdı.

Bundan başqa, onun atası da yox idi. Uşaqların yarısının atası yox idi. Lakin o biri uşaqlardan fərqli olaraq Genya "atam müharibədə  həlak olub” da deyə bilmirdi. Çünki onun, ümumiyyətlə, atası yox idi. Və bütün bunların toplamından Genya çox kədərli və bədbəxt olurdu.

Beləliklə, Genya qış-yaz xəstəliklərindən bir balaca sağalmış vəziyyətdə, başında qalın yun papaq və boğazına dolanmış yaşıl şərflə həyətə çıxdı.

Günəşin altında gəzişəndə çox isti olurdu. Balaca qızlar  uzun corablarını kolbasa kimi burub topuqlarına qədər salmışdılar. Yeddinci mənzildə yaşayan yaşlı xala qız nəvəsinin köməyilə stulunu pəncərəsinin altına düşürmüş və orda günəşin altında oturmuşdu.

Hava da, torpaq da – hər şey sanki dopdolu idi, xüsusən lüt ağaclar elə bil indicə xoşbəxtcəsinə yarpaq-yarpaq  açılacaqdılar.

Genya həyətin ortasında dayanıb, heyranlıqla göyün səsinə qulaq asır, kömbəcə pişiksə ehtiyatla pəncəsini nəm torpağa vurub  həyətin o biri tərəfinə keçirdi.

Birinci palçıq topası pişiklə Genyanın düz ortasına düşdü. Pişik yığılaraq özünü geri atdı. Genya diksindi və yerə dəyən palçıq onun üzünə sıçradı. İkinci topa kürəyindən tutdu. Üçüncünü isə gözləmədi, evlərinin qapısına doğru qaçdı. Onun arxasınca da uşaqların əldəqayırma şeiri eşidildi:

– Genka axsayan, burnu hey axan!

O, geri çevrildi: palçığı atan Kolka Klükvin, qışqıran isə qızlar idi. Onların da arxasında bunun səbəbkarı – əlaltısı olmayan hər kəsə düşmən kəsilən, cəld və qorxmaz Jenka Aytır idi.

Genya evlərinin qapısına tərəf atılır. Həmin vaxtda onun nənəsi – qulağının dibində həmişəyaşıl, mavi güllər olan, şlyapalı, xırdasümüklü qadın pilləkənlərlə aşağı düşürdü. Onlar Miusski bağına getməyə hazırlaşırdılar. Qadının çiynində  Parıltılı kəhrəba gözləri olan sürtülmüş ölü tülkü vardı. 

... Axşam yaşıl arakəsmənin o biri üzündə şirin-şirin yuxuda xoruldayan bir vaxtda anasıyla nənəsi masa ətrafında oturmuşdular.

– Niyə? Niyə axı həmişə  onu incidirlər? – axır ki, nənə dilə gəldi.

  Məncə, onları Genyanın ad gününə qonaq çağırmaq lazımdır, – anası cavab verdi.

– Dəli olmusan, nədi? – nənəsi narahat oldu, – onlar adi uşaq deyil e, dəhşət şuluqdurlar.

– Mən başqa əlac görmürəm, – anası qanıqara şəkildə cavab verdi. – Şirniyyat bişirmək, yaxşıca bir  uşaq bayramı hazırlamaq lazımdır.

– Onlar çox şuluq və oğrudurlar.  Bütün evi dağıdacaqlar, – nənəsi narazılıq elədi.

– Oğurlanası nəyinsə var ki? – anası soruşdu.

Qoca susdu.

– Sənin köhnə çəkmələrin heç kimə lazım deyil.

– Çəkmələrimin bura nə dəxli var ki?..nənə dərindən köks ötürür. – Oğlana yazığım gəlir.

İki həftə keçdi. Bahar fəsli gəldi. Palçıq da qurudu.  Zibillənmiş həyətə yamyaşıl ot sərildi. Həyətin sakinləri  qədər istəsələr də həyəti zibilləyə bilmədilər. Daha həyət yaşıl və tərtəmiz qalırdı.

Uşaqlar səhərdən axşamacan həyətdə ortadaqaldı oynayırdılar. Hasarlar oynayan uşaqların tabaşir və ya kömürlə qoyduğu işarələrlə doldu.

Genya artıq üç həftəydi ki, məktəbə gedirdi. Anasıyla nənəsi bir-birlərinə baxırdılar. İnanclı olan nənəsi onu gözə gətirməkdən qorxaraq çiynindən arxaya tüpürürdü: adətən, xəstəlikləri arasındakı fasilələr cəmi bir həftə çəkirdi.

Nənə nəvəsini məktəbə yola salır, dərsin sonunda isə məktəb vestibülündə gözləyirdi. Boynuna yaşıl şərfi dolayır, əlindən tutub evə aparırdı.

Ad günü ərəfəsində anası Genyaya onun üçün əsl bayram, əsl ad günü təşkil edəcəyini bildirdi.

– Sinif yoldaşlarından da, məhlə uşaqlarından da kimi istəsən dəvət elə, – anası dedi.

– Mən heç kimi dəvət etmək istəmirəm. Lazım deyil, ana, – Genya xahiş etdi.

– Lazımdı, – anası qısa cavab verdi və qaşlarının tərpənişindən Genya başa düşdü ki, bunda yaxa qurtara bilməyəcək.

Axşamtərəfi anası həyətə çıxdı və özü uşaqları sabahkı qonaqlığa dəvət etdi. Bütün uşaqlı ayrı-seçkilik salmadan çağırdı. Lakin Aytıra ayrıca müraciət etdi:

– Jenya, sən də gələrsən.

Jenya  elə soyuq baxışlarla baxdı ki, o əsəbiləşdi.

– Nədi ki? Gələrəm, – Aytır sakitcə cavab verdi.

Və anası xəmir yoğurmağa getdi.

Genya sönük baxışlarla otağa nəzər yetirdi. Onu ən çox parıltılı qara piano sıxırdı, beləsindən yəqin ki, heç kimin evində yox idi. Kitab rəfi, dolabda not dəftərlərinin olmağı yenə   bağışlanan idi. Lakin Bethoven, Bethovenin bu pis maskası! Çox güman ki, kimsə mütləq soruşacaqdı: "Bu sənin babandır? Bəlkə, atandır?”

Genya nənəsindən maskanı çıxarmağı xahiş etdi. Nənəsi təəccübləndi:

– Sənə niyə mane olur ki? – Onu ananın müəlliməsi hədiyyə etmişdi... – Və nənə onun çoxdan əzbər bildiyi hekayəni – anasının necə istedadlı pyanoçu olduğunu və müharibə olmasaydı, mütləq konservatoriyanı da bitirəcəyi haqqında hekayəni danışdı...

Saat dördə açılmış masanın üstündə böyük şorba qabında xırda doğranmış veneqret, siyənək balığıyla qızardılmış çörək və düyülü pirojkilər düzülmüşdü.

Genya pəncərənin qarşısında arxası masaya oturub və bir azdan onların evinə doluşacaq səs-küylü, şən, şuluq və düşmən uşaqları düşünməməyə çalışırdı... Kənardan özünün ən çox sevdiyi işlə – qəzetdən yelkənli qayıq düzəltməklə məşğulmuş kimi görünürdü.

O, bu kağız sənətinin böyük ustası idi.  Ömrünün çox günlərini Genya yataqda keçirmişdi. Payızın zökəmli, qışın anginalı və yazın soyuqdəyməli günlərini kağız parçalarını səbirlə qatlaya-qatlaya ötürmüşdü. Və əlinin altında həmişə mavi-boz rəngli zürafə şəkli olan kitab olurdu. Kitabın adı da "Xoşbəxt saat  idi. Onu M.Herşenzon adlı  müdrik, sehrbaz, çox yaxşı insan olan bir müəllif yazmışdı. O dahi müəllim, Genya da elə dahi şagird idi. O, bu kağız oyununda inanılmaz dərəcədə istedadlı olduğundan elə şeylər düzəldirdi ki, Herşenzon onları heç yuxusunda belə görməmişdi...

Genya əlində hələ ki tam hazır olmayan qayığı fırladır və qonaqları gözləyirdi. Onlar hamısı birlikdə düz saat dörddə gəldilər. Ağbəniz bacılar bir dəstə sarı zəncirotu gülü gətirsə də, o birilər hədiyyəsiz gəlmişdilər.

Hamı yan-yana masa ətrafında əyləşdi. Anası hamının stəkanına özü hazırladığı içində qəhvəyi albalılar olan qazlı su süzərək dedi:

– Gəlin Genyanın sağlığına içək, bu gün onun doğum günüdür.

Hamı stəkanını qaldırdı, bir-birinə vurdu, anası isə fırlanan kətilə oturaraq pianoda "Türk marşı”nı ifa etməyə başladı. Ağbəniz bacılar onun klavişlərin üzərində rəqs edən əllərinə heyranlıqla baxırdılar. Balaca qızın üzündə sanki bu dəqiqə ağlayacaqmış kimi qəribə bir həyəcan da hiss olunurdu.

Aytır oturub sakitcə veneqretlə pirojki yeyirdi. Nənə, adətən, Genya üçün narahat olduğu kimi, uşaqlardan hər biri üçün narahat olur, yanlarına yaxınlaşıb baxırdı.

Anası Şubertin mahnılarını ifa edirdi. Bu çox qəribə bir mənzərə idi: süfrədəkilərdən yeyə-yeyə, susqun şəkildə oturan pis geyinmiş, lakin əl-üzü təmiz, saçları daranmış on doqquz uşaq və piano arxasında oturub klavişlərdən xəfif melodiya səsləndirən arıq bir qadın.

Ovucları tərləmiş ad günü sahibi gözlərini boşqaba dikmişdi. Musiqi  bitdi.

– Genyeçka, – birdən-birə nənəsi şirin səslə dedi, – bəlkə, sən də nəsə ifa edəsən?

Anası nənəyə həyəcanla baxdı. Genyanın ürəyi az qalmışdı dayana: hamının ondan axmaq soyadına görə, tullanan yerişinə, uzun şərfinə və gəzməyə bir yerdə çıxdığı nənəsinə görə zəhləsi gedirdi. İndi onların qarşısında piano ifa etmək!!!

Anası onun rənginin qaçdığını gördü və onu xilas etdi:

– Başqa bir vaxt... Genya başqa bir vaxt ifa edər sizin üçün.

 

Bobrova Valka şübhəylə və bir az da heyrətlə soruşdu:

– O bacarır ki?

...Anası şirin piroq gətirdi. Fincanlara çay süzüldü. Dairəvi vazda istənilən cür konfet vardı – yumru, kağıza bükülmüş, karamel və s. Kolka basıb yeyir, hələ cibinə də bir neçəsini dürtüşdürməyə imkan tapmışdı. Bacılarsa  sovurma konfet yeyir və əvvəlcədən daha sonra hansı konfetdən yeyəcəklərini deyirdilər. Bobrova Valka   dizinin üstündə gümüşü falqanı sığallayırdı. Aytırsa çox utanmazcasına otağı gözdən keçirirdi. Gözlərini bərəldə-bərəldə baxırdı və axır ki, maskaya işarə edərək soruşdu:

– Muss xala! Bu kimdi? Puşkindi?  

Ana gülümsündü və mehribancasına cavab verdi:

– Bu Bethovendir, Jenya. Belə bir alman bəstəkarı vardı. O kar olsa da, çox gözəl musiqilər bəstələyirdi.

– Alman? – Aytır maraqla soruşdu.

Ana Bethovenə qarşı olan şübhələri  aradan qaldırmağa çalışdı.

– O, lap çoxdan ölüb. Yüz ildən çoxdur. Faşizmdən çox əvvəl.

Nənə artıq bu maskanı Muss xalaya müəlliminin hədiyyə verdiyini danışmaq istəyirdi ki, ana nənənyə tərs-tərs baxdı və o da dərhal susdu.

– İstəsəniz sizin üçün Bethovendən bir əsər ifa edərəm, – Ana dedi.

– İfa edin, – Aytır razılıq verdi. Və ana yenidən kətili qabağa çəkib əyləşdi, Genyanın sevdiyi əsəri ifa etməyə başladı.

Vazda konfetlər artıq bitsə də, uşaqların hamısı sakitcə, səbrlə oturub dinləyirdi. Bayaqdan Genyanı narahat edən gərginlik artıq onu buraxmışdı. Və hətta üzündə bir azca qürur hissi də duyulurdu: Bethovendən əsər ifa edən onun anası idi. Və heç kim gülmürdü. Hamı dinləyir və cəld ora-bura qaçan əlləri seyr edirdi. Ana ifanı bitirdi.

– Hə, bu qədər musiqi kifayət edər daha. Gəlin oynayaq. Siz hansı oyunu sevirsiz?

– Kart oynamaq olar, – Kolyunya sadəlövhcəsinə dedi.

– Gəlin fant oyunu oynayaq, – ana dedi.

Heç kim bu oyunu bilmirdi. Aytır pəncərənin qabağında tamamlanmamış gəmini oynadırdı. Ana oyunun qaydalarını izah etdi və məlum oldu ki, heç kimdə heç nə yoxdur. Bircə mürəkkəb hörüyü olan Lilkanın cibində darağı vardı. O da itirmək qorxusundan onu heç kimə vermək istəmirdi.  Aytır gəmini masanın üstünə qoyaraq dedi?

– Bu, qoy mənim olsun.

Genya onu özünə tərəf çəkdi və bir neçə hərəkətlə yarımçıq qalan işini tamamladı.

– Genya, qızlar üçün də nəsə düzəlt, – ana dedi və stolun üstünə qəzetlə iki ədəd qalın kağız qoydu. Genya kağızı götürdü...

Oğlanların qırxılmış, qızların da sıx hörülmüş başları masanın üzərinə əyildi. Qayıq... gəmi... yelkənli gəmi... stəkan... köynək... qab...

Düzəltdiyi əşyada sonuncu qatı salan kimi növbədə olan əl dərhal onu göydə qapırdı.

– Mənimçün də... mənimçün də düzəlt!

– Sənin üçün artıq düzəldib. Vicdansız! İndi mənim növbəmdir!

– Genyaçka, zəhmət olmasa mənimçün stəkan düzəlt!

– Genyaçka, mənimçünsə adam düzəlt.

Oyun hamının yadından çıxdı. Genya cəld hərəkətlərlə qatlayır, tikiş yerlərini sığallayır, sonra yenidən qatlayır, küncləri düzəldirdi. Adam... köynək... it...

Hamı əlini ona sarı uzadır, o da düzəltdiyi "kağız möcüzələri” onlara paylayırdı. Hamı sevinir, hamı ona təşəkkür edirdi. Özü də fərqinə varmadan cibindən yaylıq çıxartdı, burnunu sildi və heç kim də buna qətiyyən fikir vermədi. Heç o özü də buna diqqət yetirmədi.

Bu cür hissi o ancaq yuxuda yaşamışdı. O, çox xoşbəxt idi. Heç bir qorxu, düşmənlik, narahatlıq hissi keçirmirdi. Uşaqlardan heç nəyiylə əskik deyildi. Hətta belə deyək, onlar Genyanın özünün də heç bir əhəmiyyət vermədiyi bu mənasız istedadına heyrət edirdilər. O, sanki ilk dəfəydi uşaqların üzünü görürdü. Onlar çox xoş idilər.  Və qətiyyən də pis deyildilər...

Aytır pəncərənin qabağında dayanıb əlində qəzet vərəqini fırladırdı. Genyanın düzəltdiyi gəmini açıb yenidən düzəltməyə çalışırdı. Alınmadı və o Genyaya yaxınlaşaraq əlini çiyninə qoydu. İlk dəfə olaraq öz adıyla müraciət edərək xahiş etdi:

– Genya, bir bura bax görüm, bəs sonra nə etməliyəm?

Ana qab yuyurdu, sevinir və göz yaşları axırdı.

Xoşbəxt oğlan hamıya kağız oyuncaqlar  paylayırdı.

 

Lüdmila Yevgeniya Ulitskaya

Rus dilindən tərcümə etdi: Xanım Aydın

Kaspi  2019.- 12-14 oktyabr.- S.20.