Ruhlar da
ağlaya bilər...
Ruhlar da ağlaya bilər...O gecə yata bilməmişdi. Ömür-gün
yoldaşının kədərli, məhzun çöhrəsi,
ondan asılı olmayan tələbi onu sarsıdırdı.
Bu, həyatında tez-tez təkrar olunan hadisələrdən
biri idi. Nədənsə bu olay onu daha
çox ağrıtdı. Gülçöhrənin
çirkin, əyilmiş, həsəddən,
paxıllıqdan daha da eybəcərləşmiş sifəti
gözünün önündən getmirdi. Rəssamlıq istedadı olsaydı gözəl rəsmlər
çəkib Gülçöhrənin adıyla
lazımı yerlərə təqdim edərdi. Təki Gülçöhrə sevinsin, razı
qalsın. Şöhrət
ağacının ən uca nöqtəsini də ona verərdi.
Axşam evdə baş verən hadisə yenidən
gözləri önündə canlandı. O, işdən
evə qayıdanda Gülçöhrənin üsyankar
duruşunu görəndə ürəyi sancdı.
– Nolub, –
dedi.
–
Canıma azar olub. Səni kimi biganə, səni kimi həyat
yoldaşına qiymət verməyi bacarmayan, ona arxa ola bilməyən ərin bivecliyi üzündən
mən ömrü boyu pisikmişəm və pisikə-pisikə
də yaşayıram. Yenə də mənim rəsmim
kölgə də qaldı. Amma Əlinin rəsmi
birinci yerə çıxdı. Çünki, adam var, pulu var, ondan ötrü narahat olan var. Məni
kimi yiyəsiz, sahibsiz deyil ha...
O susdu. Neyləsin, onsuz da Gülçöhrəni başa
salmaq mümkün deyildi. Onun istedadsız
primitiv, dünyagörüşüylə çəkdiyi rəsmlərində
primitiv olduğunu necə başa salsın? O,
özünü bu sahədə dahilərin dahisindən də
öndə görür və hər yerdə birinci sırada
görürdü.
Gülçöhrənin
bu halı onun iç dünyasını alt-üst etdi. Yazığı gəlirdi ona,
sızıldayırdı ürəyi. Ailə
həyatı qurandan yalnız onun xoşbəxtliyi
üçün çalışmışdı. Qadına məxsus heç bir gözəlliyi olmayan
bu qadının çirkin görkəmində nəsə, bəlkə
də, yalnız ona məlum olan bir cazibə var idi. Çirkinliyin cazibəsi. İnsan ya
üzü ilə, ya vücudu ilə çirkin ola bilər. Amma
Gülçöhrə bütöv çirkinlik mücəssəməsi
idi. Heç kimə bənzəməyən
bu çirkinlik ona çox xoş gəlirdi bir ər kimi.
Həm də bu çirkinliyin böyük iddiası
onu heyrətləndirirdi.
Gülçöhrə deyindi, deyindi, nəhayət,
büzüşərək heç nə olmamış kimi
yarımçıq qalmış rəsminin önündə
kresloda oturdu.
O, əlini ürəyinin üstünə qoydu. Bildi ki, bir azdan korifeylərdən tutmuş,
müasirlərə qədər olan rəssamların rəsm əsərləri
qalaqlanacaq. Gülçöhrə o rəsm
əsərlərindən nəyisə götürəcək,
daha doğrusu oğurlayacaq və öz çəkdiyi rəsmə
əlavə edəcək. Bu rəsmdə bəlkə də
Van Qoq, Toğrul Nərimanbəyov, Tahir Salahov, Maral Rəhmanzadə,
Səttar Bəhlulzadə və.s ştrixlər bir-birilə görüşəcək.
Orda təkcə Gülçöhrə olmayacaq
və bu rəsmdə əvvəlkilər tək uğursuz
olacaq. Gülçöhrə yenidən
özünün dahi obrazını yaradacaq və ünlü
rəssamlar kimi fəxri adlar iştahasında olacaq.
Çox
yazığı gəldi ona... Yataq
otağına keçdi və dözülməz əzab
içində uzandı. Yata bilmədi,
Gülçöhrənin şöhrəti naminə hansı
idarələrə, insanlara üz tutduğu yadına
düşdü. Hara getdi eyni sözlər
eşitdi. İstedad onu öyməyə
cavab vermirdi. Onun üçün pul da xərcləyirdi.
Müəyyən yerlərdə adını
qeyd etdirirdi. Amma zirvə onluq deyildi.
Səhər durdu. İşə getməliydi. Otağa keçdi. Gülçöhrə
yarımçıq qalmış əsərinin
qabağında dərin yuxuya getmişdi. O, rəsmə
baxdı, diqqətlə baxdı heç nə anlaya bilmədi.
Çiynini çəkdi, əlini sızlayan
ürəyinin üstünə qoydu. Fikirləşdi
ki, yenə də tanıdığı məşhur rəssamın
yanına getsin. Gülçöhrəyə,
bəlkə rəssamlığın sirrini öyrətməkdə
köməyi dəysin. Amma o məşhur
rəssamda öz sözünü demişdi – fitri istedad yoxdu.
Zor gücünə rəssam olmaq olmaz. Birdə baxdı Gülçöhrəyə bu
çirkin qadının onun üçün necə əziz
olduğunu bütün varlığı ilə duydu. Ona
olan sevgisi iç dünyasını lərzəyə gətirdi.
Mətbəxə keçib çay çörək
hazırladı, səhər naharını edib,
Gülçöhrə üçün səhər yeməyini
hazır qoyub çıxdı.
İş otağında işlənəsi lazım olan
sənədləri araşdırmağa başladı. Amma vərəqləyə
bildi sənədləri. Hansı sənədi
qabağına qoydu, gözləri Gülçöhrənin rəsmini
çəkdi sənəd üstünə. Bütün
kədərli mimikası, məhzunluğu, həsəddən,
şöhrət arzusu ilə od tutub yanan
bütün görkəmi ilə xəyalında canlandı. Gülçöhrəyə yazığı gəlmək
duyğuları fikirlərini pərən-pərən
saldı. Bu duyğulara ürəyinin get-gedə artan
sızıltısı cavab verdi. Ayağa durdu otaqda var-gəl etməyə
başladı. Fikirləşdi ki, birtəhər
Gülçöhrəni necə başa salsın. Bəlkə,
deyim ki, bir az yaradıcılıqdan
uzaqlaş, özünə enerji topla sonra yenə məşğul
olarsan. Qoy səndə yaradıcılıq
aclığı yaransın. Mütləq
onu başa salmaq lazımdı, ayrı rəssamların rəsmlərinin
elementlərindən özünə rəsm yaratmaq yetər.
çəkdiyi rəsmin bütün
çalarları özünün olmalıdı.
Özünün yaratdığından özü həzz ala
bilsə, bəlkə, rəssamlıq dünyasında onun da
öz yeri ola bilər. O, duruxdu axı, onun
özündən gələn heç bir duyumu, heç bir
istedadı yoxdu. Bəs neyləməli? Bu
sual onun iç dünyasını elə silkələdi ki, həmin
anda Gülçöhrəyə olan məhəbbətin pik
nöqtəsini bütün varlığında hiss elədi,
təfəkküründə, düşüncəsində dərk
etdi. Sevdiyinin səadəti, xoşbəxtliyi
üçün acizliyini qəlbinin bütün dərinliyi
ilə anladı. O, başını əlləri
arasına almaq istədi. Əlləri boşa keçdi... Sanki, nə başı vardı, nə əlləri,
bütün vücudu da yox idi. İstər-istəməz
divara söykənmək istədi, divar da yox idi. Birdən
hiss elədi ki, tavana yapışıb. Ordan
divara yapışan, donmuş vücudunu gördü.
Yoxsa... Bu fikri özündən
uzaqlaşdırdı. Axı, onun sevgisi,
onun səadəti Gülçöhrəsinə lazım idi.
Onu tək qoya bilməzdi. Amma
niyə belə rahat, yüngül həm də elə bil
çox xoşbəxt idi. Bu an
otağın qapısı döyüldü və onun
adını çəkdilər. İstədi cavab
versin, gəlin desin, dedi də. Amma səs
alınmadı. Döydülər, döydülər və
zərblə qapını açan iş yoldaşı onun
donmuş vücudunu görcək haray saldı. Səsə
iş yoldaşları tökülüşdü. Qışqırıq, ağlaşma səsləri ətrafı
bürüdü. Həkim
çağırdılar onun nəbzini tutan həkim
başını buladı "ürək infarktı” dedi.
Gec bilmisiz, heyif...
Ağlaşma, şivən səsləri daha da gücləndi. O həm azad idi, həm də
nə isə anlaşılmaz kədərlə
özünün donmuş vücuduna baxırdı. Birdən
kimsə ucadan dedi – arvadına xəbər verin. O, diksindi,
Gülçöhrə yadına düşdü və həmin
anda başa düşdü ki, o ölmüşdür. Onu rahat, ağrısız edən ruhun azad
olmasıdır. Ruhun ruh bayramı idi.
Yox, o ölmək istəmirdi. Hələ o Gülçöhrəni xoşbəxt
etməliydi. Onun ölməyə haqqı
yox idi. O, öz missiyasını yerinə yetirə bilməmişdi.
O, sağ salamat olmağını həşir salanlara göstərmək
istədi. Ancaq ha özünü göstərdi, heç kim onu görmədi, yada görmək istəmədi.
Onun evlərinə sarı apardılar. O,
sanki qışqırırdı, haray salırdı o ölməyib,
sağdır. Onun bədənini apardılar.
Vücudunun arxasınca yerimək istədi.
O, yerimirdi, sanki uçurdu. Ətrafında
başqa uçan adamlarda vardı. Diqqətlə
baxanda atasını, anasını, ölmüş qohum əqrəbalarını
gördü. Başa düşdü ki,
onu qarşılamağa gəliblər ölmüş
doğmaları. O, artıq bildi ki, ölüb.
Gülçöhrə bir neçə rəssamla kiminsə
çəkdiyi rəsm əsərini müzakirə edirdilər. Nazilə rəsmə
baxıb: – Bax burda rəsmin dillə sözünü deyə
bilibsən, Adil. Amma bu yerdə Səttar Bəhlulzadənin
elementlərindən yenə istifadə etmisən,
çalış özün ol, Adil. Səttarın
elementlərini özündən uzaqlaşdır. Amma
bütün bunlarla bərabər istəyinə nail olubsan. Bircə dediyim yerləri özününküləşdir.
– Baş
üstə, Nazilə xanım. Gülçöhrənin
rəsminə də eyni primitiv rənglərin
uyğunsuzluğu, şablon düşüncələrə əsaslanan,
xəstə bir ruhun başqa rəsm əsərlərindən
istifadənin qarmaqarışıq illuziyasıdır. Gülçöhrə Naziləyə sən məni
dərk edə bilmirsən, mənim rəsmimin dilini başa
düşmürsən. elə bu anda
xəbər gəldi, Gülçöhrə evə getməlidi
əri xəstələnib.
Gülçöhrə hirs ilə çəkdiyi rəsmi
yerə çırpdı. Sinəsindən dəli
bir qışqırıq qopdu. O, bu anlarda ərinin xəstəliyi
haqqında yox, tənqid hədəfi olan rəsminin qəsdən
pisləndiyinin acığının
qışqırığı idi. Nazilə xanım
dərhal onu evə aparmaq üçün maşın
çağırdı. Maşında hələ
də nə insan, nə də heyvan səsinə bənzəməyən
müdhiş uğultuya bənzəyən
çığırtısı maşındakıları dəhşətə
gətirirdi.
Bu yaradıcılıq uğursuzluğunun dəhşətinin
heç kimin anlamadığı şikayətin ifadəsi idi.
Nazilə xanım isə təşviş içində
idi.
Gülçöhrənin əri iş başında qəflətən
vəfat etmişdi. Gülçöhrənin əri
Nazimin qayğıkeş, istiqanlı, təmiz, ailəsinə
sədaqətli bir insan olduğunu bilirdi. Bu
dəyərli insanın qəfil ölümü Nazilə
xanımı sarsıtmışdı. O, bu itkiyə
dözə bilmirdisə yazıq Gülçöhrə biləndə
dəli dərəcəsinə gələcək deyə
düşünürdü.
Gülçöhrəgilə çatanda daban-dabana
Nazimində cəsədi gətirildi. Nazilə göz
yaşlarının içində boğulurdu, bu təmiz
insanın itkisi gözlərindən bulaq kimi qaynayır,
yanaqlarına çırpılırdı. Dönüb Gülçöhrəyə baxdı,
onun çöhrəsində ən doğma insanın onu əbədilik
tərk etdiyinin ağrı-acısının əlamətlərini
görmədi. Yazıq yəqin bu qəfil
xəbər onun duyğularını şoka salıb
dondurmuşdu. Kaş ağlaya biləydi...
Ağlasaydı donu açılardı... Amma Gülçöhrə
yenə insanın ən kövrək hisslərini qurudan, kədəri,
qəmi, əzabı bilinməyən, quyu dibindən gələn
səsə oxşar səslər çıxarırdı.
O səs, o qışqırıq sanki, heç nə ifadə
edə bilmirdi. Elə onun çəkdiyi
uğursuz rəsmlər kimi, uğursuz
çığırtı idi. Nazilə
ürəyində Allaha yalvarırdı. Ay Allah! Onun
iç dünyasını silkələ, oyat, kövrək
hissləri göz yaşları ilə danışa bilsin. Yazıqdı axı, ürəyi partlaya bilər.
Nazilə həm Nazimi, həm də Gülçöhrəni
ağlayırdı. Birini öldüyü üçün, o
birinin qeyri-adi heç kəsə bənzəməyən
yasa, itkiyə verdiyi reaksiyanı bildiyi üçün.
Onun sanki, çiyinlərində gəzdirdiyi
yükün üstünə daha ağır bir yük
qoyulduğunu bütün təlatümlü daxili
dünyası ilə dərk elədi. O,
Gülçöhrənin ona qarşı anlaşılmaz,
heç bir əsası olmayan xoşa gəlməz
münasibətlərini unudaraq, Gülçöhrəni bu
ağır itkiyə dözməsi üçün, hər an
onunla bir yerdə olmağa, ona dayaq olmağa özü
özünə söz verdi.
**
Nazim ruh idi. Ata, ana ruhu da onunla birlikdə idi. Onun ruhu cəsədinin arxasınca uçurdu. Ana ruh onun evə getməsini istəmirdi. Elə hey deyirdi – Nazim səni gözləyirlər
gedək yeni dünyaya gəlişini qeyd etmək istəyənlər
var. Ruh Nazim isə cəsədi ilə birlikdə ürəyinin
yarısı olan Gülçöhrəni görməyə tələsirdi.
Ana ruh ata ruha dedi – İstəmirəm o görsün,
tanısın, məyus olsun. Qoy yeni
dünyanın ilk günü sarsıdıcı olmasın.
Ata ruh isə söylədi ki, əvvəl
axır hər şeyi biləcək mane olma. Cəsədlə birgə evə daxil olan ruh Nazim
Gülçöhrənin heç bir əzab, kədər, fəryad
ifadə etməyən donuq üzünə baxanda
çaşdı. Özünü o tərəfə
çırpdı, bu tərəfə qaçdı, yenə
Gülçöhrənin başı üstə
fırlandı və hiss etdi ki onun iç dünyasını
görə bilir. O, Gülçöhrənin iç
dünyasının hər nöqtəsini ələk-vələk
etdi. Hər nöqtədə sevgi axtardı, özünə
qarşı sevgi... heç nə görmədi... Ancaq onun ölümünə bir təəssüf
hissi duydu. Onun rəsmlərinin əziyyətini kim çəkəcək?
Ruh Nazim məyus halda ana ruha tərəf döndü. Nə ana ruh,
nə də ata ruh yox idilər. O, gördüklərini,
duyduqlarını yaxına buraxmaq istəməyərək
sevdiyi iş otağının bir küncündə kəpənək
kimi oturaraq, özü də bilmədən nəyisə
gözlədi.
Səhəri cəsədini kəfənləyib məzarlığa
yol aldılar.
Bu anda özü öz cəsədinə layla
demək istədi. Cəsədi
laylasız, ağısız, bayatısız, oxşamasız
gedirdi. Qəflətən ünə
oxşar bir nisgilli səs-layla ucaldı.
Eləmi
sözün laylay,
Yoxuşum, izim laylay.
Belə
ölüm olarmı
Qırıldı dizim laylay.
Elə istədi ki, Gülçöhrə onu
oxşayıb ağlasın. Ona baxdı,
Gülçöhrə donuq gözləriylə əli, qolu
bağlanmış kimi onun cəsədinin arxasınca
baxırdı. Yox, yox belə ola bilməz,
bəlkə də bu itki, bu ölüm ona
çatmırdı. Məzarlığa
çatanda onu başqa ruhlar qarşıladı. Ona "yeni dünyan mübarək” deyərək təbrik
etdilər. O, isə hələ Gülçöhrə
olan dünyadan ayrıla bilmirdi. Onun tək
qaldığı fikri onun ruh dünyasına bir kədər
nisgil gətirirdi.
Onun bu kədəri
ona çox tanış gəlirdi. Yaddaşını silkələdi. Ana bətnindəki dünyasından ayrılanda
çığırtılı hay-həşiri yenidən
qulaqlarında səsləndi. O qışqırıq
indiki kədərin sanki, sükut fəryadı idi. Ana bətnində onu əhatə edən istək və
məhəbbətin ayrılığı dili idi. "Üngə” – üngəl deyirdi. Ana bətnindən
qopanda o elə bil səslədiyi ünün mahiyyətini dərk
edərək çağırırdı. Onda onun təfəkkürü, bilgisi qədəm
qoyduğu dünyanın insanlardan daha artıq idi. Çünki o "ündən” gəlirdi. Ətrafdakılar isə onu şüursuz,
dünyanı dərk edə bilməyən körpə kimi qəbul
edirdi. Elə indiki kimi... Onu cisim kimi
canı olmayan, quru cəsəd kimi torpağa tapşıranlar
hiss etmirdilər ki, o, öz canı, öz ruhu ilə
onların arasında idi. O, onların hamısını
anlayırdı, onlar isə nə onu görür, nə də
hiss etmirdilər.
O, etiraz
etmək, kədərini ifadə etmək üçün
qışqırmaq, doğulanda olduğu kimi "ünü”
çağırmaq istəyirdi.
Qışqırırdı... Amma o səs
olmurdu. Arı vızıltısına oxşar
sükut, ruh dili idi. Kaş ağlaya biləydi,
ağlaya bilmirdi.
Onu torpağa tapşırıb məzarıstanı tərk
edənlərə qoşulub getmək istəyəndə
ruhlar onu getməyə qoymadılar. Səni imtahan,
sorğu-sual edəcəklər. İmtahan
sözü ruh Nazimi təşvişə saldı. O,
evli olandan bəri, yalnız bütün fikri,
düşüncəsi Gülçöhrə ilə, onun istəyi,
tələbi ilə məşğul olmuşdu. Təki onun üçün yaxşı olsun.
O, xoşbəxt, həyatından razı olanda mən də
özümü ər kimi, ailə başçısı kimi
güclü, yenilməz hiss edirdim. Bu müddət
ərzində heç bir elmə, bilgilərə maraq göstərməmişəm.
Əsil cəhənnəm sakini olmağa layiqəm.
Belə düşünərkən beynində
sanki, səsi məlum olmayan hökmlə ona əmr etdilər.
O düşündü: – Bu hökm edən kimdi, hansı
qüvvədi?
Cavab: İlahi şüur.
Biz sənlə, şüurunla əlaqədə olub,
İlahi şüurla, sənin şüurun arasında
sorğu-sual ediləcək.
-
Hazırsanmı?
- Onun
şüuru şüur diliylə, hazıram dedi. Özünü nə də günah etmiş
sayırsan?
Ruhi
şüur: arvadımı xoşbəxt, həyatdan razı
sala bilmədim. O yazıq və məğmun bir qadına bəxtəvərlik
verə bilmədim.
İlahi
şüur: Sən onu dərindən
tanıyırdınmı?
Ruhi
şüur: Tanıyırdım. O saf, ancaq özü, ailəsi
ilə maraqlanan, bir azca nay, heç kəslə işi olmayan
yazıq bir qadındı.
İlahi
şüur: O, niyə yaxşı rəssam ola
bilmirdi?
Ruhi
şüur: Deyirdilər fitri istedadı yoxdur.
İlahi
şüur: Deməli, biz tərəfdən ona fitri istedad əta
olmayıb.
Ruhi
şüur: Niyə axı, o yazıq, sadə və sədaqətli
bir insan idi.
İlahi
şüur: Onda sənə də çox sədaqətli və
vəfalı olardı.
Ruhi
şüur: Tamamilə elədir.
İlahi
şüur: Onda mən səninlə olan müddətdə onun sənə olan sədaqətini
sənə göstərəcəm.
Sən keçmişinə bax. 3 aydan sonra yenidən imtahanda
olacaqsan. Bu 3 ay səndən sonra onun nə
etdiyini görəcəksən. Amma indi hələ
keçmişə bax. Şüurla
danışıq kəsildi.
Nazilə yuxu görürdü, sanki, Nazim ölməmişdi. Elə hey Naziləyə
deyirdi: – Mən aldanmışam, yanılmışam, sənsə
inanma, inanma, inanma. Bu sözlərin təsirindən
dik atıldı. Öz-özünə kimə
inanmayım Nazim? Kimi deyirsən? deyə pıçıldadı. Sonra da bir az özünə gələrək özünü
danladı. Yuxudu da mən niyə narahat oluram deyə
təsəlli almaq istədi. Amma ürəyinin dərinliyində
Nazimin təlaşlı səsi onun bütün
varlığını sarsıtdığını hiss etdi. Nazilə rəssamlıq dünyasında
özünü sübut etmiş güclü rəssam idi.
Artıq dünya şöhrəti ilə bir
addımlamağa başlamışdı. Dost,
həmkarlarının içində ən çox
Gülçöhrə üçün narahat idi. İstəyirdi ki, o da rənglərin dili ilə
danışmağı bacarsın. Xüsusilə
də Nazim öləndən sonra ona lap yazığı gəlirdi.
Özünə yaxın həmdərd, sədaqət
timsalı kimi tanıyırdı. Ruh Nazim
onun daxilini gördükcə heyrət edirdi. Onun əlindən gələn təmiz və şəffaf
duyğularını, insanlara olan sevgisini, yaxşı niyyətini
gördükcə Gülçöhrənin onun barəsində
söylədiyi yalanlara inandığı üçün
çox utandı. Bilmirdi ki, onunla necə əlaqədə
olub ondan üzr istəsin.
Birdən hiss etdi ki, Gülçöhrənin qara niyyəti onu üşüdür, narahat edir. O, təhtəlşüurunu ona tərəf yönəltdi. Gülçöhrə "qara magiya”ya xidmət edən baxıcıya Nazilə üçün, onun istedadını öldürmək üçün "əməl” etməyi israr edirdi. Baxıcı nəsə yazır, hər yazdıqca pul tələb edirdi. Gülçöhrə "uf da” demədən pullar sayırdı. Ruh Nazim təəccübləndi, bu pullar hardandı? Onun şüuru bu sualın cavabını ona diktə etdikcə, sanki, dəhşətli bir yuxunun təsirindən qaçıb, bunun yalan, yanlış bir yuxunun təsiri kimi qəbul edib, bu təsir dairəsindən çıxmağa tələsirdi. Onun inamı, sevgisi şüuruna qarşı çıxıb ola bilməz, ola bilməz deyirdi.
Ruh Nazim Gülçöhrənin qəlbinə girib orda işıq axtardı. Ürəyində qapqara kəsilmiş xıltdan başqa heç nə görmədi. Ona elə gəldi ki, bütün kainat, bir anda Gülçöhrənin ürəyindəki qara xılta döndü. Bu "qara xılt” bəşəriyyəti korluğa, bütün canlıları Günəşdən aralı saxlayıb işıqdan məhrum olacaqlar. Dünya üçün, bəşəriyyət üçün çox qorxdu. Qorxdu ki, Gülçöhrənin ürəyindən çıxan "qara xılt” altıncı yox olmanı tezləşdirib, bütün sivilizasiyanı məhv edə. "Qara xılt” insanlığa qara bağlada... Bu anda ruh yoldaşlarından biri onu çağırdı: – Gəl Rüfətin həyat yoldaşı onun qəbri üstünə gəlir. Ruh Nazim özü də bilmədən qadın gələn tərəfə boylandı. Çox gənc, gözəl bir qadının, əlində bir dəstə gül Rüfətin qəbri önündə çökdü. Gəlmişəm Rüfət dedi və başını başdaşına söykədi. Ruh Nazim öz-özünə bəlkə bu da Gülçöhrə tək artistlik eyləyir. Onun fikrini duyan ruh yoldaşı onun çox vəfalı və sadiq qadın olduğunu söylədi. Cəmi üçcə ay yaşayıblar toylarından sonra. Rüfət yatağa düşüb. Ayaqlarından başlayaraq toxumalar, hüceyrələr ölməyə başlayıb. Düz 12 il bu qadın Rüfətə sədaqətlə xidmət edib. Çox elit bir ailənin qızı olan bu xanım ailəsi nə qədər çalışıb Rüfətdən ayıra bilməyib. Onu ayırıb, təzə həyat qurmağa vadar etməyə çalışsalar da o Rüfəti tərk etməyib. Bu vəfalı qadının adı da Vəfadır. Həftənin hər dördüncü günü Rüfətin qəbrini ziyarət edir və onun qəbri ilə canlı insan kimi danışmağa başlayır.
Ruh Nazim "qara xılt”-dan sonra sanki,
inamını inandıra bilmədi. Yorulsada Vəfanın qəlbinə
girdi. Vəfanın qəlbində sanki, Günəş
doğmuşdu. Bütün vücuduna işıq, nur
paylayırdı. Ruh Nazim "qara xılt” qorxusu bu işığın nurun
önündə onu tərk etdi. O, anladı ki, nə qədər
ki, işıqlı, nurlu ürəklər var dünyanı
"qara xılt”a çevirməyə
imkan verməz. O, ruh olandan ilk dəfə idi belə sevinirdi. Vəfa məzarlığı tərk etməyə
hazırlaşanda ruh Nazim ruh yoldaşlarının qoşun
kimi səf çəkib Vəfanı yola saldıqlarına
daha da qürurlandı. Vəfaya qarşı olan sevginin, minnətdarlıq
duyğularının möhtəşəmliyinə səcdə
etdi. Yox, dünya "qara xılta” təslim olmayacaq,
işıq, nur onu xilas edəcək. Kaş bundakı olan
işığın bircə zərrəsi Gülcöhrədə
olaydı... Onda Vəfaların vəfası,
Gülçöhrələrin xəyanəti üstündə
qalibiyyət bayrağını ucaldacaq...
***
Gülçöhrə hiss edirdi ki, əhatəsi əvvəlki tək nə ona inanır, nə də ha özünü yazıq kimi göstərməyin heç bir nəticəsi yoxdur. Onda düşündü ki mərhum əri Nazimin rəsmini çəksin, bəlkə onu tanıyanlardan "bərəkallah” ala bilə. O, Nazimin şəklinə baxıb, rəsmi çəkməyə başladı.
Ruh Nazim Gülçöhrənin
"Mən səni unuda bilmirəm ki” adlı öz portretinə
baxıb istehza ilə düşünürdü. Onun portretində
sanki, necə sifətlərin onun üzünə
çökdürdüyü yad elementlərin hissiz
iluzyalarını, ürəksiz ştrixlərin pərakəndə,
qondarma əksinə baxıb, təəssüflə
düşündü ki, bu rəsm də
qarmaqarışıq, bir-birinə dolaşmış "qara
xılt” inikası idi. Bu rəsmdə
nə işıq, nə sevgi, nə də ürək vardı.
O, insana dönmək (ruhdan çıxıb) ağlamaq istədi.
Amma ruhlar ağlaya bilmir axı. O, görürdü ki,
Gülçöhrənin rəssam dostları Nazimin rəsminə
baxıb istehza ilə necə gülürlər. Biri o birinə
dedi, gözdən pərdə asmaq istəyir. Əməllərini
örtmək üçün. Daha demir ki, heç kimin nə
gözü kor, nə də qulağı kardı. Ruh Nazim
artıq elə sarsılmışdı ki, bircə əlacı
özünün cəhənnəm odunda yanaraq bu qədər
əfəl ər olduğunun intiqamını almaq idi. O,
günahkar idi. Onun yeri ancaq cəhənnəm
olmalıdı. Murdarlıq timsalı olan bu qadına görə,
ürəyinə rəhm etmədən
çatlatmışdı. Ona kömək edə bilmədiyi,
onun şöhrət azarının önündə, ona
görə, ona olan məhəbbətinə, sədaqətinə
görə özünü məhv etmişdi.
Gülçöhrə onun inamını mənfur ayaqları
altında tapdalayıb bəlkə də şeytan xisləti
ilə qəhqəhə çəkib gülmüşdü.
Ruh Nazim məzarlığa uçdu, təhtəlşüurun köməyi ilə onu imtahan edən ilahi qüvvəyə yalvardı. Gəl, gəl xahiş edirəm, yalvarıram məni at cəhənnəmin ortasına. Qoy günahımın ağrısını, acısını yedirtsinlər mənə. Təki daha Gülçöhrəni, onun murdarlığını, şeytana qulluq edən nəfsini, haramını görməyim. Mən insan kimi öldüm ruh oldum. İndi də ruhumun ürəyimi partlasın? Ruh kimi ölüb, nəyə çevrilim? Allah xatirinə gəl, Allah rizasına gəl. Mən sənin sınaq imtahanımdan çıxa bilmədim. İlahi şüur ona "gəlirəm” dedi.
Ruh Nazimin önündə işıq peyda oldu. Niyə tələsdin dedi. Dözə bilmirəm, özümü bağışlaya bilmirəm məni cəhənnəmə atacaqlar. Sən başqasının günahını özünkü hesab edib, cəhənnəm arzulayırsan. İndi Allah xatirinə dedin. Allah xatirinə səni layiq olduğun yerə müqəddəslərin yaşadığı xüsusi məkana göndərilirsən. Bizdən son xahişin nədir? Ruh Nazim dedi, ruh olanda nə olar ruhunda ruh ürəyi var. İcazə verin ağlaya bilim. Ən böyük arzum, ən böyük ricam budur.
Səmadan ün səsi gəldi. İcazəlisən ağla. Amma sənlə birgə Göydə ağlayacaq. Ruh Nazimə fəryadlı bir hönkürtü gəldi. Onunla birlikdə Göy guruldadı. Ruh Nazimin ruh gözündən elə bil ki, sel töküldü. Göydə ildırım çaxdı, leysan yağdı. O, həyətdə olan rəsminə doğru şığıdı. İç dünyasında olan alovunu rəsmin üstünə üfürdü, külə dönmüş rəsmin üstünə dolu kimi yağdı.
Ruh Nazim hiss etdi ki, qışqırmaq istəyir və qışqıra bildi. O, qışqırdı, göy guruldadı. Göy ruh oldu, ruh Göy oldu. Bu haraydan o dünya, bu dünya bir-birinə qarışdı. Yer, Göy işıqlandı, şimşək çaxdı. Şimşək qamçısını atdı – yeddi rəngli Göy qurşağı güc, qüvvət olub Nazimi götürərək "müqəddəslər məkanı”na atdı. Gülçöhrə göyün nəriltisi, gurultusundan qorxa-qorxa həyətə çıxdı. Nazimin yarımçıq rəsminə doğru qaçdı. Rəsmsiz boş çərçivəyə baxdı. Çərçivədən göz yaşları rəsmsiz boşluğa axırdı sanki, Gülçöhrə öz-özünə "çərçivə də ağlayarmı” dedi?
XƏZANGÜL
Kaspi 2019.- 12-14 oktyabr.- S.22-23.