Materiya və antimateriyanın
qarşıdurmasından doğan şeirlər
Tuğrul Tanyolun
şeir dünyasına daha bir baxış: təfəkkür,
ruh və estetik qələm vəhdəti
Tuğrul Tanyol haqqında bu yazını yazmağa başlayanda düşüncəmi ilk olaraq "Necə oldu ki, Tuğrul Tanyolun poeziyasını tanıdım?” və "onu Azərbaycan oxucusuna necə tanıdım?” sualları məşğul etdi. Şeir haqqında, ədəbiyyat barədə çox az yazıları olan biri kimi deyə bilərəm ki, Tuğrul Tanyolun dolu, intellektual və əsrarəngiz poeziyasının özü, məni onu dərindən tanımağa və yazmağa vadar etdi.
Sonra bildim ki, Türkiyənin və
dünyanın bir çox nüfuzlu poeziya mükafatlarına
layiq görülmüş Tuğrul Tanyol təkcə şair
deyil, İstanbul universitetində müəllim, professor,
sosiologiya elmləri doktoru, bir sözlə müasir Türkiyə
cəmiyyətinin ziyalı, kübar, ürək və təfəkkür
zənginliyi hədsiz olan
insanlarındandır. Onun
yaradıcılığıyla əyani
tanışlığım isə Artkaspi.az saytının rəhbəri
Fərid Hüseynin bir gün mənə "Toplu şeirlər”
adlı qalın bir kitab göndərməsindən
başladı, mən də kitabdakı bəzi şeirləri
ana dilimizə uyğunlaşdırmağa başladım.
Fərid Hüseyn "Toplu şeirlər” kitabının
kiçik bir qismini "sözün yeri dar, fikrin yeri geniş”
məntiqindən yola çıxaraq, ana dilimizdə "Sən
əlimdən tutanda” adlı kitabda çap etdirdi.
Tuğrul Tanyolun
yaradıcılığında tarix də var, onun
ayrı-ayrı hadisələri də; astronomiya da var, onun
sirli aləmi də; rəsm də var, fırçanın
sonsuz çalarları da; musiqi də var, yeddi not da; estetika da
var, dünyanın gözəllikləri də; dərd də var, dərdin rəngləri də;
mifologiya da var, mif qəhrəmanları da; din də var, dinin rəvayətləri
də; insan da var, insanın iç dünyası da; təbiət
də var, onun canlı və cansız aləmi, 4
ünsürü də; ölüm də var, onun
tabloları da; materiya da var, antimateriya da, bir sözlə
Yaradan və yaradılanlar bir təfəkkürün, ruhun və
estetik qələmin məhsulu olaraq poetik dilə çevrilərək
şeirləşib, əbədiləşib. Türkiyə ədəbiyyatında
Tuğrul Tanyolu "imgeçi” şair kimi təqdim edirlər.
Əsas anlamda "imge” bir məfhum, bir varlıq haqqında
yaradılan təfəkkür məhsulu, xəyal
gücünün ifadə formasıdır. Hisslə, dərklə
əldə edilmiş varlıq haqqında bu ilk cizgi, bu ilk
obraz məfhumun eynisinin, ya da onun təsəvvürdəki
sehrli bir obrazının gizli labirintlərə sahib olan təfəkkürdə
əks olunması, xüsusi biçimə girməsidir.
Tuğrul Tanyol şeirlərində özünü və sözünü gözəl ifadə edir və yazdıqlarını estetik tərzdə əbədiləşdirir. Əbədiləşmək hər sözün qisməti olmur, bu qisməti sözə və ya şeirə verən Allahın seçdiyi insanlardı.
T.Tanyolun yaradıcılığında hər
şeirin öz çəkisi, öz söz yükü,
öz sehri, öz aləmi, öz obrazları və
poetikası var. Kitabı oxuduqca "söz dolu”sunun sehrinə
düşmüş kimi oldum. Anladım ki, bu qalın kitab içi
dolu kübar bir şairin, daxili dünyası zəngin bir
insanın, intellektuallıq ziyasının nurunda aydın
görünən bir imzanın, oxunduqca oxunmaq istəyən
bir müəllifin kitabıdır.
Onun
yaradıcılığında metafizika və dialektika
qanunları, tarixə baxış, mifologiyaya dönüş,
həyatın bütün dövrlərinə səyahət,
sözün altqatına enmələr, sözlə məharətlə
işləmə bacarığı, həyat həqiqətlərinin
poetik dillə ifadəsi, verdiyi fikrə diqqətlə
yanaşma taktikası, hər sözə nəvazişlə
qayğı göstərmə duyğusu, misralarda heyranedici səliqəlilik,
tarixdən bir dekor kimi yararlanma istedadı var. Mənə elə
gəlir ki, Tuğrul Tanyolun şeirləri onun həm statistik,
həm də dinamik taleyinin göstəricisidir. O, yazır və
yazdıqlarında beyninin, ruhunun və fiziki bədəninin
yaşantılarını, hiss etdiklərini, gördüklərini
qələmə alır. Onun üçün heç bir
kompleks yoxdur və o, komplekssiz təfəkkür şairidir.
Akademik Nizami Cəfərovun "Telekanallarda milli-mənəvi
dəyərlər”lə bağlı bir konfransda dediyi bir
cümlə yadıma düşdü. O demişdi ki, bir
insanın təfəkkürü varsa, onun nitqi də səlis
və aydın olur. Bu sözü T.Tanyola aid edərək deyərdim
ki, onun təfəkkürü yazdıqlarına hopub,
yazdıqları onun beyni, ruhu və dolu qələmindən
doyunca su içib. Doymuş şeirlər bitkin əsərlərə
çevrilib. Tuğrul Tanyolun şeir anlayışının
detallarına vardıqda bu poeziyanın üç məfhum,
üç ana sütunun vəhdəti və yaddaşı
üzərində bərqərar olduğunu gördüm: təfəkkür,
ruh və estetik qələm. Onun şeirləri bu üç
nöqtədən boy verib yüksəlir. Təfəkkür
şeirdə elmiliyə, intellektuallığa, ruh lirizmə, estetik
qələm isə bütün bildiklərindən,
oxuduqlarından, gördüklərindən dekor kimi
yararlanmağa imkan yaradır.
Tuğrul Tanyolun şeirləri sərhəd tanımır, bu şeirlərdə nə xəyal gücünün, nə dünyanın, nə də zamanın sərhədi var. Məsələn, "Bir ölüm gecəsi” şeiri coğrafiyaları aşaraq uzaq ölkələrə, uzaq paralellərə, meridianlara, "Xərçəng (və ya əqrəb) dairələrinə” qədər yol alıb gedir:
...İndi burada –
Somalili tənha uşaq
aclığın mükafatını gəzdirir
şişmiş ürəyində.
Afrikalı yorğun döyüşçünün
açıq qalmış gözlərində
ulduzlu bir azadlıq gecəsi –
vurulub qaldığı yerdə...
Əqrəb dairəsi ayaqlanıb,
sancır gecəni...
Türkiyə ədəbiyyatında T.Tanyolun şeir leksikonuna yanaşmada belə bir tendensiya mövcuddur ki, onun daha çox istifadə etdiyi sözlər - qaranlıq, səssizlik, gecə, axşam, ölüm, dərd, tənhalıq, qan, qorxu, payız, xəyanət, zaman, yanğın, kül, uçurum, tabut və başqa bu kimi bədbin kəlmələrdir (Qonca Özmen, Tuğrul Tanyol şeiri üzərinə bir çox qalın cizgi). Amma, T.Tanyol poeziyasında Tanrı, həyat, işıq, eşq, ana, sevgili, gül, uşaq, su, qadın, damcı və başqa bu kimi həyat enerjisi, nikbin əhval-ruhiyyəsi olan söz və ifadələr də çoxdur. Lakin, bu cür sözlərin də təməlində yenə bir insan ömrünün gördüyü, oxuduğu, dərk etdiyi, şahidi olduğu gəlimli-gedimli dünyanın keşməkeşli üzü əks olunur. Tuğrul Tanyol şeirlərində həmçinin antonimlər, təzadlar da yan-yana addımlayır ki, bu da onun dialektikasından xəbər verir. Məsələn, varlıq və yoxluq, qaranlıq və aydınlıq, ölüm və həyat, gənclik və qocalıq və sairə. T.Tanyolun şeirlərinin motivasiyası öz içindəki və ya əlindəki güc (qələm), sağlam düşüncəsi (təfəkkür) və ruhudur. "Qovuşmaq şeirində” yazır (T.Tanyol. Sən əlimdən tutanda, Bakı: 2019, s.63):
Ah, nə etməli bu həyatla!
Keçdiyim yollar açdığım qapılardı,
bağlandı arxamca...
Titrək bir işıq başımın üstündə...
Anladım!
Tənhalaşdıqca
insan bir
az daha
bənzəyir Tanrıya...
İşığın titrəkliyi onun sönə biləcəyinə,
cəmiyyətdəki ziya işıqlarının nədənsə
azalmasına, yaxud qapadılmasına, insanın tənhalaşması
isə onun daha da mükəmməlləşməsinə,
özündən ayrılıb Tanrıya bir addım daha
yaxınlaşmasına işarə kimi səslənir. Demək ki,
arxanca qapılar bağlanarsa, ya da üzünə qapılar
açılmazsa, "üzülmə insan, özünə
çəkil və daha dərindən düşün, daha
güclü ol, ayrıl özündən və Tanrıya
yaxınlaş” deyir sanki. T.Tanyolun şeirlərində
həyat həqiqətlərinin, zamanın, cəmiyyətin
insan övladına verdiyi acılar və onların təzahürü
əks olunur. Bu mənada T.Tanyolun şeir
leksikonunun əsasında (karamsar) pessimist sözlərin
dayandığını söyləyənlərə haqq
qazandırmaq olmaz. Bu söz və ifadələr
bir şairin həyata və zamana ironiyasıdır, əslində.
Şeirlərdəki söz və ifadələr,
bənzətmələr, simvollar o qədər canlı və
təbiidir ki, bunlar bizə, onun gerçək aləmi dərkinin
ipuclarını rahatca tutmağa imkan verir. Burada da
T.Tanyolun "imge”çilik gücünü açıqca
görürük. O, sözlərə daha əvvəl
yüklənməmiş bir məna yükləyir, çəkmək
istədiyi şeiri, bəzən Klod Monenin ani təəssüratlarının
ötəri, lakin daxili vəhdət və əlaqədə
verdiyi impressionist əsərləri kimi qeyri-adi, bəzən
Van Qoqun postimpressionist tabloları kimi tutqun, bəzən
Leonardo da Vinçinin rəsmləri kimi aydın, bəzən
də Mikelancelonun Musası kimi sanki qanlı-canlı şəkildə
gözümüzün önünə gətirir.
Bir də
onu deyək ki, Tanrının ona verdiyi maraqlı və
faydalı ömrü yaşayan Tuğrul Tanyol hər
yaşın ayrı bir sehri olduğunu dərk edən, həyatının
hər yaşını xüsusi ehtiramla qəbul edən və
hər yaşda yaşadıqlarını yaşına görə
dərindən anlayan və yazan şairdir. Tuğrul
Tanyolun öz açdığı yolu var və bu yol fərqlidir,
onu başqalarından fərqləndirəndir.
Onun şeirlərinin poetik obrazları müasir təfəkkür
şairi olsa da, klassik ədəbiyyatdan sızma duruluqlarla da zəngindir,
güvənlidir, etibarlıdır. Məsələn,
M.Füzulinin "Su” qəsidəsindən sonra "Su qəsidəsi”ni
yazmaq cəsarəti şairin təfəkkür özgüvənini
açıqlayır:
Suya
baxmağın öz yorğunluğu var...
Çünki gözlərinə hopar su.
Suyun dəsmala hopması onu
ağırlaşdırır, dəsmalın bir haldan (quru) digər
hala (yaş) keçməsinə, məzmununun qismən dəyişməsinə
səbəb olur. T.Tanyolun "Su qəsidəsi”ndə suyu
canına çəkib ağırlaşan və
yorğunlaşan dəsmal deyil, gözdür. Su ona baxan gözlərə hopduqca, gözlər
ağırlaşır. Dolayısıyla suya baxan
şairin gözləri su qədər durulur, yaşarır:
Sudan bir
şala bürünərsən,
Suda gəmilər üzər – üzü açıq.
Suyu şal kimi bürünmək insan məhrəmliyinin
suyla örtünməsidirsə, su şəffaf olduğundan həm
də insanın durulaşmasına işarədir. Gəmilərin
suda üzüaçıq üzməsi zamanın heç bir
şala bürünmədən keçməsinə, beləcə
insanın günahlardan təmizlənərək
üzüağ gələcəyə doğru getməsinə
işarədir.
Suyu
cızan əlimiz bir ülgücdür bəzən,
Suyu kəsib qollara ayırar.
Əlin ülgüc şəklində təsviri, əslində,
insanın təbiətə müdaxiləsi, müdaxilə nəticəsində
doğallığın, doğmalığın qeyb
olması, əl dəyən çayın qollara
ayrılması isə insan-təbiət münasibətlərinin
poetik dillə ən gözəl təsviridir. Eyni zamanda
suyun qollara ayrılması "ayırıcılıq” effekti
kimi də səslənir. Məsələn,
Araz çayının o taylı bu taylı Azərbaycanı
iki sahilə və iki bir-birindən ayrı
düşmüş qollara ayırması kimi.
"Toplu şeirlər”dəki ilk şeirdə
qaranlıqdan, onun yaratdığı zülmətdən yazan
şairin "Bəyaz at” şeirində deyilir:
Zülmət
şəhərləri gəzdim səssizlikdə,...
Bəyaz bir at kimi gözdən itərkən
ömrüm.
Şair qapqaranlıq şəhərdə bəyaz at təsvir
etməklə dünyanı qaranlıqdan işığa
çıxaracaq gücü, yəni muradı göstərmək
istəyir – "At muraddır”. Ağ at getdimi, bütün
şəhər öz qaranlığında boğulacaq.
O, həmçinin bu şeirlə bir göz
qırpımında ötüb keçən dövranın
amansızlığını, gəncliyində
yaşadığı qaranlıq illəri, zamanın
ildırım sürətini və gəncliyində yetdiyi və
yetmədiyi arzularının qaldığı mübhəm məkanları
təsvir edir. Bu şeirdə zaman və məkan
məfhumu, eləcə də bəyaz at simvolik anlamda
işıqla qaranlığın, xeyirlə şərin
mübarizəsidir. Şair şeirlərinin
hikmət gözünə öz fəlsəfəsini
qatır.
"Noyabr
sərxoşluğu” şeirində:
Yarpaqlar
ağaclarını tökürlər,
Saçları bir qadını.
Bir adam
masaya
tökür duyğularını...
Bu
şeirdə 3 real obraz: ağac, qadın və tənha bir kişi, dördüncü olaraq isə
şairin özü var. Payız gəldimi ağaclar
yarpaqlarını tökməz, bəlkə "yarpaqlar
ağaclarını tökərlər” düşüncəsi
çıxır ortaya bu şeirdə. Bəlkə,
yarpaqlar ağaclara aid deyildi, ağaclar yarpaqlara aid idi. Və
nəhayət dərd də adama aid deyildi, adam
bütünlüklə dərdə aid idi. Ömrün
payızında isə "saçları bir qadını”
tökər. Saçları ağaran
qadın hər güzgüdə ağaran
saçlarını gördükcə, gəncliyinin getməsinə
heyfslənər, təəssüflənər. Bu təəssüf
hissi hər gün bir az daha üzər
qadını. Əslində, qadının
saçları tökülməyib və yerindədir, amma
tökülən ömrü və gəncliyidir.
Şeirin başqa bir yerində eyni hadisə eyni şəkildə
təsvir olunur, amma fərqli anlam daşıyır:
Noyabrdı...
Ağaclar
tökürlər yarpaqlarını,
Bir
qadın oturub üzbəüz pəncərədə,
tökür sarı saçlarını...
Noyabrda
bir adam
lül-qənbər,
axtarır masada
çoxdan bəri
itirdiyi
duyğularını.
Şeirin burdakı ilk iki misrası fərqli deyilsə də,
əvvəlki mənasını saxlayıb. Amma sonrakı
iki misra artıq payız içində yeni bahar yaşayan
qadın və onun gur saçlarıdır. Bir qadın sarı saçlarını çiyninə
töküb, gənclik ehtirası və gözəlliyi hiss
edilir. Sarı yarpaqlar ağacın son
yarpaqları, torpağa tökülüb qarışacaq.
Sarı saçlar isə əksinə
çiçəkləyən bir qadının gözəlliyi
kimi təsvir edilib. Noyabrdakı tənha adam
isə içkili olduğundan itirdiklərinin
ağrısını hiss etmir artıq və mənən o da
tükənir. Şeirdə ara-sıra "mənsə...”
kəliməsiylə verilən misralar isə şairin
özünün bu şeirdə olduğunu açıq
göstərir. T.Tanyol şəxsi
yaşantılarıyla cəmiyyətin hər bir fərdinin
yaşantılarını ümumiləşdirən şeirlərində
həm özünün dramını yazır, həm də
özgənin. Bu özgələr
özündən sonrakı digərləridir,
yaxınlardır, yadlardır, özgə olduqları qədər
də oxşar yaşantıları etibarilə
doğmalarıdır. Qısacası,
şair özgənin dərdiylə dərdlənməyi
bacarır. Nəhayət sonda:
Mənsə,
yarpaqsız, qadınsız
və
yalnız
bir
axşamı töküb ürəyimə
səhərə kimi
küləkdə gəzəcəyəm...
Bəlkə
də, şeirdəki üçüncü obraz, yəni tənha
kişi, elə şairin özüdür.
"Paul Valeri deyir ki, ilk misra Allah vergisidir. Şeirin
sonuna doğru getmək, ilk misranın yolunu kəsmədən
fikri davam etdirmək çox çətindir” (T.Tanyol. Sən əlimdən tutanda, s.114) – deyən şair
bu fikri öz şeirlərinə tətbiq edərək ilk
misrasından son misrasına qədər şeiri bir xalça
estetikliyi ilə toxuyur. Şairin əlindəki
həvə (həvə - xalça toxuyarkən istifadə
olunan alət) isə onun estetik qələmidir.
T.Tanyol şeirlərindəki daxili tənhalığını
çox sevir, bu tənhalıq ona yazdıran ən
başlıca gücdür, məncə. Tənhalıq
onun şeirlərində adamayovuşmazlıq və ya
"karamsarlıq” sindromu yox, güc və stimul sindromu təsiri
bağışlayır.
Mən
unutmağı
Özümdən
öyrəndim, doğrudur...
Heç kim yox idi, suyu öpdüm,
Tənhalığım ağrıdı.
Başqa bir şeirdə - "Çərşənbə
axşamı” şeirində deyilir:
Siqaretimin dumanı halqa-halqa,
Qələmim kölgə olmuş əlimdə.
Başım üstündəki işıq
yanır-sönür hərdən.
Heç belə bir aydınlıq
gördünüzmü?
– misralarındakı işığın yenə
də titrəkliyi, yanıb-sönməsi məqamı diqqət
çəkir. Sanki, həmin
işığın zəifləməsindən, ya da sönməsindən
ehtiyat edir. T.Tanyolun şeirlərində
bir daxili təlatüm, narahatlıq, dünyadan və
insanlıqdan nigaranlıq hiss edilməkdədir.
Bütün bunlar bizi yenə eyni düşüncəyə gətirib
çıxarır: beyin, ruh və estetika vəhdəti. O,
fikrindəki informasiyalar bolluğundan, ruhunun narahat məqamlarından
və cisminin yaşadıqlarından qaça bilmir. Qələminin hörgüsü bu üç məqamın,
bel sütununun üzərində bərqərar olub. O, təkcə
təfəkkür şairi deyil, deməli, həm də ruh
şairidir. Şair halqa-halqa yayılan siqara
dumanlarıyla mələklərə işarə edir. Xristian mədəniyyətində mələklər
başında nur halqayla təsvir olunur. Ona
görə də, bizim şairimiz başında
yanıb-sönən ilham lampasıyla, siqaret dumanından
yaranan halqayla dərd yüklü mələk şairdir.
"Sehr bitdi” (Büyü bitti) şeirində də həmin
halqadan söz açılır:
Sehr bitdi, ilan özünü sancdı
Özünü - öz balasının dişləriylə
əqrəb gecəyə qayıtdı, alovdan bir halə oldu
bir həvari
oldu, bir şair, peyğəmbər.
Yazımın sonunda bəhs etdiyim "Sehr bitdi” şeiri T.Tanyolun elmi-metafizik, dini, tarixi və fəlsəfi təfəkkür qatlarından gələn şeirlərindəndir və təkcə bu şeirə Türkiyə tədqiqatçılarından Elif Öksüz Günəş (Bilinç Kazanan İmgeler: Tuğrul Tanyolun büyü bitti şiiri, Uluslararası Türkçe Edebiyat Kültür Egitim dergisi, sayı: 7/3, 2018) 15 səhifəlik bir məqalə həsr edib. Mən də bu şeirin anlamını və şairin demək istədiyi tarixdən, dindən, doksoqrafik (dinlərə, məzhəb və təriqətlərə aid ədəbiyyat) və agioqrafik (müqəddəslərin həyatından bəhs edən ədəbiyyat) ədəbiyyatdan, mifologiyadan gələn həqiqətləri açıqlamaq istərdim. "Sehr bitdi” şeirində ovsunların, sehrlərin açılması, dinin arxa plana atılması, müasir və modern düşüncənin hakimiyyəti, hər şeyin özünə yadlaşması, yarımçıq qalması, insanın bütün dayaq nöqtələrinin boşluğa dönməsindən bəhs olunur. Şeirdə bəhs olunan hadisə və olayların sürəti, modern dünyanın davamlı olaraq yeni bir quruluşa doğru sürüklənməsi əks olunan bir qrafik qurulub. Və bu qrafik poetik dillə yığcam, səlis və aydın; tarixilik baxımından ardıcıl, dövrləşmələrlə, amma akademik tərzdə oxucuya ötürülür. Sonda oxucuya "möhtəşəm alınıb” demək qalır. "Sehr və ya fal bitdi” bir də o deməkdir ki, "yenidən yaşanması mümkün olmayanların dövranı bitdi daha”. Bunu deyən şair ardınca həyatın hər anı sehrlidir deyərək yeni yaşlarının sehrində yaşamağa davam etmək niyyətini açıqlayır. Buradan bir nəticə də hasil olur ki, T.Tanyolun şeirləri təfəkkür və intellekt insanları üçün daha gözəl anlaşılandır. Şair bu şeirdə "Tanrı sevgisinin yerini həmrəylik, vicdanın yerini qayda və hüquq qanunlarına hörmət, Peyğəmbərin yerini isə hüquqçular və idarəçilərin aldığını demək istəyir. Hər şeyin mərkəzinə ağıl və bilik yerləşdirilir. Ağıl və biliyin yaratdığı şəhər həyatı qələbəlik, gurultu, texnologiya, sənaye və sürət bütünləşir. Bu sürət, eyni zamanda qələbəliklər içində tənha qalan fərdləri, şəxsləri də doğurur” (Elif Öksüz Günəş, Bilinç Kazanan İmgeler: Tuğrul Tanyolun büyü bitti şiiri., ...2018). Elif Öksüz Günəş xanımdan sonra bu şeirin təsrifinə ehtiyac görmürəm və şeirin özünü Azərbaycan türkcəsində təqdim edirəm:
SEHR BİTDİ
sehr bitdi, suyu dolaşdıran qayıq
incə qabığına çəkildi gövdəsinin
daş düşmədi daha, meyvə ağacında soldu
qadın olmadan yaşlandı sevgilimiz.
sehr bitdi, budur dəniz, daha on dörd günlük
ay buludsuz bir gecədə yuxusuz bir adam kimi qaçmaqda
ulduz üşüməsi bu, ağacın əksi
qəlbinə düşən bir şey kimi, sanki kimi, bəlkə
kimiydi və bitdi, yatan oyandı və gördü
görünməyən göründü, səs əks-sədasından qorxdu
kölgə sahibsizdi, qartal ovunu tapdı
sürətini azalda bilməyən bir tülkü balasının gizləndiyi yerdə
sehr bitdi, yaşlı adam onu çağıran səsə döndü
orada gənc olmağın ümidiylə yenidən öldü
işıq bütün rənglərinə min-min kərə bölündü
min-min kərə bağırdığımız sözlərimizlə dolub daşan mağara
qapandı dağ oldu, çıxmayan fallarn çöküntüsü
saralan ümiddi, uçub getdi
və açılmayan yollar birdən açıldı
amma nə bir kəs geri gəldi, nə bir səssiz gəmi
sehr bitdi, ilan özünü sancdı
özünə sancılan balasının dişləriylə
əqrəb gecəyə qayıtdı, alovdan bir halə oldu
bir
havari oldu, bir şair, peyğəmbər
sarğını çıxardı, kürkünü sovurdu
önündə açılan yoldan Hiraya qədər
geçdiyi çöldəki bitkilər
yenidən su buldu
sehr
bitdi, Tanrım, budur səni tapdım
görünməyən göründü, səs əks-sədasından qorxdu
şəhərin və insanların arasında
ilğım gerçəyə döndü, var olan yox oldu
Sehr bitdi,
sən onu görmədin
Onsuz da dərindi
düşüncə
düşdümü
düşəcək düşüncə...
Burada klassik
fizikanın daha bir qaydasını xatırladıq: "Hər
şey heçdən yaranıb və sonunda da heçliyə
çevriləcək”. Bir məlum həqiqət
var ki, həqiqi ədədlər sonsuzdur. Mənfi
sonsuzluqdan müsbət sonsuzluğa doğru uzanan, sonu bilinməyən
bir xətt (koordinat xətti) var. Sonsuzluğun nə
olduğunu burda izah etməyəcəyik, amma təsəvvür
edin ki, sona çatdınız. Bu qədər
rəqəm var, amma əlinizdə sadəcə sıfır
qalacaq. Çünki, bütün rəqəmlər
bir-birini yox edəcək: 1 ilə - 1, 2 ilə -2, 3 ilə -3 və
sonsuz bu cür proses. Həm də -1+1=0 məntiqi
də var. Nəticə sıfır, yəni heçlik.
T.Tanyol da "Büyü bitti” şeirinin sonunda bunu demək
istəyir: öz psixoloji və
ruhsal ölümünü reallaşdıran insanın
"var etdiyi” şey "heç”dir, "heçlik”dir. Yəni,
dünya ikicə rəqəmdir - əvvəli bir, sonu
heçdir məntiqi. Materiya və
antimateriyanın qarşıdurmasından doğan hadisələr
onu bütün yaradıcılığı boyu izləyir.
Həyat Şəmi
Kaspi 2019.- 12-14 oktyabr.- S.16-17.