Yazı masasında dünya ədəbiyyatı...
Yazı masasında dünya ədəbiyyatı..."Baxıram əlimdə Bolesə yazdığım məktub. Uff!
– Qulaq asın, Tereza! Bu nə deməkdir? Başqalarının yazmasını neynirsiniz ki, mən yazdığımı heç göndərməmisiniz axı?
– Kimə?
– Ona da... Bolesə.
– Boles yoxdu axı!
Heç
bir şey başa düşmürəm!
Tüpürüb getməkdən başqa
yol qalmadı. Amma qadın izah etdi.
– Neynək? – küskün halda dedi. – O yoxdu, deməli, yoxdu. – Və sanki onun niyə
var olmadığını
anlamırmış kimi
əllərini açdı,
– Mənsə istəyirəm
ki, o, olsun... Məgər mən də hamı kimi insan deyiləm? Əlbəttə, mən...
mən bilirəm ki... Amma mənim
ona yazmağımın
heç kəsə zərəri yoxdu axı...
– Bağışlayın
kimə?
– Bolesə də!
– O yoxdu
axı”.
(Maksim Qorki: "Boles”. Tərcümə edən:
Xanım Aydın )
"- Sizə bunu kim deyib?
- Kimin deməyi o qədər də əhəmiyyətli deyil.
- Siz kimsiniz?
- Mən Bəhramın
arvadıyam. Bəs siz kimsiniz?
- Düzü, heç bilmirəm, sizə necə cavab verim.
- Mən eşitmişdim ki, Bəhram cavan bir qızla
görüşürmüş. Təsadüfən həmin qız
siz deyilsiniz?
- Yox, mən Bəhramla
heç vaxt görüşməmişəm.
- Əgər elədirsə,
onda siz niyə Bəhramın qəbri üstə gəlib göz yaşı axıdırsınız?
- Bu, mənim şəxsi işimdir. Sizə heç dəxli
yoxdu.
Qadının iri, qara gözlərindən
qəzəb qığılcımları
saçıldı. Özü də
gözlərinin ikisi birdən deyil, gah biri, gah
da digəri qığılcım saçmağa
başladı. O, istədi,
Əminənin saçından
tutub söyüd ağaclarının altında
sağa-sola sürüsün,
çətin də olsa özünü saxlamağa məcbur etdi”.
(Seymur Baycan: "Qəbiristanlıqda” )
Maksim Qorkinin "Boles”, Seymur Baycanın "Qəbiristanlıqda”
hekayələrindən passajlardır.
Hər iki mətn, məncə, hekayə sənətində nadir nümunələrdəndir.
Azərbaycan ədəbiyyatında Seymur Baycan kompozisiya
yaratmaqda bənzərsizdir.
Seymurun hekayə və romanlarını hər hansı yöndən tənqid etmək mümkündür. Ancaq o, fərqli,
məxsusi konfiqurasiya yaratmaqda peşəkardır.
Hadisələr həssas, intellektual
emosiya ilə yaradılır. Əksər hallarda
bədii mətnlərdə
intellektual emosiya süni təsir bağışlayır. Yəqin ki,
Seymur Baycanın Borxesi sevməməsinin əsas səbəblərindən
biri də budur. Seymur Baycan "Ət və ət məhsulları” əsərində
orqanik intellektual emosiya, reflektiv müşahidə və analizlərlə məzmunca
polifonik bir təhkiyə texnikasından
istifadə edib. Ədəbiyyatımız üçün yeni olan bədii
struktur "Ət və ət məhsulları”nda üzə
çıxdı. Müəllifə görə, "skelet
roman” olan "Ət və ət məhsulları” dünya ədəbiyyatında ilkdir.
Romanın estetik profili
müəlliflə razılaşmaq
üçün əsas
verir. "Quqark” romanı isə Qarabağ mövzusunda yazılan onlarla, yüzlərlə əsərdən fərqləndi. Bu roman barədə
həqiqət duyğusu
olan yazıları
yazıçı Nərmin
Kamal və kinotənqidçi Sevda Sultanova yazdı. Romanın özü kimi. Nərmin Kamal zəki
və soyuqqanlı təhlillər apardı. Sevda Sultanova romanın duyğu estetikasını
ifadə etdi.
XXI yüz il
Azərbaycan ədəbiyyatında
özünüironiya, sarkazm
və yumorun bədii təyinatı, estetik elastikliyi "Ət və ət məhsulları”nda olduğu qədər heç bir bədii mətndə yoxdur, ən azından mən görməmişəm. Milan Kundera
"Pərdə” kitabında
Vitold Qombroviçin ədəbi zövqü və istedadı çərçivəsində roman tarixinə baxır. "Qombroviçin yaradıcılıq atelyesindən
roman tarixi” analiz edilir. Və nəhayətdə Qombroviçin sevdiyi yazıçılar və
yaradıclığındakı kəşflər maraq doğurur. Seymur Baycan da
roman və hekayələri
ilə yanaşı öz yazı masasından dünya ədəbiyyatına mütəmadi
səyahət edir.
Akademik təyinatlardan və terminologiyadan uzaq esselər yazır. Bir ədəbiyyat adamı kimi Seymurun esseləri
bir çox ədəbiyyat bilicilərinin
söz yığınlarından
daha sadə və maraqlı gəlir mənə.
S.Baycanın "Ət və
ət məhsulları”,
"18,6 sm” romanları
Qombroviçin "Ferdidurka”
və "Pornoqrafiya”
romanları ilə eyni estetik məkanı
bölüşə bilir.
Bu romanların müqayisəli analizi vacibdir. Başqa bir yazıda
bu müqayisəyə
ehtiyac duyuram. Əlbəttə ki, istənilən
müqayisə yarımçıq
və qüsurludur.
Yenə də müqayisəli ədəbiyyat çağında
belə bir metod ən uyğunudur.
Devid Damroşun "dünya ədəbiyyatı”
tezisi ilə yanaşsaq Seymur Baycan aparıcı dünya dillərinə çevrilməli və dünya oxucusuna təqdim edilməlidir. Məhz bu prosesdən sonrakı reaksiyalar Seymurun dünya ədəbiyyatına daxil
olmağını müəyyənləşdirəcək.
Qayıdaq qəbiristanlığa.
"Qəbiristanlıqda”
hekayəsinin qəhrəmanı
Əminə hər şənbə günü
ölən sevglisi Bəhramın qəbrini ziyarət edir. Boş yerə əsərdə şablon mövzular axtarmayın. Yazıçı da, oxucu da,
hətta qəhrəman
belə bir vaxtlar Bəhramın da Əminəni sevdiyinə, onunla sevgili olduğuna şübhə etmir.
Lakin şənbə günlərindən
birində Bəhramın
həyat yoldaşı
Əminənin qarşısına
çıxıb deyir
ki, sən nə haqla mənim
ərimin qəbrini ziyarət edirsən?
"Boles” hekayəsində isə fahişəlik edən Tereza qonşuluqda yaşayan oğlandan xahiş edir ki, sevgilisi
"Boles”ə məktub
yazsın. Bir gün məlum olur ki, Boles adlı adam
yoxdur. Tereza öz tənhalığına,
talesizliyinə təsəlli
axtarır. Oğlan o gündən
Terezadan Bolesə, Bolesdən Terezaya məktub yazır.
"Qəbiristanlıqda” hekayəsi roman strukturundadır. Əbəs yerə
Mopassana həsr edilməyib. Seymur Baycanın
hekayələri daha çox Mopassanvarıdır.
Kompozisiyaya əməl edilir.
Giriş,
hadisələrin inkişaf
dinamikası və nəticə var. Çexovda
isə giriş və nəticə ya yoxdur, ya
da elə bir düşüncə yaradır. An hekayələridir. "Qəbiristanlıqda” giriş
və nəticə həm var, həm
də yoxdur. Çexovla Mopassan hekayələri bir-birinə qarışıb.
"Boles” hekayəsi haqda
yazmışdım ki,
var olmayan eşqin var olan gözəlliyidir bu.
"Qəbiristanlıqda” hekayəsində
vəziyyət fərqlidir. Əminə dirilərdən
qaçıb ölülərə
sığınır. Necə olur ki, salamat
olan bir insan yoxdur Əminənin
yaşadığı mühitdə?
Hara yozursan, yoz,
yoxdur. Əminənin
magik, sürreal dünyasında da, antiqəhrəmanın mövcud
ola bilməmək problemində, ekzistensial situasiyada da heç nə dəyişmir. Bu məqamda söz də, hətta ədəbiyyatın özü
də əbəs gəlir adama. Seymur Baycanın yazı masasından dünya ədəbiyyatına daxil
oluruq. Damroşun
"dünya ədəbiyyatı
varmı?”, sualına ehtiyac qalmır. Müqayisəli ədəbiyyat davam
edir. Seymurun hər şeyə
rəğmən yazması
kimi.
Ülvi Babasoy
Kaspi 2019.- 12-14 oktyabr.- S.17.