Bəy oğlunun
izi ilə...
Gənc rəssam
Bəhruz Kəngərlinin yaradıcılıq
axtarışları haqqında
Etiraf edək ki, Naxçıvanla fizioloji bağlılığı olan və dünyaya göz açandan sonra zamanında mahalda çox məşhur olan Şirəli bəyin oğlu Bəhruz bəy Kəngərlinin adını eşidən çoxlarının rəssam olmaq arzusu ilə yaşamaları danılmazdır. Bu mənada Kəngərlilər nəslindən olan və rəssamlığı özünə peşə seçən Hafizin 29 il bundan əvvəl ailəsində doğulan oğluna ad-sanı çoxdan Naxçıvanın sərhədlərini aşmış sələfinin adını qoymasını da təbii saymaq olar. Əlbəttə, bütün baş verənlər – uşağın dünyaya gəlişi, ona Bəhruzun adının verilməsi, qohum-əqrəbanın onun simasında gələcəyin tanınmış fırça ustasını görmək istəmələri Kəngərlilər nəslində baş qaldırmış "mavi arzu”nun görünən tərəfləri idi. Odur ki, daha çox "Qanlı Yanvar”la anılan 1990-cu ildə doğulan və arzu qanadlarında əvvəlcə Bakıdakı rəssamlıq kollecində (keçmiş Ə.Əzimzadə adına rəssamlıq məktəbi), sonra isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pillələrini uğurla bitirən gənc Bəhruz Kəngərli 27 yaşında bəy oğlunun da keçdiyi sənət yoluna çıxdı və rəsmi olaraq – əli diplomlu müstəqil yaradıcılığa başladı..
Bu yolların müəyyən mənada oxşarlığı da var, amma zaman göstəricilərinə görə onlar çox fərqlidirlər. Belə ki, bəy oğlunun arzularının Naxçıvanda daşa dəyib puç olması çox tez – onun 30 yaşında baş verdi, 29 yaşında olan rəssam oğlu isə Bakıda onsuz da əvvəlki təravətini qoruyub saxlamaqda davam edən və çoxlarının arzuladığı "Kəngərli şöhrəti”nin üzərinə yeni təqdir çalarları əlavə etmək niyyətindədir. Bəy oğlunun əsərləri Naxçıvandan kənara çıxmasa da, onun gənc xələfinin əsərləri isə xarici ölkələrin sərgi salonlarını və nüfuzlu şəxsi kolleksiyaları bəzəməkdədir...
Etiraf edək ki, Bəhruzun ilk sənət
uğurları gəncin arzuladığı sənət
amalına doğru çox
ciddi addımlar atdığını sərgiləməkdədir.
Bunu onun artıq əlinə
rəssam diplomu almazdan
əvvəl sənət məkanda tanınması da təsdiqləyir. Belə ki, gənc rəssamın ilk
əsərlərinin yaşıdları ilə yanaşı,
özündən böyük olan həmkarlarının da
diqqətini cəlb etməsi isə onun
axtarışlarında yeniliyə və özünəməxsusluğa
meylli olmasından xəbər verirdi...
Bu gün Bəhruzun müxtəlif mövzu və janrları əhatə edən yaradıcılıq irsini incələyəndə, onların gözümüzdə adiləşən hadisə və motivlərə, təzadlı insan yaşantılarına, maddi və mənəvi dəyərlərə özünəməxsus bədii münasibət toplusu olduğunu görmək mümkündür. Gənc yaradıcının adi və sadə hesab etdiyimiz bir çox mövzu və süjetləri bədiiləşdirməyə üstünlük verməsi, onu ötən əsrin 50-70-ci illərində nəinki Azərbaycan, hətta keçmiş SSRİ-nin bədii məkanında çaxnaşma yaradan, Kreml ideoloqlarının narahatlığına səbəb olan "Abşeron məktəbi” təmsilçilərinin gerçəkliyə münasibətlərinə yaxınlaşdırır. Onlarda məşhur sələfinin Naxçıvanda ərsəyə gətirdiyi motivlərlə anım yaradan məqamlar da mövcuddur. Süni pafosdan və patetikadan uzaq olan bu təqdimatlarda tamaşaçı ruhunu oxşaya biləcək, zaman-zaman müşahidə edildiyi halda başqalarının görə bilmədiyi estetik qaynaqların bədiiləşdirilməsi qabarıq və yaddaqalandır.
"Təklənmiş” stul, "mələk”ləşən
qızcığaz, əyləncələri ev
heyvan və quşlarını əzizləmək
olan kənd uşaqları, asılqanda sahibinin "intizar”ını çəkən
milli geyim, tavadakı qayğanaq və s.
daşıdıqları estetikasına görə özünəməxsusdur.
Müxtəlif janrlı bu əsərlərin
rəng qatında müşahidə etdiyimiz
üst-üstə "qalalanan”
yaxıların bir-birini əvəzləməsində
və yaxud da
tamamlamasında, klassik rəngkarlıqla
anım yaradan məqamlar olsa
da,
uyarlığı duyulan bu "rəng məcmusu”nun ümumi
ruhuna ekspressiv çalarlar əlavə edən və bununla da bədii görüntünün
düşündürücülüyünə nail olan müəllif,
bütünlükdə, onun həm də
cəlbedici bütövlüyünü əldə
etmişdir. Əsərlərin
ayrı-ayrılıqda təhlilinə keçməzdən əvvəl,
deməliyik ki, rəssam oğlu
Bəhruzun bir vaxtlar bəy oğlu
Bəhruzun bədii "izi”nə ünvanlanan
həsədinin bir az
öləzidiyini də görmək mümkündür.
Əslində, bu elə belə də
olmalı idi və əks halda,
bu gün bizi onun
yaradıcılığı bu qədər
cəlb etməzdi...
Adəm və Həvva mövzusuna zaman-zaman
göstərilən saysız-hesabsız bədii
yanaşmaların qarşılığında, yenidən yer üzünün ilk məhəbbət nümunəsinə
müraciət etmək, doğrudan da, çox çətin
məsələdir. Bu prosesdə
önəmlisi "günah”a müəllif münasibətinin necə
olmasıdır. Bu mənada kətan
qarşısında dayanan rəssam
bir-neçə suala cavab
tapmalıydı: bu cütlüyün
əməli doğrudanmı günahdır? Bu
"günaha” niyə zamanında göz yumulmuşdu? Bəlkə, bilavasitə Yaradanın gözü
qarşısında yaşananlara – günah hesab olunana başqa ad qoymağın vaxtı yetişib? Şaquli kompozisiyada iki yarının tamlığını bədii
şəkildə təqdim edən müəllif,
bütünlükdə, işıqlı görünən tutumda iki şeyi
xüsusi vurğulayıb: günah obyekti olan almanı və günahı ötürən
və onu qəbul edən əlləri. Qara əllər və işıqlı alma... Bunlar təzadlı
görünsələr də, rəssam yozumu
kimi maraqlıdır. Əslində rəssamın
yaratdığı bu təzadda
yuxarıda sadaladığımız suallara
nisbi də olsa
cavabın mövcudluğu duyulan
və düşündürücüdür...
Görəsən, qara əlləri
işıqlandıran bu alma
əldən ələ keçməsəydi və yaxud Həvvanın Adəmə uzanılı əli
göydə qalsaydı nə ola bilərdi?
Rəssamın daha bir-neçə əsərində "qara” əlləri müxtəlif jestlərin ifadəçisi kimi görürük. Bu insan yaşantılarında da təzad mövcuddur, başqa sözlə desək, ələmə-nəşəyə bələnmiş bu zərif əllərdə əllərin daşımağa aciz olduğu mənəvi-psixoloji yükün ovqat yaradıcılığı hiss olunandır. Qənaətimizcə, elə rəssam niyyətinin mayasında da onları təsirli tutumda qabartmaq durur...
Bəhruzun bir
çox əsərlərinin timsalında
demək olar ki,
müxtəlif yaşlı insanların gerçəkliyə
fərdi münasibətindən şirələnən
yaşantılarının mayasında çoxlarının düşündüyü kimi
elə də çoxqatlı obyekt – qaynaq durmur. Bunu saçları lentli balaca qıza bəyaz çəpiş məsumluğunun, "rəng seli”ndə çimmiş kimi
görünən xoruz belinin
rahatlığının bəxş etdiyi
sevincin ifadəsində də görmək mümkündür. Rəssamın
uzunqulağı dünyanın ən rahat
"nəqliyyatı” hesab edən balaca
oğlanın qürurlu oturuşundan
"kənd iyi” gəlmədiyini göstərməsində
isə onun bu "kənd
obrazları”nın çox koloritli olduğunu göstərmək
istəyi gizlənir, desək, həqiqəti söyləmiş
olarıq.
İlk baxışda sadədən də sadə görünən belə obrazlar Bəhruzun yaratdığı daha bir-neçə əsərin məna-məzmun daşıyıcısıdır. Qoşa şarın havada "nurlanaraq” uçuşuna heyranlıqla tamaşa edən oğlanın, bəyaz "qanad”ları ağ geyiminə xüsusi gözəlik verən qızcığazın, əlvan rəngli xoruzu xüsusi məhəbbətlə əzizləyən oğlanın və oyuncaq atın belində özünü rahat hiss edən bəyaz geyimli qızın təsvirində görünənlərə nüfuzedici rəssam münasibəti duyulmaqdadır...
Bəhruz Kəngərlinin bədii irsində
sadəliyi birmənalı olan digər kompozisiyalar da mövcuddur. Bu sadəliyin
cəlbedici bədii tutum almasının
mayasında heç şübhəsiz rəssamın
həmin adilikdə başqalarının görə bilmədiyi
gözəllik qaynaqlarını üzə çıxara bilməsidir.
Bu mənada onun
müxtəlif məişət əşyalarına, onu əhatə edən maddi-mədəniyyət
aləminə yanaşmasında həyatın və onu təşkil edənlərin bədii-fəlsəfi
yozumu daha
qabarıqdır. Bu mənada gənc
fırça ustasının "təklənmiş” stula və geyimli
asılqana münasibətindəki zahiri
"donuq”luğun alt qatını tamaşaçını
düşündürmək gücündə olduğunu
vurğulamaq istərdik.
Dünya və Azərbaycan təsviri sənətində ətraf məkandan təcrid olunmuş – ovqat yaratmağa yönəli stul təsvirinə rast gəlmək mümkündür. Bəhruzun əsərində də tamaşaçıda nostalji hisslər oyatmaq kimi çətin estetik tutumun əldə edilməsinin nəticəsidir ki, funksionallığı və gərəkliyi birmənalı olan əşyanın indiki "təcrid” olunmuş durumunda, onun təklənməsnin səbəbi, tamaşaçını suallar burulğanına salmaq gücünün ifadəsi ilə şərh olunmuşdur...
Asılqanda "üşüyən” milli qadın geyiminin də
tamaşaçısını duyğulandırmaq istəyi
qabarıqdır. Qənaətimizcə, müəllifin
təqdimatında haradasa müasirliyin
güdazına getmiş milli
geyimin öz sahibi ilə görüşünün
xiffətini çəkməsi və yaxud
da bu təmasın heç vaxt baş tutmayacağına işarə kimi düşünülən "əbədi həsrət”in bir daha vurğulanması
önə çəkilmişdir.
Rəssamın digər əsərlərində də tamaşaçını düşündürmək gücündə olan bədii təqdimatlara rast gəlmək mümkündür. Bu mənada onun insan-təyyarəsinin, tavadakı qayğanağın, hətta "problem”siz görünən paytaxtın aylı gecəsinin də tamaşaçını duyğulandırmağa yönəli bədii-estetik potensialı vardır.
Sonda Bəhruz Kəngərlinin bədiiləşdirdiyi görüntülərdə onun rəngkarlıq estetikasının vacib və özünəməxsus görkəmə malik olduğunu da vurğulamaq istərdik. Onun kətandan "boylanan” bədii şərhlərində "yuxu təəssüratı”nın kifayət qədər qabarıqlığı, daima axtarışda olan müəllifin göstərmək istədiklərini, söyləmək arzusunda olduğu həqiqətləri bir qədər naturalistik aydınlıqdan uzaq – "dumana bələnmiş” tutumda təqdimatı bu nəticəni təşkil edir. Bəy oğlunun mənəvi-bədii yolunu özünə örnək hesab edən gənc rəssam tədricən röyalarını çin etmək istəyindədir. Bunun baş tutması isə zamana ehtiyacı olan məsələdir. Odur ki, bu yerdə böyük Bəhruzun xələfinə "Yuxuların çin olsun!” deyirik...
Ziyadxan Əliyev
Kaspi 2019.- 12-14 oktyabr.- S.24.