Həmişə yaşar
Yaşar Nuri
İncəsənətin ayrı-ayrı sahələri
ilə məşğul
olan insanlar öz millətinin, xalqının milli-mənəvi
sərvətini inkişaf
etdirməklə yanaşı,
eyni zamanda, onu dünyaya tanıdırlar. Vaxtilə böyük ingilis
ədibi Vilyam Şekspir bildirirdi ki, həyat bir səhnədir, bizlərsə aktyoruq, hərə öz rolunu bir şəkildə
səhnədə canlandırır.
Vilyam Şekspirin bu bənzətməsi ilə
razılaşsaq, onu da qeyd etmək
lazım gəlir ki, bəziləri bu "həyat səhnəsi”ni vaxtından
əvvəl tərk edir. Elə insanlar da var ki, həyatda
elə aktyor olaraq rol oynayır.
Belə görkəmli
insanlardan biri də sevimli sənətkarımız, görkəmli
aktyor, hər bir azərbaycanlının
sevimlisi Yaşar Nuridir...
AZƏRTAC
xəbər verir ki, bu gün
böyük sənətkarımızın
anadan olmasından 68 il ötür.
Özünəməxsus milli koloriti ilə seçilən, lirik, komik, psixoloji
və dramatik rolların məharətli
ifaçısı, hamımızın
sevimlisi Yaşar Nuri aktyor ailəsində
dünyaya göz açıb. Aktyorun atası Məmmədsadıq
Nuriyev Azərbaycan kino və teatr
tarixində çoxsaylı
rolların mahir ifaçısı olub.
Hər birimizin sevə-sevə izlədiyi
"Yeddi oğul istərəm”, "Ulduz”,
"Uşaqlığın son gecəsi”, "Sehirli xalat” və s. filmlərdə rol alan Məmmədsadıq Nuriyevin aktyorluq istedadı, sözsüz ki, övladı Yaşar Nuriyə sirayət edib və hər iki sənətkar kino və teatr
tarixində unudulmaz rolların mahir ifaçısına çevrilib.
Yaşar Nuri hələ kiçik yaşlarında
ikən səhnədə
rol alıb. İlk dəfə on bir yaşı olarkən
"Toy kimindir?” tamaşasında
Tapdıq rolu ilə səhnədə rol alan unudulmaz
aktyorumuz Yaşar Nuri televiziyada "Yelkən” verilişinin aparıcısı olub,
"Buratino”, "Qaranquş”,
"Pioner” uşaq verilişlərində iştirak
edib. Onun yaradıcılıq arealı bununla məhdudlaşmır. Dəyərli sənətkarımız müxtəlif
dram dərnəklərində iştirak edib, görkəmli kino və teatr xadimlərimizdən
dərs alıb.
Aktyor teatr
səhnəsində çoxsaylı obrazların mahir ifaçısı olub.
Sevilən sənətkarımızın Azərbaycan
teatr səhnəsində "Övlad” komediyasında Silva,
"Bağlardan gələn səs”
dramında Pərviz, "Ölülər” əsərində
Məşədi Oruc, "Od
gəlini” dramında Altunbay, "Büllur sarayda” pyesində
Bayandur, "Bizim qəribə
taleyimiz” pyesində Davud,
"Bəşərin komediyası və yaxud
Don Juan” əsərində Sqanarel,
"Dəli yığıncağı” faciəsində Sərsəm
Salman, "Fəryad” əsərində Rəhman,
"Mesenat” əsərində Ağamusa Nağıyev, "Sevil”
əsərində Əbdüləli bəy, "Qanlı Nigar” pyesində Abdi, "Gülüstanda qətl” pyesində Şahməmməd
İsmiyeviç, "Afət” əsərində
Xandəmir və s. rolları ona geniş tamaşaçı rəğbəti
qazandırıb.
Yaşar Nuri,
eyni zamanda, hamı tərəfindən
sevilərək izlənilən televiziya
tamaşalarında da yadda
qalan obrazların görkəmli
ifaçısıdır. Çoxlarımız Yaşar Nurinin baş rol
ifaçısı olduğu
tamaşaları sevə-sevə izləyirik. Yaşar Nuri
Azərbaycan Dövlət Televiziyasının
hazırladığı "Yollar
görüşəndə”, "Ömrün
yolları”, "Qatarda”, "Evləri
köndələn yar”, "Qonşu qonşu olsa”, "Kökdən düşmüş
piano”, "Topal Teymur”, "Yarımştat”, "Ac həriflər”, "Göz
həkimi”, "Yaşıl eynəkli adam”,
"Səni axtarıram” trilogiyasında və bir çox teletamaşalarda bənzərsiz rolların mahir ifaçısına çevrilib.
Bir çoxunun
yaddaşında Yaşar Nuri
"tamada Surxayzadə”, "Gülərin
Həsənağası”, "Gülnarın Elçini”,
"çəkməçi Dadaşov”,
"ac həriflərin Həsən
dayısı”, "fotoqraf Əli bəy”
və digər obrazlarda qalıb. Bu da aktyorun
istənilən obrazı yaddaqalan və unudulmaz canlandırmasından irəli gəlir.
Böyük sənətkarın aktyorluq fəaliyyəti bununla məhdudlaşmır. Kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan sevimli sənətkarımız "Dörd bazar günü”, "Bəyin oğurlanması”, "Ad günü”, "Yol əhvalatı”, "Yaramaz”, "Yuxu”, "Hər şey yaxşılığa doğru”, "Lətifə”, "Qətl günü”, "Fransız”, "Yoxlama” və s. filmlərdə rol alıb.
O, həm kino, həm də teatr sahəsində xidmət göstərməklə yanaşı, teatrda "Subaylarınızdan görəsiniz” tamaşasına quruluş verib, kinoda isə "Spasibo” filmini çəkib.
Xalq artisti
uzun sürən xəstəlikdən sonra 2012-ci ildə noyabrın 22-də
dünyasını dəyişib.
Yaşar Nuri
yaddaqalan obrazları ilə həmişə
xalqımızın ürəyində yaşayacaq.
Təkrarsız və bənzərsiz istedada malik bu sənətkar özünəməxsus lirik koloritlə tamaşaçıların rəğbətini
qazanıb və istənilən azərbaycanlının sevimli aktyoruna çevrilib. Özünəməxsus səhnə
mədəniyyəti və davranışı, improvizə
qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara
məxsusi yanaşma tərzi onu bir çox
aktyor yoldaşlarından, həmkarlarından
fərqləndirirdi. Onun film
və tamaşalarda səsləndirdiyi bəzi
fikirlər az qala hər
birimizin dilində gündəlik işlədilən
və tez-tez rast gəldiyimiz
ifadəyə çevrilib. Yaşar Nurinin səsləndirdiyi
"Sənə əjdaha lazımdır?”, "Hə, nolsun”, "Ay moment” və s. ifadələr
bugünkü gündə tez-tez
dilimizdə işlədilir və hər dəfə "Yaşar Nuri demişkən”
söylənilib bu böyük
sənətkarımız yad edilir. Bütün bunlar böyük aktyorumuza olan rəğbətdən
irəli gəlir.
Belə bir məşhur fikir var: "Dünya bir pəncərədir, hər gələn baxar gedər...” Həqiqətən də, belədir, lakin kimlərsə bu pəncərədən çox baxır, kimlərinsə ömür payına "pəncərədən” az müddət baxmaq nəsib olur... Yaşar Nuri də bu "həyat pəncərəsindən” az müddət baxa bildi. Ancaq bu gün böyük sənətkarımızın əziz xatirəsi yaratdığı obrazlarla yad edilir və hər zaman ürəklərdə yaşayır.
Kaspi 2019.- 4 sentyabr.-
S.12.