“Savadlı insan
özünü tərifləməyə ehtiyac duymur”
Cəmilə Tağızadə:
Sənət adamı özünə, gördüyü
işlərə qiymət verməyə
çalışmamalıdır
Həmsöhbətimiz bir çox seriallarda müxtəlif obrazları ilə tamaşaçıların ürəyinə yol tapan Cəmilə Tağızadədir. Ən böyük arzularından biri rejissorlar tərəfindən hələ indiyə qədər ona təklif edilməyən obrazları canlandırmaqdır. Ana olduqdan sonra bu arzusunu həyata keçirmək üçün çalışacağını və ürəyində nisgili qalan obrazları canlandıracağını deyir. Ailə qurduqdan sonra Türkiyəyə köçərək özünə yeni bir həyat qursa da, doğmaları və dostları üçün darıxdığını deyir.
- Ailə qurduqdan sənətdən uzaq
düşdünüz. Yenidən
qayıtmaq fikriniz varmı?
- Hər bir qadın kimi, mən də ana olmağı arzulayıram. Övladımı böyüdüb, onunla gözəl zaman keçirmək istəyirəm. Ailə qurduqdan sonra yaradıcılığımda bir qədər durğunluq yaşandı. Ancaq bu o demək deyil ki, mən sənəti tərk etmişəm. Bir müddət sonra yenidən fərqli layihələrlə tamaşaçıların görüşünə gələcəm.
- Bundan sonra hansı obrazları canlandırmaq istəyərdiniz?
- Bu günə qədər bir çox obrazlar canlandırmışam. Ərafımda müxtəlif xarakterlərə sahib insanlar var. Bəzən onları filmdə canlandırmağı çox istəyirəm. Şıltaq, saf, cəsur obrazlarla bərabər, mənfi obrazlar da canlandırmışam. İstərdim ki, psixoloji problemlərlə üzləşən, xəstə yatağında can verən, həbsxana şəraitində yaşayan qadınların obrazlarını canlandırım.
- İndiyə qədər
seriallarda və ya
filmlərdə canlandırdığınız obrazlardan hansı sizin ruhunuza daha yaxın olub?
- Hər obraza öz xarakterimdən az da olsa nələrsə əlavə etmişəm. Ən çox sevdiyim obrazlardan biri "Cehizsiz gəlinlər” serialındakı Hicran obrazıdır. Bu obraz mənə çox böyük uğur gətirdi. "İkinci pərdə” filmində yer aldığım obrazımı da bəyənirəm. Baxmayaraq ki, orada epizodik obrazda çıxışı edirəm. O rol tamaşaçılar tərəfindən çox tanındı və sevildi. Ümumiyyətlə aktrisa bir obrazı canlandıranda, gərək duyğularını saf bir şəkildə ifadə edə, o səmimiyyəti insanlara ötürə bilsin.
-
Tamaşaçılar sizi radio
və televiziya aparıcısı kimi də tanıyır. Səhnə fəaliyyətinizi
davam etdirmək fikrində olsanız, yenidən
aparıcı qismində çalışmaq istəyərdinizmi?
- Etiraf edirəm ki, aparıcı kimi çox da uğur qazana bilmədim. Aktrisa kimi daha çox nailiyyətlər əldə etmişəm. Düzünü desəm, aparıcılıq fəaliyyəti ilə cəmi 3 il məşğul olmuşam. Amma aktrisa kimi 10 il səhnədə fəaliyyət göstərmişəm. Birinci kursdan bu sənətdəyəm. Əslində, televiziya sahəsində çalışmaq fikrim olmayıb. Lakin öz kurs yoldaşlarımdan bu barədə təklif aldım və aparıcı qismində çıxış etməyə başladım. Bu peşə zaman keçdikcə mənim üçün çox cəlbedici görünməyə başladı. Çevrəm geniş idi və buna görə də özümü çox xoşbəxt hiss edirdim. Hətta çalışırdım ki, sənətə yenicə qədəm qoyan insanları verilişlərimə dəvət edib, onları tamaşaçılara tanıdım. Bununla yanaşı, tanınmış, peşəkar aktyorları, aktrisaları, rejissorları da öz verilişlərimə dəvət edir, onlarla bir mövzu ətrafında müzakirələr edirdik.
- Teatrda
çalışmaq fikriniz varmı?
- Əlbəttə, bu mənim ən böyük arzularımdan biridir. Teatrda çalışmaq istəyirəm. Ancaq, müəyyən səbəblərdən hələ ki bu istəyimi gerçəkləşdirmək mənə nəsib olmayıb.
- İstedadlı
insan anlayışı sizin
üçün hansı mənanı
ifadə edir?
- Mən anadangəlmə istedadam (gülür). Düşünürəm ki, hər bir insanın daxilində bir istedad yatır. Hər kəs öz istedadını müəyyənləşdirməli, onu inkişaf etdirməyin yollarını tapmalı və özünü bu sahədə kəşf etməlidir. Bunların hamısını bilən insan özünü xoşbəxt saya bilər. Bununla yanaşı, hər bir şəxs istedadlı olduğu sahədə öz üzərində çalışmalı və peşəsi ilə bağlı müəyyən təcrübələr əldə etməlidir. Bunun üçün də təhsil çox önəmlidir. Qeyd etdiklərimin hamısı vəhdət təşkil etdikdə, hərtərəfli formalaşmış istedadlı bir şəxsiyyət meydana çıxır.
- Bəs siz özünüzü tam formalaşmış istedadlı aktrisa olaraq görürsünüzmü?
- Özümü istedadlı aktrisa kimi qələmə verməmişəm. O qədər təcrübəli, istedadlı aktrisalar var ki, onların işlərinə baxıb örnək götürürəm. Əgər onlara baxıb nəyisə öyrənirəmsə, bu o demək deyil ki, özümü zəif aktrisa kimi hiss edirəm, əsla. Elə aktyor və aktrisalarımız var ki, qətiyyən öz üzərilərində işləmirlər. Lakin hər zaman özlərini hamıdan üstün tutur, hətta sənətkarlarımızı belə unudurlar. Savadlı insan isə heç bir zaman özünü tərifləməyə ehtiyac duymur. Sənət adamı özünə, gördüyü işlərə qiymət verməyə çalışmamalıdır.
- Bir
insan bir neçə
peşəni eyni anda
idarə edə bilmək üçün
hansı bacarıqlara sahib olmalıdır?
- Düşünürəm ki, bu keyfiyyətlərə malik olan insan həddindən artıq istedadlı olmalıdır. Məsələn, dünya şöhrətli aktrisa Cenifer Lopez kimi. O, eyni zamanda həm yaxşı aktrisa, müğənni, xoreoqraf, prodüser, istedadlı aparıcı, iş qadını, həm də yaxşı anadır. Demək ki, insan istedadlı olduqda, hər işi bacarır.
- Türkiyə
ilə Azərbaycan arasında həm mədəniyyət, həm
də kino sahəsində hansı fərqləri
görürsünüz?
- Biz Türkiyənin otuz il bundan əvvəl kino sahəsindəki inkişaf dövrünü yaşayırıq. Amma yenə də hər iki dövlətin kino sahəsini müqayisə edəndə, SSRİ dövründə çəkilən Azərbaycan kinolarının Türkiyənin Yeşilcam dövründə çəkdiyi filmlərindən daha üstün olduğunu görürük. İllər keçdi, onlar bu sahədə daha da irəliləməyə başladılar, biz isə əksinə, geriyə doğru yol aldıq. Bunun əsl səbəblərindən biri də ölkəmizdə gedən qanlı müharibə və onun nəinki kino sənayesinə, digər sahələrə də vurduğu ziyan idi. Bu normal bir haldır və biz ağır müharibə şəraitindən çıxıb, qısa zaman kəsiyində nəinki kino, bütün sferalarda bu qədər inkişaf etmişiksə, bunun özü böyük bir nailiyyətdir.
- Türkiyədə
yaşayan Azərbaycanlı sənət
adamları ilə münasibətləriniz necədir?
- Çox yaxşı münasibət saxlayırıq. Nə yaxşı ki, onlar da İstanbuldadırlar. Özümü tək hiss etmirəm. Amma düşünürəm ki, çevrəni genişləndirmək istəyirsənsə, türk aktyor və aktrisaları ilə də münasibət saxlamalısan. Gərək onlarla eyni layihədə çalışasan. Bu sahədən bir qədər uzaqlaşdığım üçün hələ ki belə bir hal gözlənilmir.
Fidan Salmanova
Kaspi 2019.- 4 sentyabr.- S.12.