Əməl əqidəyə
xidmət edəndə
“Müəllimi olmayan millət hələ millət adını daşımağa layiq deyil”- söyləmişdi böyük fransız yazarı Onore de Balzak. Çox doğru fikir. Millətin millət kimi formalaşmasında, ictimai şüurunun yaranmasında onun maarifinin necə böyük rol oynadığını zaman sübut etdi. Bizi o maarif işığına qərq edən isə ömrünü-gününü şam kimi əridən müəllimlərdir. O, müəllimlər ki, qəlbimizə, şurumuza “ana, vətən, millət sevgisinin toxumlarını” əkdilər. Yeri gəlmişgən bir faktı qeyd edim ki, bu günlərdə bir yazı oxudum. Müəllif çox haqlı olaraq israrla tələb edir ki, (əslində yalvarırdı) hər kəsə “müəllim”- deyə müraciət etməyək. Amanın günüdür, insanlıqdan belə xəbəri olmayan, cibi dolu, başı boş, qəlbi vətən, millət sevgisindən çox-çox uzaq olanlara “müəllim”- deyə müraciət edərək bu müqəddəs peşəni alçaltmayaq...
Onun haqqında çox eşitmişdim. Həssas və xeyirxah insandır, istedadlı və tələbkar müəllimdir, yüksək idarəçilik qabiliyyətinə malikdir, xeyir-şər adamıdır, sədaqətli ömür-gün yoldaşıdır, mehriban, qayğıkeş atadır, babadır. Hər dəfə eşitdiyim bu xoş sözlər qəlbimdə ona qarşı bir daha böyük hörmət və ehtiram hissi yaradırdı. Ömrünün-gününün 50 ilindən çoxunu Qəbələ rayon Nohurqışlaq kənd orta məktəbinə bağlayan, peşəsinin fədaisı olan Yaqub Həmid oğlu Tahirovla bu günlərdə görüşüb, söhbət etdik. Söhbət zamanı bir daha əmin oldum ki, Tanrı onu məhz bu peşə üçün yaradıb. Çox yüksək insani keyfiyyətlərə malik olan Yaqub müəllim təpədən-dırnağa bir əxlaq təcəssümüdür. Sözlərindən, üz-gözündən bir paklıq süzülür... Hiss etdim ki, qarşımda bir zaman müqəddəs sandığımız (küçədə-bayırda görəndə yerişimizi, danışığımızı itirdiyimiz (hörmət əlaməti olaraq) əsl müəllim dayanıb. O, müəllim ki, bizlərə təkcə yazıb-oxumaq dərsi keçmədi, həm də həyat, əxlaq, insanlıq dərsi aşıladı...
Əslində bu belə də olmalıdır. “Ot kökü üstə bitər”- əbəs yerə deyilməyib. Həmid kişi eldə-obada zəhməti, hörməti, böyük-kiçik yeri bilməsi ilə çoxlarına nümunə idi və övladlarını da elə yetişdirdi. Odur ki, bu gün təkcə Nohurqışlaq kəndində, Qəbələ rayonunda deyil, hətta respublikada Həmid kişinin “uşaqları” böyük hörmət-izzət sahibidirlər. Onların arasında alimi də, həkimi də, müəllimi də var və xoşbəxtlikdən hər biri yalnız öz peşəsi ilə deyil, həm də ədəb-ərkanı ilə bu nəslə baş ucalığı gətirir.
1951-ci ilin
dekabrı. Güclü qar
kəndi-kəsəyi ağ örpəyə
bürüsə də, Həmid kişi öz işində-gücündə idi və axşam
çağı aldığı şad
xəbər bütün yornuğunu
ona unutdurur, bir oğul övladı dünyaya gəlir. O, oğul ki, illər sonra bir evin
yox, bir elin sayılıb-seçilən
oğlu olur. 1969-cu ildə Nohurqışlaq
kənd orta məktəbini əla qiymətlərlə başa
vuran Yaqub sənədlərini BDU-nun tarix
fakültəsinə verir
və yüksək qiymətlərlə universitetə
qəbul olur. Bitib-tükənməz arzularla, qayğılarla
dolu olan tələbəlik illərinin
başa vuran gənc tərəddüd
etmədən öz doğma kəndinə üz tutur.
Yaqub müəllim böyük
həvəs və ehtirasla müəllimlik fəaliyyətinə başlayır,
bir müddət sonra ona etimad
göstərilir, bir necə il
Nohurqışlaq, Tüntül,
Yengicə kəndlərinin
icra nümayəndəsi
və Nohurgöl kolxozunun sədri işləyir. Amma bu onun ürəyincə deyildi.
Gənc müəllimin arzusu uzun illər xalqına yanlış təbliğ edilən tariximizin qaranlıq səhifələrinə işıq
salmaq onları, təbliğ etmək idi. Elə bu arzu ilə də yenidən Nohurqışlaq
kənd orta məktəbinə qayıdır
və ömrünü
birdəfəlik bu peşəyə bağlayır.
Təməli 1922-ci ildə qoyulan
Nohurqışlaq kənd
məktəbi əvvəl
7 illik məktəb kimi fəaliyyət göstərib, 1954-cü ildən
tam orta məktəbə
çevrilib. 2006-cı
ildə isə kənddə yeni məktəb tikilib istifadəyə verilib və 2012-ci ildən bu məktəbə Yaqub müəllim rəhbərlik edir.
13 il kecməsinə
baxmyaraq məktəbdə
aparılan səliqə-sahman
işləri onun sanki bu gün
təhvil verilməsini
xatırladır. 1-hektar sahəsi olan məktəbin həyətində
yeni qurğularla yanaşı meyvə bağı da salınıb. İdman zalı
yeni avadanlıqlarla təmin edilib. Keçən il
məktəbin istilik sistemində dəyişiklik
edilərək qazlaşdırılıb.
Ən əsası Nohurqışlaq məktəbində istər dərs zamanı, istər dərsdən sonra müəllim-şagird kollektivi arasında çox böyük nizam-intizam var. Tərbiyə və təhsil qoşa aparılır. Təbii bu işdə məktəb rəhbərliyi ilə yanaşı kollektivin də böyük əməyi var. Hazırda məktəbdə 529 şagirdin təlim-tərbiyəsi ilə 60 müəllim məşğul olur. Onlardan Əzimova Sara, Məmmədova Mahluq, Səlimova Səbinə, Atakişiyev Fazil məktəbin bütün tədbirlərində fəallıq göstərirlər. F.Atakişiyev ötən il “Maarif əlaçısı” döş nişanı ilə təltif edilib.
Keçən və bu il bütövlükdə məktəb kollektivi üçün çox uğurlu olub. 2018-ci ildə rayonlararası keçirilən “Kim? Harada? Necə?” yarışmasında (Qax rayonunda) Nohurqışlaq məktəbi I yeri tutaraq rayon turuna çıxıb. Elə həmin il Qəbələ rayon orta məktəblərində Təhsil Nazirinin əmri ilə rayonlararası təcrübə mübadiləsi keçirilib. Yarışda rayon üzrə cəmi beş məktəb iştirak edib ki, həmin məktəblərdən biri də Nohurqışlaq kənd tam orta məktəbidir. Bu il “Xəzər” TV-də keçirilən “Əlaçı” yarışmasında məktəbin şagirdi Bilal Haqverdiyev I yer qazanaraq mükafatlandırılıb. Türkiyənin İzmir şəhərində keçirilən idman yarışında fəal iştirakına görə məktəbin şagirdi Samid Əhmədov “İzmir futbolunun əlaçısı” medalı ilə təltif edilib. Məktəbdə mütamadi olaraq rayon təhsil şöbəsinin və təcrübəli müəllimlərin iştirakı ilə açıq dərslər kecirilir. Bu təcrübə rayonun digər məktəblərində də yayılır. Bu və ya digər naliyyətlərinə görə məktəbin kollektivi Azərbaycan Respublikası Mərkəzi Həmkarlar İttifaqı Konfedrasiyasının medalına layiq görülüb.
Məktəbdə yüksək səviyyədə qurulan nizam-intizamın və keyfiyyətli təhsilin nəticəsidir ki, məktəbin məzunları hər il ən yüksək balla ölkənin nüfuzlu ali məktəblərinə qəbul olurlar. Məktəbin 18 şagirdi 600 bal toplayıb. Zeynəb Hacıyeva (683 bal), Nərgiz Tahirli (677-bal) rayon üzrə ən yüksək balla alı məktəblərə qəbul olunublar. Hazırda məktəbin iki məzunu Prezident təqaüdü alır. Üç nəfər isə fənn Olimpiadasının qalibi olub. İkisi qızıl, biri gümüş medalla mükafatlandırılıb. 2010-2011-ci illərdə məktəb pedaqoji naliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Respublikanın “Ən qabaqçıl məktəbi” adına və 10 min manat mükafata layiq görülüb.
Əlbəttə, bütün bu uğurların qazanılmasında daha çox Yaqub müəllimin əməyi var. Çünki, istər hər bir ailədə, istər hər bir müəssədə sağlam mühitin yaranmasında, təlim-tərbiyənin qurulmasında onun böyünün rolu danılmazdır. Təbii ki, burada əsas rolu Yaqub müəllimin böyüdüyü ailə ilə yanaşı, bu gün özünün ağsaqqalı olduğu ailə də mühüm rol oynayır. Üç oğul, bir qız atasıdır. İşi kimi ailəsi də çoxlarına nümunədir. Əlbəttə, həyat yolunda rastlaşdığı çətinliklərin də, ailə qayğılarının həllində ömür-gün yoldaşı Müşgünaz xanımın da rolu böyükdür. Uzun illərin sınağından üzü ağ çıxan ailədə qarşılıqlı hörmət hər şeydən üstün olub ki, bu gün onlar xoşbəxt baba və nənədirlər...
Yaqub müəllimdən ayrılarkən rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Şəxsiyyəti valideyin, ruhu isə müəllim tərbiyə edir” sözlərini xatırladım. Nə xoş ki, o, məktəbdə, o ailədə Yaqub müəllim kimi ziyalı var. Var olun Yaqub müəllim! Nə yaxşı bu gün Sizin kimi bu peşənin (hər bir çətinliklərinə baxmayaraq) fədaiəri var.
Qərənfil
Dünyaminqızı,
Əməkdar jurnalist
Kaspi 2019.- 4 sentyabr.- S.15.