Bizə “Mirzə Cəlilin Azərbaycanı”nı göstərəcəklər

Tahir Tahiroviç: “Bu filmdə materiallarımızı və müşahidələrimizi görüb, mütəfəkkiri daha yaxından tanıyacaqsınız”

Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə” kinostudiyasında "Mirzə Cəlilin Azərbaycanı” adlı tammetraflı sənədli filmin çəkilişlərinə start verilib.

Filmin rejissoru Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü Tahir Tahiroviç, ssenari müəllifi Nadir Bədəlov, operator isə Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərli, icraçı prodüseri Kamil Məmmədov, prodüseri Nazim Hüseynovdur.

Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin çəkilişləri ədibin dünyaya gəldiyi Naxçıvan şəhəri, Nehrəm kəndi də daxil olmaqla, Ağcabədi rayonundaQori şəhərlərində lentə alınıb. Süjetlər əsasən Mirzə Cəlilin əsərlərinin motivləri və personajları üzərində qurulub.

Filmin rejissoru Tahir Tahiroviç film haqqında ən son məlumatları bizimlə bölüşdü.  Bildirdi ki, artıq çəkilişin 60 faizi bitib: "Filmin ssenarisinə bir az ironiya qatmağa çalışdım, çünki Mirzə Cəlilin yaradıcılığına nəzər yetirsəniz, onun əksər hissəsinin ironiyadan ibarət olduğunu açıq şəkildə hiss edəcəksiniz. Cəlil Məmmədquluzadənin əsərləri elə onun ironiyasında gizlənir. Çünki  onların əksəriyyəti ironiya üzərində yazılıb. Filmin çəkilişləri  Naxçıvanda - Nehrəmdə gerçəkləşdi. Təbii ki, Mirzə Cəlilin Naxçıvanla bağlı olan həyat hekayəsinin vizual çəkilişlərini həyata keçirdik. Belə ki, orada onun anadan olduğu ev və adını daşıyan teatrsair məkanlar bu filmdə yer aldı. Məlumat üçün bildirim ki, filmin əsas hissəsi çəkilib. Təbii ki, bu çəkilişləri də onun ev muzeyində gerçəkləşdirəcəyik. O çəkilişləri də gələn həftə üçün planlaşdırmışıq”.

Rejissor C.Məmmədquluzadənin yaradıcılığının əsas qayəsi olan "Molla Nəsrəddin” jurnalının nəşrə başladığı dönəmi təsvir etməyin vacibliyindən danışdı: "Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoyub  biz filmdə bunu da qeyd etdik. XX əsrin əvvəllərində yaranan və dərhal ümumxalq tribunasına çevrilən, ətrafına milli-azadlıq, azərbaycançılıq məsələsi ilə alovlanan ədəbi qüvvələri toplamış "Molla Nəsrəddin" jurnalı yeganə mətbuat orqanı idi ki, bütöv bir xalqı "deyib gəlmişdi", bütöv bir xalqın güvənc yerinə çevrilmişdi. Biz hazırladığımız filmdə bu nüansları da vurğuladıq. Bu günə qədər  Mirzə Cəlilin haqqında bir çox məqalələr dərc olunub, materiallar hazırlanıb.  Bu gün onun haqqında əlavə söz deməyə, materialların  bərpasına ehtiyac yoxdur”.

T.Tahiroviç Mirzə Cəlilin ev muzeyində çəkiliş apardıqlarını və orada mütəfəkkirin ruhunu duyduğunu dilə gətirdi: "Ağcabədinin Kəhrizli kəndində yaradılan Cəlil Məmmədquluzadənin xanımı Həmidə xanımın ev muzeyində olduq. Orada böyük ədibin  həyat  və yaradıcılığına aid eksponatlar,  ailəsinə məxsus məişət əşyaları, o cümlədən  yazıçının əsərləri,  müasirlərinə aid sənədlər, müəllifi olduğu satirik "Molla Nəsrəddin” jurnalının nömrələri   nümayiş olunur. Hər şeyi o qədər təbii idi ki...  Hesab edirəm ki, bu muzeyin  qorunub saxlanılması Azərbaycan ədəbiyyatı üçün böyük bir töhfədir. Təsəvvür edin ki,  bu muzeydə, C.Məmmədquluzadə dünyasını dəyişdikdən sonra heç nəyə əl dəyilməyib, təbii, olduğu kimidir. Biri var xatirə muzeyi, birvar ev muzeyi. Ev muzeyini aerokassa kimi, necə istəyirsənsə, elə də düzəltdirə bilərsən. Amma ev muzeyini aerokassa etmək olmur. Bütün dostlarıma, eyni zamanda sizə də məsləhət görürəm ki, Cəlil Məmmədquluzadənin necə yaşadığını bilmək istəyirsinizsə mütləq şəkildə onun yaşadığı o evə, ev muzeyinə baş çəkin. Çünki həqiqətən mükəmməldir”.

Rejissordan filmdən gözləntilərini xəbər alırıq. O deyir ki, Nadir Bədəlovun ssenarisində oxuduqlarını yox, düşündüklərini çəkməyə üstünlük verib: "Mən bir az ssenariyə fərqli yanaşdım. İstəyirəm ki, Mirzə Cəlilin obrazlarını real olaraq cəmiyyətimizdə göstərək. Əslinə qalsa, Mirzə Cəlilin obrazları bu günbizim aramızda yaşayırlar. Məgər bu gün Kefli İsgəndərlər, Şeyx Nəsrullahlar yoxdurmu?  Təbii ki, Mirzə Cəlil haqqında indiyə kimi yetərincə film çəkilib. Ancaq bu filmdə siz Mirzə Cəlili olduğu kimi görəcəksiniz.  Biz sizə Mirzə Cəlilin Azərbaycanını göstərəcəyik. Onun özünü göstərməyə heç ehtiyac yoxdur. Mirzə Cəlil əslinə qalsa, bizim müasirimizdir. O, çox böyük keçmişdə dünyasını dəyişməyib. Bu filmdə siz yaxşı materiallarımız və  müşahidələrimizi görüb, mütəfəkkiri daha yaxından tanıyacaqsınız”.

Müsahibimizlə söhbətimizdə müasir dövrdə dahi mütəfəkkirlər haqqında çəkilən filmlərin tamaşaçılar üçün nə qədər maraqlı olub-olmayacağı barədə də danışdıq. Müsahibimiz qeyd etdi ki,  dahi sənətkarlardan bəhs edən tammetrajlı sənədli filmlər insanların kütləvi marağına  səbəb olmur: "Bəzi səbəblərdən bizdə sənədli filmlərə o qədər də böyük maraq yoxdur. Heç sənədli filmlərin kütləvi nümayişiyoxdur. Siz uyğun bir vaxtda Mədəniyyət və İctimai Telekanallardan başqa hansı televiziyada sənədli filmin nümayiş olunduğunu görübsünüz? Biz insanlara bu sənədli filmləri təqdim etməyə yer, məkan tapa bilmirik”.

T.Tahiroviç vurğuladı ki, sənədli filmlər Nizami Kinoteatrında nümayiş olunduqdan sonra onlara o qədər də diqqət və tələbat olmur: "Sənədli filmlər çəkildikdən sonra uzaqbaşı "Youtube” səhifəsinə yerləşdirilər, orda da 15-20 baxış ola, ya olmaya. Gəlin qəbul edək ki, sənədli filmlərə maraq yoxdur. Təbii ki, göstərilsə, təbliğatı olsa, bu filmlər də baxılar. Məsələ onun harda və necə göstərilməsidir. Diqqət edin, bu gün kifayət qədər seriallar çəkilir və günün əksər hissəsində efirlərdə  "Tezliklə,” anonsları gedir.  Amma bir sənədli filmin anonsu gedirmi? Yaxşı, bəs niyə sənədli filmlərin reklamı serialların reklamı kimi getmir?”

 

Qeyd edək ki, "Mir Cəlilin Azərbaycanı” tammetrajlı sənədli film 52 dəqiqə nəzərdə tutulub. Filmin noyabr ayında başa çatacağı planlaşdırılır. 

 

Xəyalə Rəis

Kaspi  2019.- 5 sentyabr.- S.14.