Müştərək
regional layihələr, enerji və neft strategiyasının
uğurları
Müştərək regional layihələr, enerji və
neft strategiyasının uğurları Azərbaycanda dövlət
müstəqilliyinin bərpa olunması (1991) uzun illər
gözlənilən bir arzunun həyata vəsiqə alması
idi. Amma
SSRİ-nin dağılması xalqımızı ciddi və
çətin sınaqlarla da üz-üzə qoydu: Ermənistanın
hərbi təcavüzü nəticəsində Azərbaycan
torpaqlarının bir hissəsi müvəqqəti də olsa
itirildi, bir milyonadək soydaşımız yurd-yuvasından
didərgin salındı, ölkə onlarca qanlı terror hadisəsi,
dövlət çevrilişi, vətəndaş müharibəsi
kimi hadisələrlə sınağa çəkildik. Daxildə qeyri-qanuni silahlı birləşmələrin
özbaşınalığı günün
reallığına çevrildi. Bu
ağır sınaqları dəf edən Azərbaycan müstəqillik
tarixinin yeni səhifələrini yazdı, ən önəmlisi
də qanlar bahasına qazanılan müstəqilliyimizi qorudu,
dövlətçiliyimizi möhkəmləndirdi.
Bütün bunlar Ulu
Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin
bəhrəsi idi. Bu siyasəti prezident
İlham Əliyev "Heydər Əliyev tərəfindən
müəyyən edilmiş neft strategiyası Azərbaycana
böyük uğurlar gətiribdir. Azərbaycana
böyük həcmdə sərmayə qoyulubdur, yeni
infrastruktur yaradılıbdır, neft kəmərləri
tikilibdir və tikilməkdədir. Bir
sözlə, neft strategiyası bizə imkan verir ki, bu gün də,
gələcəkdə də neftdən əldə olunan gəlirlərdən
səmərəli istifadə edərək, Azərbaycanı hərtərəfli
inkişaf etdirək, xalqımız üçün gözəl
şərait yaradaq” deyə dəyərləndirirdi.
2003-cü ilin dekabrında Ulu Öndərin ölüm xəbəri
bəzi düşmən qüvvələri sevindirsə də,
Azərbaycanın qazandığı müstəqilliyin və
siyasi kursun dönməzliyi, etibarlı əllərdə olduğu
ilk günlərdən təsdiqini tapdı. Azərbaycan
Respublikasının yeni seçilmiş prezidenti İlham
Əliyevin andiçmə mərasimində söylədiyi
geniş nitq ölkədə Heydər Əliyev siyasətinin
davam etdirildiyini bir daha təsdiq etdi. Elə
bu tədbirdə – prezident seçilməsi münasibətilə
"Gülüstan” sarayında keçirilən rəsmi qəbulda
iştirak edən xarici ölkələrdən gəlmiş
qonaqları salamlayan İlham Əliyev ölkənin gələcək
xarici siyasətinə önəm verməklə Türkiyə-Azərbaycan
münasibətləri haqqında deyirdi: "Türkiyə
bütün sahələrdə daim Azərbaycana dayaq və
arxa olmuşdur. Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra ilk olaraq ölkəmizi tanıyan məhz
qardaş Türkiyə olmuşdur. Biz daim belə bir ifadəni
işlədirik: Türkiyə haradadır, Azərbaycan da
oradadır, Azərbaycan haradadır, Türkiyə də oradadır”.
Eyni zamanda, Türkiyə 1970-1980-ci illərdə
yaşadığı dərin iqtisadi böhrandan
çıxış yollarını yeni yaranmış
Türk dünyası ilə iqtisadi əlaqələrin
qurulmasında görürdü. Hətta Turqut Özal
hökumətində "Türkiyədə güclü
xarici siyasətin həyata keçirilməsinin yalnız
iqtisadiyyatı gücləndirməklə mümkün
olacağı düşünülürdü” [Erkan Ertosun.
Turgut Özal’ın Ekonomi Odaklı Dış Politikası:
Yunanistan’a Yönelik "Zeytin Dalı” Diplomasisi Örneği,
2016, s.39]. Statistikaya nəzər salanda da görünür ki,
Türkiyənin Azərbaycanla ticarət əlaqələri
digər türk dövlətləri ilə müqayisədə
daha balanslıdır: Azərbaycanın idxalda əsas tərəfdaşları
siyahısında Türkiyə 2006-cı ildə 4-cü,
2007-2010-cu illərdə isə 2-ci mövqeyə sahib
olmuşdur.
Hadisələrin sonrakı inkişaf tendensiyası da
göstərdi ki, ki, İlham Əliyevin prezidentliyi
dövründə Heydər Əliyev siyasəti nəinki
uğurlu davam etdirilmiş, eyni zamanda, bu siyasət daha da
gücləndirilərək özünü təsdiq
etmişdir. Göründüyü kimi, Azərbaycanın iqtisadi
cəhətdən güclənməsi onun xarici siyasətinə
də müsbət təsir göstərmişdir. Bu, özünü Azərbaycan–Türkiyə
münasibətlərində də hiss etdirmişdir.
Türkiyəyə ilk rəsmi səfərində də bu
inam açıq şəkildə Azərbaycan prezidentinin
dilindən eşidilmişdir: "Mən Türkiyədə dəfələrlə
olmuşam. Türkiyə mənim
üçün doğma, əziz ölkədir,
hamımızın vətənidir, amma prezident kimi bu, mənim
ilk səfərimdir. Mən əminəm
ki, ölkələrimiz bundan sonra da bir-birinə dayaq, arxa
olacaqdır, biz daim birlikdə olacağıq”. Elə o
vaxt Azərbaycan prezidenti Türkiyə Böyük Millət Məclisindəki
nitqində bildirirdi: "... Bir neçə ildən
sonra, bütün bu regional, irimiqyaslı layihələr həyata
keçiriləndən sonra Azərbaycan və Türkiyə əl-ələ
verərək, uğurla irəliyə gedəcəklər.
Bölgədə Türkiyəsiz, Azərbaycansız heç
bir əməkdaşlıq, işbirliyi, regional işbirliyi
mümkün deyildir. Bu, bizim böyük nailiyyətimizdir”.
Tarix də göstərdi ki, Azərbaycan ilə Türkiyə
işbirliyindəki münasibətlər hər gün daha da yüksəlməkdədir
və bu, hər iki dövlətin başlıca hədəflərindəndir.
"Xəzər
hövzəsinin və Azərbaycanın zəngin neft və
qaz məhsullarının dünya bazarlarına iki dost ölkə
– Gürcüstan və Türkiyə ərazisindən nəql
olunması ideyasının əsasında da Azərbaycan
dövləti dayanır” [Bülent Aras. Azerbaycan
ile Yeniden. "Sabah” qaz., Ankara, 2009,
01 temmuz]. Önəmli faktdır ki, Türkiyə
və Azərbaycan arasında enerji əməkdaşlığı
sahəsində qarşılıqlı asılılıq
mövcuddur. Enerji ehtiyatlarının
dünya bazarlarına çatdırılmasında müttəfiqlik
hər iki dövləti üç böyük neft və qaz
layihəsi – Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum
qaz kəməri və "Cənub Axını” bir-birinə
daha sıx bir şəkildə birləşdirmişdir.
"Azərbaycanın təşəbbüsü ilə
reallaşdırılan Bakı–Tbilisi–Ceyhan neft,
Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri,
Bakı–Tbilisi–Qars dəmir yolu və digər transmilli nəqliyyat-kommunikasiya
layihələri... Türkiyənin regionda lider,
aparıcı dövlət statusunu xeyli möhkəmləndirmiş
və onun Azərbaycanla, Gürcüstanla strateji regional tərəfdaşlıq
münasibətlərini gücləndirmişdir” [Həsənov
Ə. Azərbaycan Respublikasının milli inkişaf və təhlükəsizlik
siyasətinin əsasları. Bakı, "Zərdabi LTD”,
2016, s.367].
2002-ci ildə
əsası qoyulan Bakı–Tbilisi–Ceyhan (BTC) layihəsinin
2006-cı il iyulun 12-də
açılışı olur. Türk tədqiqatçıların
da yazdığı
kimi "2006-cı ildən 2016-cı ilin
üçüncü rübünədək BTC, təxminən,
2.55 milyard barel və ya 341 milyon ton xam neft ixrac etmişdir. Ceyhan limanına çatdırılan neft buradan da
tankerlər vasitəsilə dünya bazarına
çıxarılırdı. Fərqli hesablamalara
görə, Türkiyə BTC-dən aldığı tranzit
haqqı, vətəndaşları üçün
yaratdığı iş imkanları ilə birlikdə orta
hesabla 5 milyard dollar qazanca nail olmuşdur” [Bal
Harun, Alper Ali Eren. Bakü–Tiflis–Ceyhan Petrol Boru Hattı ve
Türkiye Ekonomisine Etkileri . //
Ç.Ü. Sosyal Bilimler Enstitüsü Dergisi, Cilt 19,
Sayı 3, 2010, s.352]. Bu neft kəməri
Türkiyənin region dövlətləri ilə siyasi və
iqtisadi münasibətlərinin də inkişafına şərait
yaratmış və iqtisadi baxımdan strateji əhəmiyyət
kəsb etmişdir. "Xalq qəzeti”nin "Heydər
Əliyev adına Bakı–Ceyhan əsas ixrac neft boru kəməri:
faktlar və rəqəmlər” ["Xalq qəzeti”, 2006, 16
iyul] təqdimatında kəmərin iqtisadi əhəmiyyəti
və səmərəsi
haqqında məlumatlar deyilənləri bir daha təsdiq edir.
Bakı–Tbilisi–Ceyhan neft kəmərinin istifadəyə
verilməsi ilə Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin (SOCAR) Türkiyədə
investisiyalarının həcmi artmış, 2008-ci ildən
sonra isə Azərbaycan şirkətlərinin Türkiyədə
sərmayə yatırımı sürətlənmişdir. 2006-cı ildə ARDNŞ
Türkiyə yanacaq bazarının lideri olan "TURCAS Petrol
A.Ş.” ilə tərəfdaşlıq haqqında müqavilə
imzalamış və 2008-ci ilin may ayında "Petkim
Petrokimya Holdinq A.Ş.”nin 51 faizini 2 milyard
40 milyon dollara almışdır. Bununla da Azərbaycan
Türkiyədə ən böyük sərmayə yatıran
ölkə kimi özünü təsdiq etmişdir. Bu
barədə "Xalq qəzeti”nə müsahibə verən
neft şirkətinin sərmayələr idarəsinin rəisi
Vaqif Əliyev deyirdi: "Beynəlxalq portfelimizdə,
doğrudan da, ən böyük yeri Türkiyədəki layihələrimiz
tutur. SOCAR-ın məqsədi regionun əsas
tranzit qovşağı olan Türkiyədə tam inteqrasiya
olunmuş neft və qaz şirkəti quraraq, ölkəmizin
strateji mövqeyini və bazar potensialını ən
yaxşı şəkildə dəyərləndirməkdir”.
Bunun ardınca İzmirin Əliağa bölgəsində
yeni neftayırma zavodunun tikintisinə başlanmış,
2011-ci ilin oktyabr ayında "Star” neftayırma zavodunun təməli
prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib
Ərdoğan tərəfindən qoyulmuşdur. Bu barədə "Xalq qəzeti”nə
danışan Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə
deyirdi: "Türkiyədə səhmlərinin 61,32 faizi şirkətimizə məxsus olan
"Petkim”i xammalla təchiz etmək məqsədilə yeni
neft emalı zavodunun tikintisinə
başlanılmışdır. Oradakı liman
da genişləndirilir və tezliklə Türkiyənin ən
böyük limanı olacaqdır”.
2001-ci ildə Heydər Əliyev Türkiyəyə səfəri
zamanı Azərbaycan qazının Türkiyəyə
satılması haqqında hökumətlərarası
müqavilə imzaladı, burada təbii qazın
alqı-satqısı da əks olunurdu. Bu müqavilənin
şərtlərinə görə, Azərbaycan
Gürcüstan vasitəsilə Türkiyəyə ildə 6
milyard kubmetr (m3) həcmində qaz satacaqdı. 2002-ci ildə
təməli qoyulan Bakı–Tbilisi–Ərzurum təbii qaz boru xətti
2006-cı ilin sonlarında tamamlandı və "Şahdəniz-1”
yatağından hasil ediləcək təbii qazın Türkiyə
və Avropa bazarlarına çıxarılmasına nail
olundu.
2006-cı ildən təbii qazın bazar qiymətlərinin
qalxması qiymətlərə yenidən baxılmasını
gündəmə gətirdi. Azərbaycanla Türkiyə
arasında enerji məsələsindəki fikir
ayrılığından doğan müzakirələr, nəhayət,
2010-cu ildə yekunlaşdı və iyunun 7-də Azərbaycanla
Türkiyə arasında "Şahdəniz-1” və
"Şahdəniz-2” yataqlarından hasil ediləcək
qazın satış qiymətləri ilə bağlı
müqavilə imzalandı ["Azərbaycan” qəz., 2016,20
aprel]. Bu müqaviləyə əsasən, 2008-ci il aprelin 15-dən Azərbaycandan Türkiyəyə
satılan təbii qazın qiyməti yeniləndi.
2012-ci il iyunun 26-da Azərbaycan və Türkiyənin birgə fəaliyyəti nəticəsində Azərbaycanın təbii qazını Türkiyəyə və Avropaya nəql edəcək TANAP (Transanadolu Qaz Boru Kəməri) müqaviləsi imzalandı. Uğurla gerçəkləşən enerji layihələrinin icrası mətbuatın da ciddi önəm verdiyi mövzulardan olmuşdur. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, daha sonra "Şahdəniz” qazını Türkiyəyə çatdıran Bakı–Tbilisi–Ərzurum xətti iki ölkəni bir-birinə daha da yaxınlaşdırdı. Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, "Cənub Qaz Dəhlizinin reallaşmasında çox böyük addımlar atılıb. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub və bu, tarixi hadisədir. İyun ayında isə TANAP-ın rəsmi açılışı oldu. Beləliklə, Cənub Qaz Dəhlizinin dörd layihəsindən üçü artıq reallaşıb – "Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri və TANAP layihəsi. Dördüncü layihə – TAP qrafik üzrə icra edilir”.
Türkiyə ərazisi ilə 1850 kilometr uzanan TANAP iki qardaş ölkənin iqtisadi həyatında, eləcə də bütün Avropanın sosial və iqtisadi durumunda mühüm hadisədir.
2017-ci ilin oktyabrında regionun nəqliyyat xəritəsini də dəyişdirəcək başqa bir önəmli hadisə baş verdi: Bakı–Tbilisi–Qars dəmir yolu (BTQ) istifadəyə verildi. BTQ-nin xəyal olduğu 1998-ci il sentyabrın 8-9-da Bakıda Avropa ilə Şərq ölkələri arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılması işində mühüm əhəmiyyət kəsb edən Böyük İpək Yolunun bərpasına dair konfrans keçirildi. Türkiyə prezidenti Süleyman Dəmirəlin də konfransda iştirakı layihənin həyata keçirilməsində iki ölkə arasında tərəfdaşlığın dərinləşməsinə stimul vermişdir. Bu hadisədən 9 il sonra – 2007-ci il fevralın 7-də Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə üçtərəfli regional əməkdaşlıq sammiti sənədlərinin imzalanması ilə tarixi bir layihənin təməlinin qoyulması haqqında informasiya mətbuatın gündəmində önəmli xəbər idi. Bu, "Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla yanaşı, regionun nəqliyyat xəritəsini də dəyişdirəcək, Xəzər hövzəsi regionunun və Orta Asiya ölkələrinin Avropa və Çin ilə nəqliyyat əlaqələrinin qurulmasında xüsusi rol oynayacaq bir hadisə idi” ["Xalq qəzeti”, 2017, 31 oktyabr]. Amma bunun heç də xarici ölkələrin, hətta supergüclərin, xüsusilə güclü erməni lobbilərinin təzyiqi olmadan ötüşdüyünü demək olmazdı. Bu təzyiqlərin "...ən diqqətçəkəni ABŞ-dan gəldi. Xüsusilə ABŞ Konqresinin erməni məsələlərinə cavabdeh qrupunun Nümayəndələr Palatasına təqdim etdiyi sənəddə göstərilirdi ki, bu dəmir yolunun tikintisinə yardım göstərməyi Birləşmiş Ştatların şirkətlərinə qadağan edirlər. Konqresmenlərin fikrincə, Qars–Gümrü dəmir yolunu kənarda qoymaq və Ermənistana iqtisadi və ticarət sahəsində ziyan vurmaq ABŞ-ın uzunmüddətli regional maraqlarına zərbə vurur. Konqresmenlərin təkidi 2007-ci ildə onunla nəticələndi ki, ABŞ Konqresi Bakı–Tbilisi–Qars dəmir yolunun maliyyələşdirilməsini ABŞ şirkətlərinə qadağan edən qanun qəbul etdi” ["Xalq qəzeti”, 2017, 31 oktyabr]. Xarici siyasətçilərin də təsdiq etdiyi kimi, "...bölgə erməniləri rus hərbi bazasının Gürcüstandan çıxarılma qərarına, Gürcüstan hökumətinin Türkiyə və Qərb dövlətləri ilə münasibətlərini möhkəmləndirməsinə, Türkiyə və Azərbaycanın Gürcüstanda mövqeyini gücləndirəcək hər cür addıma qarşı çıxıblar”.
Erməni lobbisinin təzyiqləri ilə layihəyə qarşı duran ABŞ indi həqiqətə çevrilən layihəyə tam başqa mövqedən yanaşmağa başlayıb. Təbii ki, iqtisadi maraqların ortaya qoyduğu kifayət qədər geniş arqumentlər BTQ dəmir yolunun böyük potensialını təsdiq edirdi. Nəhayət, 2017-ci il oktyabrın 30-da baş tutan açılış mərasimi vaxtilə "xəyal” adlandırılan bu layihənin reallığını da təsdiq etdi. Bununla da bu mövzu təkcə Azərbaycan və Türkiyə mətbuatının yox, bütün dünya mətbuatının diqqətini çəkdi, o cümlədən Amerika mediası gerçəkləşən Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin açılışını manşet xəbəri kimi təqdim etdi.
Bütün bu uğurların əsasında isə xalqa arxalanan düşünülmüş siyasət dayanmaqdadır. Hələ 2013-cü ilin 9 oktyabr seçkilərinin nəticələrini dəyərləndirən "Xalq qəzeti” yazırdı: "... Xalqın müdrik və dəyişməz seçiminə əsaslanmış ölkə vətəndaşları növbəti dəfə Heydər Əliyev siyasi kursunun zəfərinə, təntənəsinə səs vermişlər. Müdrik xalqımız bu seçimi ilə təkamülə əsaslanan inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini təsdiqlədi. Türkiyənin aparıcı kütləvi informasiya vasitələri prezident İlham Əliyevin seçkilərdəki inamlı qələbəsini geniş işıqlandırdı və dünyaya yaydı. Onu ilk təbrik edən lider də Türkiyə prezidenti oldu”.
Namiq Əhmədov,
Əməkdar
Jurnalist,
”Qızıl Qələm”,
”Araz”, Həsən bəy Zərdabi və TURKSOY-un Ali Media
mükafatçısı
Kaspi 2019.- 5 sentyabr.- S.13.