Xətt-oyma sənətinin yaradıcısı

Onun yaradıcılığı gənc istedadlar üçün örnək, məktəbdir

Azərbaycanda ağacişləmə sənəti qədim tarixə malikdir. Orta əsr müəlliflərinin əsərlərində Azərbaycanda olmuş bir çox səyyahlar yol qeydlərində, xatirələrində ağacişləmə  sənətinin burada geniş yayıldığını qeyd etmişlər. XVII əsrin fransız səyyahı J.Şarden öz yol qeydində yazırdı ki, burada yerli ustalar əla naxışlı qapı, pəncərə, döşəmə, tavan düzəldirlər. Həmin əsərdə səyyah Rafael dyu Man isə qeyd edirdi ki, dülgərlər gözü çox olan böyük pəncərələr hazırlayırdılar. Onların ən çox istifadə etdiyi ağac növü çinarqoz ağacı idi.

Orta əsrlərdə Azərbaycanda ağacişləmə sənətinin mövcudluğu və inkişafına dair ötəri məlumat  Moisey Kalankaytuqlunun "Aqvan tarixi” əsərində də təsadüf olunur (Arif Mustafayev. Azərbaycanda sənətkarlıq (tarixi-etnoqrafik tədqiqat. Bakı, "Altay”, 1999, səh. 127, 165; Fəridə Məmmədova. Qafqaz Albaniyası və albanlar. Bakı, 2005).

Azərbaycanda ağacişləmə sənətinin geniş yayılması onun zəngin meşələrlə əhatə olunması, əhalinin ağacdan hazırlanan məişət avadanlığı və istehsal alətinə olan tələbatı, habelə ictimai-iqtisadi amillərlə bağlı idi.

Quba, Lənkəran, Şamaxı, Şəki, Naxçıvan qəzaları, habelə Kiçik Qafqaz ərazisi inqilaba qədər Azərbaycanda ağacişləmə  sənətinin mərkəzləri hesab edilirdi. Bu ərazidə zəngin ağac növləri ilə əhatə olunan meşələrin mövcudluğu, əhalinin bu sənət növü ilə daha çox məşğul olmasına imkan verirdi. Azərbaycan meşələrində bitən qarağac, palıd, göyrüş, vələş, qaraçöhrə, cökə, nil, dəmirağac, zoğal, alça, yemişan, əzgil, qoz, fındıq, çinar, fıstıq kimi ağac növlərindən ev əşyaları, məişət qabları, təsərrüfat alətləri, nəqliyyat vasitələri hazırlanır, inşaat işində də geniş istifadə olunurdu. Azərbaycanın orta əsr monumental abidələrində, xüsusilə, sarayların fasad və arakəsmələrinin, məscidlərin, minbər və mehrabların bədii tərtibatında oyma və şəbəkə texnikasından geniş istifadə olunmuşdu.

Milli şəbəkəbəndlik sənətinin ən yaxşı nümunələri Gəncə Cümə Məscidinin minbərində və Şəki Xan Sarayının pəncərələrində qalmışdır. Oyma sənəti ustalarına Lənkəran, Astara, Masallı, Quba, Xınalıq, Qonaqkənd və başqa yaşayış məntəqələrində təsadüf olunur.

Şəbəkəbəndlik və oymaçılıq dərin peşə səriştəsi və xüsusi əmək alətləri tələb edən sənət sahəsidir. Həndəsi hesablama bacarığı və bədii kompozisiya qurmaq məharəti tələb edən xətt-oyma texnikasına yiyələnmək çox dərin sənət səriştəsi tələb edir. Oyma əsasən iki üsulla aparılırdı. Birinci üsulla yalnız ağacın bir üzü işlənilirdi. Qusar rayonunun Həzrə kəndindəki XVI əsrə aid edilən Şeyx Cüneydin qəbrinin üstü buna nümunə ola bilər.

Oyma sənətinin ikinci üsulla hazırlanan nümunələrinə misal olaraq muzeylərimizdə qorunub saxlanılan şərbət və ovçala qaşıqlarını göstərə bilərik. Bu qaşıqların hər iki üzünün sapı, oyma üsulla bəzədilmiş naxışlardan ibarətdir.

Şəkidəki Xan Sarayının, Gəncədəki Cümə Məscidinin qapıları oyma üsulu ilə işlənilmişdir. XIX əsrdə Azərbaycanda oymakarlıq, şəbəkəçilik sənət növləri yüksək inkişaf səviyyəsinə çatmışdı. Ağac məmulatının yonulub hazırlanmasında dartı və rəndə, mexaniki yonma işində lisə və əydi, oyuq acmaq üçün burğu (burov), lobur, matqab və müxtəlif formalı isgənə növündən istifadə edilmişdir.

Başqa sənət növlərindən fərqli olaraq, ağacişləmə kənd yerləri üçün daha səciyyəvi olmuşdur. Bədii şəkildə işlənmə texnikasına görə, ağacişləmə sənətində oyma və şəbəkə xüsusi yer tutur. Şərq xəttatlıq məktəbinin ənənələri əsasında yaranan, lakin yeniliyi ilə diqqəti cəlb edən ağacoymakarlıq - xətt-oyma sənəti XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycanın maddi mədəniyyət nümunəsi kimi ən yüksək səviyyəyə qalxır.

Xəttatlıq ilə oymakarlıq sənətinin birgə işlənməsi nəticəsində yeni bir sənət xətt-oyma sənəti yaranmışdır ki, onun yaradıcısı Seyfəddin Mənsim oğlu Məmmədvəliyev olmuşdur. Seyfəddin müəllimin inci sayılan oymaçılıq sənətinə vurğunluğu, elə doğulub boya-başa çatdığı Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd məktəbində təhsil aldığı illərdə başlamışdı. Odur ki, bu sənətlə daha yaxından tanış olmaq məqsədi ilə o, 1955-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olur. 1960-cı ildə məktəbi bitirdikdən sonra gənc məzun rəssamlıq sənətinin sirlərini sevə-sevə doğma kəndi Böyük Mərcanlıda uşaqlara rəsm və rəsmxət fənn müəllimi kimi öyrədir. Lakin içində bu sənətə olan vurğunluğu, gördüyü işi ilə uzlaşmır. Seyfəddin müəllim Bakı şəhərinə gəlir. Tale onu 1964-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlayır. İnstitutda işləyə-işləyə rəssamlıq sənətinin xəttatlıq və oymakarlıq sahələri ilə daha yaxından maraqlanır, biliyini artırmaq üçün 1970-1975-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda oxuyur. İnstitutu bitirdikdən sonra Seyfəddin müəllim yaradıcılıq işləri ilə məşğul olur.

Onun ağac üzərində xətt-oyma əl işləri dünya şöhrəti qazanır. Bu işlərin əksəriyyəti dünya klassiklərinə və Allah-Təalanın müqəddəsi kəlamlarına, Qurani-Kərimdən ayələrə həsr olunmuşdir.

Ustadın klassiklərə həsr olunmuş "Nizami Gəncəvi”, "İmadəddin Nəsimi” (ilk işlərindəndir), "Sultan Məhəmməd”, "Aşıq Qurbani”, "Məhəmməd Füzuli türbəsi”, "Mövlanə Cəlaləddin Rumi”, "Hüseyn Cavid”, "Leyli və Məcnun”, "Babur Şah”, "Üzeyir Hacıbəyli”, "Əlişir Nəvai”, "Xaqani Şirvani”, "Məhsəti Gəncəvi”, "Məhəmməd Füzuli”, "Muhəmməd Allahın Rəsuludur”, "Şah İsmayıl Xətai”, "Şəmsi Təbrizi”, "Nəsrəddin Tusi”, eyni zamanda müqəddəs kəlamların əks olunduğu möhtəşəm əsərləri və s. onu deməyə əsas verir ki, o, ağac üzərində xətti oyaraq görkəmli şəxslərin portretlərini böyük bacarıqla yaratmışdır.

Bu, oyma sənətində yeni bir janrın yaranmasına səbəb olmuşdur. Taxta üzərində xətti-oyma əl işlərinin hər biri əsərin kompozisiyasından, mürəkkəbliyindən asılı olaraq, iki-altı ay müddətində başa gəlir. İstedadlı sənətkar bütün əsərlərini qızılağac, fıstıq və qoz ağacları üzərində yaratmışdır.

S.Məsimoğlunun sənət əsərləri dəfələrlə ölkəmizdə və onun hüdudlarından kənarda Türkiyədə, Fransada, Almaniyada təşkil edilən sərgilərdə nümayiş etdirilib.

Seyfəddin müəllimin əsərlərindən nümunələr Berlində İslam Mədəniyyəti Muzeyində və eləcə də respublikamızın muzeylərində, bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun sərgi zalında qorunur və təbliğ olunur.

Seyfəddin müəllimin yaradıcılığına həsr edilmiş məqalələr respublikadaxarici ölkələrdə nəşr olunmuş dövri mətbuat səhifələrində çap olunmuşdur.

Azərbaycan, Türkiyə, Rusiyaİran telekanalları "Ağac üzərində oyma ustası” adı ilə verilişlər hazırlayaraq, görkəmli sənətkarın yaratdığı yeni sənət nümunələri ilə tamaşaçıları tanış etmişlər. Regionların İnkişafı İctimai Birliyinin layihəsi çərçivəsində "Çoban bulağından başlanan yol” adlı kitabı da çap olunub (2011). Kitabda xətt-oyma ustasının məqalələri, bədii yazıları və haqqında yazan tanınmış sənət adamlarının xoş xatirələri toplanmışdır.

"Deyimlərim... Duyumlarım...Düyünlərim” kitabı 2014-cü ildə, "Xəttin sənət möcüzəsi” kitabı isə (elmi redaktoru akademik İsa Həbibbəyli, ön sözün müəllifi Ziyadxan Əliyev, "Şərq-Qərb)  2016-cı ildə işıq üzü görmüşdür. Kitabda Seyfəddin Mənsimoğlunun ağacoyma ilə xəttatlıq sənətini birləşdirən əsərlərinin fotoları əks olunmuş, haqqında Azərbaycan,  ərəb və ingilis dillərində məlumat verilmişdir.

Allah Seyfəddin müəllimə xətt-oyma sənətinə yiyələnmək üçün xüsusi istedad nəsib etmişsə, ədəbiyyat sahəsinin duyumlarını da hiss etməyi ondan əsirgəməmişdir. Müşahidələri, keçdiyi ömür yolu və gəldiyi nəticələrə görə, onun qələmə aldığı hekayələrində, bədii yazılarında, şeirlərində sənət haqqında orijinal fikirləri var:

*Hər bir sənətin əsasında zövqduyğu dayanır, sadəcə onları hərəkətə gətirmək və istiqamətləndirmək lazımdır. Allah hər kəsə bir ömür tale yolu verib.

*Hər kəs həmin payı yaşayır və həmin yolu keçir. BirAllah hər kəsə bir qabiliyyət verir. Birisinə çox, birisinə də sıfır həddində.

*İnsan insan kimi yaşadıqca, onun ömrü mənalı olur, yoxsa ömrün qısa və uzunluğu heç bir əhəmiyyət kəsb etmir. Mənalı ömür isə düşüncə ilə mümkündür, maddiyatla yox.

*İnsanı insan edən onun cismani varlığı deyil, aləmində olan batini duyğularıdır...

Bu duyğular yetəri olmayanda, Seyfəddin müəllim  oyma alətlərini qələmlə əvəz edir.  Tanınmış yenilikçi sənətkar Seyfəddin Mənsim oğlu Məmmədvəliyev respublikada və beynəlxalq miqyasda təşkil edilən sərgilərin iştirakçısıdır. Rəssamlar İttifaqının üzvüdür. O, "Əməkdar Mədəniyyət İşçisi” fəxri ada layiq görülmüşdür.

Seyfəddin müəllimin sənətə olan vurğunluğunun təsiri özünü övladlarında da göstərdi. Belə ki, böyük oğlu, görkəmli miniatürçü, istedadlı rəssam Fəxrəddin Məmmədvəliyevin əsərləri yalnız respublikamızda deyil. Avropa və Şərq ölkələrində də tanınır, yüksək qiymətləndirilir. İkinci oğlu Firudin bacarıqlı xəttat kimi tanınır. Üçüncü oğlu Səbuhi isə mahir fotoqrafdır. Mən deyərdim bu, irsi bir istedaddır. Ataları kimi, onların yaradıcılıq işləri də böyük diqqətə layiqdir.

Seyfəddin Məmmədvəliyevin yaradıcılığı gənc istedadlar üçün  örnək, məktəbdir. Bu məktəbdən bəhrələnməyi onlara tövsiyə edirəm.

 

Esmira Cavadova,

tarix üzrə fəlsəfə doktoru, dosent

Kaspi  2019.- 10 sentyabr.- S.15.