“Sığmazam” dünyaya səs saldı
Böyük Nəsiminin poeziyası
məşhur Sami Yusufun
ifasında alqışlarla
qarşılandı
Dünən dünyaca tanınmış
məşhur ifaçı
Sami Yusufun böyük
Azərbaycan mütəfəkkiri
və şairi İmadəddin Nəsiminin
"Sığmazam” qəzəli
əsasında yeddi dəqiqəlik kompozisiyası
gündəmi zəbt
etdi. Sami Yusuf bu kompozisiyanı Heydər Əliyev Mərkəzində
keçirilən YUNESKO-nun Ümumdünya
İrs Komitəsinin
43-cü sessiyasının açılış
mərasimindəki konsert
proqramında səsləndirilib.
Müğənnini 57 nəfərlik böyük bir komanda müşayiət edib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan ekran işinin yaradıcı prodüseri
və rejissoru Andrey Boltenko, kompozisiyanın bəstəkarı
isə Sami Yusuf özüdür.
Kompozisiya böyük maraqla qarşılanıb və
Youtube.com portalında yerləşdirilən
videoya 15 saat ərzində 100 mindən
çox baxış olub. Gündəmi zəbt edən
kompozisiya ilə bağlı layihədə
iştirak edən sənətkarlarla danışdıq.
Onlar öz təəssüratlarını
bizimlə bölüşdülər.
Mədəniyyərt Nazirliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və
innovativ inkişaf şöbəsinin müdiri
Vasif Eyvazzadəbildirdi
ki, Sami Yusuf bir neçə dəfə Azərbaycanda konsert proqramı ilə çıxış edib,
bu dəfəki konserti isə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının
açılış mərasiminə
təsadüf edib:
"Konsert proqramının
rəhbəri və musiqi müəllifi Sami Yusufun özü idi. Konsertdə nümayiş olunan
kompozisiyalardan biri də Nəsimiyə həsr olunmuşdu. Çünki bu il Nəsiminin
650 illik yubileyi qeyd olunur. "Sığmazam” qəzəlinin
həmin konsertdə bu formada təqdim
olunması əsas ideyalardan biri idi. Konsertdə dünyaya öz
mədəniyyətimizi nümayiş
etdirməli idik.
Proqram çərçivəsində Qobustan, Şəki Xan Sarayı və onun tarixi,
Azərbaycanın gələcəyə
baxışı və
onun bu günü,
Şirvanşahlarla bağlı
maraqlı bir kompozisiya baş tutdu. Hazırda onlardan "Youtube”
üzərindən üç
kompozisiyanın paylaşımı
edilib. Onlardan biri də
"Nəsimi”dir. Bu kompozisiya
geniş auditoriya tərəfindən bəyənilib
və yüksək qiymətləndirilib. Bu layihə Azərbaycan mədəniyyətinə, tarixinə
verilən bir dəyərdir. Sami Yusufun ifasında, ruhunda Nəsimi poeziyasının yenidən
canlandırılmasıdır. Bu da Nəsimi
auditoriyası üçün
böyük bir hədiyyədir”.
Layihədə iştirak edən
Xalq artisti Təyyar Bayramov deyir ki, bu
konsert ölkəmizin
təbliği və tanıtımı üçün
önəmli layihə
olduğundan, burada yer almağın sevincini yaşayır:
"Bizim üçün
çox önəmli
bir tədbir idi, oradan böyük
təəssüratla ayrıldıq.
Konsertdə Birinci vitse-prezident Mehriban Əliyeva və ziyalı təbəqənin
nümayəndələri, nüfuzlu mövqeyə
sahib iş adamları,
eləcə də əcnəbilər iştirak
edirdi. Kompozisiya iyunun 30-da səsləndirilib.
Konsertdən iki ay öncə
Sami Yusuf oğlumla birlikdə
oxumaq üçün
ona müraciət etmişdi. Daha sonra mənə
bildirdilər ki, siz də bu
layihədə iştirak
edəcəksiniz və
Sami Yusufla birlikdə bu kompozisiyanın gözü olacaqsınız.
Oğlumla birlikdə bu
layihədə iştirak
etdik. Konsertə 9 gün qalmış
ağır məşq
prosesi keçdi.
Hamı həyəcanlı idi, əsərdən heç
kəsin xəbəri
yox idi. Çünki Sami Yusuf "Sığmazam”ı
yeni aranjemanda bəstələmişdi. Sevindirici haldır ki, bütün komanda heyəti azərbaycanlılardan
ibarət idi. Daha çox üstünlük
tar, kaman, balaban ifaçılarına verilmişdi”.
T.Bayramov
qeyd edir ki, oğluyla birlikdə iştirak etdiyi bu layihədən
böyük zövq alıb: "Bu layihə bizim üçün unudulmaz xatirəyə çevrildi. Konsertin ən maraqlı
hissəsi isə onun məşq prosesi idi. Belə ki, məşq prosesində bizi nələrin gözlədiyindən
xəbərsiz idik.
Musiqi yönündə bilmədiyim
istiqamət idi və çətin mərhələlər vardı.
Yəni mahnının harada uzanıb-qısalacağına, harada rabitənin yaranacağına bələd
deyildik. Uzun oxuyanda
da problem yaranırdı,
qısa oxuyanda da. Gərək tam oxuyaydın. Bu baxımdan bir az çətinlik
çəkdik. Təsəvvür edin ki, səhər
9-dan axşam 1-ə kimi
çalışırdıq. Gərgin məşqlər sayəsində
uğurlu bir nəticə əldə etdik. Oğlumla bir layihədə
işləmək gözəl
hissdir, sözlə ifadə edə bilmirəm. Ümid edirəm ki,
uzun müddət bu bizim xatirəmizdən
silinməyəcək”.
Xalq artisti məşq prosesində yaşadığı
maraqlı hadisələrdən
də bəhs etdi: "Sami Yusufla birgə 9 saat gərgin məşq edirdik. Günün sonunda uşaqlar
məşqi yekunlaşdırıb
getmək istəyəndə,
Sami Yusuf gəlib deyirdi
ki, "möhtəşəm
idiniz, əla oldu, hər şey yaxşıdır”.
Sonra əlini yuxarı qaldırıb sözünə davam edirdi: "Amma gəlin hər şeyi yenidən başlayaq”. Təsəvvür edin, getmək
üçün yığışırdıq,
amma o sözdən sonra qayıdıb təzədən hər şeyi yenidən başlayırdıq. Hətta konsert
bitəndən sonra ona yarızarafat dedik ki, "Sami bəy, hər şeyi çox əladır, bəlkə
bir də yenidən başlayaq?”
Təbii
ki, bu yaşananlar
konsertin dadı-duzudur.
Sami Yusuf işinin peşəkarıdır
və sənətini
sevən insandır. Gecə 12-yə
qədər bizimlə
məşq edirdi və sonra da
layihənin üzərində
səhərə qədər
çalışırdı. Baxmayaraq ki dünyaca məşhur ifaçıdır,
çox səmimi biridir. O qədər
sadə, mehriban, səmimi idi ki, bizə gözəl
təəssürat bağışladı.
Onunla işləmək bizim üçün xoş oldu”.
Əməkdar incəsənət xadimi, aşıq Samirə Əliyeva
ifasının qısa olmasına baxmayaraq,
onun üçün
önəmli bir layihə olduğunu
vurğuladı: "Bu layihə
çərçivəsində möhtəşəm bir konsert proqramı ilə
çıxış etdik. Əslində,
layihəyə sadəcə olaraq saz ifa etmək üçün dəvət olunmuşdum.
Əvvəl bu qrupun tərkibində
saz ifaçısı kimi
çıxış edəcəkdim. Çünki
Sami Yusufu Azərbaycan
musiqi alətlərindən ibarət orkestr müşayiət edirdi.
Mənim öhdəmdə isə saz
ifaçıları idi və biz Samini saz
ifamızla müşayiət edəcəkdik. Məşq
prosesində belə bir qərara gəlindi
ki, burada muğamla birgə aşıq ifası da səslənsin. Orda sadəcə
kiçik bir beyt oxudum. Sözün
əsil mənasında möhtəşəm bir
layihə idi. Orkestrdə 5 nəfər
aşıq var idi. Onlar Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri idi”.
Əməkdar artist, "Muğam" instrumental ansamblının bədii rəhbəri, Azərbaycan Milli Konservatoriyasının dosenti Sahib Paşazadə deyir ki, 57 nəfərdən ibarət kollektivin 40 nəfəri işinin peşəkarı olan tanınmış musiqiçilər olub: "Musiqiçilərin rəhbərliyi və konsertmeysterliyi mənə həvalə olunmuşdu. Vaxtımız çox az idi, necə bir kompozisiya olacağından xəbərimiz yox idi. Konsert iyunun 30-u baş tutacaqdı, Yusuf ayın 24-nə qədər öz kompozisiyalarını yazdı. Vaxt az, iş isə çox idi. Mən də Sami Yusufla söhbətimdə ona söz vermişdim ki, əlimizdən gələni edəcəyik ki, hər şey yaxşı alınsın. 3 gün gecəni yatmadıq. Gündüzlər Beynəlxalq Muğam Mərkəzində məşqlər olurdu, daha sonra səsyazma studiyasına gedib o səsləri yazırdıq. Tarların səsyazması bitdikdən sonra kamançalar və digər musiqi alətlərinin səsyazmaları bir-birini əvəzləyirdi. Qrup halında ayrı-ayrı musiqi alətləri ilə çalışırdıq. İstəyirdik ki, hər şey möhtəşəm alınsın. Çox ağır bir proses oldu. 7 gün ərzində dayanmadan çalışdıq. Gərgin əməyin nəticəsində belə möhtəşəm bir konsert proqramı ərsəyə gəldi. Sonda Sami Yusufun özü mənə şəxsən təşəkkür etdi”.
S.Paşazadə Sami Yusufla ötən il Dubayda birgə konsert
proqramında tanış olduqlarını dilə gətirdi:
"Dubayda keçirilən konsertə
müxtəlif ölkələrdən ifaçılar
qatılmışdı, Azərbaycanı isə mən təmsil
edirdim. O vaxt Sami Yusufla dostluğumuz
yarandı. O, bu layihə üçün
bizim Mədəniyyət Nazirliyinə məktub
yazanda, qeyd etmişdi ki, Sahib Paşazadə və onun
orkestri ilə işləmək istəyirəm.
Gözləmirdim ki, bu
kompozisiya belə çox
paylaşılar və məşhurlaşar. İndi
hamı paylaşır və bu da bizi sevindirir.
Sami Yusuf dünyada sevilir və o öz səhifəsində
paylaşdıqda, ona bütün
dünya baxmış olur”.
Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayevbildirir ki, mədəniyyət naziri və nazirliyin nümayəndələri hər gün məşq prosesini izləməyə gəlirmişlər: "Məşq prosesində bizə proqram verilmişdi. Məşqlərin vaxtları orada qeyd olunurdu. Bizə notlar verilmişdi və biz də ona əsasən ifa edirdik. Ona görə də hər kəs eyni nəfəs alıb, eyni nəfəs verirdi. Hər gün nazir bizim məşqlərimizə baxırdı. Nazirliyin işçiləri gəlib bizə nəzarət edirdi. Məşqlər bitdikdən sonra isə səhərə qədər səsyazma studiyasına gedir, işimizi orda davam etdirirdik. Bu layihədə iştirak edən sənətkarlar ölkənin ən nüfuzlu, tanınmış, sevilən sənətkarları idi. Bura bütün dünyadan qonaqlar gəlmişdi. Layihənin rejissoru sonda gəlib bizə dedi ki, təsəvvür etməzdim, konsertimiz bu qədər möhtəşəm alınar. O qeyd etdi ki, dünyanın bir çox ölkələrində konsert proqramı təşkil edib. Amma heç zaman görməyib ki, dünyanın hər yerindən gələn nüfuzlu şəxslər bu cür maraqla sona qədər konserti izləsin və konsert boyu bütün musiqiləri telefona qeyd etsinlər. Hətta dünyanın dörd bir yanından gələn əcnəbi vətəndaşlar bu konsertdən paylaşımlar etmişdilər. "Nəsimi” kompozisiyası Sami Yusufun konsertdən üçüncü paylaşımı idi. Birinci "Şirvanşah Palace”, sonra Sevda Ələkbərzadə ilə bir kompozisiya, üçüncü isə "Nəsimi” idi”.
T.Əsədullayev əlavə etdi ki, konsertdə daha çox milli alətlərə üstünlük verilib: "Bu konsert çox məsuliyyətli idi və orada yer almaq bizə böyük zövq verdi. Sonda isə hər kəs bu konsertdən məmnun qaldı. Sami Yusuf işini bilən, peşəkar insandır. Məşqlərə gələndə, insanlarla o qədər nəzakətli və səmimi danışırdı ki, hər kəsin sevgisini qazanmışdı. Məşq prosesində musiqiçilərlə bir-bir maraqlanır, onları tək-tək dinləyir və səsləri yazırdı. İki gün gecə saat 12-dən səhər saat 9-a qədər səsyazmada olduq. Mən onunla iki kompozisiyanı birlikdə çalışdım. O, mənə notu göstərir və deyirdi ki, onu olduğu kimi ifa edim. Sonra başqa cür ifa etməyimi xahiş edirdi. Bütün səsləri dinlədikdən sonra "ürəyin necə istəyir, elə ifa et” deyirdi. Səsləri özü üçün qeyd edirdi və daha sonra audio versiyasını dinləyirdi. Musiqiçinin fikirlərinə önəm verirdi. Elə şey var ki, notda yazılmayıb, mən özüm ifa edirdim və o bunu daha çox bəyənirdi. Yəni deməyim odur ki, işinin peşəkarı və vurğunu olan bir insandır. Onunla bir layihədə yer aldığıma görə məmnunluq hissi duyuram”.
Xəyalə Rəis
Kaspi 2019.- 11 sentyabr.- S.12.