Mürəbbə - çay mədəniyyətimizin əsas tərkib hissəsi

Xüsusilə qış aylarında faydalı olan mürəbbələr, ölkəmizin tanıdılmasında da özünəməxsus yerə malikdir

"Bir stəkan çaya 2 qaşıq zoğal mürəbbəsini sal, . Gör, xəstəliyi canından necə çıxardır”.

Yadımdadır, bu sözləri uşaq vaxtı nənəm deyərdi. Elə bircə dəfə öskürən kimi, zoğal mürəbbəli çayımızı gətirib məcbur içirərdi. Anama da məsləhət edərdi ki, "qışa tədarükünü yaxşı gör. Mürəbbəni çox bişir, qışda qonağın gələndə üzün olar”. Əslində, nənəm haqlı idi. Mürəbbə qışda qonağa çayla verilən ən gözəl şirniyyat növlərindən biri, hətta ən vacibidir. Mürəbbəsiz içəndə, elə bil çayın da dadı olmur.

Bir az dərinliyinə varanda, mürəbbə bişirmək ənənəsinin köklərinin lap qədim zamanlara dayandığını demək olar. Amma günümüzdə bu ənənə daha geniş vüsət alıb. Belə ki, əvvəllər mürəbbəni meyvədən hazırlayırdılarsa, indi tərəvəzlərin də mürəbbəsini bişirirlər. Məsələn, badımcanın, pomidorun, qırmızı acı bibərin, yerkökünün mürəbbələri olur. Həmçinin zeytundanqozdan da mürəbbə bişirənlər var. Bəlkə də inanmayacaqsınız, amma şam ağacının qozasından belə mürəbbə hazırlamaq mümkündür. Görünən odur ki, ölkəmizdə mürəbbəyə böyük önəm verilir. Azərbaycanın dünyaya tanıdılmasında ən vacib qida növlərindən biri kimi qiymətləndirilir. Bunun da ən böyük göstəricisi "Meyvələrin bəhsi” adlı mürəbbə festivalının ölkəmizdə keçirilməsidir.

Maraqlıdır, bu qədər geniş çeşidi olan mürəbbənin faydası nədir, meyvəni bişirilmiş şəkildə nə qədər müddət bankada saxlamaq olar, meyvələr bişirilərkən tərkibindəki vitaminlər qalırmı?  

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, şəkər xəstələrinin mürəbbədən istifadə etməsi məqsədəuyğun deyil: "Mürəbbə müxtəlif meyvələrin şəkər və ya digər vasitələrin iştirakı ilə konservləşdirilmiş formasıdır. Meyvələri şəkərlə birlikdə qaynadıb bankalara yığıb saxlayırlar. İstənilən məhsul müəyyən dövrdən sonra öz keyfiyyətini itirir, o cümlədən də mürəbbələr. Orada şəkərin şəkil dəyişməsi, xarlanması baş verir. Xüsusilə də zoğal mürəbbəsində bu daha çox olur. Ona görə də mürəbbələrin də istifadə müddəti var. Yaxşı olar ki, mürəbbələr bişirildikdən sonra sərin yerdə saxlanılsın. Təbii ki, mürəbbə xalqımızın çayla içdiyi ən geniş yayılmış şirniyyat növüdür. Amma şəkər xəstələrinin mürəbbədən istifadə etməsi məqsədəuyğun deyil. Çünki mürəbbənin tərkibində hazır qlükoza var”.

Ekspert mürəbbənin qışda yeyilməsinin daha məqsədəuyğun olduğunu vurğulayır: "Ümumiyyətlə, mürəbbənin faydasına gəlincə, təbii ki, insan orqanizminə müsbət təsirləri çoxdur. Meyvənin tərkibindəki bioloji aktiv maddələr, vitaminlər konservləşdirilmiş şəkildə qalır və mürəbbədən istifadə zamanı orqanizmə daxil olur. Düzdür, mürəbbələr artıq hər fəsildə yeyilir. Lakin qışda istifadə olunması daha məqsədəuyğundur. Çünki yayda onsuz da meyvələrin bir çoxu təbii halda var, lazım olan vitamini qəbul edirik. Mürəbbəni qışda yeməklə vitamin çatışmazlığının qarşısını almaq olar. Bəzi mürəbbələrin müalicəvi əhəmiyyəti də var. Məsələn, zoğal, moruq mürəbbəsindən soyuqdəymə xəstəliklərində immun sisteminin möhkəmləndirilməsi üçün istifadə edilir. Yəni, bu mürəbbələr el arasında "türkəçarə” dediyimiz qədim türk təbabətinin bir hissəsidir”.

Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Ələsgərova isə mürəbbənin Azərbaycan çay mədəniyyətinin əsas tərkib hissəsi olduğunu qeyd edir: "Mürəbbələr yalnız hansı meyvənin, tərəvəzin konservləşdirilməsi deyil, Azərbaycan süfrə, çay mədəniyyətinin ayrılmaz bir hissəsidir. Biz çayı mütləq mürəbbə ilə içirik. Onu da qeyd edim ki, mürəbbələr bir neçə növə bölünür. Bunlardan bəziləri bahalı mürəbbələr siyahısına daxildir. Hansı ki, onların bişirilmə prosesi bir az mürəkkəbdir, xammalı da bahadır. Məsələn, qoz, zeytun, ərik mürəbbəsini qeyd etmək olar. Bəziləri də var ki, bir az ucuz başa gələn mürəbbələrdir. Bunlara misal olaraq, qarpız, badımcan mürəbbələrinin adını çəkmək olar. Hətta mürəbbələrin qiymətləndirilməsi çay süfrəsində təqdim olunduğu mürəbbəqabının da növündən asılıdır. Bayaq qeyd etdiyim mürəbbələr daha hündür ayaqlı qablarda, ucuz olanlar isə ayaqsız və qısa ayaqlı qablarda qoyulur”.

Həmsöhbətimizdən mürəbbənin istifadə qaydasını da soruşduq: "Meyvələr nə qədər bişirilsələr də, tərkibindəki qida komponentlərini, vitaminlərin bir hissəsini saxlayır və bu, qışda yemək üçün çox əhəmiyyətlidir. Mürəbbə ifrat dərəcədə istifadə edilməməlidir. Çay süfrələrimizdə gündəlik bir dəfədən çox yeyilməsi məsləhət görülmür. Əgər həddən artıq qəbul edilərsə, orqanizmə ziyan olar”.

Direktor müavininin sözlərinə görə, spesifik olaraq yalnız bizdə hazırlanan mürəbbələr var ki, onlar dünya ölkələrinin də marağına səbəb olur: "Bəzi meyvələr var ki, yalnız bizdə yetişir və yalnız bizdə ondan mürəbbə hazırlayırlar. Bu baxımdan feyxoa meyvəsini misal göstərə bilərəm. Bizim mürəbbəmizi, şəkərə qoyulmuş formasını xarici ölkələrə gedəndə aparırıq və çox böyük marağa səbəb olur. Həmçinin qoz mürəbbəsi. Qoz bir çox ölkələrdə olsa da, onun ləpəsindən istifadə edilir. Qızdan yalnız bizdə mürəbbə hazırlanır. Bu baxımdan mürəbbələrimiz milli kulinariyamızın bir hissəsi kimi ölkəmizin tanıdılmasında böyük rol oynayır”.

 

Günel Azadə

Kaspi.-2019.-12 sentyabr.-S.7.