Azərbaycanda insult mərkəzlərinin
yaradılmasına ehtiyac var
Nuran Abdullayev: Bu
mərkəzlərin qurulması ölkə səhiyyəsində
inqilabi dəyişikliyə səbəb ola bilər
Nuran Elcan oğlu Abdullayev 1989-cu ildə anadan olub. Xarici Dillər
Təmayüllü Gimnaziyanı bitirdikdən sonra Azərbaycan
Tibb Universitetinə qəbul olub. Ali təhsilini
fərqlənmə diplomu ilə bitirərək elə həmin
ildə Almaniyanın Köln Universitet Klinilasının
Radiologiya və Neyroradiologiya İnstitutunda birbaşa işlə
təmin olunub. O, Almaniya və Avropa Radiologiya Cəmiyyətində
doktorluq işinin təqdimatından sonra Köln Universitetində
uğurla müdafiə edib, elmi ad alıb. N.Abdullayev
radiologiya sahəsində ilk dəfə spektral kompyuter
tomoqrafiya vasitəsi ilə sümükdə ödemin vizualizəsinin
mümkünlüyünü sübut edib və bu, elmi
araşdırma şəklində dərc olunub. Beləliklə, müsahibimiz tibb elmləri doktoru,
Almaniyadakı Köln Universitet Klinikasının Radiologiya və
Neyroradiologiya İnstitutunun həkim radioloqu, Alman-Azərbaycan
Radiologiya və Neyroradiologiya Cəmiyyətinin sədri Nuran
Abdullayevdir.
- Nuran həkim, Siz peşə fəaliyyətinizlə
yanaşı, Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyətinə
də sədrlik edirsiniz. Öncə bu cəmiyyət
barədə məlumat vermənizi istərdik. Belə bir qurumun yaradılması hansı zərurətdən
irəli gəlib?
- Təxminən
1 ildir ki, Alman-Azərbaycan Radiologiya və Neyroradiologiya Cəmiyyəti
aktiv fəaliyyət göstərir. Almaniyada bu
qurumu yaratmaq bəzi bürokratik məsələlərdən
sonra o qədər də çətin deyildi. Amma bir tibbi cəmiyyəti bu sahənin ən öndə
gedən mütəxəssisləri ilə birgə qurmaq,
ölkələrarası status almaq və onu aktiv fəaliyyətə
gətirmək asan deyil. Bu baxımdan,
sözügedən təşkilatın sədri olmaq mənim
üçün böyük məsuliyyətdir. Akademik karyeramda qazandığım uğurlar bu cəmiyyəti
qurmağımıza və mənə növbəti iki ildə
ona sədrlik etməyə böyük dəstək oldu.
Cəmiyyətin əsas məqsədinə gəlincə,
hələ illər öncə Azərbaycanda radiologiya və
reyroradiologiya sahəsində rekonstruktiv dəyişikliklər
etmək mənim məqsədlərimdən biri idi. Bu
arzumu dilə gətirəndə çox adam
məni başa düşmürdü. İndi
isə cəmiyyət sədri olaraq məqsədimin ilkin
addımlarını atıram. Sevinirəm
ki, arzularımın, məqsədlərimin tədricən həyata
keçirilməsi Azərbaycana da fayda verir. Misal
üçün, növbəti iki ildə radiologiya sahəsində
olan ən son yenilikləri Azərbaycanda konfrans, simpozium və
praktiki təlimlər vasitəsi ilə nəinki öz sahəmizdən
olan, hətta başqa sahədəki həkim kolleqalara, o
cümlədən həkim rezidentlərə, tələbələrə
və mümkün qədər də tibb təhsili olmayan sadə
vətəndaşlara çatdıracağıq. Bu yolla radiologiya sahəsinə Azərbaycanda
baxış dəyişikliyinin olmasını
arzulayırıq. Yalnız bundan sonra
göstərdiyimiz yenilikləri Azərbaycanda tətbiq edə
bilərik. Önümüzdəki iki ildə
Almaniyada radiologiya və neyroradiologiya sahəsində azərbaycanlı
gənc kadrların hazırlanması və onların ölkəmizə
dönüb çalışması da var. Bu istiqamətdə
artıq Azərbaycan Tibb Universiteti ilə anlaşma memorandumu
imzalamışıq. Düşünürəm
ki, bu imkandan həkim rezidentlər və tələbələr
də yararlana biləcəklər.
- Siz yeniliklərdən
danışdınız. Bu, yeniliklər nədən
ibarətdir?
- 2016-ci
ildən etibarən hər il Bakıda
Almaniyadan olan həkim professor heyəti ilə birlikdə
Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumunu təşkil
edirik. Şəxsi təşəbbüsüm
ilə Azərbaycanda qonaq olan professorlar, o cümlədən
klinika direktorları tibb sahəsində elmi
araşdırmaları ilə dünyada tanınan mütəxəssislərdir.
Onları Azərbaycana gətirə bilmək mənim
üçün ayrı bir qürurdur. Yeniliklərə
gəlincə, ən son tədbirlərimizdə - ulu öndər
Heydər Əliyevin anadan olmasının 95-ci il
dönümünə həsr edilmiş 2-ci Alman-Azərbaycan
Neyroradioloji Simpoziumunda və bu il keçirdiyimiz 3-cü
Alman-Azərbaycan Radioloji və Neyroradioloji Simpoziumunda artıq
Azərbaycanda açılması zəruri olan İnsult Mərkəzlərindən
söhbət açdıq. Məlumat
üçün bildirim ki, Almaniyada bu cür mərkəzlər
1996-cı ildən fəaliyyət göstərir. Son elmi qənaətə görə, əhalisi 1
milyon olan şəhərdə ən azı 2 belə mərkəz
qurulmalıdır. Bu mərkəzlərdə
bütün beyin insult xəstələrinə mərkəzləşmiş
tibbi xidmətlə yanaşı, kəskin vəziyyətdə
beyin damarlarının tutulması nəticəsində
(işemik insult) yaranan insultda tətbiq olunan damardaxili əməliyyatlar
icra olunur. Belə əməliyyatlar nəticəsində
xəstələrin böyük qismi insultdan tam azad olur.
Bu da öz növbəsində ölüm
sayını azaltmaqla bərabər, birbaşa əhalinin uzun
ömürlülüyünə gətirib
çıxardır. Keçirtdiyimiz
konfranslar çərçivəsində Azərbaycanda ilk dəfə
olaraq belə əməliyyatları praktiki təlimlər
şəklində model üzərində azərbaycanlı həkim
yoldaşlarımıza təqdim etmişik. Eyni zamanda, bu sahədə etdiyimiz elmi yenilikləri
onlarla bölüşmüşük.
- Qeyd etdiyiniz İnsult Mərkəzlərində
başqa nələrin icrası mümkün ola
bilər və ya insanlar əlavə hansı xidmətlərdən
yararlana bilərlər?
- İnsultdan ölümün qarşısını
almaq və eləcə də ortalama ölüm
yaşının uzanması səhiyyə sistemində
çox vacib məsələdir. Azərbaycanda belə mərkəzlərin
qurulması ölkə səhiyyəsində inqilabi dəyişiklik
ola bilər. Əgər indiyə
qədər Azərbaycanda beyin insultundan insanlar
dünyasını dəyişirdisə, artıq bu mərkəzlərin
qurulması həmin insanları ölümdən qoruyacaq.
Eyni zamanda, bu mərkəzdə insanlarda beyin
insultundan öncəki mərhələlər
araşdırılıb tapılır və müvafiq əməliyyatlarla
insultun qarşısı tam alınır. Bundan
başqa, belə mərkəzlərdə beyindaxili
damarların başqa patologiyaları da aşkarlanıb
müalicə olunur. Bugünkü elmi statistika bizə
deməyə əsas verir ki, Azərbaycanda təkcə cari ildə
beş yüz min vətəndaş beyin
damarlarının patologiyasından əziyyət çəkir.
Hansı ki, bu adamların özləri diaqnozlarından
xəbərsizdirlər. Onların
diaqnostikası və müalicəsi sözügedən mərkəzlərdə
aparıla bilər. Xüsusilə qeyd etmək
yerinə düşər ki, alman modeli bu insult mərkəzləri
arasında ən etibarlı və müasir olanıdır.
- Tərcümeyi-halınızdan
göründüyü kimi, gənc yaşda öz sahənizdə
nəinki praktiki, eyni zamanda elmi uğurlar qazanan və ilklərə
imza atan gənclərimizdənsiniz. Hazırda elmi fəaliyyətiniz
nə yerdədir?
- İndiyə qədər öyrəndiklərimin, əldə etdiyim hər hansı uğurun arxasında elmi nəticə dayanır. Yəni, istər dini, istər elmi və praktiki baxımdan yanaşsaq, hər bir peşə sahibi davamlı olaraq öz elmini artırmalı, öyrənməyə, yeniliklərə daim açıq olmalıdır. Bu mənada mən də öz üzərimdə hər zaman çalışır, özümü daha da inkişaf etdirməyə səy göstərir, elmi fəaliyyətimi davam etdirirəm. Elmə üstünlük verərək çalışmaq, zəhmətə qatlaşmaq son nəticədə uğurlara gətirib çıxarır. Bu ilin mənim üçün gözlənilməz və xoş xəbəri Almaniya Neyroradiologiya Cəmiyyəti tərəfindən 2019-cu ilin oktyabr ayında Frankfurt şəhərində keçiriləcək 2-ci alman insult məktəbinə ən gənc invaziv neyroradioloq kimi təqaüd qazanmağımdır. Köln Universitet Klinikasından yeganə iştirakçı olmaqla yanaşı, toplam olaraq Almaniyadan cəmi 5 nəfərə bu təqaüd verilib. Təbii ki, bu da məni qürurlandırır. Lakin bununla kifayətlənmək olmaz. Öz uğurlarımdan geniş danışmaq istəməsəm də, kiçicik bir nümunəni də qeyd etmək istəyirəm. Hər il mənim dəvətimlə Almaniyanın tanınmış professor heyəti və böyük klinika rəhbərləri tam təmənnasız olaraq Azərbaycana gəlir, burada təşkil etdiyimiz tədbirlərə qatılır, təcrübələrini, tibbin yeniliklərini həmkarlarımızla bölüşürlər. Onlar elm dostlarımdır və mənə də elmi onlar qazandırıblar. Yəqin ki, onların ümidlərini doğrultmasaydım buralara qədər gəlib çıxa bilməzdim. "Bunu azərbaycanlı olaraq birinci mən eləmişəm” və sair kimi fikirlər mərhələsini çoxdan arxada qoymuşam. Elədiklərimizin və edəcəklərimizin bəşəriyyətə, insanlığa, Vətənimə nə faydası var, ortaya hansı işi qoymaqla dünyaya, o cümlədən Azərbaycana, ölkə vətəndaşına xeyrimiz dəyə bilər suallarına cavab axtaracaq mərhələdəyəm. Düşüncələrimizə uyğun şəkildə hansısa mərhələdə hansısa işə azacıq qatqımız olursa, nə xoş bizim halımıza.
- İndi
Almaniyada yaşayır və fəaliyyət göstərirsiniz.
Əldə etdiyiniz elmi və təcrübi biliklərinizlə
nə zamansa Azərbaycana dönməyi
düşünürsünüzmü?
- Həmişə mənə bu sualı verəndə
Prof. Mahmut Sadinin Atatürk haqqında xatirə yazısında
dedikləri yadıma düşür. Belə ki, Atatürk onu
bir neçə tələbə ilə birgə Almaniyaya təhsil
almağa göndərmək qərarını verir. Mahmut Sadi son
ana qədər gedib-getməməyinə dair tərəddüd
edir. Sonuncu
gün Atatürkdən belə bir məzmunda teleqram alır:
"Sizleri birer kıvılcım olarak gönderiyorum, alevler
olarak geri dönmelisiniz!”. Mahmut Sadi də cavabında deyir:
"Gel de şimdi gitme, git de orada çalışma, dön
de bu ülke için canını verme!".
M.Sadi ölkəsinə döndükdən sonra
Başbakanlığa – Baş nazir vəzifəsinə qədər
yüksəlir. Bu yerdə bir məsələni
də qeyd etmək istəyirəm. Vətənə,
dövlətə bağlılıq ailədən gəlir.
Babam Cəmil Abdullayev ömrünün 55 ilini
pedaqoji fəaliyyətə, yeniyetmə və gənclərin
təlim-tərbiyəsinə, təhsilinə həsr etmiş
ziyalıdır. Onun övladı olaraq əmim
Şövqiyar Abdullayev Azərbaycanın ərazi
bütövlüyü uğrunda müharibədə şəhid
olub, döyüşlərdə göstərdiyi şücaətə
görə Azərbaycanın Milli Qəhrəmanı kimi
yüksək ada layiq görülüb. Əmimə
verilmiş orden ulu öndər Heydər Əliyev tərəfindən
babam Cəmil müəllimə şəxsən təqdim
edilib. Atam Elcan Abdullayev peşəkar hərbçi,
xüsusi-xidmət orqanı zabiti kimi Azərbaycan dövlətinə
və dövlətçiliyinə ləyaqətlə xidmət
edib, Silahlı Qüvvələrin Ali Baş Komandanı,
Prezident İlham Əliyev tərəfindən "İgidliyə
görə” medalı ilə təltif olunub. Digər əmilərim, bibilərim və ailə
üzvlərim də müxtəlif peşə sahələrində
Azərbaycan xalqına və onun dövlətçiliyinə,
vətəndaşlarımıza xidmət edirlər. Ot kökü üstdə bitər deyib
atalarımız. Düz 7 il bundan öncə
məni ölkəmizdən Almaniyaya atam Elcan Abdullayev yola
salıb. O zaman atama verdiyim söz ölkəyə lazım
olan anda geri dönməyim olub. Odur ki, ehtiyac
olduğu zaman, zərurət yarandığı halda elmi və
təcrübi biliklərimlə Vətənimə geri dönəcəm,
vətəndaşlarımıza xidmət edəcəm.
Rufik İSMAYILOV
Kaspi 2019.- 17 sentyabr.- S.10.