“Şahsənəm”i yazan alman əsilli
sovet bəstəkarı
Onun üzünə xalq şeriyyəti
xəzinəsinin qapısını Cabbar
Qaryağdıoğlu ilə Qurban Primov açıb
"Xeyirxah ürəkli və poetik qəlbli insan”. Müasirləri
Reynhold Moritseviç Qlieri belə adlandırırdılar.
O, bütün ömrünü musiqi sənətinin
inkişafına həsr edib. "Görkəmli
maestro sevgi və gözəlliyin bir gün dünyanı xilas
edəcəyinə inanırdı. O, ürəklərə
sirayət edən musiqi bəstələyirdi. Bəstəkar
öz əsərləri haqqında danışmağı
xoşlamırdı. Ancaq onun bütün
həyatının etirafları
yaradıcılığında əks olunmuşdu” deyə
müasirləri yazırdı.
Onun adı həmçinin Azərbaycanın Muğam
Ensiklopediyasında yer alıb. Rus musiqisinin görkəmli bəstəkarı
olsa da, SSRİ Xalq artisti fəxri adını qazansa da, musiqi mədəniyyətimizin
zənginləşməsində xidmətinə görə,
Azərbaycanın Xalq artisti (1934) adına da layiq
görülüb.
Reynhold Qlier 1874-cü
ildə Kiyev şəhərində anadan olub.
Uşaqlıq illəri Ukraynada keçən bəstəkar,
bir neçə il ərzində
Rusiyanın ayrı-ayrı şəhərlərində, sonra
isə sovet respublikalarında yaşamalı olub. 1900-cü ildə Moskva Konservatoriyasını bitirən
bəstəkar, eyni zamanda 1906-1908-ci illərdə Almaniyada
Oskar Friddən dirijorluq dərslərini alıb. 1900-cu ilin əvvəllərindən Belyayev dərnəyinin
üzvü kimi bir çox bəstəkarlarla - A.K.Qlazunov,
S.V.Raxmaninov, N.A.Rimski-Korsakovla sıx münasibətdə olan
bəstəkarın yaradıcılığı
formalaşıb və mükəmməlləşib. 1913-1920-ci illərdən Kiyev Konservatoriyasının
professoru, 1914-1920-ci illərdən isə Konservatoriyanın
direktoru kimi çalışıb, eyni zamanda da bəstəkarlıq
ixtisasından dərs deyib. Yaradıcılıq
laboratoriyası zəngin olan bəstəkar, musiqinin müxtəlif
janrlarında əsərlər yazıb. Çoxsaylı
operalar, uvertüralar, orkestr üçün konsertlər,
baletlər, simfoniyalar... onun
yaradıcılığının təkcə rəngarəngliyindən
deyil, həmçinin peşəkarlığından xəbər
verir. Bəstəkarın
yaradıcılığında yer alan "Şahsənəm”,
"Leyli və Məcnun”, "Gulsarə”, "Torpaq və səma”,
"Raşel” operaları, "Xrizis”, "Krasnıy mak”,
"Komediantı”, "Mednıy vsadnik”, "Taras Bulba”,
"Kleopatra” baletləri, 3 simfoniya, "İlya Muromest”,
"Təntənəli uvertüra”, "Sirenı”,
"Pobeda” uvertüraları, slavyan mövzularında
uvertüra, arfa, violonçel, skripka, valtorna və orkestr
üçün konsertlər, kvartetlər, oktet, sekstetlər
onun adını dünyaya tanıdıb. Sovet
hakimiyyətinin ilk illərindən Qlier bütün qüvvəsini
gənc sovet musiqi mədəniyyətinin inkişafına sərf
edir. O, sovet musiqisinin inkişafında böyük rol
oynayıb və folklor materialı əsasında bir sıra əsərlərin
yaranması məhz onun adı ilə bağlıdır. Özbəkistanın incəsənət işləri
üzrə idarəsi tərəfindən, Moskvada keçirilən
Özbəkistan incəsənəti və ədəbiyyatı
dekadasına hazırlıq üzrə konsultant kimi dəvət
edilən bəstəkar, tezliklə xalq melodiyaları əsasında
sonradan milli opera incəsənətinin əsl nümunəsi
olan "Gülsara” operasını bəstələyir.
"Şahsənəm”
Rus musiqi
klassikası ənənələrinin layiqli
davamçısı olan bəstəkarın
yaradıcılıq fəaliyyətində opera janrı xüsusi
yer tutur. Bəstəkarın tərcümeyi-halının
bu səhifəsi onu çoxmillətli sovet musiqisinin görkəmli
təbliğatçısı kimi, milli mədəniyyətlərin
təşəkkülü dövründə respublikalara
böyük kömək göstərən yaradıcı
xadim kimi xarakterizə edir. Müxtəlif
şərq respublikalarında yaşadığı illər,
xalq melodiyaları ilə yaxından tanışlıq onun
yaradıcılığına təsir edir. "Əgər Avropa texniki vasitələri ilə
Şərq milli musiqisini zənginləşdirmək olarsa, bu
musiqi ümumilikdə dünya musiqi mədəniyyətində
hədsiz rol oynaya bilər”-deyə bəstəkar
yazırdı.
R. M.
Qlieri Azərbaycan xalq musiqisi ilə rektor olduğu Kiyev
Konservatoriyasında (1915-1921) vokal sinfi üzrə təhsil alan məşhur müğənni Ş.Məmmədova
tanış edir. Bəstəkar Şövkət
xanımın dilindən müğənninin konsert repertuarına
daxil olan bütün melodiyaları qələmə alır,
işləyir və harmonizasiya edir. Onlardan
bir çoxları sonradan "Şahsənəm"
operasının əsasını təşkil edir. Azərbaycan musiqi materialı üzərində
böyük musiqi lövhəsi - opera yaratmaq arzusu yalnız
1924-cü ildə həyata keçirilir. Ş. Məmmədovanın
təşəbbüsü ilə Qlieri respublikaya - Azərbaycan
folkloru materialı əsasında opera yazmağa dəvət
edirlər.
R.M.Qlierin
Azərbaycan musiqi folkloru və "Aşıq Qərib”
dastanı əsasında yazdığı "Şahsənəm”
operası onun adını musiqi tariximizə əbədi
yazır.
1920-30-cu
illərdə görkəmli tarzən Qurban Primov xanəndə
Cabbar Qaryağdı oğlu ilə birlikdə Reynqold Qlierə
"Şahsənəm” operası üzərində iş
prosesində yaxından kömək edərək Azərbaycan
xalq mahnı və təsniflərindən bəzi nümunələri
bəstəkara öyrədib, onların nota salınmasında
iştirak ediblər. Eyni zamanda, Azərbaycan
musiqisinin zəngin xəzinəsi haqqında bəstəkarı
məlumatlandırıblar. Bəstəkar
diqqətəlayiq melodiyalar, xalq rəqslərini qeydə alaraq
və öyrənərək Azərbaycan musiqi mədəniyyətini
dərindən tədqiq edir. R.M.Qlier "Şahsənəm”
operasının necə bəstələndiyi haqda
yazdığı məqaləsində bunları qeyd edib: ”Xalq şeriyyətinin tükənməz mənbəyini
və zəngin xəzinəsinin qapısını
qarşımda taybatay açan mənim müəllimlərim:
qocaman xalq müğənnisi Cabbar Qaryağdıoğlu ilə
tarçı Qurban Primov olmuşlar”. Operanı yaradarkən
Qlier dinləyicilərin tələbatını yaxından dərk edərək
Azərbaycan xalq musiqi mədəniyyətinin inkişaf
perspektivlərini və öz qarşısında qoyulan vəzifəni
gözəl anlayıb.
”Şahsənəm”
operasının musiqi mətnində R.M.Qlier 28 xalq
melodiyasından istifadə edib. Görkəmli opera
müğənnisi Şövkət Məmmədovanın iki
türk xalq mahnısını, operanın libretto müəllifi,
böyük dramaturq Cəfər Cabbarlının – iki türk
xalq mahnısını, həmçinin konservatoriyanın
professoru B.Karaqiçevin bir Azərbaycan xalq
mahnısını bəstəkara verdiyi məlumdur. Digər xalq mahnı, instrumental rəng və rəqs
melodiyaları Cabbar Qaryağdıoğlu və Qurban Primov tərəfindən
ifa edilib. Onlardan "Naxçıvanda”, "Qadan
alım, ay alagöz”, "Bəli, bəli can”, "Onu demə
zalım yar” xalq mahnıları və təsniflərlə
yanaşı, "Hüseyni” rəngini, "Qarabağ şikəstəsi”
instrumental melodiyasını, "Çahargah”
muğamının melodiyası, "Arazbarı” zərbi-muğamının
mövzusu, "Ənzəli” Azərbaycan xalq rəqsi, "Dərin
bahar” fars xalq mahnısı, aşıqların
yarışmasının əsasını təşkil edən
"Kərəmi” havası da qeyd olunmalıdır. R.M.Qlier Azərbaycan
musiqisinə həsr etdiyi məqaləsində
muğamlarımızın əsas xüsusiyyətlərini
belə səciyyələndirib: "Azərbaycan
muğamları xalq dastanının əzəmətini,
vüsətini ifadə edərək, cilalanmış, püxtələşmiş
forması və müdrik bitkinliyi ilə bizi heyran qoyur”.
Yalnız
1926 ildə opera teatrında operanın variantı
(I akt) səhnəyə qoyulur, 1927-ci ildə isə opera
tam olaraq səhnələşdirilir. Lakin o dövrdə Azərbaycan
musiqi teatrında olan ifaçılıq imkanları nəzərə
alınmaqla səhnələşdirilən opera, müəllifin
ideyasına tam olaraq cavab vermirdi. Yalnız
1934-cü ildə nəhayət, məşhur dramaturq C.
Cabbarlının iştirakı ilə Azərbaycan dilində,
müəllifin ideyası tam olaraq realizə olunur. "Şahsənəm” operası bir daha Qlierin xalq
musiqisinə diqqətli münasibətini, onun Avropa musiqi vasitələri
ilə üzvi işlənməsini, ən əsası isə
- milli mədəniyyətin inkişaf problemlərinin dərindən
dərk etdiyinin təsdiqinə çevrildi.
Dahi
Üzeyir Hacıbəyov həmin əsəri, Azərbaycan
musiqisinin simfonizmə yaxınlaşmasında xalq
yaradıcılığı əsasında mürəkkəb
formaların yaranmasında mühüm nailiyyətlərdən
biri adlandırır: "Qlier tərəfindən məharətlə
bəstələnmiş əsər yeni Azərbaycan opera mədəniyyətinin
təməlini qoymuşdur”.
Qlier təkcə istedadlı bəstəkar olmayıb, həmçinin
görkəmli pedaqoq olub. Onun bir çox
görkəmli musiqiçilərin yetişməsində xidməti
olub. Bəstəkarın ilk tələbələri
arasında olan Sergey Prokofyev və Nikolay Mayakovskinin adı
dünyada məşhur idi.
Bəstəkarın Kiyev Konservatoriyasında dərs
dediyi illər inqilabi dəyişikliklər dövrünə
təsadüf edirdi. Həmin dövrdə şəhərdə
hakimiyyət dəfələrlə dəyişirdi. Onu düşmən rejimlə əməkdaşlıqda
suçlayaraq dəfələrlə həbs edir, güllələnmə
ilə hədələyirdilər. Bəstəkarın
günahı hakimiyyət dəyişikliyinə baxmayaraq, tələbələrin
konsertini təşkil etməsi idi.
Ancaq tələbələri səylə müəllimlərinin
müdafiəçisinə çevrilir və onu xilas edə
bilirlər. Ö, özü də tələbələrinə
qarşı eyni cür davranırdı. Stalin
repressiyaları illərində SSRİ Bəstəkarlar
İttifaqının rəhbəri kimi, nüfuzundan istifadə
edərək bir
neçə tələbəsini sürgündən xilas
etmişdi.
R.Qlierin şəxsi həyatında bəxti gətirir. Ö, həyat yolunda 50 il birlikdə yaşadığı qadınla
rastlaşır. Bəstəkar həyat
yoldaşına pərəstiş edir və hər səhər
onu əzizləyərək əlini öpürdü.
"Qlier çox məsuliyyətli adam
idi. İşdə və ailədə o eyni məsuliyyətlə
yanaşırdı. Xəstələnəndə,
temperaturu yüksək olanda belə, o, səhnəyə
çıxır, konsertini təxirə salmırdı.
O işləyən zaman heç bir qüvvə onu işdə
ayıra bilməzdi. Müharibə vaxtı
bombardmançı təyyarələr uçanda
bütün insanlar sığınacaq üçün yer
axtarırdısa, o, otaqda oturub əsərini yazırdı”-
deyə həyat yoldaşı böyük bəstəkar
haqqında danışırdı.
1956-cı ildə vəfat edən görkəmli bəstəkar
Moskvada Novodevnçiy qəbiristanlığında həyat
yoldaşı ilə yanaşı dəfn olunub. Kiyevdə Musiqi İnstitutu,
həmçinin Moskvada, Alma-Atada, Daşkənddə, Kalininqradda
və alman şəhəri Marknoykirhendə musiqi məktəbləri
onun adını daşıyır. Donetsk və
Maqnitoqorsk şəhərində böyük bəstəkarına
adına küçələr də var.
Təranə Məhərrəmova
Kaspi.- 2019.- 10 yanvar.- S. 7.